Pasxa bayramı münasibətilə respublika pravoslav xristianlarına təbrik - 24 aprel 1995-ci il


Əziz xristian həmvətənlərim!

Sizi müqəddəs bayramınız - Pasxa münasibətilə ürəkdən təbrik edir və bu əziz gündə ulu tanrıdan hamınıza cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm.

Azərbaycan milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətənidir. Onlar həmişə mehriban qardaşlıq, qarşılıqlı anlaşma və sıx əməkdaşlıq şəraitində yaşamış, vətənin sevincini də, kədərini də birgə bölüşmüşlər. Öz tarixi ənənələrinə sadiq qalan müstəqil, demokratik Azərbaycan dövlətində bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmadan bütün vətəndaşların vicdan azadlığı, dini etiqad sərbəstliyi təmin edilmişdir.

Əziz bayramınızı bir daha səmimi qəlbdən təbrik edirəm. Qoy bu müqəddəs Pasxa bayramı günlərində edilən bütün xoş diləklər və xeyir-dualar yerinə yetsin, xalqımız xoşbəxt və firavan həyata qovuşsun!

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti