Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - 12 May 1999-cu il


1999-cu il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs rejimi müəyyən edilməsinə dair razılaşma əldə olunması gününün beş ili tamam olur.

Silahlı münaqişənin iştitakçıları vasitəçilərin fəal köməyi ilə atəşkəs rejimini hərtərəfli tənzimləmə əldə olunanadək davam etdirmək barədə razılığa gəlmişlər. Buna respublikada vəziyyətin sabitləşdirilməsi, Azərbaycanın nizami ordusunun yaradılması sahəsində çox böyük səylər nəticəsində nail olmaq mümkün olmuşdur. Beş il ərzində ölkənin silahlı qüvvələrini yaratmaq və möhkəmləndirmək mümkün olmuşdur. Silahlı qüvvələrimiz, çox vaxt ümumi komandanlığı olmayan dağınıq dəstələrdən və silahlı qruplardan indi yaxşı təşkil edilmiş və müasir texnika ilə təchiz olunmuş, təcavüzkarı dəf etməyə qadir olan orduya çevrilmişdir. Bütün bunların sayəsində biz təcavüzü dayandıra bilmişik, qan tökülməsinə, dağıntılara, insan tələfatına və müsibətlərə son qoya bilmişik.

Ötən beş il ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu bu qərarın vaxtında qəbul olunduğunun və düzgünlüyünün parlaq sübutudur.

Atəşkəs rejiminin müəyyən edilməsi nəticəsində biz öz dövlətçiliyimizi möhkəmləndirmək, demokratik islahatlar, özəlləşdirmə aparmaq, bazar iqtisadiyyatına keçmək, Azərbaycan Respublikasının müstəqilliyini və suverenliyini təmin edən dövlət strukturlarını formalaşdırmaq imkanı qazanmışıq. Ölkənin dağılmış iqtisadiyyatı atəşkəs şəraitində dirçəlməyə başlamışdır. Ölkəyə iqtisadi islahatların uğurla aparılması üçün çox zəruri olan xarici sərmayələr axıb gəlmişdir. Azərbaycan dünyanın ən iri xarici şirkətləri və geniş işgüzar dairələri üçün cəlbedici ölkəyə çevrilmişdir.

Əldə olunmuş sabitlik nəticəsində dünyanın bir çox aparıcı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı strateji və tərəfdaşlıq münasibətləri yaradılmışdır və uğurla inkişaf edir. Neft müqavilələrinin və digər müqavilələrin imzalanması, Avropa-Qafqaz-Asiya dəhlizinin formalaşdırılmasına dair beynəlxalq layihələrin həyata keçirilməsi Azərbaycanın minlərlə vətəndaşı üçün iş yerləri təmin etmişdir.

Bununla yanaşı, Azərbaycan bütün dünyaya nümayiş etdirmişdir ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına, regionun bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığa yönəldilmiş sülhsevər siyasət aparır.

Bütün bu deyilənlər beş il əvvəl əldə olunmuş atəşkəs sayəsində qazanılmış nailiyyətlərin yalnız qısa şərhidir. Atəşkəs əldə edilməsəydi, bütün bunlar mümkün olmazdı.

Lakin atəşkəs hələ sülh demək deyildir. Azərbaycan ərazisinin 20 faizindən çoxunun hələ də işğal altında olduğu, bir milyonadək həmvətənlərimizin yenə də qaçqın və məcburi köçkün vəziyyətində qaldığı bir şəraitdə nə müharibə, nə də sülh vəziyyəti bizi heç cür qane edə bilməz. Ona görə də biz münaqişənin danışıqlar yolu ilə dincliklə tənzimlənməsi, işğal edilmiş ərazilərin azad olunması və həmvətənlərimizin doğma yurdlarına qayıtmaları üçün bundan sonra da mümkün olan hər şeyi edəcəyik.

Minsk qrupu çərçivəsində aparılan intensiv danışıqların gedişində və Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq məclislərdə bizim fəal mövqeyimiz sayəsində başlıca məqsədə nail olmaq mümkün olmuşdur: Bizim yorulmaz səylərimiz nəticəsində indi Dünya Birliyi Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqəti - yəni Azərbaycanın silahlı təcavüz qurbanı olduğunu bilir. Ermənistanla münaqişənin əvvəlində Azərbaycanın düşdüyü informasiya blokadası artıq yarılmışdır və indi Ermənistan münaqişənin gedişini və onun tənzimlənməsinə dair səyləri işıqlandıran beynəlxalq informasiya vasitələri üzərində daha inhisara malik deyildir.

Böyük səylər nəticəsində 1994-cü il Budapeşt zirvə görüşündə belə bir qərar qəbul edildi ki, razılaşma əldə edildikdə ATƏT Ermənistan-Azərbaycan münaqişəsi zonasında sülhün qorunması üzrə çoxmilli əməliyyata başlamağa hazır olacaqdır.

1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə bizim səylərimiz və ATƏT-in üzvü olan 53 dövlətin dəstəyi sayəsində üç prinsip müəyyən edildi və bunlar Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə tənzimlənməsi üçün beynəlxalq hüquqi baza yaratdı. Bu prinsipləri İslam Konfransı Təşkilatının üzvü olan ölkələr də dəstəkləmişlər. Bütün bunlar o deməkdir ki, indi dünyanın 108 dövləti ATƏT-in Lissabon zirvə görüşünün qərarlarını tamamilə dəstəkləyir. Bu qərarlar münaqişənin aşağıdakı əsasda tənzimlənməsini nəzərdə tutur:

- Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü;

- Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarə verilməsi;

- Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizliyə təminat verilməsi.

Təəssüf ki, Ermənistanın və münaqişənin davam etməsində maraqlı olan qüvvələrin qeyri-konstruktiv mövqeyi hələlik münaqişənin tənzimlənməsinə nail olmağa imkan verməmişdir. Lakin biz əminik ki, bütün maneələrə baxmayaraq, sülh əldə olunacaq və Cənubi Qafqaz regionunun xalqları sabitlik və təhlükəsizlik şəraitində inkişaf etmək imkanı əldə edəcəklər.

Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, Azərbaycan Respublikası bundan sonra da, Ermənistan-Azərbaycan münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail olunanadək atəşkəs rejiminə dönmədən əməl edəcəkdir.

"Azərbaycan" qəzeti, 13 may 1999-cu il.