Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışı - 22 sentyabr 1993-cü il


Əziz dostlar, əziz gənclər, mən sizə müraciət edirəm, bütün Azərbaycan gənclərinə müraciət edirəm. Azərbaycan torpaqlarını müdafiə edən, qoruyan gənc əsgərlərə müraciət edirəm. Azərbaycanın doğma övladlarına müraciət edirəm. Sizin hamınızı və sizin simanızda bütün Azərbaycan gənclərini səmimi-qəlbdən salamlayıram və bu əlamətdar görüşümüzə görə sizə öz minnətdarlığımı bildirirəm.

Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik. Həm də üzərinizə böyük məsuliyyət düşdüyünü sizə bildirmək istəyirəm. İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin bütün sahələrində çox iş görməlidir. Dünya miqyasında bir müstəqil dövlət kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı həm bugünkü potensialından səmərəli istifadə etməli, həm də öz gələcəyi haqqında düşünməlidir. Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir. Bu isə həm bizdən, həm də ən çox sizdən - Azərbaycanın gənclərindən asılıdır. Ona görə də indi biz müstəqil Azərbaycanın dövlət orqanlarını formalaşdıraraq, müstəqillik prinsiplərini həyata keçirərək həm tarixi ənənələrimizdən istifadə edir, həm dünya təcrübəsindən bəhrələnir, həm də gənclərimizə çox istinad edirik, güvənirik. Gənclərimizin həm güclü enerjisinə, həm gələcəyə olan böyük ümidlərinə, həm də müstəqilliyin bu günümüz, gələcəyimiz üçün dəyərli olduğunu anlamasına istinad edirik. Ona görə də mən bugünkü görüşə çox böyük əhəmiyyət verirəm.

Bu salonda gənclərin nümayəndələri toplaşıblar. Güman edirəm ki, dediyim sözlər tək sizə yox, bütün Azərbaycan gənclərinə çatacaq və öz əks-sədasını verəcək, Azərbaycanın gəncləri ilə dövlət orqanları, bu orqanların başçıları və yaşlı nəsil birləşib respublikamızı indiki ağır böhran vəziyyətindən çıxaracaqlar.

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti sizə məlumdur. Yaxşı bilirsiniz ki, Azərbaycan beş ildən artıqdır müharibə şəraitində yaşayır. Bu müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən respublikamıza qarşı hərbi təcavüz davam edir. Torpaqlarımızın bir qismi düşmən tərəfindən işğal olunmuş, ərazi bütövlüyümüz pozulmuş, müstəqilliyimizə zərbə vurulmuşdur. Bunların nəticəsində respublikamızın əhalisinin bir qismi öz evindən-eşiyindən, yerindən-yurdundan, doğma torpağından, kəndindən, obasından, şəhərindən məhrum olmuş, qaçqın düşmüş və ağır şəraitdə yaşayır. Ümumiyyətlə, respublikanın əhalisi ağır sosial-iqtisadi, ictimai-siyasi şəraitdə yaşayır.

Bunların hamısı bizim qarşımızda çox böyük vəzifələr qoyur, Azərbaycan Respublikasının dövlət rəhbərliyindən çox şey tələb edir. Güman edirəm ki, biz məsuliyyətimizi dərindən dərk edərək üzərimizə düşən vəzifələrin ağırlığını, eyni zamanda xalqımız üçün son dərəcə gərəkli olduğunu başa düşərək əlimizdən gələni etməliyik və hamımız birləşib respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq.

Şübhəsiz ki, əsas vəzifəmiz müharibəyə son qoymaq, işğal olunmuş torpaqlarımızı geriyə qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, yerlərindən didərgin düşmüş, qaçqın olmuş Azərbaycan vətəndaşlarını öz evlərinə, öz yurdlarına qaytarmaqdır. Xalqın sosial-iqtisadi vəziyyətində azacıq da olsa müsbət dəyişikliklər yaratmaq, iqtisadiyyatdakı dağıntıların qarşısını almaq, zəngin təbii sərvətlərimizdən, böyük iqtisadi, intellektual potensialımızdan səmərəli istifadə etmək - bunlar hamısı qarşımızda duran əsas vəzifələrdir. Yəni həm dövlət orqanları, həm də cəmiyyət qarşısında, hər bir vətəndaş qarşısında duran vəzifələrdir.

Düzdür, müharibəni Azərbaycan xalqı başlamayıbdır. Müharibə bizim respublikanı dağıtmaq, onun torpaqlarının bir hissəsini qəsbkarlıqla ələ keçirmək niyyəti ilə qonşu Ermənistan dövləti tərəfindən başlanmışdır. Ancaq eyni zamanda bu elə bir böyük müharibə deyildir ki, beş il müddətində ona əncam, çarə tapılmasın, son qoyulmasın. Demək istəmirəm ki, bu, asan məsələdir. Bu müharibə təkcə Ermənistanla Azərbaycan arasında gedən müharibə deyil. Bu müharibəyə böyük xarici qüvvələr qoşulmuşdur. O, böyük siyasi proseslərlə bağlıdır. Bu müharibə başıbəlalı Azərbaycanı parçalamaq, yenidən dağıtmaq məqsədi güdən böyük siyasi qüvvələr tərəfindən başlanıb. Ancaq eyni zamanda bu məsələlərin həllinə ağılla, səriştə ilə yanaşılsaydı, şübhəsiz ki, biz belə fəlakətli, faciəli nəticələrə gəlib çıxmazdıq. Nə etməli, görünür, taleyimiz belə imiş. Amma bu, təkcə tale ilə bağlı deyil. Bütün bunlar, şübhəsiz, obyektiv səbəblərdən çox, subyektiv səbəblərlə bağlıdır, Azərbaycanda rəhbər dairələrin dövlət, millət, xalq haqqında düşünməmələrinin nəticəsi olmuşdur və indi biz bunların əzab-əziyyətini çəkirik, Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını arayırıq. Güman edirəm ki, vəziyyətimiz nə qədər ağır olsa da, nə qədər faciəli bir şəraitdə yaşasaq da bədbinliyə uymamalıyıq. Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur. Nikbinlik əhval-ruhiyyəsi, özündə olan gücü, qüdrəti yeri gələndə son həddə qədər toplayıb hərəkətə gətirmək imkanları - bunlar Azərbaycan xalqını həmişə ağır vəziyyətlərdən çıxarmışdır, güman edirəm ki, indi də çıxaracaqdır. Bir sözlə, mən istəyirəm siz gənclərdə həm düşdüyümüz vəziyyət haqqında düzgün təsəvvür olsun, həm də inam olsun, ümid olsun, nikbinlik olsun. İnam, iradə, güc, qüdrət, daxili mənəviyyat - bunlar bizim xalqa xas olan keyfiyyətlərdir. Buna görə də mən xalqımızın qüdrətinə də, cəsarətinə də, mətanətinə də inanıram.

Xalqımızın gücünü bir yerə toplasaq, onun daxili mənəviyyat hissini oyatsaq, tarixi ənənələrini və tarix boyu göstərdiyi qəhrəmanlıq nümunələrini bu gün xalqımıza, xüsusən gənclərimizə bir daha çatdıra bilsək, şübhəsiz ki, xalqımız birləşəcək, səfərbər olacaq, ayağa qalxacaq, birinci növbədə öz namusunu, şərəfini qoruyacaq, öz atasının, babasının yurdunu qoruyacaq, torpağını qoruyacaq, özünün bugünkü həyatını, gələcəyini, övladlarının, nəvələrinin, nəticələrinin həyatını qoruyacaqdır. Mən buna inanıram. Mənim bu fikirlərim bizim gənclərin gücünə, zəkasına, fitri istedadına və vətənpərvərlik hisslərinə əsaslanır.

Bizim məğlubiyyətlərimizin və düşdüyümüz ağır vəziyyətin əsas səbəblərindən biri Azərbaycanda son illər gedən ictimai-siyasi proseslər nəticəsində gənclərimizdə (şübhəsiz ki, bir qismində) vətənpərvərlik hissinin müəyyən qədər itməsi, ümumi milli məfhumlara biganəlik və başqa mənfi keyfiyyətlərin meydana çıxması, bəzən geniş sirayət etməsi ilə əlaqədardır. Bu da gənclərin özündən asılı deyil. Gənclər həmişə valideynlərinin, onları tərbiyə edənlərin yaşadıqları mühitin təsiri altında təhsil alıblar, böyüyüblər, tərbiyələniblər və həyat fəaliyyətinə qoşulublar. Təəssüf ki, son illərdə bu işlərdə çox pozuntular olmuş, təhsil ocaqlarımızda da işlər yaxşı getməmişdir. Gənclərimizin tərbiyəsi işi də zəifləmişdir. Bəzi şəxslər gənclərimizə müsbət nümunələr vermək əvəzinə, mənfi nümunələr təbliğ ediblər. Buna görə də gənclərdə bəzən çaşbaşlıq əmələ gəlmişdir.

Güman edirəm ki, son illərlə biz hər şeyi gördük. Gənclərimiz də çox şeyi - bəzi "yenilikləri", bəzi yeni fikirləri, əhval-ruhiyyəni daddılar. Loru dildə desək, biz çox şeyi dişimizə vurduq və nəyin nə olduğunu artıq anlamağa başladıq. Mənə belə gəlir ki, bu ağır dövrdən düzgün nəticələr çıxarmağın vaxtı gəlib çatmışdır. O cümlədən gənclərin təhsili, tərbiyəsi işində, onların mənəviyyatca formalaşmasında, həyat fəaliyyəti üçün hazırlanmasında buraxılan səhvlərə gərək daha yol verməyək, gənclər doğru yolla getsinlər, həyatda öz yerlərini düzgün tapa bilsinlər, həm özləri üçün, həm onları böyüdən, yetişdirən valideynləri üçün, həm də cəmiyyət üçün, xalq üçün, dövlət üçün faydalı ola bilsinlər.

Bu baxımdan təhsil məsələləri, şübhəsiz, çox mühüm yer tutur. Burada çıxış edən gənclərin nümayəndələri bir çox təkliflər irəli sürdülər. Doğrudur, problemlər çoxdur, bunları həll etmək lazımdır. İş burasındadır ki, bizim həyatımız son 70 ildə formalaşmış müəyyən ideologiya, ictimai-siyasi, sosial-iqtisadi sistem əsasında qurulmuşdur. Təhsil sistemi də bu əsasda formalaşmışdır. Gənclərin tərbiyə olunması, həyata hazırlanması sistemi də bu əsasda qurulmuşdur. Bu sistemin, yaşadığımız o dövrün çox müsbət cəhətləri də, müsbət nəticələri də olmuşdur. Bunları unutmaq olmaz. Bu 70 ildə ideologiyadan asılı olmayaraq, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının bir neçə nəsli təhsil almış, böyümüş, yüksək səviyyələrə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur. Bunların hamısı xalqımızın milli nailiyyətləridir və indi bizim Azərbaycan Respublikasının intellektual potensialını təşkil edir.

Əgər son illərlə anlaşıldığı kimi, bu sistemdə nəsə yaramırsa, ondan yaxşısını yaratmaq lazımdır, ondan üstün bir formaya keçmək lazımdır. Təəssüf ki, hazırkı keçid dövründə uzun illər ərzində yaranmış, mövcud olmuş formalar, sistemlər tədricən dağıdılmış, ancaq bunun yerində onlardan yaxşısı, səmərəlisi, üstünü qurulmamışdır. Ona görə də bu dövr xüsusən gənclər üçün çox ağır bir dövr olmuşdur. Əgər biz gənclik dövrümüzdə cəmiyyət tərəfindən tamamilə qəbul olunmuş bir sistem əsasında oxuyub böyümüşüksə və bunun nəticəsində də gəlib cəmiyyətdə öz yerimizi tuta bilmişiksə, bax bu son 5-b il ərzində təhsil alan, həddi-buluğa çatıb təhsilini davam etdirən gənclər üçün çox çətinliklər yaranmışdır. Burada çıxış edən natiqlərdən biri haqlı olaraq dedi ki, indi kitablar da tapılmır. Əvvəlki kitabların bir çoxundan biz imtina etmişik. Bu, təbii haldır. Ola bilsin ki, məsələn, fizika, kimya, riyaziyyat elmi üzrə heç bir şey dəyişilməyib, təbabət elmi üzrə də bir şey dəyişməyibdir. Ancaq ictimai-siyasi elmlər sahəsində çox şeylər dəyişmişdir. İndi o kitablardan, o ehkamlardan, o qanunlardan, o ideyalardan, o ideologiyadan imtina etmişik. Bu tamamilə təbiidir və biz onlara qayıtmayacağıq. Ancaq yenilərini yaratmamışıq. Burada deyildiyi kimi, xüsusən gənclər üçün kitablar da yoxdur, onları almaq üçün vəsait də yoxdur. Müəllimlərin oxuduğu mühazirələrlə, tələbələrə çatdırdıqları biliklə isə kifayətlənmək olmaz.

Problemlər təkcə bunlardan ibarət deyil, çoxdur. Bunların hamısını birdən həll etmək çətindir. Ancaq bunlar həll olunmalıdır. Biz özümüzü bunlardan kənara çəkə bilmərik. Əgər dövlət orqanları son illərdə bu məsələlərdən kənara çəkiliblərsə, hər şeyi özbaşına buraxıblarsa, bununla da gəncliyi yolayrıcında bax beləcə çaşbaş qoyublarsa, şübhəsiz ki, bu ümumxalq mənafeyimizə ən böyük zərbədir.

Burada doğru deyildi, çox haqlı sözdür ki, gənclik bizim gələcəyimizdir. Hər bir millətin, hər bir xalqın gələcəyidir. İndi gənclik bizim üçün daha böyük əhəmiyyət kəsb edir. Çünki qeyd etdiyim kimi, biz müstəqillik yolu ilə gedirik, respublikamız müstəqil bir dövlətdir. Əgər bu çətinliklərin öhdəsindən bu gün birtəhər gəliriksə, gərək elə edək ki, müstəqil dövlətimiz gələcəkdə hamar yolla, düz yolla gedə bilsin, gənclərimizin qarşısında daşlar-qayalar olmasın. Ona görə də bu məsələləri təcili həll etməliyik.

Mən, şübhəsiz, illüziyaya qapılmıram və sizi də aldatmaq niyyətində deyiləm ki, bu ağır problemlər qısa müddətdə dərhal həll oluna bilər. Ancaq bir var ki, bu problemlərdən özünü kənara çəkəsən, onları görmək istəməyəsən, o problemləri yaxına buraxmayasan, bir də var ki, bunları görəsən, biləsən, onların vacibliyini dərk edəsən və bu problemlərin həlli üçün çarə tapasan, çıxış yolları axtarasan, tədbirlər görəsən. Mən bildirmək istəyirəm ki, biz bu yolla gedəcəyik və bu problemlərin həll olunması üçün bütün imkanlardan istifadə edəcəyik.

Çıxış edənlərdən biri dedi ki, indi müxtəlif təhsil formaları mövcuddur. Biz, şübhəsiz ki, burada da dünya təcrübəsindən geniş istifadə etməliyik. Əgər Azərbaycan əvvəllər Sovetlər İttifaqı tərkibində dünya təcrübəsindən demək olar ki, tamamilə təcrid olunmuşdusa, biz ancaq özümüzün icad etdiyimiz formalardan istifadə edirdiksə, indi dünya təcrübəsindən istifadə etməliyik. Ancaq dünya təcrübəsini də götürüb kor-koranə tətbiq etmək, inanın ki, istənilən nəticəni verməz. İndi litsey yaratmaq, kollec yaratmaq modaya çevrilib. Bu adlar cazibədardır. Belə təsəvvür yaranır ki, orada hər şey var, çünki əvvəllər bizdə olmayıb. Bizdə olub orta məktəb, texniki peşə məktəbi, texnikum, institut.

Doğrudur, inkişaf etmiş ölkələrdə belə təhsil formaları çox yüksək təhsil verir. Lakin bunlardan necə istifadə edib, necə tətbiq edə biləriksə, gəlin onları edək. Mənasını, məzmununu dərk etməyib, nəticəsini bilmədən moda dalınca qaçmaqla bir çox böyük səhvlər buraxa bilərik. Çox təəssüf ki, Azərbaycanda artıq belə səhvlər buraxılmışdır. Təhsilin bir hissəsi kommersiya əsasına keçirilmişdir.

İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.

Mübaliğəsiz demək olar ki, indiyədək mövcud olan təhsil sistemi Azərbaycan xalqına çox böyük nailiyyətlər gətirmişdir. Azərbaycanda indi hamı savadlıdır, savadı olmayanlar tək-təkdir. Orta məktəbdə təhsil almaq hamı üçün açıq olub və heç kəs ondan məhrum edilməyib. Bunun özü böyük bir nailiyyətdir. Azərbaycan heç də böyük respublika deyil. Amma mənim xatirimə gəlir, burada 16 ali məktəb fəaliyyət göstərirdi. Təsəvvür edin, 1919- cu ildə Azərbaycanda ilk dəfə Bakı Dövlət Universiteti yaranıb. Azərbaycan Demokratik Respublikası bu universiteti yaratmaq üçün professorları, müəllimləri Rusiyadan dəvət etmişdi. Bakı Universitetində elmi təhsilin əsasını da bu adamlar qoydular. İndi siz fikir verin, 1920-ci ildən sonrakı dövrdə Azərbaycanda 16 ali məktəb yaranmışdır. Doğrudur, onların çoxu institut idi. İndi onlara universitet, akademiya adı veriblər. Ancaq adı dəyişdirməklə məzmun dəyişmir. Əgər adlar kimi məzmun da dəyişsəydi, təhsil səviyyəsi qalxsaydı, elm səviyyəsi qalxsaydı, mən bu dəyişikliklərin hamısına afərin deyərdim. İndi də etiraz etmirəm. Ad nə olur-olsun, əsas məzmundur. Əsas məsələ təhsilin səviyyəsidir, nəticəsidir, o təhsil ocaqlarında elmin səviyyəsidir, elmin nailiyyətidir. Təəssüf ki, indi bunlarla o qədər də fəxr edə bilmərik.

Son illər təhsil, elm sistemində nəinki irəliləyiş yoxdur, hətta çox hallarda geridə qalmışıq, geriləmişik. Gənclərin təhsil alması əsas məsələdir. Çünki biz müstəqil Azərbaycan Respublikasında bundan sonra da xalqımızın ümumi təhsil səviyyəsinin yüksəlməsini qarşımıza əsas vəzifə kimi qoymuşuq. Ümumi təhsil məsələsi xalqın mentalitetidir, dünya xalqları ilə müqayisə olunacağı səviyyədir. Bu isə gənclərin təhsili ilə - həm orta təhsili, həm də ali təhsili ilə sıx bağlıdır. Ona görə də biz bu sahəyə çox fikir verməliyik. Güman edirəm ki, gənclərimiz özləri də çalışacaqlar ki, bütün imkanlardan istifadə edib yaxşı təhsil alsınlar.

Gənclər arasında son vaxtlar elə bir təbəqə yaranıb ki, təhsil onları o qədər də maraqlandırmır, mədəniyyət də maraqlandırmır. Nədənsə, çox əcaib adət-ənənələr meydana çıxıb ki, nə qədər mədəniyyətsiz olsan, ədəbsiz olsan, kobud danışsan, bəzən hətta ədəbsiz sözlər də işlətsən, o qədər də qəhrəman görünərsən, başqalarından seçilərsən. Bunlar dövrün bəlalarıdır keçib gedən hallardır. Bu adətlər, belə hallar uzun sürə bilməz, yaşaya bilməz. Əsrlər boyu inkişaf etmiş dünya sivilizasiyası möhkəm təhsil və elm üzərində qurulmuşdur, yüksək tərbiyə üzərində qurulmuşdur. Mən bizim gənclərimizi də bu yola dəvət edirəm. Güman edirəm ki, müstəqil Azərbaycan Respublikası gənclərinin yolu da bu yoldur, onlar bu yolla getməlidirlər. Biz də bu yolla getməkdə sizə kömək edəcək, şərait yaradacağıq.

Təhsil haqqında danışarkən istərdim ki, həm orta məktəblə, həm də ali məktəbdə təhsil alan gənclərimiz dünya elminin, dünya mədəniyyətinin əldə etdiyi dəyərlərlə nəinki tanış olsunlar, habelə onu mənimsəməyə şərait yaradılsın, Azərbaycanda milli azadlıq hərəkatı meydana çıxandan sonra, müstəqillik meylləri artandan sonra hakim vəzifələrlə olan adamların siyasəti bir müddət bundan ibarət olub ki, Azərbaycan elə tək Azərbaycandır, Azərbaycan üçün hər şey Azərbaycanın içində olmalıdır. Azərbaycanlılıq bir ondan ibarət olub ki, kim elə Azərbaycan dilini bilirsə-hətta o qədər də yaxşı bilmirsə, öz kəndinin, şəhərinin mahnısını bilirsə, bu, elə əsl azərbaycanlıdır. Ancaq azərbaycanlı əgər öz ölkəsini, öz xalqını bilirsə, öz mədəniyyətini bilirsə, eyni zamanda dünya mədəniyyətini bilirsə, bəziləri bunu mənfi bir şey kimi qəbul ediblər. Mən belə hallarla rastlaşmışam.

Siz bilməlisiniz ki, bu XX əsrdə Azərbaycanın inkişafı Rusiya ilə bağlı olmuşdur. Avropa elmi, Avropa mədəniyyəti Rusiyadan Azərbaycana gəlmişdir. Mən XX əsri deyirəm, elə XIX əsrdə də belə idi. Müstəqillik haqqında çox cılız çıxışlar edib, müstəqilliyi yalnız milli məhdudiyyətdə görən adamlar belə hesab edirlər ki, hər şey elə təkcə Azərbaycan miqyasında olmalıdır. Ancaq onlar unudurlar ki, müstəqil Azərbaycan dövlətinin ilk yaradıcılarının (1918-ci ildə Azərbaycan Demokratik Respublikasını yaradanların) hamısı Rusiyada təhsil almış adamlar idi. Bizim böyük yazıçılarımızın, şairlərimizin, bəstəkarlarımızın əksəriyyəti Rusiyada, Avropada təhsil almış adamlar idi. Böyük bəstəkarımız Üzeyir Hacıbəyov Sankt-Peterburq Konservatoriyasını bitirməsəydi, ola bilərdi ki, o klassik musiqinin Azərbaycan, Şərq musiqisi ilə sintezini yaradıb dünyaya belə gözəl, klassik milli əsaslar üzərində bəstələnmiş musiqi nümunələri, operalar, simfoniyalar təqdim edə bilməzdi və xalqımızı ucalda bilməzdi. həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır. "Dünya" deyəndə isə bütün dövlətlər nəzərdə tutulur. Orada Rusiya da var, Ukrayna da var, Almaniya, Fransa, Amerika da var, Şərq ölkələri -İran, Türkiyə, ərəb ölkələri də var, Hindistan, Çin də var.

XX əsrdə - yaşadığımız bu dövrdə bunlardan məhrum olmağımız şübhəsiz ki, bizim üçün böyük itkidir. Eyni zamanda bu dövrdə bizim üçün nəinki cığır, hətta geniş yol olubdur. Biz dünya mədəniyyətinə, dünya elminə Rusiya vasitəsilə, rus dili vasitəsilə, rus mədəniyyəti vasitəsilə çıxmışıq. İndi bunlardan imtina etmək lazım deyil. İndi biz eyni istiqamətdə həm Fransada, həm İngiltərədə, həm Amerikada olan elm, təhsil ocaqları ilə əlaqəyə girməliyik. Türkiyə ilə əlaqələrimiz çox genişlənibdir. Bundan istifadə etməliyik.

Şərq aləmini bilmək üçün İranla da çox böyük imkanlar var, bunlardan istifadə etməliyik. Ərəb ölkələrindən də istifadə etməliyik. Lakin bu o demək deyildir ki, Rusiya kimi böyük dövlətin imkanlarından, iki əsr boyu Azərbaycanın mədəniyyətini zənginləşdirən böyük yollan imtina etməliyik. Bu, düzgün olmazdı. Ona görə də indi gərək bu məsələlərə həqiqət, gerçəklik baxımından yanaşaq. Bu da ondan ibarətdir ki, milli ənənələrimizi əsas götürərək, ümumbəşəri dəyərləri gənclərimizə çatdırmalıyıq.

Yaxın keçmişdə bu sahədə az iş görməmişdik. Xatirinizdə olmalıdır, Azərbaycanda ali təhsilin inkişafı üçün 70-ci illərlə çox işlər gördük. Həmin müddətdə beş yeni ali məktəb yaradıldı. Ali məktəblərin maddi-texniki bazasının inkişafı üçün çox işlər görüldü: universitet, neft-kimya institutu, tibb institutu və başqa institutlar üçün binalar tikdik. Gəncədə Texnologiya İnstitutu açıldı. Həmin institut Azərbaycan Respublikasında bir çox sahələr üçün mütəxəssislər hazırlamaqdan ötrü nə qədər böyük imkanlar yaratdı. Tələbələr üçün yataqxanalar tikildi, universitet, başqa ali məktəblər üçün cihazlar, başqa müxtəlif ləvazimat alınıb gətirildi. Bütün bunlar Azərbaycanda ali təhsilin səviyyəsini yüksəltməyə imkan verdi. Düzdür, ali məktəblərimizdə mənfi hallar, bizi narahat edən hallar da olmuşdur. İndi bunlar daha çox yayılmışdır. Bunlar bizim bəlalarımız, bizi çox narahat edən hallardır. Ancaq bununla yanaşı ümumi nəticəni götürsək deyə bilərik ki, Azərbaycan Respublikasının gəncləri üçün geniş miqyasda ali təhsil almaq imkanı yaranmışdır. Eyni zamanda, xatirinizdədir, o zaman - 1972-1973-cü illərdə Azərbaycandan gənclər böyük çətinliklə Moskva, Leninqral, Kiyev şəhərlərinin, Rusiyanın, Ukraynanın, Belarusiyanın, Baltikyanı respublikaların, Orta Asiya respublikalarının ali məktəblərinə göndərilirdi. Bəlkə siz gənclər bunu bilmirsiniz, lakin mən bunu sizə çatdırmalıyam ki, ildə 400-500-600 tələbəni - sonra isə biz bunu 800 - 900-ə qaldırdıq -keçmiş Sovet İttifaqının ali məktəblərinə müsabiqədənkənar göndərmək hüququ almaq respublikanın rəhbəri kimi mənə nə qədər böyük çətinliklər törədirdi.

Bilirsiniz ki, müsabiqədənkənar qəbul Azərbaycan gənclərinə böyük güzəştlər verirdi. Sübut etmək lazım idi ki, bəzi obyektiv səbəblərə görə azərbaycanlı gənclər ümumi müsabiqə yolu ilə Moskva Universitetinin istənilən fakültəsinə daxil ola bilmirlər. Bunu sübut etmək, buna nail olmaq lazım idi. Biz bunu etdik. Xatirimdədir, Moskva Universitetinə ildə təxminən 150 nəfər, Leninqrad Universitetinə 100 nəfər azərbaycanlı tələbə göndərirdik. Böyük tarixi olan Bauman adına ali məktəb var, yüksək səviyyəli mühəndislər hazırlayan məktəbdir, - oraya, başqa institutlara tələbə göndərirdik. Təkcə Moskvada 30-dək ali məktəbə tələbələr yollayırdıq. Keçmiş SSRİ-nin 46-dək şəhərinin 50-yə qədər ali məktəbində bizim tələbələr təhsil alırdılar. Bütün bunlar Azərbaycan gənclərinin təhsil səviyyəsinin diapazonunu, yəni onun üfüqlərini nə qədər genişləndirirdi!

Moskvada işləyərkən Baykal - Amur magistralına on günlük səfərə çıxmışdım. Xabarovsk diyarının Komsomolsk-Amur şəhərində olarkən böyük bir mağazaya girmişdim. Oradan çıxanda mənimlə görüşmək üçün çoxlu adam toplaşmışdı. Mənə bir neçə azərbaycanlı gənc də yaxınlaşdı. Bu, məndən ötrü çox gözəl hadisə oldu. Onları doğma övladlarım kimi qucaqlayıb öpdüm. Onlar da çox sevindilər və görürdüm ki, mənimlə görüşməyi necə sevinclə gözləyirdilər. Soruşdum ki, burada nə edirsiniz, haradan gəlib çıxmısınız. Dedilər ki, siz bizi göndərmisiniz, burada politexnik institutunda təhsil alırdıq. Bilirsiniz, bu mənim üçün böyük hadisə idi. Təsəvvür edin, Uzaq Şərq, Xabarovsk diyarı, Komsomolsk-Amur şəhəri, Azərbaycanın kənd yerlərindən getmiş gənclər orada təhsil alırdılar. Mən buna çox sevindim. Bəlkə də oranın politexnik institutunun səviyyəsi elə bizim institutun səviyyəsindədir. Ancaq gedib başqa bir şəhərdə, uzaq vilayətdə oxumaq, oranın mühiti, mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq məgər Azərbaycan gəncləri üçün zərərlidirmi? Yox.

Xatirimdədirr. Moskvada təhsil alan azərbaycanlı gənclərlə bir neçə dəfə görüş keçirmişdik. Belə görüşlərdən biri MXAT-ın binasında olmuşdu. O vaxtkı ali təhsil naziri, şəhərin rəhbərləri, Moskvadakı bütün institutların rektorları, tanınmış professorlar oraya toplaşmışdı. Salon ağzınadək dolu idi. Orada Cəbrayıl rayonunun dağ kəndindən olan bir gənc - adı yadımda deyil, Moskva Universitetinin humanitar fakültələrindən birinin 4-cü kursunun əlaçı tələbəsi idi, - rus dilində çıxış edəndə ürəyim dağa döndü. Biz bu yoldan da istifadə etmişik və güman edirəm ki, düz etmişik. Bundan sonra da bu yollardan istifadə etmək lazımdır. Amma indi, təsəvvür edin, Moskvada universitetdə tələbə oxutmaq üçün nə qədər pul vermək lazımdır. Sankt-Peterburq Universitetində də həmçinin. Bunu bilirsinizmi? Amma o vaxtlar pul vermək söhbəti yox idi, əksinə, təhsil almağa göndərilən azərbaycanlı tələbələr təqaüd alırdılar. Bundan əlavə, onlara maddi yardım da göstərilirdi. Bu mütəxəssislər bizim üçün dəyərli mütəxəssislərdir. Təəssüf ki, həmin ali məktəblərdə təhsil almış mütəxəssislərdən son illərdə səmərəli istifadə olunmadı, onlar dağılıb hərə bir tərəfə getdi, qoyduğumuz ənənə də müəyyən qədər pozuldu.

Biz indi başqa şəraitdə yaşayırıq. Gənclərimizi xaricə -Londona da, Amerikaya da, Türkiyəyə də, Şərq ölkələrinə, Moskvaya, Sankt-Peterburqa da göndərməliyik. Beləliklə də gənclərimizin təhsil diapazonunu, müxtəlif sahələrdə mütəxəssislər hazırlanmasının diapazonunu genişləndirəcəyik və müstəqil Azərbaycan üçün yeni intellektual nəsil yetişdirəcəyik. Bunu etməliyik, bu bizim vəzifəmizdir. Bu sizin, bugünkü gənclərin üzərinə düşmüşdür, siz bu proseslərin iştirakçısısınız. Ona görə də mən güman edirəm ki, siz birinci növbədə təhsilə fikir verəcəksiniz.

Mən təhsil məsələsi üzərində çox dayandım. Çünki təhsili olmayan gənc, şübhəsiz, həyatda lazımi yer tuta bilməz. İndi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə, elmə nail olmalıyıq.

Bununla yanaşı istərdik ki, gənclərimiz həm milli ənənələrimiz əsasında, həm də bəşəri mənəvi dəyərlər əsasında əxlaq, mənəviyyat məsələlərinə çox fikir versinlər.

Azərbaycanda gənclər arasında cinayətkarlığın artması, əxlaq pozğunluğunun olması, sərxoşluğa, narkomaniyaya meylin çoxalması haqqında məlumatları ürək ağrısı ilə qarşılayırıq. Spirtli içkilərə, narkotik maddələrə aludəlik gənclərin fiziki sağlamlığına mənfi təsir göstərir, onların mənəviyyatını korlayır, cəmiyyətin sağlamlığını zəhərləyir. Gənclər bizim gələcəyimizdir. Azərbaycanın gen fondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq. Onlar özləri də, özlərini valideynləri də onları qorumalıdırlar. Şübhəsiz ki, dövlət orqanları da bu mənfi halların gənclərə sirayət etməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər. Ancaq bunlar təkcə cəza tədbirləri olmamalıdır. Birinci növbədə profilaktik tədbirlər görülməli, təlim-tərbiyə işləri aparılmalı, valideynlər tərəfindən, təhsil ocaqlarında gənclərin tərbiyəsinə ciddi fikir verilməlidir. Bunların hamısı birlikdə şərait yaratmalıdır ki, gənclərin arasında belə mənfi proseslər yayılmasın, onların kökü kəsilsin. Bunlar çox təhlükəli hallardır. Əgər hər bir kəs, hər bir gənc öz həyatının timsalında bunu hiss etmirsə bütünlükdə cəmiyyət, xalq nöqteyi-nəzərindən bu bizi ən çox narahat edən məsələdir. Biz Azərbaycanın müstəqilliyini böyük bir nailiyyət kimi əldə saxlamaq istəyiriksə, - bu isə bizim borcumuzdur, gənclərimizin borcudur, - buna ciddi fikir verməliyik. Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gələ bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.

Bundan ötrü biz gen fondu haqqında düşünməliyik. Gen fondu isə gənclərin həm mənəvi, həm də fiziki sağlamlığıdır. Mənəvi və fiziki sağlamlıq bir-biri ilə qarşılıqlı əlaqədədir. Çünki mənəviyyat pozulanda gənclərin fiziki sağlamlığını da pozur. Əgər gənclər sərxoşluğa qurşanırlarsa, şübhəsiz ki, bu, onların əxlaqsız hərəkət etmələrinə şərait yaradır, mənəviyyat pozulur. Eyni zamanda bu, gənclərin sağlamlığını pozur. Yaxşı bilirsiniz ki, sərxoşluğa qurşanmış gənclərdən gələcəkdə sağlam övlad törəyə bilməz, onlar bizim nəslimizin davamçısı ola bilməz. Narkomaniyaya qurşanmış gənclər əgər ondan müvəqqəti zövq alırlarsa belə, düşünməlidirlər ki, onlar öz nəsillərini zəhərləyir, itirirlər. Bütün bunlar cəmiyyətimizdə ümumi kriminogen vəziyyəti pisləşdirir.

Ona görə də həm valileynlər, həm də təhsil işi ilə məşğul olan şəxslər bu məsələlərə ciddi fikir verməlidirlər. Ən çox isə gənclər özləri fikir verməlidirlər. Dünya təcrübəsi, tarix əsrlər boyu göstərmişdir ki, mənəvi və fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, ümumi saflığı, millətin bu günü və gələcəyidir. Gen fondu haqqında düşünərkən bax, bu məsələlər bizi narahat edir və ona görə də bunu sizin nəzərinizə çatdırmaq istəyirəm.

Bu gün mən kiçik bir statistik məlumatla tanış oldum. 1992-ci ildə cinayət törətdiklərinə görə məhkum olunmuş şəxslərin 60 faizi 30 yaşınadək olan gənclərdir. Deməli, gənclərin arasında cinayətkarlığın artması bütünlükdə cəmiyyətimizlə kriminogen vəziyyəti pisləşdirən amildir. 1991-ci ilə nisbətən ötən il gənclər arasında cinayətkarlıq 15 faiz artmışdır. Gördüyünüz kimi, dinamika təhlükəli və dəhşətlidir. Güman edirəm ki, bugünkü söhbətimiz həm sizdən ötrü, həm də dövlət orqanları, gənclərlə məşğul olan təşkilatlar, təhsil müəssisələri üçün çox böyük xəbərdarlıqdır və arzu edərdim ki, bunları nəzərə alaraq nəticə çıxarasınız.

Son illər, təxminən 1988-ci ildən bəri Azərbaycanda milli azadlıq hərəkatı geniş yayılmışdır və bunun aparıcı qüvvəsi gənclər olmuşdur. Yadımdadır, mən Moskvada yaşayarkən, 1988-ci ildə, Qarabağ problemi, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağa təcavüzü ilə əlaqədar olaraq təkcə Bakıda deyil, Azərbaycanın şəhər və rayonlarının çoxunda güclü mitinqlər keçirilirdi. Bakıda, Azadlıq meydanına yüz minlərlə adam toplaşırdı. Mənim fikrimcə, bunlar çox müsbət hal idi ki, Azərbaycan xalqı özünün milli cəsarətini, qüdrətini, iradəsini hakimiyyət orqanlarına - kommunist partiyasına da, o vaxtkı Sovet İttifaqının rəhbərliyinə də bildirirdi. Bildirirdi ki, Azərbaycan xalqı öz namusunu, şərəfini qoruya bilən, milli azadlığa nail olmaq, torpaqlarını qorumaq istəyən xalqdır. Xalq bütün bunları həmin mitinqlərdə nümayiş etdirirdi. Mən bunları o zaman da müsbət qiymətləndirmişəm, indi də müsbət qiymətləndirirəm.

Yadımdadır, o vaxt Nemət Pənahov kimi gənc bir adam, - mən onu görməmişdim, Moskvada televiziya verilişlərindən eşidirdim, qəzetlərlə yazırdılar, - beş yüz-altı yüz min adamı milli ruhu, vətənpərvərlik ruhunu qaldırmaq əhval-ruhiyyəsi ilə meydana toplayırdı. Bunlar tariximizin gözəl səhifələridir. Meydanlara toplaşanların əksəriyyəti gənclər idi. Onların arasında savadlısı da, fəhləsi də vardı. Gənclərin hamısı yekdil idi. Sonra isə, təəssüf ki, bu proseslər müəyyən qədər mənfi xarakter daşıdı. Məlum oldu ki, bu mitinqlərə, proseslərə qoşulan adamların bəziləri bunu şəxsi məqsədlər üçün etmişlər. Bəziləri isə hətta cinayətkar ünsürlərə çevrildilər, gizli silah saxlamaq, silah gücünə xalqı qorxutmaq yolu tutdular.

Onu da qeyd etmək lazımdır ki, meydanlarda, mitinqlərdə fəal iştirak edən adamların çoxu Qarabağa döyüşə gedir, torpağımızı qoruyur, bu yolda şəhid olurdu. Onların hamısı xalqımızın gəncləri, qəhrəman, vətənpərvər oğulları idi. Tariximizdə də belə qalacaqlar.

Xalq Cəbhəsi də bu mitinqlər əsasında yarandı. Onun yaranması Azərbaycan Respublikasının tarixinə müsbət hadisə kimi həkk olundu. Şübhəsiz ki, bu da pozulmayacaq. Ancaq sonra bu proseslər şəxsi mənafe güdməyə başlayanda savadlı, bilikli gənclər hərəkatdan kənarlaşdılar və təəssüf ki, ümumi milli birliyimiz pozuldu. Ortada isə qanunsuz silah saxlayanlar, ayrı-ayrı quldur dəstələrinə qoşulanlar, mənfi fikirlərlə yaşayanlar qaldılar. Ancaq indi də, bunu bildirmək istəyirəm, Xalq Cəbhəsinin ətrafında toplaşmış gənclərin arasında çox sağlam fikirli adamlar var.

Ona görə də mən bütün bu gənclərə heç də qara yaxmaq istəmirəm. Bu gün həmin gənclərə müraciət edirəm: azadlıq, müstəqillik ideyası bizim, xalqımızın ideyasıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bütün xalqımızın arzusudur. Ancaq bu ideyalar, arzular, sağlam fikirlər, sağlam əhval-ruhiyyə əsasında birləşməlidir. İndi isə təəssüf ki, cəmiyyətimizdə gəncləri, bütünlükdə xalqı istiqamətləndirmək işində, nədənsə, müəyyən qədər ideya çaşbaşlığı var.

Biz 70 il marksizm-leninizm ideyalarının təsiri altında yaşamışıq. Yadınızdadır, pioner var idi, komsomol var idi, bu təşkilatlar çərçivəsində böyük işlər görülürdü. İndi bunlardan imtina etmişik, bu isə tamamilə təbiidir. Hesab edirəm ki, müstəqil Azərbaycan Respublikası marksizm-leninizm ideyasına bir daha qayıtmamalıdır. Ancaq eyni zamanda biz mənəviyyatsız, ideyasız yaşaya bilmərik. İndiki ideyamız isə milli, tarixi ənənələrimiz, millətimizin keçdiyi tarixi yol, ulu babalarımızın yaratdığı ümumbəşəri dəyərlər əsasında - Nizami Gəncəvinin, Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin, Bəhmənyarın, Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu bir çox digər alimlərimizin, ədəbiyyatçılarımızın, filosoflarımızın yaratdıqları mənəvi dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir. Əgər biz bu tarixi yaxşı təhlil edə bilsək, gənclərimiz onunla yaxşı tanış olsalar, adlarını çəkdiyim şəxslərin və yüzlərlə başqalarının əsərlərindən mənəviyyata dair fikirləri mənimsəsələr, həyatlarında rəhbər tutsalar, Azərbaycan xalqı düz yolla gedəcəkdi.

Eyni zamanda, milli məhdudluq çərçivəsində yaşamaq olmaz. Azərbaycanın həmin o dahi şəxsiyyətləri də bu zirvəyə qalxmaq üçün bəşəri dəyərlərdən istifadə etmişlər. Əgər belə olmasaydı, Nizami Gəncəvi "İsgəndərnamə" kimi böyük bir poema yazmazdı. Bu poema Homerin "İliada" poemasından heç də geri qalmır. "İsgəndərnamə" bir tərəfdən tarixi əsərdirsə, digər tərəfdən dərin fəlsəfi fikirlərlə zəngindir. Ancaq gənclərimiz bunları bilirlərmi, oxuyurlarmı, bunlardan bəhrələniblərmi? Təəssüf ki, son illərdə bizim guya, milli azadlıq uğrunda çalışan, o cümlədən Xalq Cəbhəsi ətrafında toplaşan adamlar, onun aparıcı qüvvələri gənclərimizi bu elmi, fəlsəfi nailiyyətlərimizdən bəhrələndirmək əvəzinə, onları cılız küçə sözləri ilə tərbiyələndirmək yoluna düşmüşlər. Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik, o cümlədən, Avropa mədəniyyətindən, Rusiya mədəniyyətindən, Şərq mədəniyyətindən istifadə etməliyik. Məsələn, böyük İran tarixini götürün. Bizim qonşu dövlət dünyaya nə qədər dahilər bəxş etmişdir. Əgər biz bu mənəvi dəyərlərə yiyələnsək, şübhəsiz ki, xalqımızın bugünkü yolunu təyin etməyimizə köməyi olar. Güman edirəm ki, gənclər bu məsələlərlə də yaxından məşğul olacaqlar, gənclərlə işləyən təşkilatlar, idarələr də buna ciddi fikir verəcəklər.

Əsas vəzifələrdən biri də gənclərimiz arasında vətənpərvərlik hissini geniş təbliğ etməkdir. Bu, təkcə ona görə deyil ki, biz indi müharibə aparırıq. Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, dünyada başqa şeyləri də qiymətləndirə bilməzsən. İndiki dövrümüzdə vətənpərvərlik ən aktual məsələdir. Torpaqlarımızın bir qismi işğal olunmuşdur, müharibədə məğlubiyyətlərə uğramışıq. Nə üçün? Məgər Azərbaycan xalqı bu qədər acizdirmi? Məgər Azərbaycan gəncləri bizə təcavüz edən qüvvələrdən həm fiziki, həm mənəviyyat, həm vətənpərvərlik cəhətdən zəifdirlərmi? Hesab edirəm ki, yox.

Demək, burada nə isə var. Bu da ondan ibarətdir ki, böyük səhvlər buraxılmışdır. Azərbaycanın hakim dairələri, dövlət orqanları, ordu yaratmaqla məşğul olan orqanlar, şəxslər Azərbaycan xalqının, onun gənclərinin daxili imkanlarından təəssüf ki, səmərəli istifadə etməmişlər. Gəlin açıq danışaq. Azərbaycanda siyasi özbaşınalıqlar olduğuna görə gənclərin bir hissəsi ölkənin bu fəlakətli vəziyyətində özünü kənara çəkmişdir. Bəzi valideynlər şəxsi hisslərini ümummilli hisslərdən üstün tutaraq balalarını Azərbaycandan kənara çıxarmışlar, yaxud da orada-burada gizlətmişlər, orduya getməyə qoymamışlar. Ona görə də belə çıxır ki, 7 milyonluq xalq öz torpaqlarını Ermənistan silahlı qüvvələrinin təcavüzündən qoruya bilmir. Buna dözmək olmaz, bunu anlamaq mümkün deyil, bununla razılaşmaq olmaz. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır. Biz xalqımızı, gənclərimizi ədalətsiz müharibəyə dəvət etmirik, başqa ölkələrin torpaqlarına göz dikmirik, Ermənistan torpaqlarından heç nə ələ keçirmək istəmirik. Ancaq eyni zamanda torpaqlarımızın zəbt olunmasına dözməməliyik. Millətini, torpağını sevən hər bir namuslu adam buna razı olmamalıdır. Ona görə də gənclər gərək hərbi xidmətə getsinlər. Hərbi xidmət etməyən gənc gələcək həyatında sınaqlardan çıxa bilməz. Bu, tarixən belə olmuşdur: hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü edir, çətinlikləri aradan qaldırmaq keyfiyyəti aşılayır. İndi isə hərbi xidmət həm də vətənimizi, torpağımızı qorumaq deməkdir.

Fərarilik haqqında çox danışırlar. Bilirsiniz, adam dəhşətə gəlir. Son illər bu salonda bu barədə nə qədər söhbətlər gedib: fərarilik, fərarilik, fərarilik. Axı nə üçün Azərbaycan oğulları fərari olsunlar? Fərarilik edən hər bir gənc gərək cəmiyyətin içinə çıxa bilməsin, fərarilik xalqa düşmən olmaq deməkdir. Ancaq mən bu məsələdə təkcə gəncləri günahlandırmaq fikrində deyiləm. Xahiş edirəm məni düzgün başa düşəsiniz. Təəssüf ki, son illərdə, elə 1988-ci ildən etibarən, torpaqlarımıza təcavüz başlandığı vaxtdan Azərbaycanın ordu potensialı lazımınca toplanaraq istifadə edilməmişdir. Gənclərimiz orduya cəlb olunmamışlar, ordu yaranmamışdır. Ona görə də respublikamız bu məğlubiyyətlərə uğramışdır. Yəni günahların çoxu siz gənclərdə deyil, dövlət başçılarında, ordunu guya, yaratmaq istəyən adamlarda olmuşdur.

Bu dövrdə, 1988-ci ildən sonra cürbəcür dəstələr, batalyonlar yaranmışdır. Heç bir hərbi təhsili, səriştəsi, biliyi olmayan adamlar ayrı-ayrı şəxsi məqsədlər naminə bu işə qoşulmuşlar. Onlardan bəzilərinin iç üzü açılmışdır, bəzilərininki də, şübhəsiz, açılacaqdır. Tarix onların hamısını ifşa edəcəkdir. Buna şübhə yoxdur.

Bu səbəbdən ordumuz da istənilən səviyyədə olmamışdır. Bir daha deyirəm, buna görə də Azərbaycan Respublikası öz torpaqlarının müdafiəsində məğlubiyyətlərə uğramışdır. Bəzən belə fikirlər səslənir (burada müəyyən həqiqət də var), bu gün burada da deyildi ki, Azərbaycan gəncləri döyüşdən qaçmırlar. Doğrudur, ancaq qaçanlar da var. Bəlkə də ona görə qaçırlar ki, heç bir hərbi təlim keçməmiş, silahdan istifadə etməyi öyrənməmiş, onları küçədən tutub zorla döyüşə aparırlar. Onlar isə döyüşə bilmirlər. Əlbəttə, döyüşə bilməyən, döyüş səriştəsi olmayan adamın canını qurtarıb qaçmaqdan savayı başqa yolu olmur. Döyüşərək özünü şəhid verən adamın həlak olması torpaq uğrunda, xalq yolunda həlak olmaq deməkdir. Ancaq döyüş qabiliyyəti, heç bir hərbi hazırlığı olmayan, zorla döyüş meydanına göndərilən adamın həlak olmasının günahı komandirlərin, yaxud hərbi rəhbərlərin üzərinə düşür. Güman edirəm ki, biz indi sizinlə birlikdə ordunun yaradılması ilə ciddi məşğul olacağıq. Zənnimcə, gənclərimiz nizami ordu yaradılacağına inanaraq, onun doğrudan da Azərbaycanı qorumaq üçün yaradılacağına inanaraq ordu sıralarında xidmət etməyi özlərinin şərəfli vəzifəsi sayacaqlar. Bilirsiniz ki, İkinci dünya müharibəsi zamanı çox ciddi hərbi rejim var idi. Ordudan, cəbhədən qaçan hər bir adam ən ağır cəzaya məhkum edilirdi.

İndi respublikamız da müharibə vəziyyətindədir. Mən gəncləri cəza ilə qorxutmaq istəmirəm, onu demək istəyirəm ki, biz nizami ordu yaradaraq gəncləri ona cəlb etməyə çalışacağıq. Gənclərin isə vəzifəsidir ki, bu orduda xidmət edərək öz vətəndaşlıq borclarını yerinə yetirsinlər. Əgər vətəni, torpağı müdafiə etmək lazım gələrsə, bu işdən geri çəkilməsinlər. Ordu ilə bağlı belə vəziyyətin səbəblərindən biri də olur ki, Azərbaycanda hərbi kadrlar hazırlanması ilə lazımınca məşğul olunmur. Bu gün burada Naxçıvanski adına İxtisaslaşdırılmış İnternat-Məktəbin şagirdi çıxış etdi. Mən ona çox böyük sevinc hissi ilə qulaq asdım. O, çox həyəcan keçirirdi, ürək sözlərini də həyəcanla deyirdi. Onun həyəcanla danışması təbii idi və məni də həyəcanlandırdı.

Doğrudur, 22 il bundan öncə, 1971-ci ildə biz heç bilmirdik ki, Azərbaycan müstəqil respublika olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım. Amma çoxları bunu bilmirdi. O vaxtlar mən düşünürdüm ki, gərək Azərbaycanın milli hərbi kadrları olsun. Məni belə bir məsələ narahat edirdi: nə üçün əzəmətli sovet ordusunda Azərbaycanın zabitləri çox azdır? Nə üçün respublikamızda azərbaycanlılardan generallar yoxdur, yaxud da çox azdır? Nə üçün azərbaycanlılardan sovet ordusunda marşal rütbəsinə çatanlar olmayıb? Bax, bunlar məni çox düşündürür, çox incidirdi.

Eyni zamanda, tarixi vərəqlədikdə görürdüm ki, vaxtilə, hələ çar Rusiyası dövründə azərbaycanlılardan rus ordusunda böyük sərkərdələr, böyük generallar olubdur: Əlağa Şıxlinski, Səmədaqa Mehmandarov, Cəmşid Naxçıvanski. Bir tək Naxçıvanski deyil, Naxçıvan xanlarının övladlarından altı nəfər çar Rusiyasının ordusunda general rütbəsində çalışıbdır. Bir çoxları da Birinci dünya müharibəsində iştirak ediblər. Azərbaycanın başqa bölgələrindən də o vaxtlar rus ordusunda generallar olublar. Düşünürdüm ki, indi biz böyük bir sovet ölkəsində yaşayırıq, ümumi sovet ordusu var.

Azərbaycan sovet ordusuna ildə təxminən altmış min nəfər əsgər göndərir. Bəs nə üçün hərbi kadrlarımız yoxdur? Bu, məni düşündürürdü. Bununla məşğul olarkən çətinliklərlə də rastlaşdım. Gördüm ki, bəziləri hərbi qulluğa getmək istəmirlər. Bəziləri getmək istəyirlər, lakin rus dilini bilmirlər. Hərbi məktəblər isə rus dilindədir. Hərbi məktəbə getmək istəyən bəzi gənclərin də fiziki hazırlığı buna imkan vermirdi.

Təsəvvür edin, o vaxtlar Bakıda iki ali hərbi məktəb vardı: biri Ali Ümumqoşun Komandirləri Məktəbi, o birisi isə Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik Məktəbi idi. İkisi də yüksək səviyyəli ali məktəb idi. Mən orada təhsil alan kursantlarla maraqlananda gördüm ki, ildə hər biri 350 nəfər qəbul edir, onların arasında Ali Ümumqoşun Komandirləri Məktəbində cəmi beş-altı nəfər, o birisində isə bir-iki nəfər azərbaycanlı var. Mən dəhşətə gəldim: bu məktəblər Azərbaycanda, Bakıda yerləşir, amma onlara Rusiyadan, Ukraynadan, Belorusiyadan, hətta Ermənistandan, Gürcüstandan gəlib qəbul edilirlər, Azərbaycanda isə azərbaycanlılar daxil olmurlar. Bax, bu çətinlikləri aradan qaldırmaq üçün mən o vaxtlar bu ideyanı irəli sürdüm və biz Naxçıvanski adına (adını sonralar qoyduq) ixtisaslaşdırılmış hərbi internat-məktəb yaratdıq ki, yeddinci sinfi bitirən gənclər orada orta təhsilini davam etdirməklə yanaşı, hərbi təhsil alsın, fiziki cəhətdən mətinləşsin, rus dilini öyrənsin və bundan sonra ali hərbi məktəblərə asanlıqla daxil olmaq imkanı əldə etsinlər. Biz buna nail olduq. Yadımdadır, 76-77-ci illərdən başlayaraq, biz Sovet İttifaqının ali hərbi məktəblərinə hər il 800-900 nəfər gənc göndərirdik. Qoy təhsil zamanı onların bir hissəsi oxuya bilməsin, bir qismi xəstələnsin və i. a., təxminən 10-15 faizi çıxa bilərdi.

Lakin hər halda ildə 700 nəfər zabit hazırlamağa imkanımız vardı. İndi Rusiya ordusunda, Ukrayna ordusunda, Belarus ordusunda çoxlu azərbaycanlı zabit var, orada qulluq edirlər. O vaxtlar mən bunu edirdim ki, Azərbaycan üçün zabitlər hazırlayaq. Təəssüf ki, bu potensialdan da istifadə etməyiblər. Məni düz başa düşsünlər, mən Azərbaycandan gedəndən sonra bu məktəbə də diqqət çox azaldılmışdır, hətta deyirdilər ki, bu nəyə lazımdır. Qoy kim istəyir, getsin oxusun, kim istəmir, oxumasın. Lakin bu, məcburi bir şey deyildi.

Halbuki mən bunu ona görə edirdim ki, gənclərimizi hərbi təhsilə, hərb elminə cəlb edim. Məktəbdə çox şey dağıdılsa da, mən sevinirəm ki, bu məktəb fəaliyyətini davam etdirir və bizə hərbi kadrlar hazırlamaq üçün lazımi işlər görür.

Amma bunlar azdır. Azərbaycanın müdafiə qüdrətini yaratmaq üçün, müstəqilliyini qorumaq üçün və respublikanın müharibə vəziyyətindən çıxması üçün ona nizami ordu lazımdır. Bu ordunun dəyərli, bilikli, savadlı zabit heyəti olmalıdır, hərbi mütəxəssisləri olmalıdır, hərbi texnikadan istifadə etməyi bacaran mütəxəssislər, əsgərlər, zabitlər olmalıdır. Biz bunlara nail olacağıq. Onların hamısı isə gənclərdən olmalıdır. Ordu gənclərdən yaradılmalıdır.

Gənclərimiz bu beş illik müharibə dövründə Azərbaycan torpaqlarının müdafiəsində fəal iştirak edirlər. Sizə məlumdur ki, müharibədə həlak olanların 95 faizi gənclərdir, yəni 30 yaşına çatmayan, 30 yaşına qədər olan gənclərdir. Lakin təəssüflər olsun ki, gənclərdən Milli Qəhrəmanlar azdır. Milli Qəhrəmanlarımızdan yeddi nəfəri gənclərdir, hamısı da bu adı ölümündən sonra alıb. Əgər həlak olanların 95 faizindən çoxu gənclərdirsə, deməli, döyüşənlər, torpaqlarımızı müdafiə edənlər də gənclərdir. İtkin düşənlərin də təxminən bir o qədəri gənclərdir.

Odur ki indi bu müharibənin hansı vəziyyətdə olmasına baxmayaraq Azərbaycan xalqı gənclərə minnətdar olmalıdır. Gənclər bizim cəbhə bölgələrində əsas qüvvədir, gənclər döyüşürlər, torpaqlarımızı müdafiə edirlər, canlarını şəhid edirlər. Gəlin, torpaqlarımızı, vətənimizi qoruyaraq şəhid olmuş, canlarından keçmiş, həyatlarını qurban vermiş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah şəhidlərə, vətən yolunda həlak olanların hamısına rəhmət eləsin, qəbirləri nurla dolsun.

Şəhidlərimizin ruhu, qəhrəmanlığı hamımızı və birinci növbədə gənclərimizi torpaqlarımızı daha cəsarətlə, daha qəhrəmanlıqla qorumağa səsləyir. Mən güman edirəm ki, gənclərimiz son illərin ağır nəticələrindən ibrət alaraq, özlərində vətənpərvərlik hisslərini daha da gücləndirəcəklər, vətəndaşlıq borclarını ödəməyi özlərinə müqəddəs vəzifə kimi qəbul edəcəklər və biz birlikdə xalqımızın müdafiə qüdrətini möhkəmləndirəcəyik, müstəqil Azərbaycan dövlətini qoruyub saxlayacağıq, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik.

Bunun üçün çox iş görmək lazımdır. Biz müdafiə imkanlarımızı gücləndirərək, eyni zamanda geniş siyasi imkanlardan, diplomatik imkanlardan istifadə etmişik və bundan sonra da edəcəyik. Azərbaycanın müstəqilliyini daha da möhkəmlətmək üçün, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün bütün dövlətlərlə, bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq yolu ilə gedirik və bu yoldan dönməyəcəyik. Biz bəyan etmişik və bu gün bir daha bildirirəm ki, bütün dövlətlərlə əlaqələrimiz - həm iqtisadi əlaqələr, həm insani əlaqələr, həm də elmi-texniki əlaqələr normal olmalıdır. Bütün bu əlaqələrdən Azərbaycan Respublikası iqtisadiyyatının inkişafı üçün və müstəqilliyinin təmin olunması üçün səmərəli istifadə etməliyik.

Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri var, bu əlaqələr bundan sonra daha sürətlə inkişaf etdiriləcək. İran İslam Respublikası ilə respublikamız arasında əvvəlki anlaşılmazlıq aradan götürülüb, indi əlaqələr sürətlə inkişaf edir. Başqa dövlətlərlə də əlaqələrimiz yaxşılaşıb və yaxşı olacaqdır. Avropa ölkələri ilə, ABŞ ilə Azərbaycan Respublikası arasında sıx əlaqələr var. Ermənistanın təcavüzünün qarşısını almaq üçün, işğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələrini çıxarmaq üçün biz Birləşmiş Millətlər təşkilatının imkanlarına çox güvənirik və həmin təşkilatdan bundan sonra da istifadə etməyə çalışacağıq.

ATƏM-in imkanlarına çox bel bağlayırıq, güvənirik, ATƏM-in Minsk qrupunun fəaliyyətinə çox etibar edirik. Bu gün Parisdə Minsk qrupunun konfransı keçirilir. Orada bizim nümayəndə heyəti də iştirak edir. Biz bu imkanlardan da istifadə edərik.

Bildiyiniz kimi, Kəlbəcər rayonu işğal olunduqdan sonra, aprel ayının axırlarında BMT Təhlükəsizlik Şurası 822 nömrəli qətnamə qəbul edibdir. Amma təəssüf ki, onu indiyədək yerinə yetirməyiblər. Ağdam şəhəri işğal edildikdən sonra, iyulun 30-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli qətnaməsi olubdur. Bu qətnamə də həyata keçirilməyibdir. Bunların hamısının yerinə yetirilməsi üçün biz BMT-nin, Təhlükəsizlik Şurasının və ATƏM-in, onun Minsk qrupunun imkanlarından bundan sonra da istifadə edəcəyik. Biz ABŞ-ın, Rusiyanın və Türkiyənin irəli sürdükləri təşəbbüsdən bundan sonra da istifadə edib, Dağlıq Qarabağ probleminin həll olunması üçün sülh yolları axtarırıq və axtaracağıq.

Bu baxımdan Azərbaycanın Rusiya ilə əlaqələri də yüksək səviyyədə olmalıdır. Bildiyiniz kimi, sentyabrın 5-8-də bizim nümayəndə heyəti, mən və mənimlə birlikdə başqa şəxslər Moskvada olduq, Rusiyanın rəhbərləri ilə görüşdük. Birgə rəsmi məlumat qəbul edildi. Bu sənəddə Rusiya ilə əlaqələrimizin bundan sonra genişləndirilməsi nəzərdə tutulur. Moskvada fikir mübadiləsi aparıldı, razılaşmalar əldə edildi. Biz məhz bu istiqamətdə irəliləyəcəyik.

Bilirsiniz ki, sentyabrın 3-də, 13-də, 14-də və nəhayət, 20-də Milli Məclisin iclaslarında, bax, bu salonda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil olması haqqında məsələ müzakirə etdik. Müzakirə çox geniş oldu - həm bizim parlamentdə keçirildi, həm də parlamentin iclaslarına fasilə verərək imkan yaratdıq ki, bunu ictimaiyyət də müzakirə etsin, bizim elm, təhsil ocaqları, alimlər, əmək kollektivləri müzakirə etsinlər. Bu müzakirələr nəticəsində əhalinin böyük əksəriyyəti belə fikrə gəldi ki, Azərbaycan MDB-yə daxil olmalıdır.

Düzdür, bunun əleyhinə çıxan qüvvələr də var, müxalif olan qüvvələr də var - həm əhali arasında, həm də bizim parlamentdə. Lakin biz əksəriyyətin iradəsinə tabeyik. Böyük əksəriyyət isə respublikanın MDB-yə daxil olmasının tərəfdarıdır. Biz bu barədə qərar qəbul etmişik.

Bu məsələlər haqqında sizə qısa məlumat verməklə demək istəyirəm ki, hər bir müstəqil dövlət, əgər müstəqil siyasət aparırsa və müstəqil xarici siyasət yeritmək istəyirsə, o, şübhəsiz, dünyanın bütün dövlətləri ilə qarşılıqlı əlaqələr yaratmalıdır. Eyni zamanda cürbəcür bloklara, müxtəlif qruplara da girməlidir. Müxtəlif blok və qruplarda iştirak etmək heç də o dövlətin müstəqilliyinə zərər gətirən amil deyildir. Biz yenə də tariximizə nəzər salmalıyıq. Məsələn, XV əsrdə yaşamış böyük dövlət xadimi Uzun Həsən hələ o vaxt Azərbaycanın Avropa ölkələri ilə diplomatik əlaqələrinin qurulması üçün addımlar atmış, oraya səfirlər göndərmiş və əlaqələr yaratmışdı. 1918-ci ildə yaranmış müstəqil Azərbaycan dövlətinin hökuməti bir çox ölkələrlə, o cümlədən Rusiya ilə diplomatik əlaqələr yaratmışdı. Şübhəsiz ki, əgər ADR yaşamış olsaydı, bu əlaqələr daha da genişləndirilərdi. İndi Azərbaycan Respublikası da bir müstəqil dövlət kimi öz müstəqilliyini təmin etmək üçün həm ikitərəfli müqavilələr bağlamalıdır, həm də ayrı-ayrı bloklara, ayrı-ayrı qruplara daxil ola bilər. Odur ki, Azərbaycanın MDB-yə girməsi, şübhəsiz, Azərbaycanın tam xeyrinə olan addımdır və güman edirəm ki, əhalinin və parlament üzvlərinin əksəriyyətinin bu barədə fikri Azərbaycanın gələcəyi üçün əhəmiyyətlidir.

Biz parlamentin son iclasında, yəni ayın 20-də Azərbaycanda fövqəladə vəziyyət rejiminin götürülməsi haqqında qərar qəbul etdik. Bu gündən respublikada fövqəladə vəziyyət rejimi götürülübdür. Biz bu qərarı ona görə qəbul etdik ki, son aylarda görülmüş tədbirlər nəticəsində Azərbaycan Respublikasında daxili sabitliyin təmin olunmasına şərait yarandığına inanırıq. Bu qərarı qəbul etməklə, adamların həyatındakı bu məhdudiyyəti götürməklə yanaşı, cəmiyyətimizdə nizam-intizamın möhkəmlənəcəyinə ümid bəsləyirik. Bunun üçün hər bir vətəndaşın qanun-qaydaya riayət edəcəyinə inanırıq. Fövqəladə vəziyyət rejiminin götürülməsi hüquq-mühafizə orqanlarının işinin bundan sonra daha da möhkəmlənməsini tələb edir. Lakin yaxşı olardı ki, vətəndaşların özləri hüquq normalarına, dövlətin qayda-qanunlarına, dövlət intizamına riayət etsinlər. Onlar elə etsinlər ki, biz bir daha fövqəladə vəziyyət rejiminə dönməyək.

Düzdür, müharibə aparan respublika üçün, dövlət üçün fövqəladə vəziyyət adi bir haldır. Bəziləri bizdən tələb edirlər ki, respublikada hərbi vəziyyət elan edək, bir çox şeylərə məhdudiyyət qoyaq. Lakin biz demokratik prinsiplər yolu ilə getdiyimizə görə və bunu əsas yol hesab etdiyimizə görə respublikada nəinki hərbi vəziyyət rejimi tətbiq etmək istəmirik, hətta fövqəladə vəziyyət rejimini götürməyi qərara aldıq.

Məlumdur ki, qanun pozuntularında, cürbəcür mitinqlər keçirilməsində əsasən gənclər iştirak edirlər. Mən güman edirəm ki, sağlam düşüncəli, sağlam fikirli, sağlam əxlaqlı, sağlam əhvali-ruhiyyəli gənclər Azərbaycan Respublikası gənclərinin böyük əksəriyyətini təşkil edirlər. Buna görə də sağlam düşüncəli, sağlam fikirli gənclər öz yolundan sapmış gəncləri düz yola çəkməli, düz yola çağırmalı, ayrı-ayrı qanunsuz hərəkətlərdən uzaqlaşdırmalı və respublikada, o cümlədən Bakı şəhərində əmin-amanlıq yaranmasına çalışmalıdırlar. Arzu edirəm ki, gənclər, eləcə də bu salona toplaşan gənclər bu işimizdə bizə kömək etsinlər. Çıxışımın sonunda bir daha bildirirəm ki, sizinlə görüşdən məmnunam. Siz burada prezident seçkilərindən danışdınız. Əgər məni Azərbaycan Prezidenti seçmək istəsəniz, mən bu vəzifəni üzərimə götürməyə məcburam. Lakin mən dünən ziyalılar qarşısında çıxışımda da demişəm, sizə, gənclərə də, - hamınıza öz övladlarım kimi baxıram və hər birinizi şəxsən özümə övlad bilirəm - sizə də deyirəm ki, mən vəzifə hərisi deyiləm, Azərbaycana, Bakıya bir daha vəzifə tutmaq üçün gəlməmişəm. Mənim qəlbim əvvəllər də, indi - xalqın bu ağır vəziyyətə düşdüyü vaxtda da xalqla olubdur. Indi isə xalqın iradəsi ilə bu vəzifəni üzərimə götürmüşəm. Əgər mənim üzərimə yeni bir vəzifə də qoymaq istəsəniz, əgər bu, sizin istəyiniz, sizin iradəniz olsa, mən sizin iradənizə tabe olacağam. Sizin hamınıza həyatınızda səadət, xoşbəxtlik, gələcək işlərinizdə uğurlar, yaxşı təhsil və yeni-yeni nailiyyətlər arzulayıram. Sağ olun.