Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - 3 avqust 2000-ci il


Heydər Əliyev: - Necəsiniz? Neçə vaxtdır burada yox idiniz.

Stenli Eskudero: Doğrudur, iki həftə idi burada deyildim. Vaşinqtonda keçirdiyim görüşlərin, habelə bizim Konqresdə gedən işlərin nəticəsi olaraq Sizə onu deməliyəm ki, Amerikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətimi davam etdirməyim ən azı iki ay da uzanacaqdır.

Heydər Əliyev: Çox yaxşı.

Stenli Eskudero: Elədir, çox məmnunam.

Heydər Əliyev: Siz bundan narazısınız?

Stenli Eskudero: Xeyr, narazı deyiləm, məmnunam. Mən düşünürdüm ki, iyul ayında Azərbaycanı tərk edəcəyəm. Amma məndən sonra işləyəcək səfirin Senatda təsdiq edilməsi proseduru gecikdiyi üçün hələ bir-iki ay da burada səfir kimi fəaliyyət göstərməli olacağam.

Heydər Əliyev: Çox gözəl, mən bundan məmnunam.

Stenli Eskudero: Mən Vaşinqtona gedərkən beynəlxalq terrorizmin izlərinə dair hesabatla əlaqədar burada böyük narahatlıq olduğunu görmüşdüm, bu hesabata Azərbaycanın adının daxil edilməsi ilə bağlı etirazınızı eşitmişdim. Buradan yola düşməzdən əvvəl mən bu məsələni sizin iki nazirinizlə müzakirə etdim. Vaşinqtonda olanda da bu məsələ ətrafında ciddi danışıqlar apardım. Çox məmnunam ki, Dövlət Departamenti bu məsələ barədə bizim mövqeyimizə aydınlıq gətirən bəyanatla çıxış etdi.

Bizim heç vaxt və heç cür belə bir niyyətimiz olmamışdır ki, Azərbaycanı guya beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edək. Əksinə, biz bunu həmişə bilirik və təsdiq edirik ki, Azərbaycanın özü terrorizmin qurbanına çevrilmiş bir ölkədir. Bu regionda beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində bizim hökumətimizlə Azərbaycan hökuməti arasında indiyə qədər olmuş və hazırda da davam edən əməkdaşlığı həmişə yüksək qiymətləndirmişik və qiymətləndiririk. Ümidvaram ki, bizim hökumət tərəfindən sonradan verilmiş aydınlaşdırıcı bəyanat bu məsələni tamamilə yoluna qoydu. Bu məsələ ilə əlaqədar bir sıra başqa təfsilatlar da var və mən bu barədə Sizinlə təklikdə danışmaq istərdim.

Heydər Əliyev: Sizin bu səylərinizə görə təşəkkür edirəm. Dövlət Departamenti sonradan bu barədə həqiqətən bəyanat verdi. Amma bizim münasibətlərimiz həmişə səmimi və açıq olmalıdır. Mən yenə də öz narazılığımı bildirirəm. Çünki Azərbaycanla Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı mübarizədə gördükləri müştərək işlər haqqında və Azərbaycanın ümumiyyətlə terrorizmə qarşı daim apardığı mübarizə barədə indi bu dəqiqə dediyiniz sözlər Dövlət Departamentinin buraxdığı məlumata tamamilə ziddir.

Həqiqət sizin dediyiniz kimidirsə, - mən də hesab edirəm ki, belədir, - onda Dövlət Departamenti bunu haradan götürüb yazıb və nə üçün yazıbdır? Bilirsiniz, biz artıq hər tərəfdən bizə qarşı edilən ədalətsizliyə öyrənmişik. Ancaq bu qədər ədalətsizliyi mən təsəvvür edə bilmərəm!

Mən sizin Dövlət Departamentinin verdiyi məlumatla o qədər də razı deyiləm. Çünki orada deyilir ki, guya bunun üslubu, nə bilim, belədir, yaxud bu söz elə yox, belə yazılmalı idi. Mən hesab edirəm ki, orada Azərbaycan haqqında heç bir şey yazılmamalı idi. Əgər yazılsa da, yazılmalı idi ki, Azərbaycan beynəlxalq terrorizmlə, ümumiyyətlə terrorizmlə daim mübarizə aparır və bu sahədə Amerika Birləşmiş Ştatları ilə də sıx əməkdaşlıq edir.

Amma güman etməyin ki, mən belə iddiadayam. Biz onsuz da işimizi görürük və beynəlxalq terrorizmlə, bütün terrorizmlə, separatizmlə mübarizə aparmışıq və axıra qədər də aparacağıq. Ona görə yox ki, bu, hansı dövlətinsə xoşuna gəlir və ya xoşuna gəlmir. Siz onu da yaxşı bilirsiniz ki, apardığımız bu mübarizə bəzən bizim ölkəmizi böyük təhlükələr altında qoyur. Amma biz bundan da çəkinmirik, bundan da narahat deyilik. Çünki bu, bizim dövlətimizin prinsipial siyasəti, eyni zamanda əməli fəaliyyətindədir.

Ona görə, əgər Dövlət Departamenti yeni bir məlumat verirdisə, gərək bildirəydi ki, əvvəl yazılanın heç bir əsası olmayıb, səhv olubdur.

Mən bunu təsadüfi bir şey hesab etmirəm. Bu, sadəcə, Amerika Birləşmiş Ştatlarının müxtəlif dairələrində daim Azərbaycana qarşı olan ədalətsiz münasibətin təzahürüdür. Ona görə də olan olub, keçən keçibdir. Amma bir şey də var ki, yazılan pozulmur. Dövlət Departamentinin o böyük yazısı bütün dünyaya yayılıbdır və necə deyərlər, bütün arxivlərdə qalacaqdır. Bizimlə yaxşı münasibətdə olmayan dövlətlər də dərhal ondan bizə qarşı məharətlə istifadə etdilər. Amma Dövlət Departamentinin verdiyi yeni bəyanat o böyük yazını heç də tamamilə ləğv etmir. Ona görə də mən bu məsələnin müzakirəsini daha davam etdirmək istəmirəm. Sadəcə, onu deyirəm ki, biz bundan narazıyıq və sonradan verilən bəyanat da bizi qane etmir.

"Azərbaycan" qəzeti, 4 avqust 2000-ci il.