Azərbaycan Prezidenti Heydər Əliyevin 2000-ci il martın 26-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar müşavirədə nitqi - Prezident sarayı, 20 mart 2000-ci il


Mən sizin hamınızı, Azərbaycanın bütün vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edirəm, hər bir insana, ölkəmizin hər bir vətəndaşına cansağlığı, səadət və uğurlar arzulayıram.

Bu gün sizi bayram tədbirlərindən ayırıb müşavirəyə dəvət etməkdə məqsəd ondan ibarətdir ki, bu, çox zəruridir. Çünki dekabrda keçirilmiş bələdiyyə seçkiləri zamanı seçkilər baş tutmayan məntəqələrdə, yaxud bəzi nöqsanlara, səhvlərə görə seçkilərin nəticələri ləğv olunmuş məntəqələrdə martın 26-da yeni seçkilər, yəni ikinci tur keçiriləcəkdir. Mən buna böyük əhəmiyyət verərək, lazım bildim ki, siz - bələdiyyə seçkilərinin yenidən keçiriləcəyi rayonların icra hakimiyyəti başçıları və respublikanın bir sıra digər yüksək vəzifəli şəxsləri bu müşavirəyə dəvət edilsinlər.

Azərbaycanda bələdiyyə seçkiləri ilk dəfədir ki, keçirilir. Bu, bizim ölkəmizdə demokratik qaydada qurulmuş təsisatlar sisteminin bir hissəsidir. Bu, bizim üçün yeni bir qurumdur, onun da özünəməxsus tələbləri vardır. Bunlar Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunubdur. Təbiidir ki, Konstitusiyada ümumi müddəalar verilibdir. Ancaq bizim dövlət həyatımızda, ictimai-siyasi həyatımızda bələdiyyələrin rolu, vəzifələri hələ bundan sonra daha da açılacaq, vətəndaşlar və bələdiyyələrin özləri tərəfindən dərk olunacaqdır.

Bunlar hamısı bələdiyyələrin istənilən səviyyədə fəaliyyət göstərməsini təmin edəcəkdir. Biz bələdiyyə seçkilərinə xüsusi əhəmiyyət veririk. Çünki onlar yeni yerli, eyni zamanda qeyri-dövlət idarəetmə orqanlarıdır. Azərbaycanda belə orqanların yaranması ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bir hissəsidir və demokratiyanın inkişaf etməsinin bir mərhələsidir.

Qeyd etdiyim kimi, bu, bizim üçün yenidir. Ola bilər ki, buradakı ilk addımlarda səhvlər də, atışmazlıqlar da olsun. Bunlar da ötən seçkilər zamanı olubdur. Amma keçən ilin dekabr ayında bələdiyyələrə seçkilər keçirilməsi Azərbaycanda demokratiyanın inkişaf etməsi sahəsində irəliyə doğru atılmış yeni bir addımdır. Mən əminəm ki, biz bu ilk addımlarımızı sonralar daha da gücləndirəcəyik və Azərbaycanda bələdiyyə sistemi yaranacaq, fəaliyyət göstərəcəkdir, bir demokratik ölkə kimi Azərbaycanın inkişafına öz xidmətlərini verəcəkdir.

Dekabrın 12-də seçkilər ümumiyyətlə, uğurla keçibdir, onların nəticələri müsbət qiymətləndirilir.

Müşahidəçilər tərəfindən bu seçkilərin nəticələri belə qiymətləndirilibdir ki, bu, demokratiya sahəsində yeni dəyərli bir addımdır. Ancaq dediyim kimi, səhvlər də, çatışmazlıqlar da olubdur. Bəzən görünür ki, bu səhvlər, çatışmazlıqlar insanların bu seçkilərin keçirilməsində lazımi səriştəsi olmamağından, yaxud da, sadəcə, məsələyə məsuliyyətsiz yanaşmağından baş veribdir. Bəzən də ayrı-ayrı yerlərdə kobud səhvlər buraxılıbdır.

Bilirsiniz ki, Bakı şəhərinin Nərimanov rayonunda kobud səhvlər buraxıldığına görə həmin rayonun icra hakimiyyəti başçısını elə bələdiyyə seçkiləri keçirilən gündə işdən azad etdim. Mən belə qərar qəbul edərək bütün dövlət orqanlarını və xüsusən, yerli icra hakimiyyəti orqanlarını, onların başçılarını xəbərdar etmək və onlara bildirmək istədim ki, biz hər bir məsələnin demokratik yolla həll olunmasını istəyirik. Hər bir seçki demokratik yolla keçirilməlidir. Demokratiya təmin edilən yerdə onun nəticələri də ədalətli və bizim üçün də məqbul olacaqdır. Ancaq bizim bəzi vəzifəli şəxslər, o cümlədən icra hakimiyyəti başçıları hələ ki, köhnə əhvalruhiyyədən xilas ola bilməyiblər. Ona görə də buraxdıqları səhv həm bizim ümumi işimizə zərər gətirir, həm də onlar özləri vəzifələrindən məhrum olurlar.

Bilməlisiniz ki, bu, belə də olacaqdır. Çünki demokratik prinsiplərin həyata keçirilməsi Azərbaycanda demokratik dövlət quruluşunun ardıcıl surətdə təmin olunması üçün lazımdır. Amma kimsə hesab edirsə ki, o, başqa cür də hərəkət edə bilər və onun bu başqa cür hərəkəti guya Azərbaycanın dövlətçiliyinə, yaxud da bugünkü hakimiyyətə xidmət edir, çox böyük səhv edir. Bugünkü hakimiyyət - həm Azərbaycanın ali qanunvericilik orqanı parlament, həm də Azərbaycan prezidenti demokratik seçkilər əsasında seçilmiş hakimiyyətdir. Bugünkü iqtidar, hakimiyyət son yeddi ildə Azərbaycanda gördüyü işlərə, fəaliyyətinə görə Azərbaycan vətəndaşlarının əksəriyyətinin dəstəyinə nail olubdur, hüsn-rəğbətini qazanıbdır. Ona görə də bu həqiqət seçkilərdə həmişə təmin olunmalıdır.

Hansısa süni hərəkətlər edib, yəni nəyisə süni yolla düzəltməyə çalışmaq, - bu gün mən sizə, həm də ölkəmizin bütün ictimaiyyətinə, Azərbaycanın iqtidarında olan bütün şəxslərə, həm də bütün icra orqanlarında çalışanlara deyirəm, - belə hərəkətlər bizə zərər gətirir. Bizim bunlara ehtiyacımız yoxdur. Çünki bugünkü iqtidar Azərbaycan vətəndaşlarının əksəriyyətinin dəstəyini qazanıbdır. Əgər dəstəyini qazanıbsa, demək, onların əksəriyyəti də bugünkü iqtidara səs veribdir və səs verəcəkdir.

Ancaq eyni zamanda, təbiidir, demokratiya ondan ibarət deyildir ki, hamı bir adama, bir qüvvəyə səs versin. Demokratiya ondan ibarətdir ki, demokratiya, demokratik seçkilər cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərini əks etdirsin. Biz heç vaxt iddia etmirik ki, son vaxtlar ölkəmizdə nə qədər çox iş görmüşüksə, Azərbaycan vətəndaşlarının hamısı bizi dəstəkləyir. Yox, narazı olan təbəqələr, bugünkü siyasəti sadəcə, anlamayanlar, yaxud da ki, hakimiyyət uğrunda mübarizə edərək, təbiidir, öz məqsədlərinə nail olmaq üçün bugünkü iqtidarın əleyhinə təbliğat aparanlar vardır. Bəzi adamlar həmin təbliğatın təsiri altına düşürlər. Bunlar hamısı təbii haldır, ona öyrəşmək lazımdır. Bunları inkar etmək lazım deyildir. Ona görə də həm bu dəfəki, həm gələcəkdəki seçkilər - bütün seçkilər gərək ədalətli, demokratik olsun. Bunu da biz hamımız təmin etməliyik. Yerli icra hakimiyyəti orqanları isə burada öz üzərinə düşən vəzifələri həyata keçirməlidirlər. Onlar qanunsuz hərəkətlərlə - guya Azərbaycan iqtidarının nümayəndələrinə kömək etmək məqsədi ilə - əksinə, bizim işimizə zərər gətiriblər.

Mən bu sözləri əvvəlcədən deyərək, bildirmək istəyirəm ki, sizi bura dəvət etmişəm ki, bu barədə bir daha xəbərdarlıq edim.

Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının sədri Cəfər Vəliyev sizin qarşınızda duran vəzifələr və vəziyyət haqqında öz fikirlərini söyləməlidir. Ondan sonra, lazım olsa, mən indi dediklərimə əlavə edə bilərəm. Buyurun.

Yekun Nitqi

Bələdiyyə seçkilərini mərkəzi və ərazi seçki komissiyaları aparır. İcra orqanları bu seçkilərə qarışmamalıdır. İcra orqanlarının vəzifəsi ərazi və məntəqə seçki komissiyalarına bu seçkilərin keçirilməsində onların üzərinə düşən vəzifələri, yardımı göstərməkdən ibarətdir. Mən bunu bir daha sizə çatdırıram və hər birinizdən tələb edirəm ki, siz bu çərçivədə hərəkət edəsiniz.

Mərkəzi Seçki Komissiyasının sədri Cəfər Vəliyev qarşıda duran vəzifələr haqqında burada ətraflı danışdı.Mən hamıdan - həm yerli icra hakimiyyəti orqanlarından, həm Azərbaycanın nazirlərindən və hökumətin, dövlətin başqa nümayəndələrindən tələb edirəm ki, Mərkəzi Seçki Komissiyasının tələblərinə, məsləhətlərinə, göstərişlərinə riayət olunsun. Buna görə də mən Cəfər Vəliyevin dediyi məsələlərə heç nəyi əlavə etmək istəmirəm. Tələb edirəm ki, Mərkəzi Seçki Komissiyasının sədri Cəfər Vəliyevin dediyi tələblər həyata keçirilsin. Ancaq hər kəs öz səlahiyyəti çərçivəsində hərəkət etsin, heç kəs öz səlahiyyətini aşmasın.

"Səlahiyyəti aşmasın" deyəndə, mən bizim icra orqanlarını, hüquq-mühafizə orqanlarını nəzərdə tuturam. Çünki ən çətin məsələ budur. Seçkilərdə bəzi çatışmazlıqlar, qanun pozuntuları və yaxud da seçkilər normal keçdiyi halda müşahidəçilərin bizə irad tutmasının çoxu ondan irəliyə gəlibdir.

İcra və hüquq-mühafizə orqanlarının nümayəndələri bəzən cürbəcür yollarla ya bu işə qarışaraq, yaxud da qarışmadan elə nəsə özünü göstərərək ki, "mən də burada varam", bəlkə də bu seçki prosesinə heç bir - nə müsbət, nə də mənfi təsir etmirlər, amma seçki prosesinin qanunsuz keçirildiyi barədə əsas yaradırlar.

Seçkilər ədalətli, sərbəst keçirilməlidir. Bəli, mən Cəfər Vəliyevin dediyi sözləri təsdiq edirəm ki, bizim icra orqanları gərək seçkilərə qədər lazımi təşkilati və təbliğati işlər aparsınlar ki, insanlar başa düşsünlər. Məsələn, Nərimanov rayonunda bütün rayon seçki aparır. Gərək bu rayonun seçiciləri bilsinlər ki, ayın 26-da bələdiyyə seçkisi var, seçki məntəqəsi filan yerdədir və gedib səs verməlidirlər. Bax, bu işi aparmaq lazımdır.

İcra orqanları seçicilərin seçki gününü bilmək, öz seçki hüququndan istifadə etmək, vətəndaşlıq borcunu yerinə yetirmək vəzifələrini onlara anlatmaq sahəsində öz fəaliyyətlərini göstərməlidirlər. Amma seçki günü kimisə məcbur etmək, yaxud seçki məntəqələrinə gələnlərin sayını süni surətdə artırmaq - bunlar hamısı böyük qəbahətdir, seçki prosesini pozmaq deməkdir, bizim bütün işimizə zərər vurmaqdır.

Beləliklə, hərə öz funksiyasını, səlahiyyətini bilməlidir, bu səlahiyyət çərçivəsində hərəkət etməlidir və onun üzərinə düşən vəzifələri tamamilə yerinə yetirməlidir.

Mən bugünkü müşavirənin əvvəlində də dedim ki, bizim məqsədimiz seçkiləri kiməsə demokratik göstərməkdən ibarət deyildir. Bizim məqsədimiz həqiqətən demokratik seçkilər keçirməkdən ibarətdir. Real vəziyyət bundan ibarətdir və bunu hamı başa düşməlidir ki, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda təkcə respublikamızın əhalisi deyil, demokratiya yoluna qoşulmuş bizim kimi dövlətlərin əhalisi həmin o köhnə psixologiyadan, əhval-ruhiyyədən tam aralana bilməyiblər. Burada başqa səbəblər yoxdur. Onlar bəzən çox təbii hərəkətlər edirlər, anlamadan səhvlər buraxırlar, sadəcə, hesab edirlər ki, belə də ola bilər. Məsələn, bizə irad tuturlar ki, nə üçün ailə başçısı gəlib arvadının, uşağının, bacısının, qonşusunun əvəzinə səs verir. Keçmişdə bu, belə olubdur, heç kəs buna mane olmayıbdır və heç kəs də deməyibdir ki, o, demokratik seçkini pozur. Amma bu, indi belə ola bilməz.

Əgər insanlar bu sistemə öyrəniblərsə, ondan indi də ayrıla bilmirlər. Xalqımızın mentaliteti belədir, - bunu açıq demək lazımdır, - bəzi yerlərdə düşünürlər ki, "mənim arvadım niyə gərək seçki məntəqəsinə getsin, gedib onun səsini mən verəcəyəm, onsuz da onun səsi həqiqətən mənim səsimdir". Mən bu fikirdəyəm və inanmıram ki, bizim hansısa ailədə ərlə arvad arasında namizədə səs vermək barədə fikir ayrılığı olsun. Başqa yerlərdə ola bilər, ancaq Azərbaycanda hələ ki, bu, ola bilməz.

Reallıq bundan ibarətdir. İndi bu reallığı qəbul etmək mümkün deyildir, biz də qəbul edə bilmərik. Amma müşahidə aparanlar bunu heç anlaya bilmirlər. Ona görə də gərək insanların psixologiyası artıq dəyişilsin.

İnsanların psixologiyası bir gündə dəyişilmir. Onlara anlatmaq, onları başa salmaq lazımdır. Bunu etmək üçün dövlət işində işləyən adamların özlərinin psixologiyası gərək dəyişsin. Bax, dərd də burasındadır ki, biz dövlət orqanlarında çalışan insanların özlərinin psixologiyasını hələ tam dəyişdirə bilməmişik. Əgər dəyişdirə bilmiş olsaydıq, - rayonda icra hakimiyyəti başçısından böyük vəzifəli şəxs yoxdur, - niyə o bu səhvləri buraxır, bunu nə üçün edir? Demək, o özü keçmiş psixologiya ilə yaşayır. Özü bununla yaşayanda, demək, seçicinin də keçmiş psixologiyasına bəraət qazandırır. Hesab edir ki, əksinə, bu, normal haldır.

Düzdür, qarşıdakı bələdiyyə seçkiləri o qədər də böyük həcmdə deyil, müəyyən bir lokal seçkilərdir. Ancaq biz burada da addımbaaddım irəliyə getməliyik.

Biz payızda Azərbaycanın Milli Məclisinə seçkilər keçirəcəyik. İndi bu seçkilərə hazırlıq işinə başlayırıq. Bu yaxınlarda seçki qanunu qəbul olunacaqdır. Çox ciddi hazırlıq aparılmalıdır ki, bu seçkilər demokratiyanın təmin edilməsi nöqteyi-nəzərindən keçmiş seçkilərdən daha da yüksək səviyyədə keçirilsin. Bunun üçün də hər bir vasitədən, o cümlədən, məsələn, martın 26-da keçiriləcək bələdiyyə seçkilərindən hamımız səmərəli istifadə etməliyik ki, insanların mentalitetində, psixologiyasında dəyişiklik əmələ gətirək. İnsanların hamısını da olmasa, heç olmasa tam əksəriyyətini bu demokratik prinsiplərə alışdıraq. Onlar buna alışsınlar, onu qavrasınlar. Çünki bundan sonra, gələcəkdə bizim ölkəmiz, xalqımız, millətimiz bu qanunlar, bu prinsiplər əsasında yaşayacaqlar.

Cəfər Vəliyev buradakı çıxışında dedi ki, müşahidəçilər gələcəklər, yerlərdə olacaqlar. Özü də bildirdi ki, bir az səhər, bir az axşam olacaqlar. Bu informasiya bəlkə lazımdır. Ancaq mən onu bildirmək istəyirəm ki, biz öz işimizi Konstitusiyamızın, demokratiyanın tələbləri əsasında şüurlu olaraq özümüz qurmalıyıq. Belə qurmaq ona görə deyil ki, müşahidəçi gələndə görsün ki, biz bunu belə etmişik. Əgər müşahidəçi yoxdursa, demək, pozuntuya yol vermək olar? Biz işimizi müşahidəçilərə görə qurmamalıyıq. Bilin, bax, bilin, hamı da, bütün Azərbaycan vətəndaşları da bilsin - biz müşahidəçilərə görə yox, özümüz bu yolla gedirik və bunu özümüz təmin etməliyik - müşahidəçi varsa da, yoxsa da, seçkinin gedişini səhər, yaxud axşam müşahidə edəcək. İndi belə fikir yarana bilər ki, o, səhər, yaxud axşam müşahidə edəcək, günorta müşahidəçi olmayacaq, qanunu pozmaq olar. Cəfər Vəliyev, sənin sözündən belə çıxır? Gərək sən özün düzgün başa düşəsən. Başa düşürsən ki, bu da köhnə mentalitetin nəticəsidir.

Bəli, mən bunu qəti deyirəm, siz bunları bilin, heç bir müşahidəçi Azərbaycanda çoxsaylı seçki məntəqələrinin heç də hamısını müşahidə edə bilməz. Gətirib hər məntəqəyə bir nəfər müşahidəçi də qoysan, o hər şeyi tam müşahidə edə bilməz. Ona görə bu müşahidəçilərin də fikirləri müəyyən qədər nisbi xarakter daşıyır. Ancaq təbiidir ki, onlar ayrı-ayrı bölgələrdə, məntəqələrdə olan vəziyyəti ümumiləşdirirlər və seçkilərə ümumi qiymət verirlər. Bu da onların prinsipidir. Nə etməli, biz onu dəyişdirə bilmərik. Amma özümüz demokratiyanı doğrudan da təmin etmək istəyiriksə, biz müşahidəçilərə heç fikir verməməliyik. Müşahidəçi gəlirgəlsin, gəlmir-gəlməsin. Bunu biz özümüz şüurlu surətdə edirik. Bu, bizim demokratiyaya bağlılığımızdır. Bunu ona görə etmirik ki, müşahidəçi gəlib bizim haqqımızda yaxşı fikir desin. Bunu ona görə edirik ki, xalqımızı demokratik prinsiplərə alışdıraq, demokratik yolla aparaq. Biz bunu məhz ona görə edirik. Güman edirəm ki, mənim bu sözlərim televiziya ilə veriləcəkdir. Mən sizdən tələb edirəm və bütün vətəndaşlara müraciət edirəm - artıq hamı anlasın ki, biz müstəqillik qazandıqdan sonra, xüsusən son 5-6 ildə Azərbaycanda demokratik prinsipləri ardıcıl surətdə tətbiq edirik, çox işlər görmüşük, çoxlu nailiyyətlərimiz vardır.

Biz bu işləri bundan sonra da görəcəyik, nailiyyətlərimiz bundan da artıq olacaqdır. Ancaq bir şərtlə: əgər biz ümumiyyətlə, millətimizin mentalitetində köklü dəyişikliklər edə bilsək, ayrı-ayrı insanları - insanların əksəriyyəti artıq bu demokratik prinsipləri qavrayıblar, ona alışıblar - o hissənin ki, hələ bunu anlamayıb, qavramayıb, buna alışmayıbdır, onların səviyyəsini seçkidən-seçkiyə qaldırsaq, onda 1000 nəfər, 100 nəfər, 50 nəfər müşahidəçi gəlməsinin bizim üçün fərqi olmayacaqdır. Yəni onu deyirəm ki, biz bu işləri müşahidəçilərdən yaxşı qiymət almaq üçün etmirik. Bu, bizim özümüzün prinsiplərimizdir. Bu, Azərbaycan prezidenti kimi mənim prinsiplərimdir. Bunu bilin, hamı, hər bir dövlət adamı, vətəndaş bilsin. Mən bu prinsiplərdən dönməyəcəyəm. Əgər kim mənim fəaliyyətimi dəstəkləyirsə, əgər kim bir prezident kimi mənə həqiqətən hörmət edirsə, o bu prinsiplər yolu ilə getməlidir. Onda bizim ölkəmizi mənim bax, bu siyasətim əsasında istənilən səviyyəyə qaldıracağıq.

Bilməlisiniz ki, ayrı-ayrı dövlətlər tərəfindən bizim ölkəmizə xüsusi maraq, diqqət, bəzi səbəblərdən subyektiv münasibətlər vardır. Bunu bilməlisiniz. Bizim ölkəmiz barəsində dünyada ikili standartlar vardır. Bu ikili standartlar da həmişə Azərbaycana zərbələr vurub. Ona görə hər halda biz demokratiya yoluna düşmüşüksə, gərək bu yolla gedən başqa ölkələrdən demokratiya prinsiplərini daha da yüksəklərə qaldıraq, daha da dərinlərə salaq, insanları buna daha da çox alışdıraq ki, ölkəmizə ikili standartlar nöqteyi-nəzərindən baxan adamlar bir söz tapa bilməsinlər.

Yenə də deyirəm, şəxsən mənim sözlərim o məqsəd daşımır ki, biz kimdənsə əla, yaxud yaxşı qiymət alaq, yox. İndi gəlin hər birimiz sadəcə, özümüzə baxaq. Hər birimiz gənclik dövrü keçirmişik, oxumuşuq. Kim orta məktəbdə də, ali məktəbdə də dərsi həqiqətən yaxşı oxuyubsa, çalışıbsa, o, həmişə yaxşı qiymət alıbdır.

Doğrudur, orada da müəllimlərin bəziləri subyektivlik edirlər. Amma nə qədər subyektivlik etsələr də, yenə də yaxşı oxuyan tələbə öz biliyi ilə subyektivliyi, necə deyərlər, vurur, yarıb keçir. Amma kim yaxşı oxumayıbsa, elə vaxtını keçiribsə, yaxud tanışlıqla 3-4 dənə qiymət alıb, ya da elə-belə qalıbdır.

Bax, bu, sadə bir misaldır. Mən bu misalı niyə çəkirəm? Hər bir şey belədir. Əgər işi yaxşı görürüksə, bizə qarşı lap qərəzli qüvvələr də məcbur olacaqlar ki, bu yaxşı işi artıq dərk edə bilsinlər, yaxşı işin yaxşı olduğunu etiraf etsinlər. Onlar buna məcbur olacaqlar. Amma bu işi ortabab, yaxud zəif etsək, sonra da çalışsaq ki, müşahidəçi bunu gördü, onu görmədi, - onda biz yaxşı nailiyyət əldə edə bilməyəcəyik.

Mənim tələblərim bundan ibarətdir. Hüquq-mühafizə orqanlarından, daxili işlər nazirindən tələb edirəm ki, bir dənə işə qarışmayasınız. Başa düşdünüz? Bir dənə işə qarışmayın. Polisdə bu xəstəlikdir ki, gərək mütləq gəlib seçki məntəqəsinin içinə girsin, ya gəlib onun kənarında, yaxud da başqa yerdə dursun. Nəyə görə? "Mən də burada varam". Ay balam, əl çək, sən varsan, biz səni başqa yerdə görək. Qardaş, biz səni burada görmək istəmirik. Başa düşdün? Əyləşin. Rabitə naziri Nadir Əhmədov, orda-burda çox danışırsan ki, rabitə belə gəldi, elə getdi, filan işlər görürsən.

Səndən tələb edirəm ki, bütün seçki məntəqələrində rabitə bir saniyə də kəsilməsin. Anladın? Əyləş.

"Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Müslüm İmanov, mən bilirəm ki, elektrik enerjisi təchizatında indi müəyyən çətinliklər vardır. Amma bu məntəqələr şəxsən sənin xüsusi nəzarətin altında olmalıdır. Seçkilər başlanandan qurtaranadək elektrik enerjisi verilməsində bir yerdə bir saniyə də fasilə olmamalıdır. Anladınmı? Əyləş.

Mənim bu tələblərim hamıya aiddir. Yerli icra hakimiyyəti orqanlarına, icra hakimiyyəti başçılarına yenə də deyirəm - əgər istəyirsinizsə ki, bundan sonra sizə yenə də etimad göstərilsin, Azərbaycan prezidenti tərəfindən yenə də dəstəklənəsiniz, bu yolla gedin. Ancaq əgər bu yolla getməsəniz, gec-tez mənimki sizinlə tutmayacaqdır. Bunu bilin.

Bu kəskin sözləri deyərək, mən eyni zamanda inanıram ki, Cəfər Vəliyevin rəhbərliyi altında Mərkəzi Seçki Komissiyasının gördüyü çox işlər,- mən bunu yüksək qiymətləndirirəm, - ərazi seçki komissiyalarında, başqa komissiyalarda aparılan işlər öz nəticəsini verəcəkdir, buraya toplaşanların hamısı, hər kəs bu işin həyata keçirilməsinə öz xidmətini göstərəcək, payını verəcəkdir.

Bələdiyyə seçkiləri tamamilə qurtarandan sonra - bu proses indi artıq gedir - gərək bu bələdiyyələrin işlərinin təşkil edilməsi məsələsi ilə ciddi məşğul olunsun. Ancaq bu proses güclənməlidir. Prezidentin icra aparatı və başqa orqanlar bu işləri aparırlar. Mən bu barədə danışmaq istəmirəm. Mən sadəcə, bu fürsətdən istifadə edib icra hakimiyyəti başçılarına - burada olanlara da, olmayanlara da bildirmək istəyirəm ki, seçilmiş bələdiyyələrin işinin təşkil edilməsinə hər bir yardımı göstərmək lazımdır. Yenə də deyirəm, bu, bizim üçün yeni bir strukturdur. Bələdiyyələrin seçilməsi və onların anlanılması o qədər asan bir şey deyildir. Ancaq bələdiyyələrin fəaliyyəti üçün şərait yaradılması, onların fəaliyyətinin təmin olunması bunlardan da çətindir.

Yerli icra hakimiyyəti orqanlarının vəzifəsi bunu təmin etməkdir.

Sağ olun, bir daha bayramınızı təbrik edirəm!

Tarixi arayış