Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda parlament seçkiləri ilə əlaqədar Bakıya gəlmiş beynəlxalq müşahidəçilər qrupu ilə görüşdə çıxışı - Prezident Sarayı, 17 oktyabr 1995-ci il


Biz çox ətraflı fikir mübadiləsi apardıq. Üç saat yarımdan çoxdur ki, söhbət edirik. Ancaq hesab edirəm ki, bu üç saat yarım bizim üçün çox əhəmiyyətli bir vaxtdır. Yenə də deyirəm, biz geniş fikir mübadiləsi apardıq, bir-birimizi dinlədik. İndi söhbətimizi yekunlaşdıra bilərik.

Birincisi, mən bir daha onu qeyd etmək istəyirəm ki, Azərbaycanda demokratik parlamentin yaranması üçün, qəbul etdiyimiz qanunu biz tamamilə həyata keçirməyə çalışırıq və çalışacağıq. Ümumiyyətlə, son illər Azərbaycan Respublikasının həyatında baş vermiş hadisələri nəzərə alaraq və onların təkrar olunmasına yol verməmək məqsədi ilə biz qanunun aliliyini təmin etməyə çalışırıq. Bu məqsədlə biz parlament seçkiləri ilə bərabər, eyni zamanda Azərbaycanın yeni konstitusiyasını qəbul etmək üçün bu konstitusiyanın layihəsini artıq ümumxalq müzakirəsinə vermişik. Ancaq bir şeyi dərk edirik və rica edirəm siz də bunu nəzərə alasınız. Bu da ondan ibarətdir ki, biz ilk dəfə demokratik seçkilər keçirmək istəyirik.

Bildiyiniz kimi 1990-cı ildə keçirilmiş parlament seçkiləri Kommunist rejimi çərçivəsində olub və heç də demokratik olmayıbdır. Məsələn, o vaxt partiyalar seçkilərdə iştirak etmirdi. Bir hakim Kommunist partiyası var idi və o da partiya kimi seçkilərdə iştirak etmirdi. İndi görürsünüz, bizdə qeydiyyatdan keçmiş 31 partiya var. Bu 31 partiyanın hamısı seçkidə iştirak etmək barədə qərar qəbul edə bilmədi. Çünki partiyadır, ancaq o bilir ki, seçkiyə getsə bir şey edə bilməyəcək. Nəticədə 17 partiya seçkiyə girmək haqqında bəyanat verdi. Onlardan 12 partiya gəlib imza vərəqi alaraq seçkilərdə iştirak etmək istəyir.

İctimaiyyətimiz, Mərkəzi seçki komissiyası, seçki dairələri üçün bu, ilk belə hadisədir. Sovet hakimiyyəti dövründə keçirilən seçkilərdə heç bir namizəd gedib imza yığmırdı, sadəcə olaraq ayrı-ayrı kollektivlər onun namizədliyini irəli sürürdülər. Amma indi partiya seçki hüququ almaq üçün 50 min imza yığmalıdır. Hər bir vətəndaş seçkilərdə namizəd kimi qeydə alınmaq üçün 2 min imza yığmalıdır. Şübhəsiz ki, bu, vətəndaşlarımız, siyasi partiyalar, Mərkəzi seçki komissiyası, seçki dairələri üçün də yeni bir hadisədir. Yəni bu barədə təcrübə yoxdur. Ona görə də burada səhvlər də təbiidir. Ola bilər, ayrı-ayrı əyintilər də, qanun pozuntuları da təbiidir.

Şübhəsiz, bizim məqsədimiz ondan ibarətdir ki, bunlara yol verilməsin. Ancaq vətəndaş ilk dəfə gedib 2 min imza yığırsa, bəlkə o, bunun nə qədər ciddi olduğunu indiyədək bilmir. Ona görə də bu imzaları bəlkə düzgün yığa bilmir. İndi müəyyən etmək lazımdır, - həmin vətəndaşın buraxdığı səhvlərə güzəşt etmək, yaxud onu qanuna riayət etməyə yönəltmək lazımdır. Belə münasibət partiyalara da aiddir. Ona görə də mən belə hesab edirəm ki, qəbul etdiyimiz qanun hamı üçün qanundur. Bu qanuna hamı riayət etməlidir: Mərkəzi seçki komissiyası da, dairə seçki komissiyaları da, məntəqə seçki komissiyaları da, hər bir siyasi partiya, hər bir vətəndaş da. Qanunun pozulmasına heç bir tərəfdən güzəşt etmək və heç bir tərəfə də dəstək vermək olmaz.

Bu səhvləri aradan qaldırmaq və qanun pozuntularına yol verməmək üçün bizim sizinlə əməkdaşlığımızın çox böyük əhəmiyyəti vardır. Bilirsiniz ki, seçki qanunu qəbul olunmamışdan əvvəl biz sizin hamınıza müraciət etmişdik ki, müşahidəçilər gəlsin. Çünki müşahidəçilərə bizim ehtiyacımız var. Bu faktın özü onu sübut edir ki, demək, doğrudan da biz bu seçkiləri qanun çərçivəsində, demokratik prinsiplər əsasında keçirmək istəyirik. Xaricdən müşahidəçiləri nə üçün çox böyük cidd-cəhdlə dəvət etmişik?

Bizə kömək etmək üçün. Kömək də o demək deyil ki, gəlib sadəcə səhvlərimizin üstünü örtüb-basdırsınlar. Yox. Seçki dairələrimiz, məntəqələrimiz, Mərkəzi seçki komissiyası və hakimiyyət orqanlarının görmədikləri səhvləri aşkar etsinlər və onları bizə desinlər. İkinci tərəfdən, biz əminik ki, seçkiləri demokratik qaydada keçirəcəyik. Sizi dəvət edərkən məqsədimiz odur ki, siz bunları görəsiniz və müvafiq beynəlxalq təşkilatlara, dünyanın demokratik ölkələrinə Azərbaycanda seçkilərin demokratik keçirilməsi haqqında məlumat verəsiniz.

Əgər biz seçkilərin demokratik keçirilməsinin tərəfdarı olmasaydıq, yaxud keçmiş, necə deyərlər, adət-ənənələrdən istifadə etmək fikrində olsaydıq, onda nə üçün bu qədər müşahidəçi dəvət edirdik? Ona görə də mən təşəkkür edirəm ki, siz gəlmisiniz və bundan sonra gələcək nümayəndələrə də əvvəlcədən təşəkkür edirəm. Sizinlə sağlam əməkdaşlıq edəcəyimizə ümidlər bəsləyirəm.

Mən ümid edirəm ki, siz burada öz müşahidəçiliyinizlə bu seçkilərin tam demokratik keçirilməsi üçün bizə kömək edəcəksiniz. Mən bu gün bu görüşün keçirilməsini ona görə zəruri hesab etdim ki, sizin indiyədək müşahidə etdiklərinizi, gördüyünüz səhvləri, yaxud əyintiləri deyəsiniz və biz onların dərhal aradan qaldırılması üçün tədbirlər görək. Güman edirəm ki, biz belə görüşləri bundan sonra da keçirəcəyik. Bir prezident kimi şəxsən mən buna çox maraqlıyam və bunun üçün sərf etdiyim vaxtı çox əhəmiyyətli hesab edirəm. Çünki bəlkə də hamıdan çox mən bu seçkilərin demokratik keçirilməsinin arzusundayam.

Siz buraxılan bəzi səhvlər haqqında burada danışdınız, iradlarınızı bildirdiniz. Mən hesab edirəm ki, sizin dediyiniz bütün sözlərə, iradlarınıza və təkliflərinizə çox diqqətlə baxılmalı və buraxılan səhvlər haqqında lazımi tədbirlər görülməlidir. Birinci növbədə Mərkəzi seçki komissiyası və onun sədri Cəfər Vəliyev gərək burada olan bütün danışıqları təhlil etsin və həm Mərkəzi seçki komissiyasının işindəki, həm dairə seçki komissiyalarının, həm məntəqə seçki komissiyalarının işindəki səhvləri, nöqsanları tezliklə aradan qaldırmağa çalışsın.

Siz buyurdunuz ki, bəzi yerlərdə icra hakimiyyəti orqanları seçki dairələrinin işinə müdaxilə, təsir edirlər və qanunsuzluğa yol verirlər. Mən qəti göstəriş verirəm ki, bunların hamısı qadağan olunsun. Mən şəhər, rayon icra hakimiyyətlərinə və icra hakimiyyəti başçılarına seçki dairələrinin işinə qarışmağı qadağan edirəm. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə, Bakı şəhər icra hakimiyyətinin başçısı Rəfael Allahverdiyevə tapşırıram ki, mənim göstərişlərimi həm Bakı üzrə, həm bütün şəhərlər, rayonlar üzrə icra hakimiyyəti orqanlarının başçılarına çatdırsınlar və bu göstərişlərin yerinə yetirilməsinə nəzarət etsinlər.

Mərkəzi seçki komissiyasının sədri Cəfər Vəliyev, - bilirəm, onların işi çoxdur, - nə qədər çətin olsa da bütün şikayətlərə diqqətlə baxıb, lazımi qərarlar qəbul etməlidir. Mərkəzi seçki komissiyası bütün şikayətlərə seçki qanunu əsasında baxmalıdır. Əgər dairə seçki komissiyaları tərəfindən səhvlər buraxılıbsa, bu səhvlər düzəldilməlidir, Mərkəzi seçki komissiyası onların qərarlarını ləğv etməlidir və ədalətli qərarların qəbul olunmasını təmin etməlidir.

Mərkəzi seçki komissiyasının sədri dedi ki, onlarda 150 şikayət ərizəsi var. Mən müşahidəçilərdən rica edirəm ki, onlarda olan şikayətləri də Mərkəzi seçki komissiyasına versinlər. Həmin şikayətlərin hamısına bir-bir baxıb, Mərkəzi seçki komissiyasının iclasında müzakirə edib qərar qəbul etmək lazımdır. Ali Məhkəmənin sədri Xanlar Hacıyev və ədliyyə naziri vəzifəsini icra edən Südabə Həsənova burada iştirak edirlər. Mən onları xüsusən bundan ötrü dəvət etmişəm. Əgər Mərkəzi seçki komissiyasının qərarı hansısa bir vətəndaşı, yaxud partiyanı qane etməsə, onlar dərhal qanuna görə məhkəməyə şikayət etməlidirlər. Ali Məhkəmənin sədri bu şikayətlərə həm Ali Məhkəmədə, həm də bütün məhkəmələrin hamısında baxılmasını təmin etməlidir. Qanuna görə oktyabrın 25-26-dək Ali Məhkəmənin imkanı var ki, bu şikayətlərə baxsın və lazımi qərarlar qəbul etsin.

Ona görə də mən bu göstərişləri sizin yanınızda verirəm və hesab edirəm ki, bu, televiziya vasitəsilə bütün ictimaiyyətə çatdırılacaqdır. Kim Ali Məhkəməyə müraciət etmək istəyirsə müraciət etsin və Ali Məhkəmə bu müraciətlərə çox diqqətlə və obyektiv olaraq baxmalıdır. Məhkəmənin qərarı qətidir. Əgər məhkəmə qərar qəbul edəcəksə, Mərkəzi seçki komissiyasının qərarının əksinə olaraq onlar həyata keçirilməlidir və bu barədə mətbuatda məlumatlar verilməlidir.

Bütün bu işlərin hamısı aşkarlıq şəraitində aparılmalıdır. Mən Mərkəzi seçki komissiyasının sədrindən xahiş edirəm ki, gördükləri iş haqqında hər gün mətbuat vasitəsilə ictimaiyyətə məlumat versinlər. Məhkəmələr də qəbul etdikləri qərarlar haqqında ictimaiyyətə mətbuat vasitəsilə məlumat verməlidirlər.

Mən bir prezident kimi bu gün həm bizim qanunun tətbiq olunmasının təminatçısı kimi çıxış edirəm, həm də hər bir vətəndaşın hüquqlarının, xüsusən seçki prosesində onların hüquqlarının təmin olunmasının təminatçısı kimi çıxış edirəm.

Bütün hakimiyyət və dövlət orqanlarından tələb edirəm ki, qanunun tətbiq olunması və vətəndaşların hüquqlarının qorunması üçün lazımi tədbirlər görsünlər. Sizinlə səmimi əməkdaşlığı davam etdirmək istəyirik. Görüşlərimiz tez-ez olsun, aşkara çıxan səhvləri vaxtında aradan qaldıra bilək və qarşımıza qoyduğumuz məqsədə nail olaq. Bir daha bəyan edirəm ki, Azərbaycanda yeni parlamentin demokratik prinsiplər əsasında seçilməsi mənim ən əsas məqsədlərimdən biridir. Bu məqsədimizə nail olmaq üçün sizinlə və hər bir vətəndaşla, hər bir təşkilatla əməkdaşlıq etməyə hazıram. Sağ olun.

Tarixi arayış