Türk dövlət və topluluqlarının 5-ci dostluq, qardaşlıq və işbirliyi qurultayının iştirakçılarına - 9 aprel 1997-ci il


Möhtərəm qurultay iştirakçıları!

Türk dövlət və topluluqlarının İstanbulda növbəti beynəlxalq toplantısını ürəkdən salamlayır, ən səmimi arzularımı yetirirəm.

Eyni etnik kökə, ortaq tarixi keçmişə və milli mədəni ənənələrə malik türk xalqları tarix səhnəsinə çıxdığı gündən yüz illər boyu bəşəri mədəniyyətlərin şərqdən qərbə, qərbdən şərqə daşıyıcısı kimi dünya tarixində misilsiz rol oynamış, bəşər sivilizasiyasına silinməz, şərəfli səhifələr həkk etmişlər.

Tarixən türk dövlətləri xalqlarımızın mentalitetinə uyğun olaraq haqq, ədalət və indiki anlarda demokratiya kimi yüksək bəşəri təməllər üzərində bərqərar olmuşdur. Hazırda - XXI yüzilliyin astanasında dünyanın siyasi xəritəsində özünə layiqli yer tutan, zəngin və mütərəqqi dövlətçilik ənənələrinə əsaslanan qardaş cümhuriyyətlərimiz tarixi-milli haqqına qovuşaraq müstəqillik yolu ilə inamlı addımlar atmaqdadırlar. Bu böyük nailiyyəti qoruyub saxlamaq, dövlət müstəqilliyimizi daha da möhkəmləndirmək, yeni dünya nizamına uyğun beynəlxalq əlaqələr qurmaq, çağdaş siyasi gerçəkliyi və gələcək qarşısında tarixi məsuliyyəti aydın dərk etmək günümüzün ən başlıca məsələlərindəndir. Gələcək uğurlarımız üçün orta milli, mədəni və mənəvi dəyərlərimizin bizə bəxş etdiyi imkanları dövlətlərimizin ümumi mənafe işinə səfərbər etməli, qarşılıqlı və bərabərhüquqlu münasibətlərin etibarlı təməllər üzərində inkişafına nail olmalıyıq. Müstəqil Azərbaycan Respublikası beynəlxalq aləmlə, o cümlədən qardaş türk cümhuriyyətləri ilə əlaqələrində bu mövqedən çıxış edir və daim həmin prinsiplərə sadiq qalacaqdır. Əminəm ki, türk dünyasının bugünkü nəsilləri, fikir adamları, dövlət və siyasət xadimləri öz şərəfli tarixi keçmişinə layiq olduğunu sübut edərək işdə, əməldə, fikirdə birlik kimi möhtəşəm ümumtale işimizin gerçəkləşməsi naminə var qüvvə ilə çalışacaqlar.

Əziz dostlar!

Qəlblərinizin tarixi məsuliyyət və iftixar duyğuları ilə döyündüyü bu xoşməramlı anlarda özümü sizlərlə bir arada hiss edir, qardaş xalqlarımızın aydın sabahı naminə xeyirxah fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.