Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın "Şell" şirkətinin icraçı direktoru Fill Bots ilə görüşdəki söhbətindən - London, Azərbaycan prezidentinin iqamətgahı, 20 iyul 1998-ci il


Fill Bots: Hörmətli cənab prezident, vaxt ayırıb məni qəbul etdiyinizə görə sizə təşəkkür edirəm. Zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevlə görüşdən şərəf duyduğumu bildirirəm. Rəhbərlik etdiyim şirkət Azərbaycanla əlaqələri daha da sıxlaşdırmağa böyük maraq göstərir. Mən sizinlə 1997-ci ildə Hyüstondakı və Bakıdakı görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Lakin Sizi, Azərbaycan Respublikasının rəhbərini Birləşmiş Krallıqda ilk dəfə salamlamaq imkanı qazandığıma görə özümü çox xoşbəxt hesab edirəm.

Bilirəm ki, Birləşmiş Krallığa bu səfəriniz zamanı Siz xeyli görüşlər keçirəcəksiniz. Cənab prezident, icazə verin, mətbuat nümayəndələrinin burada iştirakından istifadə edərək Sizə bir hədiyyə təqdim edim. "Şell" şirkətinin keçən il 100 yaşı tamam olubdur. Bu münasibətlə "Şell" şirkətinin tarixini əks etdirən bir kitab çapdan çıxmışdır. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, biz tariximizi vərəqləyərkən "Şell" şirkətinin lap ilkin dövrlərdən Bakıdakı, Azərbaycandakı fəaliyyəti haqqında faktlarla rastlaşdıq. Ona görə də icazə verin, bu kitabı Sizə təqdim edim.

Cənab prezident, icazə verin bir məlumatı da diqqətinizə çatdırım. 1892-ci ildə"Şell" şirkətinin "Yubraks" adlı ilk tankeri Bakıdan neft götürərək dünyanın müxtəlif yerlərinə aparmışdır.

Heydər Əliyev: Hörmətli cənab Fill Bots, verdiyiniz məlumatı diqqətlə dinlədim, bu informasiya üçün maraqlı kitab üçün sizə təşəkkür edirəm. "Şell" şirkəti və ümumiyyətlə, Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin qədim tarixi olmasını yüksək qiymətləndirirəm. Sizin Azərbaycanla əməkdaşlığı gündən-günə genişləndirmək barədə təkliflərinizin çox vacib olduğunu məmnunluqla nəzərə çarpdırıram. Birləşmiş Krallığın digər şirkətlərinə nisbətən "Şell" Azərbaycana bir qədər gec gəlmişdir. Lakin əmin olduğumu bildirirəm ki, bu əlaqələr getdikcə daha da möhkəmlənəcəkdir.

Fill Bots: Cənab prezident, biz müstəqil Azərbaycan Respublikasında prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların həyata keçirilməsi sahəsində böyük uğurlar əldə edilməsindən çox yaxşı xəbərdarıq. Biz Azərbaycan iqtisadiyyatının ardıcıl surətdə inkişafında gec də olsa, yaxından iştirak etməyimizdən böyük iftixar hissi duyuruq və Sizi əmin edirik ki, "Şell" şirkəti sizin ölkənizdəki fəaliyyətini gündəngünə daha da genişləndirəcəkdir. Biz ölkənizdə gedən demokratik prosesləri yüksək qiymətləndiririk və bildirirəm ki, Azərbaycanda kadrların ixtisasının artırılması, istedadlı gənclərə qayğı məsələlərinə lazımi kömək göstərəcəyik.

Heydər Əliyev: Maraqlı görüşə və faydalı təkliflərə görə Sizə öz təşəkkürümü bildirirəm. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsini zəruri hesab edirəm və bunun üçün geniş imkanların olduğunu vurğulayıram.