Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunda ABŞ-ın yeni təyin olunmuş xüsusi nümayəndəsi Keri Kavanonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 1 sentyabr 1999-cu il


Heydər Əliyev:  Mən bu gün ATƏT-in nümayəndələri ilə görüşdüm. Mən indi bir xeyli vaxt ATƏT-in Demokratiya İnstitutu ilə danışıqlar aparırdım. İndi də ATƏT-in Minsk qrupunun nümayəndəsi ilə görüşürəm. Demək olar ki, bunlar bir-birindən fərqlidir. Amma hər ikisi ATƏT-lə əlaqədardır.

Mən sizi Azərbaycanda salamlayıram. Bildiyimə görə, siz Minsk qrupunda Amerika Birləşmiş Ştatları prezidentinin, Dövlət Departamentinin nümayəndəsi təyin olunmusunuz. Demək, bilavasitə əməkdaşlıq edəcəyik. Çox məmnunam ki, siz gəlmisiniz. Buyurun, sizi dinləyirəm.

Keri Kavano: Cənab prezident. Bizi bu cür salamlamağınıza görə çox sağ olun. Çox şadam ki, yenidən Azərbaycandayam. Mən dörd il əvvəl Azərbaycanda olmuşam. Çox məyusam ki, burada son dəfə olduğum müddətdən indiyə qədər bu məlum münaqişə hələ də həll edilməyibdir. Lakin Sizi əmin etmək istəyirəm ki, həm Birləşmiş Ştatlar, həm də bütün beynəlxalq icma bu problemin həll olunması üçün əllərindən gələni etməyə hazırdırlar. Bu elə mövzudur ki, daim mənim ürəyimdədir. Biz son müddət ərzində müsbət istiqamətdə gedən dəyişiklikləri, hərəkəti çox diqqətlə izləyirik.

Mən bilirəm ki, məhz bu problemə görə Qafqaz regionunda müəyyən iqtisadi irəliləyişlər dayandırılıbdır. Biz inanırıq ki, bu problemin həlli üçün müvafiq addımlar atılsa, əməkdaşlıq, iqtisadiyyatın inkişafı, dirçəliş və ümumi inkişaf üçün burada yaxşı imkanlar açılacaqdır.

Mən bu gün Azərbaycandayam, sabah Türkiyədə olacağam. Ondan sonra isə Ermənistanı ziyarət edəcəyəm. Mən burada Amerika Birləşmiş Ştatlarının xüsusi danışıqlar aparan şəxsi simasında çıxış edirəm. Gələn həftə mən Minsk qrupundakı həmkarlarım ilə birlikdə Osloda olacağam. Bizim Osloya səfərimizin məqsədi ondan ibarətdir ki, Norveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri cənab Vollebekin Bakıya səfərindən əvvəl ona lazımi məlumat verək.

İcazə verin, bizi hörmətlə salamladığınıza görə bir daha Sizə minnətdarlığımı bildirim. O ümiddəyik ki, bu məsələ üzrə tərəqqi əldə etmək uğrunda Sizinlə, hökumətinizlə, ölkənizlə gələcək illərdə işləyəcəyik.

Heydər Əliyev: Təşəkkür edirəm. Sizi bu məsul vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirəm. Arzu edirəm ki, siz Minsk qrupunda bu məsələnin həlli üçün Amerika Birləşmiş Ştatlarının nümayəndəsi kimi əvvəlki nümayəndələrdən daha da fəal olasınız.

Ümumiyyətlə, Minsk qrupu demək olar ki, keçən ilin sonundan çox passivlik göstərir. Təkcə Minsk qrupu yox, Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. Bu, bizi narahat edir.

Məlumdur ki, keçən ilin noyabr ayında Minsk qrupu yeni bir təklif irəli sürmüşdü. Məsələnin, yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün "ümumi dövlət" prinsipi, formulu irəli sürmüşdü. Biz bununla razı olmadıq və razı da ola bilmərik. Çünki biz bunu dəfələrlə bildirmişik və elə bunu təklif edənlər də etiraf edirlər ki, bu formulu qəbul etmək Dağlıq Qarabağa üstüörtülü müstəqillik statusu vermək deməkdir. Mən bir neçə dəfə demişəm, - əgər doğrudan da siz hamınız belə fikirdəsinizsə, gəlin fikrinizi açıq deyin ki, Dağlıq Qarabağa müstəqillik vermək lazımdır. Amma buna başqa bir don geyindirməyin.

Təbiidir ki, Ermənistan isə bu formulu qəbul edibdir və beləliklə, çox qeyri-ədalətli vəziyyət yaranıbdır. Ermənistan bu formulu qəbul edib və bunu təbliğ edir. Azərbaycan bunu qəbul etmir. Amma Minsk qrupu da çəkilib kənarda durubdur. Gözləyirdik ki, biz bu təklifi qəbul etməyəndən sonra Minsk qrupu yeni təklif hazırlayacaq - həm Ermənistan üçün, həm də Azərbaycan üçün uğurlu olan bir təklif hazırlayacaqdır. Ancaq təəssüf ki, bu, belə olmadı.

Burada bizi narahat edən bir cəhət də vardır. Məlumdur ki, 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsini, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün prinsiplər müəyyən edilmişdir. Bu prinsiplər əsasında Minsk qrupunun həmsədrləri, onların nümayəndələri təklif hazırladılar ki, məsələni həll etmək üçün paket şəklində qərar qəbul etmək lazımdır. Biz bununla əsasən razı olduq və 1997-ci ilin avqust ayının 1-də mən Vaşinqtonda, Ağ evdə prezident cənab Bill Klintonla görüşərkən bu barədə bəyanat verdim ki, biz bu təklifi qəbul edirik. Ancaq Ermənistan bunu qəbul etmədi. Bundan sonra Minsk qrupu dərhal yeni təklif hazırlamağa başladı. Bu, təbiidir və onu göstərdi ki, Minsk qrupu, onun həmsədrləri həqiqətən bu məsələnin həll olunmasında sürətlə hərəkət edirlər.

1997-ci ilin sentyabr, ya oktyabr ayında məsələnin mərhələ-mərhələ həll olunması təklifini verdilər. Azərbaycan bunu qəbul etdi. Ermənistanda da bu təklifə çox böyük maraq və razılıq hissi var idi. Bu, bizi çox məmnun etdi. 1997-ci ilin oktyabr ayında Strasburqda Avropa Şurasına daxil olan ölkələrin dövlət başçılarının toplantısında mən Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdüm. Bunu müzakirə etdik və hətta birgə bəyanat verdik ki, bu prinsip əsasında biz məsələnin həll olunması üçün bundan sonra çalışa bilərik.

Ancaq sonra Ermənistanda sizə məlum olan hadisələr baş verdi. 1998-ci ilin birinci yarısında hakimiyyət dəyişdi. Prezident istefaya getdi, yeni prezident seçildi. Ondan sonra Minsk qrupunun fəaliyyətində böyük bir fasilə yarandı. Nəhayət, 1998-ci ilin noyabr ayında Minsk qrupu tərəfindən həmin "ümumi dövlət" formulu təqdim olundu. İki aydan sonra bir ili tamam olacaqdır ki, belə bir təklif verilibdir. Biz bunu qəbul etməmişik. Ermənistan bunu qəbul edib və təbliğ edir.

Hətta iş o dərəcəyə gəlib çatıb ki, Amerikanın Konqresində, məsələn, Bakı-Ceyhan neft kəməri haqqında qərarlar qəbul ediləndə konqresmenlər təklif veriblər ki, əgər Azərbaycan "ümumi dövlət" prinsipini qəbul etməsə, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi qadağan olunsun. Məlumdur ki, bu təklif qəbul olunmayıbdır. Amma iş onda deyildir. İş bu faktın özlüyündədir. Biz iki dəfə Minsk qrupunun təkliflərini qəbul edəndə, Ermənistan qəbul etməyəndə heç kəs Ermənistanı suçlamadı, günahlandırmadı, qınamadı, məhkum etmədi ki, nə üçün o, bu təklifləri qəbul etmir. Amma biz Minsk qrupunun təklifini qəbul etməyəndə bizim əleyhimizə məqalələr yazılır, bizim əleyhimizə çıxışlar edilir və bizi məcbur edirlər ki, bu formulu qəbul edək. Ona görə də bizdə belə bir təəssürat yaranır ki, Minsk qrupunda da ədalətsizlik prinsipləri özünü göstərir. Onda biz kimə inanaq?

Siz bilirsiniz ki, Lissabon zirvə görüşündən sonra, 1997-ci ilin əvvəlində Minsk qrupunun rəhbərliyində dəyişiklik oldu və Rusiya ilə bərabər Amerika Birləşmiş Ştatları da, Fransa da Minsk qrupunun həmsədrləri müəyyən edildilər. Biz Amerika Birləşmiş Ştatlarına bu barədə çox böyük ümidlər bəslədik. Bu gün də bəsləyirik. Ancaq təəssüflər olsun ki, artıq iki il keçibdir, burada Amerika Birləşmiş Ştatlarının təsirli hərəkətini biz görmürük. Ona görə mən bu sözləri sizə deməyi özüm üçün vəzifə bildim. Çünki siz Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş nümayəndəsisiniz. Hesab edirəm ki, biz vaxtımızı boş keçirməməliyik.

Noyabr ayında İstanbulda ATƏT-in yeni zirvə görüşü olacaqdır. Bəs biz ora nə ilə gedirik? Minsk qrupu nə deyə bilər? Siz Osloda ATƏT-in indiki sədri, Norveçin xarici işlər naziri ilə görüşməyə gedirsiniz. Nə deyəcəksiniz? Mən bu barədə də öz narazılığımı bildirmək istəyirəm.

Keçən il ATƏT-də sədrlik edən Polşa idi və ATƏT-in sədri, Plşanın xarici işlər naziri yalnız dekabr ayında Azərbaycana və ümumiyyətlə, regiona ziyarətə gəldi. İndi Norveç sədrlik edir. Burada da biz ATƏT-in sədrini, yəni Norveçin xarici işlər nazirini ancaq sentyabr ayında görəcəyik. Bunlar bizi narahat edir, bizim ictimaiyyəti narahat edir.

Siz qeyd etdiniz ki, dörd il bundan öncə burada olmusunuz və ötən dörd il müddətində heç bir şey olmadığından məyussunuz. Buna görə sizə təşəkkür edirəm. Ancaq bununla iş qurtarmır. Siz, əlbəttə ki, buna öz hissiyyatlarınızı bildirirsiniz. Amma biz, bizim ölkəmiz, o yerindən-yurdundan didərgin düşmüş insanlar, çadırlarda yaşayan, yaxud başqa ağır vəziyyətdə yaşayan insanlar nə qədər belə vəziyyətdə yaşayacaqlar?

Mən son vaxtlar Ermənistan prezidenti Robert Koçaryanla görüşlər keçirmişəm. Bunlar da lazımdır. Çünki Minsk qrupu fəaliyyətsizlik göstərəndə biz başqa yollar axtarırıq. Amma bu o demək deyil ki, əgər biz görüşlər keçirmişiksə, ondan sonra Minsk qrupu əlini yusun, çəkilsin kənara. Biz bütün kanallardan istifadə etməliyik. Biz bunu özümüz üçün vəzifə hesab edirik. Amma gərək Minsk qrupu da belə düşünsün.

Ona görə də mən rica edirəm, siz Osloda öz həmkarlarınıza, həm də ATƏT-in sədrinə çatdırın ki, Azərbaycanda ATƏT-in Minsk qrupunun fəaliyyətindən böyük narahatçılıq vardır. Mən bunları sizə çatdırmaq istədim.

Keri Kavano: Cənab prezident, verdiyiniz şərhlərə görə çox sağ olun. Bunlara görə Sizə minnətdaram. Əlbəttə ki, Sizin dediklərinizin hamısını Norveçdə olarkən çatdıracağam və Minsk qrupundan olan həmkarlarımla növbəti addımları atmaqdan ötrü, təbii ki, Sizin dediklərinizin hamısı nəzərə alınacaqdır. Eyni zamanda Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, Minsk qrupu ilə əməkdaşlıq etmisiniz və daha sonra Minsk qrupu bu əməkdaşlığın əsasında öz təkliflərini hazırlaya bilmişdir.

Mən özüm də Lissabon sammitində iştirak edirdim. Elə bilirəm ki, indi Minsk qrupu bir sıra təkliflər hazırlayır ki, onların hamısı təklif oluna bilsin. Biz həmişə bir növ yolayrıcında qalırıq ki, yeni təkliflər hazırlamaq lazımdır, yoxsa tərəflərin öz aralarında əldə etdiyi razılaşmalar əsasında işləmək lazımdır. Bu halda və digər münaqişələrin həllində biz həmişə müşahidəçi olmuşuq ki, münaqişəyə qatılmış tərəflərin özləri qapını açmaqdan ötrü ən yaxşı açarı tapırlar. Cənab prezident, lakin Sizinlə tam razıyam ki, bu heç də o demək deyil ki, Minsk qrupu və yaxud da beynəlxalq icma səhnə arxasında olmalıdır. Əlbəttə, bizim burada müzakirə etdiyimiz, Sizin üzləşdiyiniz bu münaqişə həll olunmalıdır. Sizinlə tam razıyıq ki, hər hansı bir vasitə varsa, yəni məsələnin həllinə doğru aparan hər hansı bir vasitə varsa, biz ondan istifadə etməliyik.

Son müddət ərzində Minsk qrupunda bir neçə dəyişiklik olmuşdur. Rusiya tərəfindən danışıqlar aparmaq üçün yeni şəxs təyin edilmişdir. Mən belə anlayıram ki, bu ölkənin xarici işlər naziri İvanov ilə birlikdə o, Azərbaycana gələcəkdir. Elə mən özüm də yeni təyin olunmuşam. Mən rusların adından danışa bilmərəm. Ancaq öz adımdan demək istəyirəm ki, var qüvvəmlə bu işə qatılacağam.

Onu da demək istəyirəm ki, Vaşinqtona dönməzdən əvvəl həmişə Azərbaycana və Ermənistana gəlmək istəmişdim. Ona görə də mən tam bu fikirdəyəm ki, ATƏT-in bu məsələdə mövqeyini müəyyən etməkdən ötrü buradakı vəziyyəti tam anlamaq, dərk etmək, başa düşmək lazımdır. Biz çox istəyirik Sizdən öyrənək ki, bu məsələni irəlilətmək üçün nə etmək olar.

Cənab prezident, yəqin Siz də Vaşinqtona səfərinizdən, orada prezident Klintonla, dövlət katibi xanım Olbraytla, onun müavini Telbotla görüşünüzdən bilirsiniz ki, Amerika Birləşmiş Ştatları əlindən gələni etməyə hazırdır ki, münaqişə həll olunsun.

İcazə verin, axırda deyim ki, ümid edirəm, Sizi tez-tez görəcəyəm.

Heydər Əliyev: Mən də ümid edirəm ki, biz tez-tez görüşəcəyik. Bir də qeyd edirəm ki, bəli, son dəfə aprel ayında Vaşinqtonda mənim görüşlərim zamanı prezident cənab Bill Klinton da, dövlət katibi xanım Olbrayt da həqiqətən bu məsələnin tezliklə həll olunması üçün çalışdıqlarını və çalışacaqlarını bildirdilər. Hətta prezident Klinton belə bir ifadə də işlətdi ki, mən gərək prezidentlik səlahiyyətimin sonuna qədər bu məsələnin həll edilməsinə nail olam. Mən buna sevindim. Bunlara inanıram. Ancaq hələ ki, ortada bir şey yoxdur.

Biz hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu məsələnin həll olunmasında daha da təsirli hərəkətlər edə bilər. Sizə dediyim kimi və siz də bu fikri ifadə etdiniz ki, bütün vasitələrdən istifadə edirik və istifadə edəcəyik. Ancaq tərəflər özləri məsələni birbaşa həll edə bilsəydilər, vasitəçilər lazım olmazdı və vasitəçilərin olması da tərəflərin birbaşa danışıqlarının qarşısını almamalıdır və almır. Biz həm o vasitədən, həm bu vasitədən istifadə etməliyik.

Siz dediniz ki, indi Minsk qrupunda yeni təkliflər hazırlanır. Mən bu məlumatdan məmnunam və səbirsizliklə gözləyəcəyik. Güman edirəm ki, o təklif əvvəlki təklif kimi olmayacaqdır.

Keri Kavano: Cənab prezident, mən deyə bilmərəm ki, indi o təkliflər hazırlanır, yoxsa yox. Lakin hər halda gələcək hazırlamalar üçün regionda son zamanlar gedən bütün inkişaf nəzərə alınır. Elə bilirəm, bir halda ki, artıq üç təklif masa üzərinə qoyulubdur, təklif olunubdur, bir tərəddüd də vardır ki, yeni təkliflər hazırlansın, yoxsa yox. Lakin bir şeyi deyə bilərəm ki, bizim tərəfimizdən tam hazırlıq vardır ki, Sizin məsləhətlərinizi, eləcə də prezident Koçaryanın fikirlərini nəzərə alaq. Bütün bunlar məsələnin ümumi həlli üçün müsbət cavab hazırlamağa yardımçı olacaqdır.

Eyni zamanda minalardan təmizləmə, qarşılıqlı inam yaratma və bu kimi digər sahələrdə də bizim hazırlığımızı Sizə bildirirəm. Çox müsbət bir haldır ki, 1994-cü ildən başlayaraq indiyədək atəşkəs rejimi davam etməkdədir. Biz bu sahədə də yardım etməyə hazırıq ki, atəşkəs rejimi daha da yaxşılaşsın, tərəflər arasında gərginlik olmasın. Eşidəndə çox şad olduq ki, müdafiə nazirləri görüşəcək və atəşkəs rejimini daha da möhkəmləndirmək üçün danışıqlar aparacaqlar.

Heydər Əliyev: Bəli, Cenevrədə prezident Koçaryanla son görüşümüzdə biz bəyanatlar verdik ki, həm Ermənistan, həm də Azərbaycan atəşkəs rejimini qoruyub saxlayacaqdır. Sərhəd bölgəsində vaxtaşırı meydana gələn ayrı-ayrı hadisələri aradan qaldırmaq üçün müdafiə nazirlərinə göstəriş verdik ki, onlar görüşüb lazımi tədbirlər görsünlər. Mən Cenevrədən Bakıya dönən kimi müdafiə nazirinə bu göstərişi vermişəm. Onlar son dəfə Həştərxanda Rusiyanın və bir neçə MDB ölkəsinin keçirdiyi tədbirdə iştirak edən zaman görüşüblər, danışıblar. Müdafiə naziri mənə məlumat verdi ki, onlar bu yaxınlarda görüşəcəklər.

Minalardan təmizləmə, qarşılıqlı inam yaratma, yaxud iqtisadi əməkdaşlıq - bu məsələlər təbiidir və biz də bu məsələləri bilirik. Ancaq əsas məsələ həll olunmasa, bu məsələlər haqqında söhbət aparmaq sadəcə mücərrəd xarakter daşıyacaqdır. Söhbət apara bilərik, amma əməli iş görmək çox mümkün olmayacaqdır. Ona görə əsas məsələ həll olunmalıdır, yəni sülh yaranmalıdır, işğal olunmuş torpaqlar azad edilməlidir, Ermənistanla Azərbaycan arasında razılıq əldə olunmalıdır və yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdır. Əsas şərt budur. Bu olandan sonra minalar da təmizlənəcəkdir, bu olandan sonra yollar da açılacaqdır, bu olandan sonra iqtisadi əməkdaşlıq da olacaqdır.

Siz söhbətinizin əvvəlində bölgədə iqtisadi əməkdaşlıq haqqında danışdınız. Bizim bölgədə iqtisadi əməkdaşlıq gedir. Məsələn, Gürcüstanla Azərbaycan arasında, yaxud başqa ölkələrlə bizim əməkdaşlığımız var. Sadəcə, Ermənistanla bizim iqtisadi əməkdaşlığımız yoxdur. Ancaq əgər münaqişə qurtarmasa, əməkdaşlıq etmək olmaz. Bu, mümkün deyildir. Ona görə mən istəyirəm ki, bunları siz özünüz üçün tam yəqin edəsiniz. Heç kəsdə bir illüziya yaranmasın ki, gəlin əməkdaşlıq edək, bir-birimizlə alver edək, yaxud ticarət edək, ondan sonra hər şey yaxşı olacaqdır. Yox, bu, mümkün deyildir.

Keri Kavano: Cənab prezident, mən bunların hamısını anlayıram. Sadəcə olaraq, Siz deyəndə ki, bizdən möhkəm fəaliyyət gözləyirsiniz, onu demək istədim ki, biz yalnız böyük sülh məsələsi ətrafında deyil, bütün digər məsələlərlə də bağlı möhkəm fəaliyyət göstərmək istəyirik.

Heydər Əliyev: Bəli, biz bunları bilirik. Ancaq əsas məsələni həll etmək lazımdır. Amerika Birləşmiş Ştatları ilə bizim iqtisadi əlaqələrimiz çox genişlənibdir və biz böyük gələcəyi olan məsələləri həll edirik. Amerika Birləşmiş Ştatlarının buraya sərmayəsi gəlir, investisiyaları gəlir, şirkətlər burada böyük işlər görürlər. Bunların hamısını edərək biz Amerika Birləşmiş Ştatlarına göstərmək istəyirik və həmişə göstərmək istəyirik ki, biz Amerika Birləşmiş Ştatları ilə dostluq, əməkdaşlıq əlaqəsi qururuq və bu əlaqəni daha da genişləndirmək istəyirik. Amma siz təsəvvür edin, münaqişəyə son qoyulsaydı, sülh əldə olunsaydı, bu əməkdaşlıq daha da geniş ola bilərdi, daha da zəngin ola bilərdi.

Keri Kavano: Cənab prezident, istərdim ki, Amerika Birləşmiş Ştatlarının burada sərmayələri daha da artıq olsun, Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr daha geniş olsun. Əlbəttə ki, bütün bunların olması üçün münaqişənin həll edilməsi əsas şərtlərdən biridir. Son illər Amerika Birləşmiş Ştatlarının biznes dairələri nümayəndələrinin, firmaların, şirkətlərin Azərbaycanda fəaliyyəti çox geniş olmuşdur. Biz bir ölkə kimi, Azərbaycanın inkişaf prosesində yaxından iştirak etmişik və ümid edirəm, gələcək illərdə də Siz görəcəksiniz ki, biz burada iqtisadi irəliləyişdə çox fəal iştirakçıyıq.

Mən qeyd etdim ki, dörd il əvvəl burada olmuşdum. Dörd ildən sonra Bakının küçələrində, şəhərin özündə nəzərəçarpacaq böyük dəyişikliklər baş vermişdir. Sizdən əvvəlki görüşdə ölkənizin xarici işlər nazirinə bildirdim ki, Azərbaycan həqiqətən varlı bir ölkədir. Azərbaycan insan ehtiyatları və təbii ehtiyatlar baxımından çox varlı, zəngin bir ölkədir və bütün bunları inkişaf etdirmək lazımdır. Biz də, Amerika Birləşmiş Ştatları olaraq, bu ehtiyatların inkişafında iştirak edəcəyik.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 2 sentyabr 1999-cu il.