Zaqafqaziya dövlətləri onkoloqlarının birinci konqresinə - Bakı şəhəri, 2 noyabr 1998-ci il


Hörmətli konqres iştirakçıları!

Sizi ürəkdən salamlayır və əhalinin sağlamlığının qorunması sahəsində nəcib fəaliyyətinizdə sizə müvəffəqiyyətlər arzulayıram. Zaqafqaziya respublikaları onkoloqlarının 1949-cu ildə Azərbaycanın paytaxtı Bakıda keçirilmiş birinci müşavirəsindən təqribən yarım əsr ötdükdən sonra siz yenidən bir yerə toplaşmısınız. Onuncu belə konfrans 10 il bundan əvvəl Bakıda keçirilməli idi, lakin məlum siyasi hadisələr onun keçirilməsinə imkan vermədi.

Dünyada bir çox politoloqlar regional münaqişələri, separatizmi və terrorizmi obrazlı şəkildə Dünya Birliyinin xərçəng şişi adlandırırlar. Təəssüf ki, bu gün Qafqazı məhz belə bir xəstəlik bürümüşdür. Biz siyasətçilər dinc Qafqaz ideyasını elan etməklə, bütün mövcud münaqişələrin aradan qaldırılması ilə məşğul olmaqla Qafqazın bütün xalqlarının dinc və xoşbəxt gələcəyinə nail olmaq istəyirik. Dünyada ən humanist peşənin nümayəndələrinin əməkdaşlığa hazır olması da bir daha göstərir ki, «Ümumqafqaz evi» konsepsiyasının tamamilə gerçəkləşdirilməsi üçün hər cür əsas vardır.

Müstəqil Azərbaycan Respublikası sosial yönümlü sıyasət yeridərkən səhiyyəni öz xəttinin başlıca strateji istiqamətlərindən biri kimi qiymətləndirir. Respublikamızın onkoloqlarının şəksiz nailiyyətləri olsa da bütün dünyadakı həmkarları kimi, onlar da bu gün dünya elminin təsirli müalicə metodları təklif edə bilmədiyi adamların dərdini bəzən ancaq yüngülləşdirə bilirlər. Biz hamımız ümid edirik ki, dünya onkoloqlarının əlbir səyləri ilə sosial və ekoloji sarsıntılar əsri olan bizim əsrimizdə milyonlarla adamın ölümünə bais olan bu dəhşətli xəstəliyin müalicəsi üçün əsaslı vasitə tapılacaqdır.

Ümidvaram ki, konqres onkologiyanın aktual problemləri ilə bağlı məsələləri müzakirə edərək tibb elminin və səhiyyənin inkişafına yeni vüsət verəcəkdir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM