Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tehranda mətbuat konfransında bəyanatı - 2 iyul 1994-cü il


Hörmətli xanımlar, cənablar, hörmətli mətbuat nümayəndələri. Dördüncü gündür ki, mən İran İslam Cümhuriyyətinin prezidenti hörmətli ağayi Haşimi-Rəfsəncaninin dəvəti ilə bu ölkədəyəm. Səfər başa çatır və bir necə saatdan sonra mən Tehranı tərk edəcəyəm. Deyə bilərəm ki, bu səfər İran ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin gələcək inkişafında yeni bir mərhələdir.

Səfər haqqında danışarkən onu qeyd etmək istəyirəm ki, İran İslam Cümhuriyyəti, İran xalqı Azərbaycan Respublikası ucun, Azərbaycan xalqı ucun qonşu, dost, qardaş ölkə və xalqdır. Ona görə də biz belə hesab edirik ki, bu ölkə ilə Azərbaycan arasındakı münasibətlər daim səmimi və mehriban olmalıdır. Elə olmalıdır ki, bütün sahələrdə əməkdaşlıq yüksək surətlə inkişaf etsin.

Mən bu məqsədlə buraya gəlmişəm və qeyd edə bilərəm ki, səfərdə olduğum günlərdə İran İslam Cümhuriyyətinin rəhbərləri - cənab Ayətullah Seyid Əli Xamnei, hörmətli prezident ağayi Haşimi-Rəfsəncani, İran Məclisinin başçısı ağayi Natiq Nuri ilə, xarici işlər naziri Əli Əkbər Vilayəti, kooperasiya naziri Qulam Rza Şafeyi ilə və başqa dövlət adamları ilə səmərəli görüşlərim olmuşdur. Bu görüşlərdə iki ölkə arasında, xalqlarımız arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm, texnika sahəsində və başqa sahələrdə əməkdaşlığın inkişafı haqqında danışıqlar aparılmış və yaxşı nəticələr əldə edilmişdir. Həmin danışıqların nəticəsində razılaşdırılmış sənədlər bu gün imzalanacaqdır. Güman edirəm ki, məsələ təkcə bu sənədlərdə deyildir, münasibətlərimizin hüdudları həmin sənədlərdən xeyli genişdir.

Şübhəsiz ki, bütün danışıqlarda son illərlə Azərbaycanın ağır müharibə şəraitində yaşaması haqqında, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi haqqında, zəbt olunmuş torpaqlarımızdan bir milyondan artıq azərbaycanlının didərgin düşməsi barədə və bununla bağlı bütün problemlər haqqında fikir mübadiləsi aparılmışdır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olan müharibə dövründə Azərbaycanın düşdüyü ağır sosial-iqtisadi böhran şəraitində biz İran İslam Cümhuriyyətinin yardımını daim hiss etmişik. İndiki danışıqlarımızda da bu barədə söhbət getmişdir. Bu yardıma görə, bizimlə həmrəy olduqlarına, bizi beynəlxalq aləmdə müdafiə etdiklərinə görə İranın rəhbərlərinə təşəkkürümü bildirmişəm.

Bir daha qeyd edirəm ki, bu görüşlərimiz Azərbaycan ilə İran arasında dostluq, qardaşlıq əlaqələrinin həm yeni bir mərhələsidir, həm də bu əlaqələrin surətlə inkişaf etməsi ucun yaxşı şərait yaradır və Azərbaycan tərəfi gələcəkdə bu şəraitdən səmərəli istifadə etməyə çalışacaqdır. Vaxt az olduğuna görə mən çıxışımı bu qısa məlumatla tamamlayıram.

Sual: İsrail də Ermənistan kimi, müsəlman torpaqlarını işğal edib. Necə ola bilər ki, Siz İsrail ilə əlaqələr yaratmaq fikrinə düşmüsünüz?

Cavab:  Əvvəla demək istəyirəm ki, Azərbaycan beynəlxalq prinsiplərə, müqəddəs beynəlxalq normalara daim riayət edir və edəcəkdir. Həmin prinsiplərin ən mühümlərindən biri ölkələrin, dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı, bir ölkənin başqa ölkənin ərazisini zorla ələ keçirməsinin yolverilməzliyidir. Bu prinsiplərə riayət edərək biz bütün ölkələrin, o cümlədən İran İslam Cümhuriyyətinin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını müdafiə edirik. Azərbaycan heç bir ölkənin torpağına göz dikməmişdir, heç vaxt qəsbkarlıq yoluna düşməyəcəkdir, işğalçılığı, qəsbkarlığı həmişə pisləmişdir və bundan sonra da pisləyəcəkdir. Ermənistan həm İranın, həm də Azərbaycanın qonşusudur. Ermənistanın Azərbaycana qarşı altı ildən artıq davam edən təcavüzü həm Azərbaycan ucun, həm də İran ucun böyük bir bəladır. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman abidələrini, tarix və mədəniyyət abidələrini dağıdırlar. Ona görə də buna yol verməmək təkcə bizim işimiz deyil, bütün müsəlman xalqlarının işidir.

Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini demokratik prinsiplər əsasında qurur, dünyanın bütün dövlətləri ilə qarşılıqlı əlaqələr yaradaraq öz müstəqilliyini möhkəmləndirməyə çalışır.

Sual: Siz çıxışlarınızın birində dediniz ki, Azərbaycan Respublikası dünyanın böyük dövlətlərinin himayəsindən bəhrələnmək istəyir. Deyə bilərsinizmi, böyük dövlətlər adı altında siz hansıları nəzərdə tutursunuz? Rusiya ilə əlaqələrdə də eyni prinsipləri gözləyirsinizmi?

Cavab:  Mən qeyd etdim ki, biz bütün dövlətlərlə qarşılıqlı əlaqələr yaratmaq istəyirik. Rusiya Azərbaycanın şimalında olan böyük dövlətdir. Azərbaycan iki yüz ilə yaxın müddətdə Rusiyanın tərkibində olmuşdur. Son 70 ildə Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf etmiş böyük iqtisadi potensialı Rusiya ilə çox bağlıdır. Azərbaycanın bütün dövlətlərlə qarşılıqlı əlaqələr yaratmasından danışarkən mən ilk növbədə qonşu dövlətləri nəzərdə tuturam.

Şübhəsiz ki, Azərbaycan bundan sonra da Rusiya ilə yaxşı əlaqələr saxlamalıdır və biz bu istiqamətdə xarici siyasətimizi aparırıq. Gürcüstanda və Ermənistanda Rusiya qoşunları yerləşdirilmişdir. Azərbaycanda Rusiyanın qoşunu yoxdur. Orta Asiyanın müsəlman respublikalarının da hamısında Rusiyanın qoşunu var. Həmin respublikaların, həmçinin Gürcüstanın və Ermənistanın xarici ölkələrlə, yəni İran, Türkiyə və Əfqanıstanla sərhədlərini Rusiya qoşunları qoruyurlar. Respublikamızın isə İran və Türkiyə ilə sərhədlərini Azərbaycanın öz qoşunu qoruyur. Əgər Ermənistanda Rusiyanın böyük qoşun hissələri varsa, siz gərək bunun mənası barədə özünüz düşünəsiniz. Rusiya Ermənistan ilə Azərbaycan arasında müharibənin dayandırılmasında vasitəçilik etməyə çalışır. Beynəlxalq təşkilatlar, xüsusən ATƏM, onun tərkibində olan Minsk qrupu da belə bir vasitəçilik fəaliyyəti göstərir. Biz müharibəyə son qoymaq, xalqımızı bu bəladan qurtarmaq, işğal olunmuş torpaqlarımızı azad etmək istəyirik. Ona görə də, şübhəsiz ki, bütün bu vasitəçilik imkanlarından imtina edə bilmərik.

Sual: Cənab prezident, İranda yüksək səviyyədə keçirilən görüşlərdə Xəzər dənizinin statusu məsələsinə rəsmi şəkildə toxunuldumu?

Cavab: Mənim İrana səfərimdən bir necə gün əvvəl Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Vladimir Kazimirov Tehranda olmuşdur. O, Tehrandan qayıdarkən Bakıya gəlib mənimlə görüşmüş və məlumat vermişdir ki, Dağlıq Qarabağ məsələsi və bəzi başqa məsələlər barədə İranla məsləhətləşmək ucun İrana getmişdi. Sizin sualınızla əlaqədar bunu deyə bilərəm ki, toxunduğunuz məsələ mən burada səfərdə olarkən müzakirə edilməmişdir. Ona görə də bu barədə bir şey deyə bilmərəm.

Sual: Azərbaycan Respublikası Tehran, Ankara və Moskva ilə öz əlaqələrini hansı prinsiplər əsasında qurur və hansı meyarları əsas götürür?

Cavab: Bir daha təkrar edirəm ki, biz qonşu dövlətlərlə dostluq əlaqələri yaratmaq istəyirik. Deməli, İran da, Türkiyə də bizim ucun dost və qardaş ölkələrdir. Moskva, yəni Rusiya ilə əlaqələr barədə geniş məlumat verdim, ona görə də təkrar etməyə ehtiyac duymuram.

Səfər proqramımda mətbuat konfransına çox az vaxt ayrılmışdır. Xahiş edirəm Bakıya gəlin, suallarınıza cavab vermək ucun orada vaxtım çox olacaq. Sağ olun.