Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi, tanınmış ictimai-siyasi xadim Lourens İqlberger ilə görüşdə söhbətindən - Vaşinqton, 20 fevral 2000-ci il


Lourens İqlberger: Cənab prezident, Siz gündən-günə yaxşı görünürsünüz. Prezident Bill Klintonla görüşünüz necə keçdi?

Heydər Əliyev: Siz də yaxşı görünürsünüz. Cənab Bill Klintonla görüşüm çox yaxşı keçdi. Mən çox məmnunam ki, həmin görüşdə xanım Madlen Olbrayt, cənab Sendi Berger, cənab Sestanoviç və başqaları da iştirak edirdilər. Biz əsas məsələləri ətraflı müzakirə etdik. Görək, nəticə necə olacaqdır.

Lourens İqlberger: Siz Vaşinqtonda olduğunuz müddətdə bir sıra neft şirkətləri yaxşı elanlarla çıxış etdilər.

Heydər Əliyev: Bəli, doğru deyirsiniz, Amerika şirkətləri yaxşı elanlarla çıxış etdilər. Biz Amerikanın "Konoko" şirkətinə Azərbaycanda geniş yer vermişik. "Bi-Pi/AMOKO" şirkəti mətbuat üçün geniş bir məlumat yaydı ki, Azərbaycanda yeni böyük qaz yataqları aşkar ediblər. Biz bunu bilirdik, amma onlar bu sahədə işləyib belə böyük yatağın olduğunu təsdiqləyiblər, Azərbaycandan Türkiyəyə qaz ixrac etmək imkanı qazanıblar.

İndi Azərbaycan, Xəzər dənizi dünyanın çox böyük diqqətini cəlb edir. Biz bu sahədə gözəl nailiyyətlər əldə etmişik, amma bəzi mətbuat orqanları, mərkəzlər müəyyən cəhdlər göstərirlər ki, guya bu, belə deyildir.

Mən bu gün Moskvada çıxan "Rossiyskaya qazeta"nı oxudum. Orada böyük bir material veriblər və sübut etmək istəyirlər ki, Xəzər dənizində o qədər də neft ehtiyatları yoxdur. Amma iş kimin nə yazmasında deyildir. Xəzərin Azərbaycan sektorunda böyük neft ehtiyatlarının olduğu realdır.

Lourens İqlberger: Cənab prezident, bu işlərdə şəxsən Sizin xidmətləriniz çox böyükdür, buna görə Sizi alqışlamaq lazımdır. Siz olmasaydınız, bu işlərin çoxu baş tutmayacaqdı. Mənə belə gəlir ki, bu işlərin uğurunu Sizin şəxsi uğurunuz kimi qiymətləndirmək lazımdır. Mən əminəm ki, bağlanmış müqavilələr sürətlə həyata keçiriləcəkdir, bu da öz-özlüyündə Azərbaycan hökumətinin çox böyük gəlirlər əldə etməsinə gətirib çıxaracaqdır.

(Lourens İqlberger Amerikada keçiriləcək prezident seçkiləri barədə prezident H.Əliyevə məlumat verir).

Lourens İqlberger: Bildiyiniz kimi, mən respublikaçıyam. İstərdim ki, senator Makkeyn qalib gəlsin. Amma Cənubi Karolina ştatında onun dünənki məğlubiyyəti işləri çox pisləşdirdi. Qubernator Buş bu işdə sanki hər zaman irəlidə idi. Dünənki seçki onu göstərir ki, qubernator Buş, deyəsən, Respublikaçılar Partıyasından prezidentliyə namizəd olacaqdır. Amma hər halda mən senator Makkeyn üçün çalışmağımı davam etdirəcəyəm.

Cənab prezident, istəyirəm Sizə məlumat verim, - qarşıdan gələn noyabr ayında Respublikaçılar Partiyasının nümayəndəsi Ağ evdə prezident olacaqdır. Gərək Siz burada yeni Amerika prezidenti ilə dostluğa başlayasınız.

Heydər Əliyev: Mənim burada sizin kimi dostum vardır.

Lourens İqlberger: Doğrudur. Siz vitse-prezident Albert Qoru yaxşı tanıyırsınız. Əgər o qalib gəlsə, onda problem olmayacaqdır. Mən söz və təminat verirəm ki, əgər Amerikanın növbəti prezidenti respublikaçı seçilsə, o, Azərbaycanın və prezident Heydər Əliyevin dostu olacaqdır.

Heydər Əliyev: Çox sağ olun.

Lourens İqlberger: Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər elə bir səviyyəyə çatıbdır ki, Amerikada hansı partiyanın nümayəndəsinin prezident seçilməsindən asılı olmayaraq, biz belə hesab edirik ki, - yəqin siz də mənim bu fikrimə şəriksiniz - ölkələrimizin münasibətləri hər iki tərəf üçün çox böyük əhəmiyyət daşıyır.

Hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq bizim burada görəcəyimiz işlər hələ çoxdur. Birincisi, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında tamamilə açıq münasibətlər yaradılmasına qoyulmuş məhdudiyyətlər aradan qaldırılmalıdır. Hansı prezident olmasından asılı olmayaraq bu, baş verəcəkdir.

İkincisi - ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin daha da genişləndirilməsi məsələsidir. Neft şirkətləri barədə Sizin indi mənə söylədikləriniz bu işə mütləq yardım göstərəcəkdir. Biz Sizə kömək etməliyik ki, qaçqınların problemi tamamilə həll olunsun. Bu məsələ də Amerikada hansı partiyanın nümayəndəsinin prezident seçilməsindən asılı deyildir. Ümumiyyətlə, hesab edirəm ki, ölkələrimiz arasındakı münasibətlər indi yaxşıdır, gələn il isə daha da yaxşı olacaqdır. Əgər Amerikada prezident respublikaçı olsa, mən Sizə təminat verirəm ki, bu münasibətlər indikindən daha yaxşı olacaqdır.

Heydər Əliyev: Əziz dostum, çox sağ olun. Mən sizin fikirlərinizlə tamamilə razıyam. Çünki son 5-6 ildə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında çox geniş əlaqələr yaranıbdır. Amerika Birləşmiş Ştatlarının hökuməti Qafqaz, Xəzər dənizi hövzəsi, Cənubi Qafqaz problemi ilə məşğul olaraq burada Azərbaycanın tutduğu yerin, oynadığı rolun nədən ibarət olduğunu yaxşı dərk edir.

Amerikanın neft şirkətləri ilə imzaladığımız müqavilələrin müddəti 30-40 ildir. Bəzi şirkətlər əvvəlki illərdə Azərbaycanda yaranmış sabitliyin daimi olub-olmayacağından narahat idilər. Düşünürdülər ki, Azərbaycanda hakimiyyət dəyişikliyi onların gördüyü işə zərər vura bilərmi? Biz gördüyümüz işlərlə onları inandırdıq. İndi şübhə edən yoxdur ki, Azərbaycanda sabitlik daimi olacaqdır və şirkətlər səmərəli işləyəcəklər.

Təbiidir ki, biz də Amerika Birləşmiş Ştatlarında siyasətin sabitliyini istəyirik. Dediyiniz kimi, indi ölkələrimiz arasında elə əlaqələr qurulmuşdur ki, Ağ evdə respublikaçının, yaxud demokratın prezident olması Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında yaranmış əlaqələri poza bilməz, bu əməkdaşlıq inkişaf etdirilməlidir.

Lourens İqlberger: Cənab prezident, doğru deyirsiniz. Təkcə bu münasibətlər yox, həmçinin hər iki ölkənin maraqları da böyük əhəmiyyət daşıyır. Çox gərgin bir regionda yerləşən Azərbaycanın müstəqilliyi də bu məsələlərin bir hissəsidir

Heydər Əliyev: Bəli, doğrudur. Biz Amerika Birləşmiş Ştatlarına çox etibar edirik ki, əgər Azərbaycanın müstəqilliyinə hər hansı bir təcavüz olunarsa, Amerika gərək ölkəmizin arxasında dayansın.

Siz mənim dostumsunuz, mən arzu edirəm ki, siz istədiyiniz olsun, amma axırda fərqi yoxdur.

Lourens İqlberger: Doğru deyirsiniz, ölkələrimiz arasındakı münasibətlər baxımından bunun heç bir fərqi yoxdur.

Cənab prezident, bir məsələni də demək istəyirəm. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları gərək bu məsələdə səylərini daha da artırsın. Bu da boru kəməri məsələsidir. Bu boru kəməri məsələsinin həll olunması üçün biz gərək mütləq əlavə səylər qoyaq.

Bir halda ki, bu boru kəmərinin haraya çəkilməsi barədə fikrimizi artıq müəyyənləşdirmişik və istəyiriksə bu boru kəməri məhz həmin istiqamətdə çəkilsin, - səmimi söyləyirəm, - gərək biz bunun pulunu ödəyək. Biz bunu maliyyələşdirməliyik. Bu, mənim şəxsi fikrimdir. Amerikanın gələcək hökumətinin bu fikri bölüşüb-bölüşməyəcəyi barədə hələlik bir söz deyə bilmərəm. Lakin şəxsən mən hesab edirəm ki, biz bu boru kəmərinin maliyyələşdirilməsinə ciddi surətdə qoşulmalıyıq.

Heydər Əliyev: Siz tamamilə doğru deyirsiniz. Bu, əsas məsələlərdən biridir. Əgər lazımi maliyyələşdirmə olmasa, ötən beş ildə bizim apardığımız mübarizə nəticəsiz qalacaqdır.

Lourens İqlberger: Mən ona görə deyirəm ki, bir halda Amerika Birləşmiş Ştatları bu boru kəməri barədə fikirlərini müəyyənləşdiribsə, gərək həmin kəmərin çəkilməsi xərcinin azaldılmasına yardımçı olsun.

Cənab prezident, bu işgüzar səfəriniz zamanı həmin məsələlərin həllində Amerikanın Sizə yardımı barədə bir problemlə qarşılaşmadınız ki?

Heydər Əliyev: Yox, mən bu işgüzar səfərimdə qarşıya qoyduğum məsələləri həll etdim. Amma sizin dəstəyinizə bizim həmişə ehtiyacımız vardır. Amerika bizim strateji dostumuzdur. Ona görə də bu dostluq müvəqqəti xarakter daşımır, müəyyən bir zaman çərçivəsində deyil.

Cənab İqlberger, mən ümid edirəm ki, seçkilərdən sonra siz Azərbaycana səfərə gələrsiniz. Mən sizi ölkəmizə dəvət edirəm.

Lourens İqlberger: Mən məmnuniyyətlə Azərbaycana gəlmək istəyərdim. Axırıncı dəfə mən Azərbaycanda çox qısa bir müddətdə oldum.

Heydər Əliyev: Bəli, o vaxt səfəriniz çox qısa oldu. Amma bu dəfə xanımınızı da gətirin, Azərbaycanla daha yaxından tanış olun. Mən sizi dəvət edirəm.

Lourens İqlberger: Cənab prezident, mən Sizin ölkəni birinci dəfə ziyarət edəndə qaçqın düşərgələrində oldum. Soruşmaq istəyirəm ki, onların doğma yerlərinə qayıtması məsələsinin həllində bir irəliləyiş varmı?

Heydər Əliyev: Bilirsiniz ki, son vaxtlar, yəni ötən ilin aprel ayında Vaşinqtonda NATO-nun 50 illik yubileyində iştirak edərkən mən Ermənistan prezidenti Robert Koçaryanla bilavasitə görüşlərə başladım. Biz sonra bir neçə görüş keçirdik. Hər iki tərəf belə fikrə gəldi ki, bu məsələni həll etmək üçün qarşılıqlı kompromislərə getmək lazımdır. Biz bu kompromisləri araşdırdıq. Ancaq bilirsiniz ki, ötən ilin oktyabr ayında Ermənistanın parlamentində böyük bir terror hadisəsi oldu. Ondan sonra vəziyyət bir qədər dəyişdi. Amma bu məsələ sülh danışıqları prosesini dayandırmayıbdır.

Biz həm də Minsk qrupu həmsədrlərinin apardığı işə böyük ümid bəsləyirik. Ötən ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşündə mən Amerika prezidenti Bill Klintonla, Fransa prezidenti Jak Şirakla bu barədə çox ətraflı danışdım. Sonra mən Moskvada olarkən Rusiya prezidentinin səlahiyyətlərini icra edən Putinlə də danışıqlar apardım. Bilirsiniz ki, bu üç ölkə Minsk qrupunun həmsədrləridir. Prezident Robert Koçaryan da belə görüşlər keçirdi. Ona görə də mən ümid edirəm ki, prezident Robert Koçaryanla mənim görüşlərim bundan sonra da davam edəcəkdir və Minsk qrupu da öz işini görəcəkdir. Biz bunların hamısını birləşdirməliyik.

Mən demişəm, bu gün bir daha bildirirəm ki, bu münaqişəni yalnız sülh yolu ilə həll etmək mümkündür. Bunun üçün də imkanlar görünür. Mən prezident Bill Klintonla Ağ evdə keçirdiyim görüşdə bu barədə ətraflı danışdım.

Lourens İqlberger: Bilirəm ki, siz bu məsələnin həll olunması üçün gecə-gündüz çalışırsınız, çoxlu səylər qoyursunuz. Biz də ümid bəsləyirik ki, Sizin keçirdiyiniz görüşlər, apardığınız danışıqlar uğurla başa çatacaqdır. Çünki məzlum insanların - qaçqınların öz yerlərinə-yurdlarına qayıtması çox vacibdir, lazımdır.

Heydər Əliyev: Bəli, biz bu işlərdə də sizə, Amerikaya arxalanırıq.

"Azərbaycan" qəzeti, 23 fevral 2000-ci il.