Azərbaycan Respublikası Prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannaməsinin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - London, Baş nazirin iqamətgahı, 21 iyul 1998-ci il


Hörmətli Baş nazir!

Sizə birinci növbədə, məni Böyük Britaniyaya rəsmi səfərə dəvət etdiyinizə görə, minnətdarlığımı bildirirəm. Ölkənizdə apardığım və bu gün sizinlə apardığımız çoxsahəli, ətraflı və dərin məzmunlu danışıqlar ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsi üçün çox yaxşı əsas yaratdı.

Biz Birləşmiş Krallıqla Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dörd ildə yaxşı nailiyyətlər əldə etmişik. Bütün bunlar ölkələrimizin əməkdaşlığı üçün böyük perspektivlər açır.

Cənab Baş nazir, biz sizinlə birlikdə gələcəyin əsasını qoyuruq. Bizim indicə imzaladığımız siyasi bəyannamə çox böyük əhəmiyyət daşıyır və mən bunu yüksək qiymətləndirirəm. Dünyanın ən böyük dövlətlərindən biri olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə Azərbaycan arasında belə əlaqələrin yaranması və belə bir siyasi bəyannamənin imzalanması Azərbaycan üçün çox böyük siyasi əhəmiyyət kəsb edir.

Bu gün Sizin və mənim iştirakımızla imzalanmış iqtisadi sazişlər, sənədlər Azərbaycan ilə Birləşmiş Krallığın əlaqələrinin gələcək inkişafı üçün çox yaxşı əsas yaradır. Eyni zamanda, bunlar hamısı yeni müstəqillik əldə etmiş, demokratiya, tərəqqi, bazar iqtisadiyyatı yolu ilə gedən Azərbaycan üçün çox əhəmiyyətlidir.

Sizin ölkənizin, xalqınızın böyük tarixi nailiyyətləri vardır. XX əsrin ikinci yarısında, İkinci dünya müharibəsi başa çatdıqdan sonra sizin ölkəniz bütün sahələrdə böyük tərəqqi əldə etmişdir. Biz sizin bütün sahələrdəki təcrübənizdən istifadə edirik. Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi apararaq, bazar iqtisadiyyatını yaradıb inkişaf etdirərək sizin təcrübənizdən istifadə etməyə çalışırıq.

Xəzərin Azərbaycan sektorundakı zəngin yataqların və ümumiyyətlə, Azərbaycanın ərazisində olan neft yataqlarının Birləşmiş Krallığın böyük neft şirkətləri ilə birgə işlənilməsi bizim üçün çox əhəmiyyətlidir. Birləşmiş Krallığın yüksək texnikaya, texnologiyaya, zəngin təcrübəyə malik şirkətləri və Azərbaycanın təbii sərvətləri, bizim yüksək səviyyəli kadrlarımız bu işləri gələcəkdə birlikdə görəcəklər.

Mən bəyan edirəm ki, bu gün imzaladığımız siyasi bəyannamədə - Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamədə əks olunmuş bütün müddəaların hamısının həyata keçirilməsinə çalışacaq, Birləşmiş Krallıq - Azərbaycan dostluğunu, əməkdaşlığını daim irəliyə doğru aparacağıq.

Mən Sizi təbrik edirəm, Azərbaycan haqqında və mənim haqqımda söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. Sağ olun!

Sual: Bu gün Azərbaycanın imzaladığı müqavilələri necə qiymətləndirirsiniz? İkinci sual - Rusiya Xəzərdə Azərbaycan üçün tərəfdaşdır, yoxsa rəqib?

Cavab: Birincisi, mən bu gün imzalanmış müqavilələri çox müsbət qiymətləndirirəm, əks halda onların imzalanmasına razılıq verməzdim. Yeri gəlmişkən nəzərinizə çatdırım ki, bu gün bir sazişi imzalayanlar arasında Rusiya, Moskva şirkəti də var. Moskva neft şirkəti adından müqaviləni Rusiyanın keçmiş energetika naziri Yuri Şafrannik imzaladı. O buradadır. Bu faktın özü sizin sonrakı sualınıza cavab verir. Rusiya Xəzər dənizində Azərbaycan üçün, əlbəttə ki, tərəfdaşdır. Rusiya bir sıra müqavilələrdə iştirak edir. İndi isə, gördüyünüz kimi, biz hətta burada, Londonda Birləşmiş Krallığın şirkəti, Amerika Birləşmiş Ştatlarının "AMOKO" şirkəti və Rusiya şirkəti ilə də müqavilə imzalayırıq. Yəni biz Xəzərdə hamı ilə və təbii ki, Rusiya ilə də əməkdaşlıq etmək istəyirik.

Sual: Britaniya - Azərbaycan tərəfdaşlığının indiki səviyyəsini necə qiymətləndirirsiniz? Hesab etmək olarmı ki, bu gün imzalanmış çox mühüm sənədlərdən sonra bu tərəfdaşlıq artıq strateji xarakter alır?

Cavab: Bu tərəfdaşlıq artıq yüksək səviyyədədir. Bizim - Baş nazir cənab Bleyrin və mənim imzaladığımız siyasi bəyannamə Birləşmiş Krallıq ilə Azərbaycan arasında əməkdaşlıq və dostluğa dair məsələlərin bütün kompleksini nəzərdə tutur. Bu, siyasi bəyannamənin məzmununun özü onun əhəmiyyətindən xəbər verir. Həmin bəyannamə mətbuatda dərc ediləcək, siz onunla tanış olacaq və özünüz nəticə çıxaracaqsınız.

Sual: Bəyannamədə Dağlıq Qarabağ haqqında da söhbət gedirmi?

Cavab: Şübhəsiz. Özü də təkcə Dağlıq Qarabağ haqqında yox. Dağlıq Qarabağ ətrafında Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması haqqında məsələ Birləşmiş Krallığın Baş naziri ilə söhbətimizdə çox böyük yer tutmuşdur. Əlbəttə, Birləşmiş Krallıq BMT-nin, ATƏT-in prinsiplərinin dəyişməzliyinə və beynəlxalq hüquqa tərəfdar çıxmışdır. 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllinin üç prinsipinə səs vermişdir. Bu gün Baş nazir Birləşmiş Krallığın bu mövqeyini bir daha bütünlüklə təsdiqlədi və təbii ki, regionumuzda tam sülhə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün onlar tərəfindən göstəriləcək səyləri bildirdi.

Sual: Cənab prezident, Azərbaycan Avropa Şurasına üzv olmaqda İngitltərənin köməyinə bel bağlaya bilərmi?

Cavab: Bəli, biz hamısına bel bağlayırıq. Avropa Şurasına çox dövlətlər mənsubdur, onların hər birinin dəstəyi bizə lazımdır. O cümlədən Birləşmiş Krallığın da dəstəyi lazımdır və güman edirəm, bu dəstəyi də alacağıq.

Sual: Cənab prezident, kraliça ilə görüşünüz barədə nə deyə bilərsiniz?

Cavab: Kraliça ilə görüşüm mənə çox yaxşı təsir bağışladı. Biz həm ölkələrimiz arasında əlaqələr barəsində, İngiltərə mədəniyyəti haqqında, Azərbaycan mədəniyyəti haqqında, eyni zamanda, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi barəsində və Birləşmiş Krallıq ilə Azərbaycan arasında olan münasibətlər, iqtisadi əlaqələr haqqında çox ətraflı söhbət etdik. Mən bu söhbətdən çox məmnunam.

Sual: Cənab prezident, "İpək yolu"nun bərpası məsələsindən danışıldımı?

Cavab: Bəli, mən cənab Toni Bleyrə "İpək yolu"nun bərpası və sentyabr ayının 7-8-də Bakıda keçiriləcək zirvə görüşü haqqında çox ətraflı məlumat verdim. Bilirsiniz ki, o da həmin zirvə görüşünə dəvət olunubdur. Baş nazir dənab Toni Bleyr bu məsələyə çox böyük maraq göstərdi, çox suallar verdi, bir çox şeyləri özü üçün müəyyənləşdirmək istədi. Hesab edirəm ki, onlar bu zirvə görüşündə yüksək səviyyədə iştirak edəcəklər.

Sual: Siz onu Azərbaycana dəvət etmisinizmi?

Cavab: Bəli, bəli, şübhəsiz. Mən Baş nazir Toni Bleyri şəxsi olaraq Azərbaycana rəsmi səfərə dəvət etmişəm. O, mənim bu dəvətimi qəbul edibdir. Sentyabrın 7-8-də Bakıda keçiriləcək zirvə görüşündə iştirak etmək üçün əvvəl də ona dəvət məktubu göndərmişdim, həmin dəvəti bu gün də təkrar etdim. O, bunu da məmnuniyyətlə qəbul etdi. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2005, 16-cı cild, səh.347-351