Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın ölkəmizdəki səfiri Deyvid Rocer Toması qəbul edərkən söhbətindən - Prezident sarayı, 20 oktyabr 2000-ci il


Heydər Əliyev: Mən belə başa düşürəm ki, siz burada işləmək istəmirsiniz, gedirsiniz.

Rocer Tomas: Cənab prezident, vaxtım başa çatır. Diplomat olmaq orduda xidmət etmək kimi bir şeydir. Böyük Britaniyanın xarici işlər naziri cənab Kuk əmr edibdir ki, bu vəzifədən getməlisən. Mən də cavab vermişəm ki, baş üstə getməyə hazıram. Deyəsən, cənab Kuk belə hesab edir ki, mən daha çox azərbaycanlı oluram. Hər halda mən azərbaycanlıya oxşayıram.

Cənab prezident, mənim vaxtım başa çatdığına görə özümə borc hesab etdim ki, bu gün Sizinlə görüşüm, həm bizimlə indiyə qədər apardığıız əməkdaşlığa, həm də Böyük Britaniya-Azərbaycan əlaqələrinin belə yüksək səviyyəyə çatdırılmasına verdiyiniz töhfəyə görə Sizə təşəkkürlərimi bildirim.

Mən sizin ölkənin, demək olar ki, hər bir güşəsində - Qubada, Lənkəranda, Şəkidə, Bərdədə, bir çox başqa yerlərdə olmuşam. Ölkənizin müxtəlif güşələrində çoxsaylı azərbaycanlı ilə görüşmüşəm. Mən hətta Babadağın zirvəsinə də qalxmışam.

Onu da Sizə bildirməyi özümə borc bilirəm ki, gəzdiyim bütün bu yerlərdə nə özümə, nə təmsil etdiyim ölkəyə, nə də digər xarici ölkə nümayəndəsinə qarşı heç bir düşmənçilik hissi görməmişəm. Belə bir hal ilə heç də bütün ölkələrdə rastlaşmazsınız. Ona görə də biz Azərbaycan xalqının bu xüsusiyyətini yüksək qiymətləndiririk.

Hesab edirəm ki, ölkələrimiz arasındakı münasibətlər olduqca yaxşı səviyyədədir. Bizim ölkələrin əməkdaşlığında ən çox qiymətləndirdiyim cəhət odur ki, respublikanızın nazirlərinə, rəsmi şəxslərinə nə düşündüyümü açıq şəkildə demək imkanım oldu, hökumətinizin nümayəndələri də öz düşüncələrini açıq surətdə mənə bildirdilər. Demək istəmirəm ki, biz həmişə razılaşırdıq, amma aramızdakı ünsiyyət daim çox yaxşı olubdur.

Bundan sonra mən San-Fransisko şəhərində Böyük Britaniyanın baş konsulu vəzifəsində çalışacağam. Lakin mən Azərbaycanın bir hissəsini ürəyimdə, qəlbimdə özümlə aparıram. Mən uzaqdan olsa da, Azərbaycanda baş verənləri çox böyük maraqla izləyəcəyəm.

Böyük Britaniya və Azərbaycan münasibətlərində çox böyük nailiyyətlər qazanılıbdır. Bunlardan biri də Sizin Böyük Britaniyaya rəsmi səfərinizdir. Təəssüf edirəm ki, baş nazir Toni Bleyri Azərbaycana gətirməyə nail ola bilmədim. Ümidvaram ki, məndən sonra Bakıda səfir vəzifəsini yerinə yetirəcək şəxs bunu edə biləcəkdir.

Cənab prezident, çox məmnunam ki, mən Bakıda işlədiyim dövrdə əməkdaşlarımızın sayı artırılmış, səfirliyimiz genişlənmişdir. İndi burada Böyük Britaniya Şurasının və Bi-Bi-Si təşkilatının nümayəndələri ilə yanaşı, çoxlu vətəndaşımız çalışır.

Bildirmək istəyirəm ki, Böyük Britaniyanın Azərbaycandakı fəaliyyəti, - mən diplomatik fəaliyyəti nəzərdə tuturam, - Moskvadan sonra, Qafqazdakı və bütün regiondakı fəaliyyətdən daha genişdir. Londonda Azərbaycan haqqında məlumat eşitmək arzusu günü-gündən daha da artır. Ümidvaram ki, Azərbaycana olan bu mraq getdikcə artacaq və ölkələrimiz arasındakı dostluq daha da genişlənəcək və möhkəmlənəcəkdir. Sağ olun.

Heydər Əliyev: Hörmətli cənab səfir, mən sizin dediyiniz sözlərin hamısını təsdiq edirəm. Öz tərəfimdən onu da demək istəyirəm ki, biz Azərbaycan-Böyük Britaniya əlaqələrinə çox böyük əhəmiyyət veririk.

Mən Azərbaycanda prezident seçiləndən sonra ilk səfərlərimdən biri 1994-cü ilin fevral ayında Böyük Britaniyaya olubdur. Sonra isə sizin dediyiniz kimi, mənim 1998-ci ildə Böyük Britaniyaya rəsmi səfərim Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələri çox yüksək səviyyəyə qaldırdı.

Cənab səfir, deyəsən, siz mənim sözlərimi tərcüməsiz də başa düşürsünüz.

Rocer Tomas: Bəli, cənab prezident, mən sizi tərcüməsiz də başa düşürəm.

Heydər Əliyev: Mən 1998-ci ildə Londonda rəsmi səfərdə olarkən xarici işlər naziri Robert Kuk ilə danışığımızda o, mənə dedi ki, biz Böyük Britaniyanın Azərbaycandakı səfirliyini genişləndirəcəyik. Çünki biz Azərbaycana çox böyük əhəmiyyət veririk. Mən məmnunam ki, o, verdiyi sözü yerinə yetirdi. Bunun nə dərəcədə olduğunu bilmirəm, amma siz dediniz ki, səfirliyin tərkibi çox genişlənibdir. Əgər Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tərkibi Moskvadan başqa, MDB-nin üzvü olan bütün dövlətlərin hər birindən sayca çoxdursa, demək, bu, ölkənizin Azərbaycana nə qədər böyük maraq və diqqət göstərdiyini bildirir. Bu, məni məmnun edir. Çünki biz Böyük Britaniya ilə bütün sahələrdə daha da geniş əməkdaşlıq, dostluq əlaqələri yaratmaq istəyirik.

Təsadüfi deyildir ki, Londonda keçirilən bir çox beynəlxalq konfranslarda Azərbaycan nümayəndələri daim iştirak edirdilər. Bilirsiniz ki, Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində 20 xarici şirkətlə bizim müqavilələrimiz vardır. Amma ilk müqavilənin əsas hissəsini təşkil edən "Bi-Pi" olubdur. "Bi-Pi" sonralar o qədər genişləndi ki, Amerikanın "AMOKO" şirkətini də aldı. İndi özünün də, "AMOKO"nun da payını götürdü. Ona görə də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində "Bi-Pi" aparıcı rol oynayır.

Ona görə də bilirsiniz ki, Deyvid Vudvord burada hər şeyə rəhbərlik edir. Bu, sizin ölkənizlə iqtisadi əməkdaşlığımızın hansı səviyyədə olduğunu göstərir. Amma biz təkcə iqtisadi sahədə deyil, bütün başqa sahələrdə də - elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığımızı genişləndirmək istəyirik. Bu, indi yaxşıdır. Amma biz istəyirik bundan da yaxşı olsun. Çünki dəfələrlə demişəm, biz Böyük Britaniyanı özümüz üçün dost, tərəfdaş hesab edirik və Böyük Britaniyanın da Qafqazda, ümumiyyətlə, təkcə Qafqazda yox, həm də Mərkəzi Asiyada olan maraqlarının əksər hissəsi Azərbaycandan keçir. Ona görə də bunlar hamısı həm sizi, həm də bizi sövq edir ki, bu əlaqələrimizə daim diqqət verək, onları inkişaf etdirək.

Siz dediniz, təəssüf edirsiniz ki, cənab Toni Bleyri Azərbaycana gətirə bilmədiniz. Amma Robert Kuk da söz vermişdi. O da gəlmədi.

Rocer Tomas: Mən onu görəndə mütləq bunu ona çatdıracağam.

Heydər Əliyev: Çünki o, söz vermişdi. Bizim qonşu Gürcüstana gəldi, amma Azərbaycana gəlmədi.

Rocer Tomas: Mənə də belə söz vermişdi ki, Azərbaycana gələcək. Mən onu görən kimi, həm Sizə dediyi sözü, həm də mənə verdiyi vədini ona xatırladacağam.

Heydər Əliyev: Çünki bizim ictimaiyyət belə şeylərə fikir verir, təbiidir ki, nəzərdən qaçırmırlar. Ancaq mən bunu böyük bir hadisə hesab etmirəm. Əgər bu gün gəlməyibsə, sabah gələcək. Onsuz da Azərbaycan öz inkişafı ilə, öz tutduğu coğrafi-strateji vəziyyətlə və özünün müstəqilliyi ilə, müstəqil, demokratik dövlət kimi inkişafı ilə Böyük Britaniyanın marağını daim özünə cəlb edəcəkdir.

Təbiidir ki, əgər bizim əlaqələrimiz inkişaf edibsə, genişlənibsə, - səfir kimi siz üç ildir buradasınız, yoxsa...

Rocer Tomas: Bəli, üç ildir.

Heydər Əliyev: Üç il müddətində təbiidir ki, Böyük Britaniya ilə Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərmisiniz. Mən sizin bu xidmətlərinizi çox yüksək qiymətləndirirəm, sizə təşəkkür edirəm.

Siz dediniz ki, Azərbaycanın çox yerlərində olmusunuz. Hətta Babadağa da qalxmısınız. Ancaq heç bir yerdə düşmənçilik münasibəti görməmisiniz. Dediniz ki, ancaq bəzi başqa ölkələrdə belə olmayıbdır. Mən sizin bu sözlərinizi bir balaca düzəltmək istəyirəm. Siz nəinki düşmənçilik münasibəti görməmisiniz, hər yerdə dostluq, mehribanlıq münasibəti görmüsünüz. Mən deyə bilmərəm ki, hara getmisinizsə, sizə mehribanlıq, dostluq olmayıbdır. Bu, birincisi, bizim xalqımızın xüsusiyyətidir. İkincisi, ən əsası isə bu, Azərbaycan dövlətinin xarici siyasətində Böyük Britaniya ilə əlaqələrinin yüksək səviyyədə olmasıdır və bu əlaqələrə Azərbaycan dövlətinin xüsusi əhəmiyyət verməsinin təsiridir. Ona görə də siz Azərbaycanda, təbiidir, ölkəniz üçün həm faydalı işləmisiniz, həm Böyük Britaniya-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün öz xidmətinizi göstərmisiniz və Azərbaycanda çox dostlar tapmısınız. Əgər bir belə yerləri gəzmisinizsə, görmüsünüzsə, bunların heç birisinin izi itmir. Bunlar hamısı qalır, yaşayır. Ona görə də sizin xidmətlərinizi biz heç vaxt unutmayacağıq. Xalqımız da heç vaxt unutmayacaqdır.

İndi siz San-Fransiskoya gedirsiniz. Təbiidir ki, Bakı ilə San-Fransisko arasında fərq vardır. Amma indi kiməsə bəlkə də San-Fransisko çox xoş gəlir. Amma bizim üçün Bakı çox gözəl şəhərdir. Bizim nə qədər çətinliklərimiz olsa, nə qədər problemlərimiz olsa da, biz hər şeyə nikbin baxırıq. Bizim ölkəmiz, xüsusən paytaxtımız, siz görürsünüz, bu üç il müddətində nə cür inkişaf edibdir. Siz bunu 1991, 1992-ci illər ilə müqayisə edin.

Biz bu günlər dövlət müstəqilliyinin 9-cu ildönümünü qeyd etdik. Ancaq biz müstəqilliyi elan edərkən, yəni 1991-ci ilin oktyabr ayında müstəqillik aktı qəbul edərkən Azərbaycan od içində yanırdı, Azərbaycan ağır bir vəziyyətdə idi. Demək olar ki, müstəqillik elan olundu. Amma qısa bir zamandan onra bu müstəqilliyi dağıtmaq, müstəqilliyi əldən vermək meylləri yarandı. Bilirsiniz ki, biz 1993-cü ildə bunların qarşısını aldıq.

Mən bunu iki gün bundan öncə olimpiadanın iştirakçıları ilə görüşdə demişəm. Azərbaycan müstəqilliyini əldə etdi ona görə ki, Sovetlər İttifaqı dağıldı. Sovetlər İttifaqı elə bir böyük, güclü, super dövlət idi ki, onun tərkibində olan 15 müttəfiq respublika nə qədər can atsaydı da, çalışsaydı da, onların heç biri müstəqillik əldə edə bilməzdi.

İndi bilmirəm, siz bunu necə qəbul edərsiniz. Əgər İngiltərədə müstəmləkə sistemi dağılmasaydı Hindistan, başqaları müstəqil ola bilərdimi? Düzdür, onların bəziləri Britaniya Birliyinə daxildir. Amma İngiltərənin dünyanın hər yerində müstəmləkələri vardı.

Məsələn, Honkonqu İngiltərə son iki ilə qədər əlində saxlayırdı. Yəni İkinci dünya müharibəsindən sonra müstəmləkə sisteminin get-gedə dağılması Afrikanın, Asiyanın, başqa qitələrin xalqlarına müstəqillik verdi. Yoxsa, Afrikada Uqanda, yaxud Nigeriya, Mali özləri özbaşına müstəqillik əldə edə bilməzdilər. Eləcə də Azərbaycan. Çünki Sovetlər İttifaqı guya 15 respublikanı birləşdirmişdi və bu 15 respublika bərabər hüquqlu respublikalar idilər. SSRİ - Sovet Sosialist Respublikalar İttifaqı. Ancaq eyni zamanda, biz özümüz hiss edirdik ki, - düzdür biz bu ölkənin içərisində çox böyük nailiyyətlər əldə etdik, - azad, müstəqil deyildik. Mən Moskvada işləyəndə, bu işlərə rəhbərlik edəndə də bunları gördüm. Ona görə də Azərbaycanın, təkcə Azərbaycanın yox, bütün keçmiş SSRİ-yə daxil olan ölkələrin müstəqillik əldə etməsi tarixi proseslərin nəticəsidir. Tarixi zərurətdən meydana çıxdı. İndi bizdə bəzi adamlar deyirlər ki, mübarizə apardıq, müstəqillik əldə etdik. Onların heç biri heç bir şey edə bilməzdi. Çünki sovet hökuməti o qədər güclü idi, heç kəsə imkan verməzdi ki, sovet hökuməti dağılsın.

Ancaq dünyada gedən proseslər, Berlin divarının dağılması, Avropada gedən proseslər, Şərqi Avropada - Polşada, başqa ölkələrdə gedən proseslər - bunlar hamısı Sovetlər İttifaqının da himini, yəni kökünü laxlatdı. Ona görə də Sovetlər İttifaqı dağıldı və biz müstəqillik əldə etdik. Yəni bu müstəqillik bizə Allahın bəxş etdiyi bir nemətdir. Ancaq bu müstəqilliyi saxlamaq çox çətin, ən çətin məsələdir. Hesab edirəm ki, Azərbaycanın son yeddi ildə əldə etdiyi ən böyük nailiyyət odur ki, biz müstəqilliyimizi qoruyub saxlamışıq.

Çünki bizim müstəqilliyimizə qarşı çox təzyiqlər olubdur. Bilirsiniz ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündə biz, təəssüflər olsun ki, bəzi ölkələr tərəfindən Ermənistana həmişə yardım görürük. Hətta bizim dostumuz, ən yaxın müttəfiqimiz olan Amerika Birləşmiş Ştatları da Ermənistana hər il yardım göstərir. Amma Azərbaycana göstərmir. Çünki 907-ci maddəni tətbiq edibdir. Bunlardan istifadə edərək başqa dövlətlər bizi özlərinə cəlb etmək istəyirdilər, müstəqilliyimizi müəyyən qədər məhdudlaşdırmaq istəyirdilər. Amma biz bu müstəqil siyasəti aparmışıq. Müharibəni dayandırdıq, iqtisadiyyatı inkişaf etdirdik. İndi təbiidir ki, müəyyən bir mərhələyə çatmışıq. Amma çox irəliyə getmək lazımdır.

1994-cü ildə "Əsrin müqaviləsi"ni imzaladıq. O müqavilə imzalanandan sonra bizim başımıza nələr gəlmədi: terrorlar, dövlət çevrilişi cəhdləri və s. hamısı o müqaviləyə görə idi.

Mənim xatirimdədir, o müqaviləni imzalayanda burada baş nazir var idi - Surət Hüseynov, hansı ki, 1993-cü ildə Xalq Cəbhəsinin hakimiyyətini dağıtmışdı. Biz müqaviləni imzalayanda, - bu, bizim üçün böyük hadisə idi, - o, mənim yanımda oturmuşdu. İmzalanma mərasimindən çıxandan sonra öz aralarında demişdi ki, iki-üç gündən sonra müqaviləni cırıb atacaqdır. Mənə gəlib dedilər, dedim, hünəri var cırsın. Amma cəhd etdi. Yəni ondan bir gün sonra təcridxanadan dörd çox qatı cinayətkarı çıxardılar, qaçırdılar və onların hamısı Moskvaya getdi.

Mən Nyu-Yorka Baş Məclisin iclasına getdim. Orada çıxış etmək üçün tribunaya gedirdim. Mənə xəbər verdilər ki, iki nəfər siyasi xadimə terror olunubdur. Parlamentin sədr müavini Afiyəddin Cəlilov...

Rocer Tomas: Bu, nə vaxt olubdur?

Heydər Əliyev: 1994-cü ildə, sentyabrın 29-da olubdur. Biz 1994-cü il sentyabrın 20-də müqaviləni imzaladıq. Senytabrın 21-də təcridxanadan həmin o cinayətkarları qaçırdılar və sonra onlar hamısı Moskvaya getdi. Surət Hüseynov dediyi həmin o planları yerinə yetirdi. Mən Nyu-Yorka getdim. Çünki mən prezident kimi orada çıxış etməli idim. Mən Nyu-Yorkda olan zaman çıxış üçün mənə söz vermişdilər ki, tribunaya gedim, dəhlizdə mənə dedilər ki, Bakıdan belə bir xəbər gəlibdir.

Ondan sonra Azərbaycana döndüm. Lazımi tədbirlər görməyə başladım. Amma oktyabrın 3-də həmin Surət Hüseynov dövlət çevrilişi cəhdi etdi. Onda onun gücü çox idi. Bizim gücümüz az idi. Çünki ordunun çoxu onun əlində idi. Amma mən gecə, - yəqin ki, sən televiziya kadrlarını görmüsən, - xalqa müraciət etdim. Xalq buraya toplaşdı. 500 min adam səhərə qədər bizi müdafiə etdi.

Bu barədə çox danışmaq olar. Onu demək istəyirəm ki, müstəqilliyi bizə Allah veribdir. Amma müstəqilliyi qoruyub saxlamaq bizim işimizdir. Bu, ondan xeyli çətindir. Amma biz müstəqilliyimizi saxlayırıq. Müstəqilliyimizi saxlayaraq İngiltərə ilə də, Fransa ilə də, Amerika Birləşmiş Ştatları ilə də, yəni keçmişdə, "soyuq müharibə" zamanı SSRİ-yə düşmən olan ölkələrlə, indi də Rusiya ilə münasibətləri hələ o qədər yaxşı olmayan ölkələrlə çox böyük, yaxın dostluq, qardaşlıq əlaqələri yaratmışıq. Ona görə də bu 9 illik dövlət müstəqilliyi asan olmayıbdır. Amma indi-indi biz elə bir şəraitdəyik ki, bundan sonra müstəqilliyimizi heç kəs əlimizdən ala bilməz.

Yenə də deyirəm, Böyük Britaniya ilə əlaqələrimizə çox böyük əhəmiyyət veririk. "Bi-Pi" təkcə o müqavilədə deyil, 12-ci yataqda, "Şahdəniz"də də əsas rol oynayır. O müqavilənin əsas iştirakçısı "Bi-Pi"dir. Ona görə əgər Xəzər dənizində Azərbaycana məxsus neft-qaz yataqlarına dair biz 20 müqavilə imzalamışıqsa, bunun böyük bir hissəsi İngiltərəyə məxsusdur, "Bi-Pi"yə məxsusdur. Bu, bizim Böyük Britaniyaya olan münasibətimizdir.

Bir sözlə, indiyə qədər biz yaxşı yol keçmişik. Bu üç il müddətində siz də səfir kimi burada dəyərli fəaliyyət göstərmisiniz. Güman edirəm ki, bizim bu əlaqələrimiz bundan sonra daha da inkişaf edəcəkdir. Mən bir daha sizə təşəkkür edirəm, sizə cansağlığı arzu edirəm. Sizə işlərinizdə müvəffəqiyyət arzulayıram. Arzu edirəm ki, San-Fransiskoda olanda hərdən bir Azərbaycanı, o cümlədən Babadağı yada salasınız.

Rocer Tomas: Cənab prezident, xoş sözlərinizə görə təşəkkür edirəm. Sizin sözlərinizi ürəyimdə, qəlbimdə, yadımda həmişə saxlayacağam. Sizi əmin etmək istəyirəm ki, harada olsam da, Azərbaycanın maraqlarına yardımçı olmağa, Sizə kömək etməyə səy göstərəcəyəm.

Siz tarixdə baş vermiş bir sıra hadisələri doğru-düzgün qiymətləndirdiniz. Mən isə onu demək istəyirəm ki, biz Böyük Britaniya olaraq Azərbaycanın müstəqilliyinin, azadlığının, suverenliyinin daim qorunub saxlanmasına hər zaman dəstək verəcəyik. Siz buna əmin ola bilərsiniz.

Biz "Bi-Pi"nin Azərbaycanda fəaliyyət göstərməsindən qürur duysaq da, Böyük Britaniyanın Azərbaycan dövlətinə verdiyi dəstək heç də bununla bağlı deyildir. Biz Azərbaycanın azadlığını həmişə dəstəkləyəcəyik. Mən də Sizə və Sizin ölkənizə gələcəkdə də çox böyük uğurlar arzulayıram.

Heydər Əliyev: Sağ olun.


"Azərbaycan" qəzeti, 21 oktyabr 2000-ci il.