Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın Milli bayramı - kraliça II Yelizavetanın doğum günü münasibətilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Hyatt-Recensi-Naxçıvan" mehmanxanası, 19 iyun 1998-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Böyük Britaniyanın Milli bayramı - kraliçanın doğum günü munasibətilə ürəkdən təbrik edir, sizə və Böyük Britaniyanın bütün vətəndaşlarına sülh, əmin-amanlıq, səadət və tərəqqi arzulayıram.

Böyük Britaniyanın zəngin tarixi, onun xalqının bəşər mədəniyyətinə verdiyi dəyərli töhfələr Azərbaycanda da yüksək qiymətləndirilir. Müasir dövrdə Böyük Britaniya dünyanın aparıcı dövlətlərindən biri olaraq beynəlxalq aləmdə özünəməxsus yer tutur və dünyada gedən proseslərdə fəal iştirak edir. Dünyada sülhü, əmin-amanlığı təmin etmək üçün Böyük Britaniyanın apardığı siyasəti və əməli fəaliyyəti biz yüksək qiymətləndiririk.

Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələr ölkəmiz dövlət müstəqilliyi əldə edəndən sonra yaranıbdır və məmnuniyyətlə qeyd etmək olar ki, müvəffəqiyyətlə inkişaf edir. 1994-cü ilin fevral ayında Böyük Britaniyaya səfərim zamanı aparılan danışıqlar və keçirilən görüşlər nəticəsində ölkələrimiz arasında böyük əhəmiyyət kəsb edən sənədlər imzalanmışdır. Bunların əsasında ötən illər Böyük Britaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün xeyli iş görülüb və biz müsbət nəticələr əldə etmişik.

Bizim iqtisadi sahədəki əməkdaşlığımızı xüsusi qeyd etmək lazımdır. Xəzər dənizinin Azərbaycan sektorunda dünyanın bir çox neft şirkətləri ilə görülən müştərək işlərdə Böyük Britaniyanın şirkətləri görkəmli yer tutur. Keçən il noyabr ayının 12-də "Çıraq" yatağından ilk neft alınmasında da Böyük Britaniyanın "BP" şirkəti ilə Azərbaycanın əməkdaşlığının rolu olmuşdur. Sevindirici hal budur ki, bizim əməkdaşlığımız təkcə neft şirkətləri çərçivəsində yox, bir çox başqa sahələrdə də uğurla irəliləyir. Biz bunların hamısını yüksək qiymətləndiririk.

Azərbaycanın Böyük Britaniya ilə əlaqələri respublikamızın dövlət müstəqilliyinin möhkəmlənməsi, xüsusən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində də müvəffəqiyyətlidir. Böyük Britaniya hökumətinin Şimali İrlandiyada münaqişənin həll olunması sahəsində əldə etdiyi nailiyyətlər bizi sevindirir və mən bu münasibətlə təbrik edirəm. Şübhəsiz ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında bu təcrübədən istifadə etməyə çalışacağıq. Ancaq biz hesab edirik ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü kimi Böyük Britaniyanın ümumiyyətlə Azərbaycanın hüquqlarının qorunması və ölkəmizin ərazi bütövlüyünün bərpası sahəsində daha da çox imkanları var. Bu imkanlardan istifadə edilməsi bizim üçün çox əhəmiyyətli olardı.

Böyük Britaniya ilə Azərbaycan arasındakı əməkdaşlığın elm, mədəniyyət və həyatın başqa sahələrində də irəli getməsi bizi sevindirir. İqtisadi əməkdaşlığımızın yeni perspektivləri açılır və güman edirəm, gələn ay Böyük Britaniyaya rəsmi səfərim zamanı müvafiq danışıqlar aparmağa və sazişlər əldə etməyə nail olunacaqdır. Müstəqil dövlət kimi Azərbaycan dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaradaraq, Böyük Britaniya ilə əlaqələrinə xüsusi əhəmiyyət verir. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də bizim bu əlaqələrimizin inkişaf etməsi üçün faydalı fəaliyyət göstərir.

Mən bu bayram günü Böyük Britaniyanın bütün vətəndaşlarına, bütün xalqlarına Azərbaycan xalqı adından yeni-yeni uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim əlaqələrimiz getdikcə genişlənəcək və daha da yüksək səviyyələrə qalxacaqdır. Bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun!