Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Parlament Assambleyasının ölkəmizdə Milli Məclisə seçkiləri müşahidə etmək üçün Bakıya gəlmiş nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 4 noyabr 2000-ci il


H e y d ə r  Ə l i y e v: Hörmətli xanım Kokkonen!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. Mən sizi salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin missiyanız Azərbaycana bu seçkilərdə, demokratiyanın inkişafında kömək edəcəkdir.

Son illər ATƏT-in Parlament Assambleyası ilə Azərbaycanın əlaqələri inkişaf edibdir. ATƏT-in hazırkı sədri xanım Benita Ferrero-Valdner Azərbaycanı ziyarət etmişdi və biz çox yaxşı görüşlər keçirmişdik. İndi də böyük tərkibdə siz gəlmisiniz. Ümidvaram ki, siz öz müşahidələrinizlə bizə kömək edəcəksiniz.

Güman edirəm, siz bilirsiniz ki, biz bir neçə aydır seçkilərə hazırlaşırıq. Hesab edirik ki, hazırlıq dövrünü yaxşı səviyyədə təşkil edə bilmişik. Seçkilərdə iştirak etmək arzusunda olan 14 partiyanın hamısı bu imkanı əldə edibdir. Baxmayaraq ki, onlardan bəziləri seçkidə iştirak etmək hüququ qazanmaq üçün seçki qanununun şərtlərini yerinə yetirə bilməmişdi. Birmandatlı seçki dairələrində də çox adamların namizədliyi qeydə alınıbdır, orta hesabla bir yerə dörd namizəd var. Ona görə də seçicilərin imkanı var ki, istədikləri namizədə səs versinlər.

Seçkiqabağı təbliğat kampaniyası da tamamilə azad, aşkarlıq şəraitində keçibdir. Bilirsiniz ki, bizdə çoxsaylı qəzetlər var. Bunlar müstəqildir və əksəriyyəti də müxalifət mövqeyində duran qəzetlərdir. Bu qəzetlərdən hamı istifadə edibdir. Elə partiya var ki, 3–4 qəzeti çıxır. Özəl televiziya kanalları var, onlardan istifadə edirlər. Hər bir partiyanın nümayəndəsi dövlət televiziyası ilə dəfələrlə xalqa müraciət etmək imkanı alıbdır. Hərə öz fikrini istədiyi kimi bildiribdir. Ona görə də kimin kim olması seçicilər üçün aydındır.

Bütün bunlara əsaslanaraq mən hesab edirəm ki, seçicilər artıq sərbəst surətdə qərar qəbul ediblər və kimə istəsələr, ona da səs verə bilərlər. Ona görə mən deyirəm ki, Azərbaycanda seçkiqabağı kampaniya demokratik şəraitdə keçmişdir. Amma bunun nəticəsi sabah görünəcəkdir. Siz də məhz bunu müşahidə etmək üçün gəlmisiniz.

Biz demokratiya yolu ilə getdiyimizə görə seçkilərin tam demokratik, aşkarlıq, şəffaflıq şəraitində, ədalətli keçirilməsi üçün əlimizdən gələni etmişik. Biz iddia etmirik ki, hər şeyi edə bilmişik. Çünki Azərbaycan demokratik, müstəqil dövlət kimi gəncdir. Demokratiya bizim üçün yeni bir məfhumdur. Biz bu yolla gedirik və gedəcəyik. Demokratiyanın əvvəli var, sonu isə yoxdur. Məsələn, ola bilər siz yüz metr məsafə keçmisiniz, biz əlli metr. Amma biz də sizin arxanızca gəlirik. Bəlkə də elə ola bilər ki, arxanızca gələrik, sonra isə sizi keçərik. Bu da ola bilər.

Demək istəyirəm ki, bizim məqsədimiz, məramımız budur. Amma bu o demək deyildir ki, seçicilərin hamısı demokratiyanı biz başa düşdüyümüz kimi anlayır. Ola bilər, bu sahədə qüsurlar, nöqsanlar da olsun. Amma bunlar həlledici xarakter daşımır. Həlledici odur ki, biz bu seçkilərdə demokratiya yolunda yeni bir iri addım atmaq fikrindəyik. Hesab edirəm ki, biz buna nail olacağıq. Təbiidir ki, sizin obyektiv, ədalətli müşahidəniz da burada çox böyük rol oynayacaqdır.

P a u l a  K o k k o n e n (Finlandiya nümayəndə heyətinin rəhbəri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi): Cənab Prezident, çox sağ olun. Nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Biz bu görüşə gəlməkdən həm şadıq, həm də böyük qürur duyuruq.

Bilirik ki, indi sizin ölkədə olan yeganə nümayəndə heyəti deyilik. Hazırda Azərbaycana çoxlu nümayəndə heyətləri gəlibdir. Ölkənizdə gedən demokratikləşmə prosesi barədə fikirlərinizlə tanışlıq çox maraqlı oldu. Biz sizin ölkəyə xoş məramla gəlmişik. Bilirik ki, Siz Qərb demokratiyasına nail olmaq və onu ölkənizdə tətbiq etmək üçün çoxlu səylər göstərmisiniz. Cənab Prezident, biz bu prosesdə Sizin şəxsi rolunuzu da anlayırıq və qiymətləndiririk. Bizim ölkələrdə də demokratiya tam kamil demokratiya deyildir. Demokratiya çox çətin bir idarəçilik üsuludur. Lakin bizim ölkələrin hamısı bu demokratiya yolunda inkişaf edir. Hesab edirəm ki, Sizin belə güclü iradənizdən bizim öyrənəcəyimiz çox şeylər vardır. Son iki gün ərzində biz ölkənizdə fəaliyyət göstərən əsas iri partiyalar ilə görüş keçirib onları dinləmişik. Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşük və onları da dinləmişik. Şübhəsiz, anlayırıq ki, onların heç də hamısı eyni havanı çalmır. Ancaq açıq-aşkar görürük ki, Avropa təsisatlarına inteqrasiya edilmək istəyinə, ümumən, hamı şərikdir.

Biz Azərbaycanda qanunvericiliklə yaxından tanış olmuşuq. Bəzi narahatlıqların olduğunu da görmüşük. Mənim üçün ən ciddi narahatlıq bir çox namizədlərin qeydiyyata alınmaması olmuşdur. Bununla belə, onu da anlayırıq ki, daha demokratik prosedurların tətbiq edilməsi istiqamətində irəliyə doğru mühüm addımlar atılmışdır. Əvvəlki seçkilərlə müqayisədə bu daha açıq-aydın görünür. Cənab Prezident, bizə çox maraqlı olardı, bilək ki, Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını necə görürsünüz, bu barədə fikirləriniz necədir? Biz həm də Azərbaycanın Avropa təsisatlarına inteqrasiya edilməsi istiqamətində görülən işlər, qarşıdakı parlament seçkilərindən sonra bu proseslərin necə inkişaf edəcəyi barədə fikilərinizlə tanış olmaq istərdik. Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm.

H e y d ə r  Ə l i y e v: Müşahidələrinizin, ümumiyyətlə, müsbət xarakter daşıması məni sevindirir. Azərbaycanda demokratiya prosesinin hazırkı mərhələsinə düzgün qiymət verdiyinizə görə də sizə təşəkkür edirəm. Bizim fikirlərimiz eynidir, demokratiya və onun əsas göstəricisi olan seçkilər daim təkmilləşdirilməlidir. Hesab edirik ki, hazırlıq dövründə olduğu kimi, seçkilər keçirilən zaman da biz böyük irəliləyiş əldə edəcəyik. Siz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sual verdiniz. Mən məmnunam ki, bu məsələ sizi maraqlandırır, hətta məşğul edir. Hesab edirəm ki, indi dünyada baş verən və vaxtilə mövcud olmuş münaqişələrlə müqayisə etsək, Ermənistan–Azərbaycan münaqişəsi ən dəhşətli, ən uzunsürən bir münaqişədir. Təbiidir ki, mən Yaxın Şərqdə baş vermiş münaqişəni nəzərdə tutmuram. Onun tarixi çox böyükdür. Amma keçmiş sovet məkanında, yaxud Avropa ölkələrində olan münaqişələrlə müqayisə etsək, Ermənistan–Azərbaycan münaqişəsi ən ağır, ən çətin bir şəkil alıbdır.

Birincisi, bilirsiniz ki, bu münaqişənin 12 yaşı vardır, 1988-ci ildən başlayıbdır. Müharibə olub, qan tökülüb, insanlar həlak olubdur. Bu münaqişə həm Azərbaycanın, həm də Ermənistanın Sovetlər İttifaqının tərkibində olduğu dövrdə başlayıb və davam edibdir. Həmin müddət az deyildir. Bu, 1988-ci ildən 1991-ci ilin sonunadək olan dövrü əhatə edir. Yəni bu münaqişənin 4 ili həm Azərbaycanın, həm də Ermənistanın Sovetlər İttifaqının tərkibində olduğu dövrə təsadüf edir. Həm o dövrdə, həm də Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif obyektiv və subyektiv səbəblərdən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağı, sonra isə onun ətrafında olan əraziləri, bütövlükdə götürsək, Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir və artıq səkkiz ildir ki, bu torpaqları işğal altında saxlayır.

ATƏT bu münaqişənin sülh yolu ilə həll olunması üçün 1992-ci ildə Minsk qrupu yaradıbdır. Bu qrupa bir neçə dövlət daxildir. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. ATƏT-ə hər il yeni bir ölkə sədrlik edir. ATƏT-ə sədrlik edən hər bir ölkə bizə kömək etməyə söz verir. Amma hələ heç bir nəticə yoxdur.

Biz 1994-cü ilin may ayında atəşi dayandırdıq. İndi müharibə yoxdur, amma sülh də yoxdur. İşğal olunmuş torpaqlardan bir milyondan çox azərbaycanlı zorla çıxarılıbdır və 8 ildir ki, çadırlarda yaşayır. Qeyd etmək istəyirəm ki, Finlandiya 1996-cı ildə ATƏT-in sədri olan zaman biz keçmiş prezidentiniz Ahtisaari və o vaxt Xarici İşlər naziri, indi isə prezident olan xanım Tarya Halonen ilə bu sahədə bir il əməkdaşlıq etdik. Bu gün mən fürsətdən istifadə edib demək istəyirəm ki, Finlandiya ATƏT-ə sədrlik edəndə biz xeyli nailiyyət əldə edə bildik. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin həll olunmaçı üçün çox vacib bir sənəd qəbul olundu. Hesab edirəm, ölkənizin dövlət başçısı, həm də Xarici İşlər naziri bu sənədin qəbul olunmasına yaxşı xidmət göstərdilər.

ATƏT-in Lissabon zirvə görüşündə ilk dəfə qəbul olunan bu sənəddəki prinsiplərdən biri Ermənistanın və Azərbaycanın ərazi bütövlüyü idi. Doğrudur, Ermənistanın ərazi bütövlüyü pozulmayıb, amma həmin sənəddə belə yazılmışdır. Digər prinsip münaqişəni yaradan əsas bölgəyə, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində ən yüksək özünüidarə statusu verilməsi idi.

Bu, münaqişəni sülh yolu ilə həll etmək üçün ən vacib bir sənəddir. Amma Ermənistan bununla razı olmadı. Hətta Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan 1997-ci ilin sonunda anladı ki, artıq bu yolla getmək lazımdır. O bu təklifi qəbul etdiyi zaman onunla bir yerdə işləyən insanlar müxalifətə keçdilər və 1998-ci ilin əvvəlində o, istefa verməyə məcbur oldu.

ATƏT-in Minsk qrupu bundan sonra da bəzi təkliflər veribdir. O qədər məqbul olmasa da, biz onları qəbul edirik. Amma Ermənistan qəbul etmir. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızı işğal etdiyinə görə özünün müəyyən qədər üstünlüyündən sui-istifadə edərək, yalnız və yalnız Dağlıq Qarabağa müstəqillik statusu əldə etmək istəyir. Təbiidir ki, biz bununla razı ola bilmərik.

1999-cu ilin aprel ayında mən və Ermənistan prezidenti Köçəryan bilavasitə görüşlər keçirməyə başladıq. Bu görüşlər bizi bir qədər irəliyə apardı. Çünki hər iki tərəfdən bəyan edildi ki, məsələni həll etmək üçün müəyyən kompromislərə getmək lazımdır. Təəssüflər olsun ki, 1999-cu ilin sonunda Ermənistan bu təkliflərdən, yəni sülh prosesində əldə olunmuş kiçik nailiyyətlərdən də imtina etdi.

Biz yenə də danışıqlar apardıq. Hesab edirəm ki, bu danışıqlar davam etməlidir, münaqişə sülh yolu ilə həll olunmalıdır. Amma bizim xalqımız çox böyük əziyyətlər içərisində yaşayır. Bir milyondan çox vətəndaşımız 8 ildir çadırlarda yaşayır. İşğal olunmuş torpaqlarda hər şey viran edilib, Azərbaycana çox böyük zərərlər vurulubdur.

Təəssüf edirəm ki, beynəlxalq təşkilatlar da bu məsələdə qəti addımlar atmırlar. Onlar çox halda deyirlər ki, iki dövlət bir-birilə danışsın, hansı razılığa gəlsələr, biz onu dəstəkləyəcəyik. Biz danışıqlar aparırıq, amma razılığa gələ bilmirik. Niyə razılığa gələ bilmirik? Ona görə ki, Ermənistan Dağlıq Qarabağ üçün yalnız müstəqillik statusu istəyir. Demək, ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüquq normaları pozulmalıdır və Azərbaycanın ərazisində ikinci erməni dövləti yaradılmalıdır?

Mən ümidsiz deyiləm. Hesab edirəm ki, biz bu danışıqları apararaq bu məsələni sülh yolu ilə həll edə biləcəyik. Ancaq xalqımız artıq bu vəziyyətə dözə bilmir. Bundan istifadə edən müxalifət partiyaları da - dediniz ki, onların bəziləri ilə görüşmüsünüz – iqtidarı, prezident kimi şəxsən məni ittiham edirlər ki, Heydər Əliyev 7 ildir Azərbaycana başçılıq edir, amma bu məsələni həll edə bilmir. Əgər Heydər Əliyev hakimiyyətdən getsə, biz gəlib bu məsələni həll edə bilərik.

Əgər inansam ki, hansısa bir qüvvə gəlib məsələni həll edə biləcək, mən bu gün hakimiyyətdən getməyə hazıram. Ancaq bu bəyanatları verən həmin müxalifət partiyalarının heç bir potensialı yoxdur. Mən dəfələrlə demişəm ki, bu, ümumxalq işidir, bu barədə kimin nə təklifi varsa, gətirib ortaya qoysun. Bəlkə biz bilmədiyimizi siz bilirsiniz, gəlin bu məsələyə birlikdə baxaq. Amma onlar heç bir şey bilmirlər, heç nəyə qadir deyillər. Onlar sadəcə, bundan sui-istifadə edirlər, prezident Heydər Əliyevə ittihamlar irəli sürürlər ki, seçicilərin səsini qazansınlar.

Bəlkə də deməyim yaxşı olmaz, amma mən bu problemi o qədər dərindən bilirəm və bu işlə hər gün o qədər məşğul oluram ki, təsəvvür edə bilmərəm ki, hansısa ölkədə hansısa bir dövlət başçısı belə bir işlə bu qədər məşğul olsun.

Avropa Şurası Azərbaycanı da, Ermənistanı da eyni zamanda Avropa Şurasına üzv qəbul etmək istəyir. Deyirlər ki, seçkilərdən sonra guya bu olacaqdır. Bəlkə Avropa Şurası bu məsələnin həllində bir şey edə bilər. Mən 7 ildir ki, gecə-gündüz bu məsələ üzərində ATƏT, BMT ilə çalışıram. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunubdur ki, Ermənistan işğal etdiyi torpaqları azad etməlidir. Amma Ermənistan bu qətnamələri icra etmir.

Bəzi müxalifət qüvvələri belə bir vəziyyətdə bəyan edirlər ki, münaqişə əgər sülh yolu ilə həll olunmursa, biz müharibə etməliyik, ölsək də, nə qədər insan itirsək də torpaqlarımızı azad etməliyik. Mən müharibə etməyi də bacarıram. Amma müharibəyə çağıran adamların heç birisi orduda bir gün də xidmət etməyibdir. Amma mən gənc vaxtlarımdan 26 il hərbi işdə xidmət etmişəm və gəlib general rütbəsinə çatmışam. Ancaq mən hesab edirəm ki, müharibə lazım deyildir. Çünki mən müharibənin nə olduğunu bilirəm. Amma onların heç birisi heç bir şey bilmir, sadəcə, əsgər olublar. Mən xalqı yenidən qırğına apara bilmərəm.

Bu barədə çox danışmaq olar. Güman edirəm, mənim verdiyim məlumat sizin üçün yetərlidir ki, Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir, Ermənistan isə qeyri-konstruktiv mövqe tutur.

 

Pa u l a  K o k k o n e n: Cənab Prezident, nümayəndə heyətinin üzvlərinə Sizə sual verməyə icazə verirsinizmi?

H e y d ə r  Ə l i y e v: Buyurun.

C e n i f e r  H i l t o n (nümayəndə heyətinin üzvü): Cənab Prezident, bilmək istərdik ki, ölkənizdə səhiyyənin inkişaf etdirilməsi üçün planlarınız nədən ibarətdir? Bütün ölkələrdə olduğu kimi, sizin respublikada da yəqin ki, əhalinin kasıb təbəqəsi arasında xəstəliklər vardır. Onlara yardım göstərmək üçün nə kimi işlər görülür?

H e y d ə r  Ə l i y e v: Biz səhiyyənin inkişaf etdirilməsi üçün çox işlər görürük. Ölkəmizin dövlət büdcəsi o qədər də böyük deyildir. Amma biz səhiyyəyə maliyyə yardımını hər il artırırıq və çalışırıq ki, xidmət yaxşı olsun.

Siz bilirsiniz ki, Azərbaycan 70 il sovet quruluşu sistemində olubdur. Sovetlər İttifaqında səhiyyə xidməti pulsuz idi. Hər il xeyli xəstəxanalar, poliklinikalar tikilirdi. Mən 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında Azərbaycana rəhbərlik etmişəm. İndi Azərbaycanda mövcud olan xəstəxanaların və tibb ocaqlarının böyük əksəriyyəti o dövrdə tikilibdir.

Mən Moskvada Baş nazirin birinci müavini işlədiyim zaman bütün Sovetlər İttifaqının səhiyyəsinə rəhbərlik etmişəm. Xatirimdədir, biz dövlət büdcəsindən səhiyyəyə böyük miqdarda vəsait ayırırdıq. O vaxtdan sonra yeni bir şey az tikilir, səhiyyəyə ayrılan vəsait azdır. İnsanlara pulsuz səhiyyə xidməti göstərmək, dərman vermək imkanları azalıbdır. Bəzi xəstəxanalarda əhaliyə pullu xidmət göstərilir. Amma bu azdır. Biz sovet sistemindən imtina etdik, o dağıldı. Amma indi yeni bir sistem qurmaq lazımdır. Bunun üçün isə çətinliklər vardır. Amma mən sizə bildirmək istəyirəm ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Cenevrədə yerləşən Dünya Səhiyyə Təşkilatının üzvüdür. Norveçin keçmiş Baş naziri xanım Brutland həmin təşkilata sədrlik edir. Onların hesablamasına görə, son illər Azərbaycanda bir çox xəstəliklərin qarşısı alınıbdır.

Məsələn, ölkəmizdə uşaqlar arasında poliomielit xəstəliyi tamamilə aradan götürülübdur. Vərəm xəstəliyi ilə çox ciddi mübarizə aparılır və belə xəstələrin sayı azalıbdır. Hər halda, biz xeyli iş görmüşük və bu sahəyə diqqəti ilbəil artırırıq.

P a u l a  K o k k o n e n: Cənab Prezident, biz bu gün vaxtınızı çox aldıq. Burada səhiyyədən danışırıqsa, dərk edirəm ki, Sizə bir az istirahət etmək imkanı verməliyik. Çünki bu gün çoxlu görüşlər keçirirsiniz. Amma icazə verin, bu cənab Sizə sonuncu sualı versin.

H e l m u t  R a u b e r (nümayəndə heyətinin üzvü): Cənab Prezident, Siz sabahkı seçkilərdən hansı nəticələr gözləyirsiniz?

H e y d ə r  Ə l i y e v: Dövlət başçısı, prezident kimi, mən bu seçkiləri Azərbaycanın həyatında və müstəqil Azərbaycanın tarixində çox əhəmiyyətli bir mərhələ hesab edirəm. Biz 9 il bundan öncə dövlət müstəqilliyimizi bəyan etmişik. Bu 9 ilin birinci illəri çox ağır, çətin illər olubdur. Ermənistanla müharibə gedirdi, Azərbaycanın daxilində qanunsuz silahlı dəstələr tüğyan edirdi, hakimiyyət uğrunda silahlı mübarizə aparılırdı. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandı. Məhz o vaxt xalq məni Bakıya dəvət etdi. Xalq mənə müraciət etdi ki, bu ağır vəziyyətdə öz üzərimə məsuliyyət götürüm.

Mən bunu etməyə məcbur oldum. Ona görə yox ki, mənə vəzifə lazım idi. Mən vaxtilə uzun illər vəzifədə olmuşdum və çox işlər də görmüşdüm. Azərbaycanda, Bakıda mənim əsərlərimi – zavodları, fabrikləri, yaşayış evlərini, xəstəxanaları, məktəbləri, universitetləri, bunları saymaqla qurtarmaq olmaz – hər yerdə görə bilərsiniz. Azərbaycana ikinci dəfə rəhbərlik etməyə həvəsim yox idi. Ancaq xalqın o ağır vəziyyəti məcbur etdi ki, mən bu məsuliyyəti üzərimə götürüm. 1993-cü ildən 1995-ci ilə qədər mənim vaxtım ancaq müharibəni dayandırmağa, ölkənin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməyə həsr olundu.

1995-ci ilin noyabr ayında biz ilk demokratik Konstitusiyamızı qəbul etdik və parlamentimizə seçkilər keçirdik. Bu, demokratiyanın inkişafı üçün böyük bir mərhələ idi. Son beş ildə parlamentimiz çox məhsuldar işləyibdir, 900-dən çox qanun qəbul edibdir. İndi biz qanunlarla, müstəqil, demokratik ölkənin qanunları ilə yaşayırıq. Sovet hökumətinin qanunları ilə yox.

İndi yeni parlament seçkiləri gəlir. Bu, bütün xalqımız, dövlətimiz, Azərbaycan prezidenti kimi mənim üçün çox əhəmiyyətli bir mərhələdir. Bu, demokratiyanın inkişaf etdirilməsi üçün böyük bir mərhələdir. Ona görə də mən bunu bizim üçün böyük bir hadisə hesab edirəm.

P a u l a  K o k k o n e n: Cənab Prezident, bizə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Arzu edirik ki, Sizin bütün arzularınız həyata keçsin.

H e y d ə r  Ə l i y e v: Mən sizin familiyanızı siyahıda oxuyanda Finlandiyanın keçmiş prezidenti Urho Kekkonen yadıma düşdü. Bəlkə siz onun qohumusunuz?

P a u l a  K o k k o n e n: Onun familiyası Kekkonen idi, mənim familiyam isə Kokkonendir. Mən bu sualla tez-tez rastlaşıram. Amma deyim ki, yaxşı mənada bu mənim həyatımı asanlaşdırır. Yəni insanlar mənim familiyamı asan yadda saxlayırlar.

H e y d ə r  Ə l i y e v: O mənim dostum idi. Azərbaycanda ziyarətdə olmuşdu, biz onunla görüşlər keçirmişdik. O çox müdrik insan idi, ona görə də yadıma saldım.

P a u l a  K o k k o n e n: Cənab Prezident, çox sağ olun.

H e y d ə r  Ə l i y e v: Sağ olun. Mən də sizə təşəkkür edirəm, zəhmət çəkib Azərbaycana gəlmisiniz. Ümidvaram ki, siz bu seçkilərdə ədalətli müşahidə aparacaq və öz raportlarınızla bizi sevindirəcəksiniz.

P a u l a  K o k k o n e n: Əlimizdən gələni edəcəyik.

H e y d ə r  Ə l i y e v: Sağ olun.