1870-ci ildə Bakıda neft çıxarılmağa başlandıqdan sonra Azərbaycana yəhudi biznes nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel ölkəmizdə geniş fəaliyyət göstəriblər.
Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.
Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olub.
Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdir: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”. Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılığının bariz sübutudur.
İkitərəfli siyasi münasibətlər: 25 dekabr 1991-ci il tarixdə İsrail Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. 28 yanvar 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İsveçrədə keçirilən Dünya İqtisadi Forumunda İsrailin Xarici İşlər Naziri Şimon Pereslə, elə həmin il 22 oktyabrda BMT Baş Məclisinin iclasında İsrailin Baş Naziri İshaq Rabinlə, 11 yanvar 1996-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin Baş Naziri olan Şimon Pereslə, 2 dekabr1996-cı ildə isə ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
29 avqust 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb.
Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burada azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır."
Prezident Heydər Əliyev 18 noyabr 1999-cu ildə Türkiyədə ATƏT-in sammitində İsrailin Baş Naziri Ehud Barakla görüşüb. İki ölkə arasında yaranmış münasibətlərdən bəhs edən Azərbaycan Prezidenti bildirib: "Xaricdə yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizi ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir."
2000-ci il 6 sentyabr tarixində Prezident Heydər Əliyev ABŞ-da olarkən İsrailin Baş naziri Ehud Barakla yenidən görüşüb.
İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə bir sıra görüşləri olub. Prezidentlər İlham Əliyev və Şimon Peres 2006-cı ilin iyun ayında Astanada ( Ş. Peres o zaman İsrail Baş Nazirinin müavini idi), 10 avqust 2008-ci il tarixində Pekində Olimpiya Oyunlarının açılış mərasimi zamanı və 30 yanvar 2009-cu ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda görüşüblər.
2009-cu ilin may ayında paytaxt Təl-Əvivdə qarşılıqlı münasibətlərin tarixində ilk dəfə olaraq Azərbaycan-İsrail Biznes Forumu keçirilib.
28-29 iyun 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 nəfər iş adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. İsrail Prezidenti Şimon Peresin səfəri zamanı Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb. Bu sənədlərdən biri kommunikasiya sahəsində əməkdaşlığı, digəri isə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutur.
2010-cu il 15 fevral tarixində İsrailin Baş naziri Ehud Olmert ölkəmizə səfər edib.
Prezident İlham Əliyev İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin nümayəndələri ilə bir neçə dəfə görüş keçirib. Dövlət başçısı 2014-cü il 22 yanvar, 2016-cı il 21 yanvar, 2018-ci il 24 yanvar tarixlərində İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə, 2015-ci ilin 22 yanvarında isə İsrail Dövlətinin keçmiş Prezidenti cənab Şimon Peres ilə Davosda görüşüb.
2015-ci il 2 fevral tarixində Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru cənab Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
2016-cı il 13 dekabrında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin daha da möhkəmlənməsi üçün çox uğurlu olub. Səfər çərçivəsində “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və meteorologiya sahələrində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında” anlaşma memorandumu imzalanıb. Baş nazir səfəri çərçivəsində Bakıdakı “Xabad-Or-Avner” Təhsil Mərkəzində də olub.
2017-ci ilin 29 yanvar tarixində Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru cənab Devid Harris və komitənin prezidenti cənab Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
13-16 sentyabr tarixlərində İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. 16-17 dekabr 2018-ci il tarixlərində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı cənab Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə işgüzar səfər edib.
İqtisadi əlaqələr: İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. 2019-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə hesabatda Azərbaycanın neft ixrac etdiyi ölkələr siyahısında İsrail ikinci yerdə qərarlaşıb. O, neftə olan tələbatının mühüm hissəsini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir.
1993-cü ildən Azərbaycanın AZAL şirkəti Bakı və Tel-Əviv arasında hava reysini həyata keçirir. Azərbaycanda mobil telefon sahəsində ilk dəfə İsrail şirkəti - "Bakcell" investisiya yatırıb və Azərbaycan bazarında ilk mobil telefon operatoru olub. 2007-ci ilin fevralında iki ölkə arasında ilk iqtisadi sənəd olan İnvestisiyaların Qorunması və Təşviqi haqqında razılaşma imzalanıb.
7-8 iyul 2009-cu ildə Bakıda İsrail-Azərbaycan Tikinti Forumu keçirilib. Forumda 6 İsrail şirkəti iştirak edib. 29 iyun 2009-cu ildə Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib. Forumda İsrail tərəfindən 6 şirkət və həmçinin hər iki ölkənin prezidentləri iştirak edib.
Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin (156 km) yenidən qurulması layihəsində İsrailin "Binui" ve "Shikun" şirkəti də iştirak edib. Azərbaycanda onlarla İsrail firması fəaliyyət göstərir.
İsrail dövləti Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. 2009-cu ildə Azərbaycana səfəri zamanı İsrail Prezidenti Şimon Peres ölkəsinin bu mövqeyini bir daha bəyan edib.
2016-cı ildə Azərbaycan Respublikasının İsrail Dövləti ilə ticarət dövriyyəsinin həcmi 679,74 mln. ABŞ dolları olub. Növbəti illərdə İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi aşağıdakı kimi olub: 2017-ci ildə- 671 612,3 min, 2018-ci ildə- 1 334 729,83 min, 2019-cu ildə- 1 375 302,46 min ABŞ dolları. 2020-ci ilin yanvar-mart ayları üzrə isə İsrail Dövləti və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi 257 450,21 min ABŞ dolları təşkil edib.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ilk iclası 2018-ci ilin 15 may tarixində Qüds şəhərində keçirilib. İclasda Azərbaycan Respublikasının İqtisadiyyat naziri, İsrailin Ətraf Mühitin Mühafizəsi naziri, Qüds Məsələləri və İrs naziri iştirak edib.
2019-cu il aprelin 4-də Bakıda Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr edilən tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının, İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları və sahibkarlar iştirak ediblər.
Mədəni əlaqələr: Ölkələr arasında mədəni əlaqələrin inkişafında diasporun rolu böyükdür. Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir. Azərbaycan Respublikasında 3 yəhudi icması mövcuddur: əsasən Quba (Qırmızı Qəsəbə) və Bakıda yaşayan dağ yəhudiləri; əsasən Bakı və Sumqayıtda yaşayan yəhudi aşkenazlar; Gürcüstanla sərhəddə yaşayan Gürcüstan yəhudiləri.
Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir. Bakı şəhərindəki 46 nömrəli ümumtəhsil məktəbinin bazasında ivrit dilinin, yəhudi mədəniyyəti və tarixinin öyrənilməsi üzrə siniflər açılıb. 2003-cü ildən Bakıda özəl yəhudi məktəbi fəaliyyət göstərir, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tədris proqramına ivrit dilinin tədrisi daxil edilib.
Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı olub.
Bakıda 2003-cü ildə açılmış sinaqoq Avropada ən böyük sinaqoqlardan biri sayılır. Quba rayonunun Qırmızı Qəsəbə kəndində sinaqoq və dini ayinləri icra etmək üçün mikva mövcuddur.
Azərbaycanda "Az-İz", "Qüllə" və "Amişav" kimi yəhudi dilində qəzetlər nəşr olunur.
İsrail Dövlətinin Bakıdakı Səfirliyi yanında İsrailin mədəni-informasiya mərkəzi İsrail mədəniyyət və maarifçilik fondunun köməyi vasitəsilə Bakıda fəaliyyət göstərir.
İsraildə Azərbaycandan gəlmə yəhudilər mədəni əlaqələrin saxlanılmasında çox fəaldırlar. Burada Azərbaycan mədəniyyət guşəsi, Afula şəhərində Azərbaycan mədəniyyət mərkəzi, Azərbaycanda İsrail mədəniyyət mərkəzi fəaliyyət göstərir. 1991-ci ildə İsrailin Hayfa şəhərində Azərbaycandan gedən yəhudilər tərəfindən "Hayfa-Bakı" Cəmiyyəti yaradılıb.
12 Aprel 2007-ci ildə İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır. Azİz-in təşkilatçılığı ilə 2008-ci ilin noyabrında İsraildə M. Maqomayevin xatirə gecəsi keçirilib. 21 iyun 2007-ci ildə - Bakıda İsrail-Azərbaycan diplomatik münasibətlərinin 15-ci ildönümünə həsr olunmuş muğam konserti baş tutub.
25 iyun 2014-cü ildə İsraildə Azərbaycandakı tolerantlığa həsr olunmuş sərgi keçirilib. İsrailin Qafqazdan gedənlərin ən çox məskunlaşdığı qədim Akko şəhərində "Azərbaycan - tolerantlıq ölkəsi" adlı fotosərginin açılışı olub. Sərgi "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə təşkil olunub.
2015-ci ilin 17-20 fevral tarixlərində İsrail Dövləti Təhsil Nazirliyinin rəsmi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisi, Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində görüşlər keçirib.
5 aprel 2017-ci il tarixində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) internet saytı - aziznews.ru fəaliyyətə başlayıb və az vaxt ərzində yerli kütləvi informasiya vasitələrinin reytinq cədvəlində yüksək yer tutub. “Azİz”in İdarə Heyətinin üzvü Yuriy Boçarovun baş redaktorluğu altında fəaliyyət göstərən saytda indiyə qədər yerləşdirilmiş yazıların bir çoxu Azərbaycan haqqında olub. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, “Azİz”in Xocalı faciəsi, İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə və digər tarixi hadisələrə həsr olunmuş tədbirləri haqqında informasiyalar geniş işıqlandırılıb.
15 iyun 2019-cu il tarixində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən Azərbaycan Mədəniyyət Mərkəzində 15 iyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Müstəqil Vətənin Memarı" sənədli filmi nümayiş etdirilib.
8 oktyabr tarixində isə Bakıdakı Muzey Mərkəzinin akt zalında “İsrail-Azərbaycan beynəlxalq assosiasiyası “Azİz” QHT-nin təsis qurultayı keçirilib. Qurultayın işində İsrail şəhərlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti, Ukrayna nümayəndə heyəti, “İsrail-Azərbaycan Beynəlxalq assosiasiyası”nın üzvləri iştirak ediblər. Azərbaycan Avropa Yəhudiləri İcmasının ravvini Şneor Seqal Azərbaycan Yəhudi İcması, Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev isə yaradıcı ziyalıların adından qurultay iştirakçılarını təbrik ediblər.
İsrailin Təl-Əviv şəhərindəki Rusiya Mədəniyyət Mərkəzində 2020-ci il 2 fevral tarixində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi təqdim olunub. Azərbaycan Gəncləri Günündə gerçəkləşdirilən və Milli Qəhrəman Albert Aqarunovun əziz xatirəsinə həsr olunan tədbirə, həmçinin "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası təşkilati dəstək göstərib. Tədbirin bədii hissəsində dünya və Azərbaycanın görkəmli bəstəkarlarının (Üzeyir Hacıbəyov, Qara Qarayev, Vasif Adıgözəlov, Firəngiz Əlizadə) əsərləri səsləndirilib.
Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.