Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Azərbaycana işgüzar səfəri - 17 sentyabr 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Gürcüstan Prezidenti Eduard Şevardnadze Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün sentyabrın 17-də respublikamıza iki günlük işgüzar səfərə gəlmişdir.

Binə beynəlxalq hava limanı Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmişdi.

Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan Prezidenti Eduard Şevardnadzeni təyyarənin pilləkəni yanında böyük mehribanlıqla qarşıladı. Milli geyimli qız və oğlan dost və qonşu ölkənin dövlət başçısına gül dəstələri təqdim etdilər.

Gürcüstan prezidentinin ölkəmizə işgüzar səfərə gəlməsi münasibəti ilə uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze fəxri qarovul dəstəsinin önündən keçdilər. Gürcüstan dövlətinin başçısı Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət xadimləri Gürcüstan rəhbərinə, gürcüstanlı qonaqlar isə Azərbaycan prezidentinə təqdim olundu.

Prezidentlər hava limanının ali qonaqlar otağında hər iki ölkəni maraqlandıran məsələlər haqqında qısa fikir mübadiləsi apardılar.

Rəsmi qarşılanmadan sonra Gürcüstan Prezidenti Eduard Şevardnadze onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

AzərTAc

Azərbaycan qəzeti, 18 sentyabr 2002