Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qafqaz müsəlmanlarının XI qurultayına təbrik məktubu - 29 iyul 2003-cü il


Hörmətli qurultay nümayəndələri!

Sizi - Qafqaz müsəlmanlarının Bakı şəhərində keçirilən XI qurultayının nümayəndələrini səmimi qəlbdən salamlayır, qurultayınızın işinə uğurlar arzulayıram.

Qafqaz qədim zamanlardan burada məskunlaşmış insanların formalaşdırdığı adət-ənənələr, mənəvi dəyərlərin zənginliyinə görə dünyanın nadir bölgələrindən biridir. Qafqaz xalqlarının tarix boyu bəşər mədəniyyətinə verdiyi töhfələr olduqca sanballı və qiymətli olmuşdur. İslamın Qafqazda yayılması ilə region xalqlarının tarixində yeni bir dövr başlanmış, müqəddəs kitabımız Qurani-Kərimin ilahi hökmləri insanların həyat tərzinin, milli-mənəvi dəyərlərinin əsasını təşkil etmişdir. Bu dövrdən başlayaraq islam sivilizasiyası Qafqaz xalqlarının sosial-iqtisadi, ictimai, elmi və mədəni inkişafına güclü təkan vermiş və regionun dahi şəxsiyyətləri də həmin sivilizasiyanın zənginləşməsi yolunda böyük xidmətlər göstərmişlər.

İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir. 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş faciəli hadisələr bütün sülhsevər qüvvələr kimi, müsəlman din xadimləri tərəfindən də birmənalı şəkildə pislənildi, eyni zamanda, terrorizmə dini don geyindirmək cəhdləri qətiyyətlə rədd edildi. Həqiqətən də, mərhəmət və şəfqət prinsiplərinə əsaslanan islam dininin hər hansı zorakılıq və terror halları ilə əlaqəsi ola bilməz.

Başqa dinlərlə dözümlülük, dinc yanaşı və anlaşma şəraitində yaşamaq islam dininin nəcib xüsusiyyətlərindən biridir. Bu, tarix boyu Qafqazda da, Azərbaycanda da həmişə öz əməli ifadəsini tapmışdır. Biz iftixar hissi ilə deyə bilərik ki, bölgəmizdə dini zəmində heç vaxt qarşıdurma halları olmamışdır. Belə bir hal Qafqaz müsəlmanlarının həmişə sülh və əmin-amanlığa dəvət edən islami dəyərlərə sadiq olduğunu əyani şəkildə nümayiş etdirir. Bölgəmizdə bəzi siyasi qüvvələrin qərəzli məqsədlərlə törətdikləri münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin heç bir dini və ya etnik səbəbi yoxdur. Bu, ölkələrimizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qənim kəsilmiş qüvvələrin apardıqları separatçılıq siyasətinin nəticəsidir. Bölgədə dini dözümlülüyün bərqərar edilməsi, münaqişələrin aradan qaldırılması yolunda Qafqaz Müsəlmanları İdarəsinin, müsəlman din xadimlərinin göstərdikləri səylər sabitliyin və əmin-amanlığın bərqərar edilməsi baxımından təqdirəlayiqdir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət qurmaq yolunu tutmuşdur və bu yolla da irəliləyir. Azərbaycan dövləti öz vətəndaşları üçün Konstitusiyada təsbit olunmuş bütün azadlıqların, o cümlədən vicdan azadlığının təmin edilməsini öz siyasətinin əsas tərkib hissəsi hesab edir. Azərbaycanda formalaşmış dövlət-din münasibətləri beynəlxalq aləmdə bu sahədə səmərəli və əlverişli model kimi qəbul edilir. Azərbaycan vətəndaşlarına islamın gözəl mənəvi dəyərlərinin aşılanması, onların bu zəmində tərbiyələndirilməsi cəmiyyətdə sağlam mənəviyyatın hökm sürməsi işinə öz güclü müsbət təsirini göstərir. Azərbaycan dövləti müsəlman din xadimlərinin bu sahədə apardıqları işi yüksək qiymətləndirir.

Hörmətli qurultay nümayəndələri!

Qafqaz müsəlmanlarının XI qurultayı üçüncü minillikdə keçirilən ilk qurultaydır. Yeni əsr cəmiyyətin bütün təbəqələri, o cümlədən din xadimləri qarşısında yeni vəzifələr, yeni tələblər qoyur. Əminəm ki, siz bu qurultayda Qafqaz müsəlmanlarının gələcək fəaliyyətinin həmin vəzifələrə uyğun qurulması, Ümumqafqaz məsələlərinin həll edilməsi, islam dini dəyərlərinin təbliğ olunması üçün daha sıx əməkdaşlıq məsələlərini müzakirə edəcək və müvafiq qərarlar qəbul edəcəksiniz.

Yüksək amallara xidmət edən nəcib fəaliyyətinizdə sizə böyük uğurlar diləyir, hər birinizə cansağlığı və səadət arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 iyul 2003-cü il