Azərbaycan Teleqraf Agentliyinin - AzərTAc-ın kollektivinə - 3 mart 1994-cü il


Müstəqil Azərbaycan Respublikasının milli informasiya mərkəzinin - AzərTAc-ın kollektivini akentliyin yaradılmasının 75 illiyi münasibətilə səmimiqəlbdən təbrik edirəm.

AzərTAc suveren Azərbaycanın daxili və xarici siyasətinin həm ölkəmizdə, həm də dünya miqyasında təbliğində, Ermənistanın torpaqlarımıza təcavüzünün və xalqımıza qarşı törətdiyi vəhşiliklərin ifşasında, məruz qaldığımız informasiya blokadasının yarılmasında, Azərbaycan həqiqətlərinin geniş yayılmasında müəyyən rol oynayır. Respublikamızda demokratik hüquqi dövlət quruculuğu barədə beynəlxalq miqyasda doğru-düzgün təsəvvür yaratmaq, xalqımıza qarşı aparılan düşmənçilik təbliğatını dəf etmək işində də kollektivinizin xidmətləri qeyd olunmalıdır.

Azərbaycan Teleqraf Agentliyinin 75 illiyi mətbuatımız üçün əlamətdar hadisədir. Kollektivinizə, bütün Azərbaycan jurnalistlərinə xalqımızın və dövlətimizin mənafeyini daha əzmlə qorumaqda, haqq işimizi əsl vətəndaş qeyrəti ilə müdafiə etməkdə, həyatımızın reallıqlarını obyektiv və operativliklə işıqlandırmaqda nailiyyətlər arzulayıram. Hamınıza yeni yaradıcılıq uğurları, xoşbəxtlik, cansağlığı diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış