"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciəti" (Bakı, 1 mart 1994-cü il) sənədinə tarixi arayış


Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı insanlıq tarixinə düşmüş qanlı hadisədir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirib.

Xocalının işğalı zamanı bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə, xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb. 1275 nəfər əsir götürülüb, 100 nəfər əlil olub, 150 nəfər itkin düşüb.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilib, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilib.

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan edilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciət edərək bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirib.

Xaricdə yaşayan azərbaycanlılar da Xocalı soyqırımına biganə qalmayaraq hər il fevralın 26-da dünyanın ayrı-ayrı ölkələrində bu faciə ilə bağlı tədbir keçirirlər və bu faciə haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verirlər.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə Xocalı soyqırımına həsr olunan üç dildə "Xocalı soyqırımı: milyon imza - bir tələb" adlı kitab nəşr edilib. Kitabda 1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən törədilən soyqırımla bağlı faktlar , istintaq materialları, hadisəni əks etdirən fotoşəkillər əks olunub. Kitabda həmçinin, hadisənin soyqırım kimi tanınması üçün AVCİYA-nın apardığı "Xocalı soyqırımı: milyon imza - bir tələb" kompaniyası da əksini tapıb. Nəşrdə Azərbaycanın xəritəsi yerləşdirilməklə işğal edilən Dağlıq Qarabağın Azərbaycanın inzibati ərazisi, tərkib hissəsi olduğu kitabla tanış olan xarici auditoriyanın diqqətinə çatdırılır. Bu kitabdan başqa, 20 kitab da çap olunub ki, burada yalnız milyon nəfərin imzası yer alıb. İnsanlar dünya ictimaiyyətindən, xarici dövlətlərdən Xocalı soyqırımının rəsmən tanınmasını tələb edir.

Tarixi arayış 20 fevral 2008-ci ildə yeniləşdirilib.