Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Həcc ziyarətinə gedən zəvvarların bir qrupunu qəbul edərkən söhbətindən - Prezident sarayı, 20 mart 1999-cu il


Heydər Əliyev: Hörmətli qonaqlar, dostlar!

Əvvəlcə sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Sizin hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram.

Bu gün bizim xalqımızın əziz günüdür. Novruz bayramı axşamıdır. Adətən bu gün insanlar istirahət edir, bayram edirlər. Ancaq biz sizinlə gözəl bir məqamda, bayram axşamında görüşürük. Güman edirəm, bu bayram axşamındakı görüş və danışıqlar hər birimizə fayda gətirəcəkdir.

Siz Həccə getməyə hazırlaşmısınız. Çox gözəl təşəbbüsdür, gözəl işdir. Məlumdur ki, sizin Həccə getməyiniz Səudiyyə Ərəbistanın kralı, iki müqəddəs şəhərin xadimi, bizim əziz dostumuz Fəthin Mərhəməti ilə, onun zərbaycana yardımı ilə əlaqədardır. Siz yola düşməzdən əvvəl mənimlə görüşmək istəmisiniz. Mən də sizinlə görüşmək istəmişəm. Ona görədə bizim bu görüşümüz artıq başlayıbdır. Sizin mənə deyəsi sözünüz varsa, buyurun. Cənab şeyx, siz danışmaq istəyirsinizsə, buyurun.

Şeyxülislam Hacı Allahşükür Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri): Hörmətli prezident həzrətləri! Bu gün bizim üçünikibayramdır. Bunun biri Novruz bayramıdır, ikincisi isə Novruz bayramı axşamında, müqəddəs gündə prezident həzrətlərimizin xeyir-duasını almaq, onunla birlikdə olmaq bizim üçün böyük şərəfdir. Deyərdim ki, bu, bütün müsəlmanlar üçün böyük bayramdır. Bu gün vaxt tapıb bizi qəbul etdiyinizə görə bütün Qafqaz müsəlmanları adından, hacılar adından Suzə öz təşəkkürümü bildirirəm.

Hörmətli prezident həzrətləri! Bilirsiniz ki, Sizi Azərbaycan torpaqlarından kənarda da müsəlman qardaşlarınız həmişə yad edirlər və Sizə böyük hörmət bəsləyirlər. İki müqəddəs şəhərin rəhbəri, Sizin qardaşınız Fəth ibn Əbdul Əziz həzrətləri Sizin xatirinizə öz hesabına Azərbaycandan 250 nəfər hacının ziyarəti barədə qərar qəbul etmişdir. Bu, Sizin Yaxın Şərqdə və müsəlman aləmində, müsəlman dövlətləri arasında hörmətinizin yüksək olmasını bir daha göstərir. Bu ziyarətimizin təşkili Səudiyyə Ərəbistanı Krallığının Din İşləri və Vəqflər Nazirliyinin rəhbərinə tapşırılmışdır.

... Biz neçə gündür Bakıda bir yerdə işləyirik. Qardaşlarımız tərəfindən bizə olan tövsiyələri tam yerinə yetirmişik. Onlar və Həccə gedənlər çox istədilər ki, Sizinlə görüşsünlər və bu, bizə nəsib oldu.

... Ziyarətə gedənlərin 25 nəfərdən çoxu Qarabağ müharibəsi əlilləri və iştirakçılarıdır, şəhid ailələri üzvlərinin sayı 90-dan yuxarıdır. Onlardan dörd nəfəri Milli Qəhrəman valideynləridir. Qaçqın və məcburi köçkün, əsgər ailələrindən olanların sayı 30-dan çoxdur. Qalanları isə pensiyaçılar, dindarlar və cənab prezidentə şəxsən müraciət edən insanlardır.

Cənab prezident, mən hər yerdə, xüsusən Səudiyyə Ərəbistanında Sizə daim hörmət bəslənilməsinin şahidi olmuşam. Biz söz veririk ki, Sizin Həccə göndərdiyiniz adamlar - şəhid anaları, ataları, qaçqınlar və məcburi köçkünlər Kəbə evində şəhidlərimizi yada salaraq dua edəcəyik ki, inşallah, tezliklə torpaqlarımız düşmən tapdağınan azad olunsun. Mən bir daha bütün müsəlmanlar adından, hacılar adından Sizi təbrik edirəm və bizi qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm.

Əfras Qasımov (Əli Bayramlı Ağsaqqal Şurasının sədri): Cənab prezident, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Bizə bu şəraiti yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Biz müqəddəs Məkkədə, Kəbədə torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz yurdlarına qayıtması üçün dualar edəcəyik ki, Siz bütün bu işləri başa çatdırasınız. Ümidvaram ki, qan tökülmədən torpaqlarımız qaytarılacaqdır. Biz Sizə inanırıq. Biz Sizə həmişə duaçıyıq. Biz Sizin daxili və xarici siyasətinizi müdafiə edirik və həmişə sizinləyik.

Əli Məmmədyarov (Qarabağ müharibəsi veteranı): Cənab prezident, özümü çox xoşbəxt sayıram ki, Həcc ziyarəti ərəfəsində Sizinlə görüşürəm. Siz dünyanın böyük şəxsiyyətlərindən birisiniz. Sizinlə həmişə fəxr etmişəm. Vaxtilə Siz Siyasi Büronun üzvü seçiləndə, inanın ki, sevincimdən oynamışam. Həmişə Sizi televizorda görəndə fəxr etmişəm, öyünmüşəm. Öyünmüşəm ki, böyük bir fövqəldövlətin başçıları arasında mənim də xalqımın öz şəxsiyyətinə, mahir nitqinə, bacarığına görə seçilən oğlu vardır. Sevinirəm ki, həmin oğul bu gün öz xalqının rəhbəridir, müstəqil dövlətini qurmuş ölkəmizin əvəzsiz prezidentidir. Ona görə Sizinlə fəxr edirəm.

Əziz prezidentimiz, Siz respublikamızda əmin-amanlıq yaratmısınız. Müstəqillik qazanmış ölkələrdə nə cür hadisələrin baş verdiyini mütəmadi olaraq eşidirik. Amma bizdə bunlar yoxdur. Bayırda, hər yerdə hamı rahat gəzir. Siz xüsusən Qarabağ müharibəsi iştirakçılarına, əlillərə, şəhid ailələrinə, qaçqınlara böyük qayğı göstərirsiniz. Biz dünən televizora baxanda gördük ki, Siz Biləsuvar rayonundakı qaçqın şəhərciyində qaçqınların toy məclisində doğma övladlarınızın toyundakı, şadlığındakı kimi oynadınız. Bu, doğrudan da xalqa, onlara göstərdiyiniz böyük qayğının təzahürüdür. Mən həm qaçqınam, həm veteranam, həm də pensiyada olan bir şəxsəm. Onların adından Sizə minnətdarlığımı bildirirəm.

Mən böyük ailə sahibiyəm. Dörd uşağım Tibb Universitetində oxuyur. Biz həmişə haqq-ədalət görmüşük. Uşaqlarımın hamısı əlaçıdır. Bunu da Sizin gücünüz hesab edirəm. Çünki Sizin siyasətiniz, gənclərə göstərdiyiniz diqqət onların öz dərslərini yaxşı oxumalarına kömək edir. Qiymətli vaxtınızı bizə sərf etdiyinizə görə təşəkkürümü bildirirəm.

Zərifə Piriyeva (şəhid anası): Hörmətli prezident, Sizi ziyarət etməyimə və Həccə getməyimə qəlbən sevinirəm. O qədər həyəcan keçirirəm ki, danışmağa söz tapa bilmirəm. Mən şəhid Ceyhun Piriyevin anasıyam. Bizə göstərdiyiniz etimadı yazdığım "Pənahımız Heydərə" şerimlə demək istəyirəm. Mən bunu xalqımın ən əziyyətli günündə bir ilahi kimi onun dadına çatan, gecəsini gündüzə, gündüzünü gecəyə qatan, baldan şirin yuxusunu xəyalda yatan, elimizin atası Heydər Əliyevə həsr etmişəm.
 
 
                                                   Yalvarıram sənə, ey gözəl Allah,
                                                   Dəymə bizim pənahımız Heydərə.
                                                   Dualar yetişsin ulu dərgaha,
                                                   Dəymə bizim pənahımız Heydərə.
                                                  
                                                   Sızlayan körpənin gülüşüdür o,
                                                   Buludlu havanın günəşidir o,
                                                   Sönmüş ürəklərin atəşidir o.
                                                   Dəymə bizim pənahımız Heydərə.
                                                  
                                                   Heydər babam, adın uca ay kimi,
                                                   Heç vaxt qışın olmasın, ol yay kimi,
                                                   Parla günəş kimi, parla ay kimi.
                                                   Dəymə, Allah, pənahımız Heydərə.
                                                     
                                                   El əlin qaldırıb ulu dərgaha,
                                                   Namaz üstə yalvarıram Allaha,
                                                   Otuz il də bir saf ömür bir daha,
                                                   Allah, pay ver sən bizim Heydərə.
                                                  
                                                   Əlçatmaz babama əlim yetəydi,
                                                   Allah, bir gün müharibə bitəydi,
                                                   Acı günlər bir-bir gəlib ötəydi,
                                                   Bütün dünya baş əyəydi Heydərə.
 

Bəkir Nəbiyev (Elmlər Akademiyasının ədəbiyyat, dil və incəsənət bölməsinin akademik-katibi): Möhtərəm prezident, vaxtın az olmasına görə istəyirəm bir mətləbi çatdıram.

Siz 1994-cü ildə Səudiyyə Ərəbistanına yüksək səviyyəli görüşə gedərkən nümayəndə heyətinin tərkibində məni də özünüzlə aparmışdınız. Orada etdiyimiz ziyarət, ibadət - hamısı sizinlə bağlı olmuşdu. Mən orada müşahidə etmişdim ki, Azərbaycanın rəhbəri özünün dini ənənəsinə necə sadiqdir və o, dinin tələblərinə əsasən müqəddəs məkanı - Kəbəni necə böyük ürəklə, sidqi-məhəbbətlə ziyarət etdi. Cənab prezident, biz onda Sizin arxa tərəfinizdə namaz qaldıq. Bu gün ikinci dəfə Səudiyyə Ərəbistanı kralının dəvəti ilə, bilavasitə şəxsən Sizin göstərdiyiniz hörmət sayəsində Həccə yola düşəcəyəm.

Cənab prezident, "Atalar üçdən deyib" məsələsinə uyğun olaraq bir arzumu bildirmək istəyirəm. Mən o günü arzulayıram ki, Siz torpaqları azad edilmiş, öz haqq işi uğrunda qələbə çalmış bir ölkənin rəhbəri kimi, o müqəddəs yerləri üçüncü dəfə ziyarətə gedəndə məni də öz heyətinizin tərkibinə alaydınız və mən yenə Sizinlə bir sırada namaz qılıb Allahın dərgahına öz dualarımı, minnətdarlığımı bildirəydim. Sizə uzun ömür, cansağlığı və arzuladığım o böyük niyyətə çatmağı diləyirəm.

Səd Əs-Səəd (Səudiyyə Ərəbistanı Krallığının Din İşləri və Vəqflər Nazirliyinin nümayəndəsi, doktor): Mərhəmətli, rəhmli Allahın adı ilə, Allahın xeyir-duası Məhəmmədə, onun ailəsinə və onun silahdaşlarına olsun.

Zati-aliləri cənab prezident!

Hörmətli dostlar, qardaşlar və bacılar!

Mən bizim nümayəndə heyətinin üzvləri adından zati-aliləri cənab prezidentə bu görüş üçün vaxt ayırdığına və bizi qəbul etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Cənab prezident Heydər Əliyev iman sahibi olan bir insandır və o, iman sahibi olan bir xalqa başçılıq edir. Bu, öz əksini ölkənin bayrağında və bu yaxınlarda bizim də gördüyümüz Azərbaycan Respublikasının yeni pasportlarında da tapmışdır. Bu fürsətdən istifadə edərək, zati-aliləri cənab prezidentə və hörmətli qardaş və bacılarımıza iki müqəddəs ocağın xadiminin səmimi salamlarını yetirirəm və eyni zamanda ölkəmizin, dövlətimizin, hökumətimizin digər üzvlərinin salamlarını, xeyirli, gözəl ziyarət arzularını yetirirəm.

Mən də burada çıxış edən şəhid anası kimi şair olmaq istərdim ki, öz hisslərimi və buradakı ab-havanı şair qələmi ilə təsvir edəm. Lakin sözün çoxluğundansa ürəklərdəki hisslərin səmimiliyi, çoxluğu daha mühümdür. Ona görə də çox danışmaq istəmirəm. Sözümün sonunda Sizə bildirmək istəyirəm ki, iki müqəddəs ocağın xadimi Sizin ölkəmizə çatandan sonra hər cür qayğı ilə əhatə olunmağınız barədə müvafiq göstərişlərini vermişdir və biz onu yerinə yetirəcəyik.

Bu ölkənin, Azərbaycanın torpaqlarının işğal olunması Sizin kimi, bizim də ürəyimizə bir yaradır. Arzu edirəm ki, gələn il belə bir münasibətə qədər torpaqlarınız azad edilmiş olsun və biz bunu qeyd edək. Mən sizin hamınıza uğurlar, xoşbəxtlik, səadət arzulayıram. Sağ olun.

Heydər Əliyev: Hörmətli dostlar, bacılar, qardaşlar!

Mən sizi bu müqəddəs yolda bir də təbik edirəm. Hər birinizin Məkkəni, Mədinəni, Kəbəni ziyarət etmək istəyiniz, arzunuz özlüyündə sizin daxili mənəviyyatınızı nümayiş etdirir, o müqəddəs yerləri ziyarət etmək istəyən hər bir şəxs yüksək mənəviyyat yoluna düşməlidir və ümidvaram ki, siz məhz bunu dərk edərək Məkkə, Mədinə, Kəbə ziyarətinə getmək üçün can atmısınız və bu istəyiniz, arzunuz da artıq yerinə yetirilir. Siz yol üstəsiniz, gedirsiniz. Siz də, biz də - hamımız Səudiyyə Ərəbistanının kralı, iki müqəddəs ocağın xadimi, bizim dostumuz və qardaşımıza Azərbaycana göstərdiyi bu qayğıya, diqqətə görə təşəkkür edirik. Bu, artıq ənənəyə çevrilibdir. Hər il Həcc ziyarəti zamanı Azərbaycana belə qayğı göstərilir və Səudiyyə Ərəbistanı kralının qonağı kimi 250 nəfər Həcc ziyarətinə gedir. Həcc ziyarətinin özü insan üçün böyük nemətdir. Ancaq bu ziyarəti iki müqəddəs ocağın xadiminin qayğısı altında, onun himayəsi altında həyata keçirmək buna daha da xüsusi əhəmiyyət verir.

İndi Azərbaycanda xalqlar bütün azadlıqları əldə ediblər. O cümlədən vicdan azadlığı, din azadlığı tamamilə bərqərar olunubdur. Bizim millətimiz öz islam dininə, islam mənəviyyatına olan bağlılığını, sevgisini, məhəbbətini indi keçmişdə olduğu kimi gizli, yaxud da xəlvət yox, açıq-aşkar nümayiş etdirir.

Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, Azərbaycanda insanlar vicdan azadlığı əldə edəndən sonra respublikamızda müqəddəs yerlər - məscidlər, məbədlər xalqımıza, onun mənəvi dəyərləri mənimsəməsinə çox yardım edir. Bütün bunların nəticəsində islam dininə mənsub olan insanların, azərbaycanlıların ən böyük arzusu Həcc ziyarəti etməkdir. Kim buna nail olursa, o, şübhəsiz ki, dünyanın ən xoşbəxt adamı olur. Siz buna nail olmusunuz, yəni bu hüququ almısınız və artıq yola düşürsünüz. Mən inanıram ki, siz sağ-salamat gedəcəksiniz, ziyarəti edəcəksiniz, sağ-salamat öz vətəninizə, evinizə qayıdacaqsınız və bu ziyarətdən aldığınız mənəvi yardım sizin gələcək həyatınızda, əmək fəaliyyətinizdə çox şeylər verəcəkdir.

Çox şadam ki, illər boyu qəlbimdə yaşayan arzumu 1994-cü ildə həyata keçirə bildim, müqəddəs yerləri - Məkkəni, Mədinəni, Kəbəni ziyarət etdim. Bu, mənim həyatımda ən dəyərli tarixi bir hadisə olubdur. Deyə bilərəm ki, belə bir ziyarətdən sonra insan nə qədər yüksəlir, nə qədər yüksək hisslərə qovuşur. Buna görə də mən deyirəm ki, siz artıq xoşbəxt bir insansınız. Təbiidir, hər bir insanın həyatında müxtəlif qayğılar, çətinliklər, problemlər vardır. Ancaq bunlaırn içərisində Həcc ziyarəti etmək insanlarda müəyyən qədər rahatlıq yaradır və başqa çətinliklərin öhdəsindən gəlmək üçün insanları daha da cəsarətli edir, daha da məğrur edir.

Mən şübhə etmirəm ki, siz bu Həcc ziyarətini uğurla başa çatdıracaqsınız. Sizdən başqa, Azərbaycanda çoxları da bu Həcc ziyarətinə gedir. 250 nəfər bizim dostumuz, Səudiyyə Ərəbistanı kralının himayəsi altında, 450 nəfər də özləri öz imkanları hesabına ziyarətə gedir. Beləliklə, bu il 700 nəfər Azərbaycan vətəndaşı, azərbaycanlı Həcc ziyarətini həayta keçirəcəkdir. Bu, Həcc ziyarətini edən hər bir insan üçün də əhəmiyyətlidir, amma bizim cəmiyyətimiz, xalqımız üçün də əhəmiyyətlidir. Çünki Həcc ziyarətini edən hər bir şəxs nəinki özü mənəviyyatca zənginləşir, o, aldığı mənəvi zənginlikdən bəhrələnərək öz ətrafına, ailəsinə, öz dostlarına da təsir edir, kömək edir, onları daha da düz yola, Allah yoluna dəvət edir.

Mən sizin hamınıza yaxşı yol arzulayıram. Əvvəlcədən arzulayıram ki, Həcc ziyarətinizi Allah qəbul etsin və siz sağ-salamat vətənimizə qayıdasınız. Bir daha, sizinlə bu bayram axşamı, bu əziz, müqəddəs gündə görüşdüyümə görə çox sevinirəm. Çünki belə gündə hər bir görüş insan üçün xüsusi əhəmiyyətlidir. Mən sizinlə görüşürəm, yəni Allah yolunda Həccə gedən adamlarla görüşürəm.

Məndən Məkkəyə, Mədinəyə, Kəbəyə salam çatdırın və Azərbaycan xalqının islam dininin bütün yüksək mənəvi dəyərlərinə nə qədər sadiq olduğunu öz hissiyyatlarınızla oraya çatdırın. Sizə yaxşı yol! Bir daha bayramınızı təbrik edirəm. Hamınıza cansağlığı, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 23 mart 1999-cu il