Azərbaycan Prezidenti Heydər Əliyevin Gəncə şəhəri sakinləri qarşısında nitqi - 24 may 2000-ci il


Əziz gəncəlilər!

Əziz bacılar, qardaşlar!

Əziz dostlar!

İki gündür ki, mən Gəncə şəhərindəyəm, sizinlə bir yerdəyəm. Mən dünən Gəncə torpağına endim, sonra bir neçə saat Şəmkir rayonunda Yenikənd Su Elektrik Stansiyasının açılışı ilə əlaqədar olan mərasimdə iştirak etdim, Şəmkir Su Elektrik Stansiyasını ziyarət etdim. Ondan sonra Gəncəyə döndüm. "Büllur" zavodunda oldum, Gəncədə gecələdim və bu gün səhərdən yenə də sənaye müəssisələrindəyik. Gil-Torpaq İstehsalat Birliyində olmuşuq, "Cihaz" İstehsalat Birliyində olmuşuq, hərbi hissədə olmuşuq və ən əsas odur ki, daha Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişəm.

Bu iki gün müddətində mənim sizinlə - Gəncənin sakinləri ilə hədsiz görüşlərim olubdur. Hər dəfə görüşərkən ürəyimdə olan sözləri demişəm. Bu iki gündə mənim burada - Gəncədə Şəmkirdə dediyim sözləri yığsanız, bilmirəm, nə qədər olacaqdır. Ancaq ən əsası odur ki, buraya ayağım dəyəndən indiyə qədər Gəncənin sakinləri tərəfindən mənə olan böyük hörmətin, ehtiramın, sevginin və məhəbbətin şahidi olmuşam.

Mən şəhərdə hərəkət edərkən bütün küçələrin sağında da, solunda da insanlar məni salamlayıblar. Mən də çox böyük məhəbbətlə onları salamlamışam. Bəlkə də mən bu gün Gəncə şəhərinin ahəngini bir az pozmuşam. Çünki hansı küçə ilə gedirdim, hara ilə gedirdim, - görürdüm insanlar var, kiçik uşaqlardan başlamış ağsaqqallara qədər. Mən bu məhəbbətə görə, bu sevgiyə görə çox həyəcanlanmışam və ona görə də sizin hamınızı səmimi qəlbdən salamlayaraq, mənə göstərilən bu qoanqpərvərliyə görə, mənə göstərilən bu xoş münasibətə görə, mənə göstərilən bu məhəbbətə görə sizə, bütün gəncəlilərə bir daha, bir daha təşəkkür edirəm.

Hər dəfə Gəncəyə gəlişim, ziyarətim məni sevindirib, məndə ruh yüksəkliyi əmələ gətirib və Gəncədə mən həmişə xoş əhval-ruhiyyə, çox böyük qonaqpərvərlik görmüşəm. Mən birinci dəfə deyil ki, Gəncəyə gəlmişəm. 50-ci illərdə də, 60-cı illərdə də və xüsusən 1969-cu ildən sonra Azərbaycana rəhbərlik etdiyim zamanlarda da Gəncəyə gəlmişəm. Gənc vaxtlarımda da Gəncədə olmuşam. Gəncə sizin üçün sevimli bir şəhər olduğu kimi, mənim üçün də sevimli bir şəhərdir. Çünki Gəncə böyük mədəniyyət mərkəzidir və Azərbaycan mədəniyyətinin qədim tarixini dünyaya nümayiş etdirən bir şəhərdir.

Biz bu yaxınlarda "Kitabi-Dədə-Qorqud" dastanının 1300 illik yubileyini böyük ruh yüksəkliyi ilə, türkdilli dövlətlərin başçılarının iştirakı ilə bir çox qitələrdən gəlmiş qonaqlarla birlikdə təntənəli keçirdik. Bu, həqiqətən Azərbaycan xalqının 1300 illik tarixini, yəni yazılı kitab tarixini bütün dünyaya nümayiş etdirdi və göstərdi ki, Azərbaycan xalqı qədim xalqdır, Azərbaycan xalqı qədim, zəngin mədəniyyətə malik olan xalqdır. Azərbaycan xalqı dünya mədəniyyətinə çox dəyərli töhfələr vermiş və Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyatı dünyanın bir çox ölkələrinə öz təsirini göstərmişdir.

Bu sırada Nizami Gəncəvi bizim zəngin mədəniyyətimizin tarixinin parlaq nümunəsidir. Nizami Gəncəvi bu torpaqda yaşayıb, bu torpaqda öz dahiliyini göstərib, bu torpaqda öz ölməz əsərlərini yaradıbdır. Elə bir buna görə - Nizami Gəncəviyə görə Gəncə şəhəri böyük keçmişə malik olan şəhərdir və böyük hörmətə malik olan şəhərdir. Ona görə də mən həmişə Gəncəyə gələrkən Nizami yurduna gəlirəm. Nizami şəhərinə gəlirəm və bu məni bir vətənpərvər azərbaycanlı kimi həmişə sevindirir.

Ancaq Gəncə təkcə Nizami Gəncəvi ilə məşhur deyil. Gəncə Azərbaycan xalqının çox böyük, dahi şəxsiyyətləri ilə məşhurdur. Onları siz yaxşı bilirsiniz. Vaxt alıb o barədə geniş danışmağa ehtiyac duymuram. Amma Gəncə Azərbaycanda ilk dəfə 1918-ci ildə dövlət müstəqilliyini elan etmiş xalq cümhuriyyətinin ilk yerləşdiyi şəhər olubdur. Biz Azərbaycanın dövlət müstəqilliyi bayramının ərəfəsindəyik. 28 May Azərbaycanın istiqlaliyyət günüdür. Respublika günüdür. 1918-ci ildə bu gün Azərbaycanın mütəfəkkir insanları, vətənpərvər insanları Tiflisdə Azərbaycanın dövlət müstəqilliyini elan ediblər və Azərbaycan dünyaya bir müstəqil dövlət kimi bəyan olunubdur. Ancaq o vaxt Bakı düşmən işğalı altında olduğuna görə onlar Bakıya gedə bilməyib, gəlib Gəncədə yerləşiblər. Gəncədə öz fəaliyyətlərini həyata keçiriblər. May ayından sentyabr ayına qədər müstəqil Azərbaycan dövlətinin - xalq cümhuriyyətinin birinci paytaxtı Gəncə olubdur.

Bilirsiniz ki, həmin xalq cümhuriyyətinin yaranmasında çox dəyərli fəaliyyət göstərmiş və xalq cümhuriyyətinin yaratdığı ilk hökumətin üzvlərinin bir neçəsi məhz gəncəlilər olubdur. Gəncə torpağında doğulmuş, yaşamış və Azərbaycanın müstəqilliyi uğrunda çalışmış insanlar olubdur.

Gəncənin çox zəngin tarixi var. Ancaq XX əsrdə Gəncə böyüyüb, inkişaf edib, böyük və gözəl bir şəhərə çevrlibdir. Biz indi danışırdıq, - Gəncədə böyük sənaye müəssisələri yaranıbdır, onlar insanlara iş yeri açıbdır. Ancaq indi keçid dövründə onların bəziləri işləmir, iqtisadiyyatda çətinliklər var. Biz indi müşavirə zamanı bu məsələlərə baxdıq. Mən özümlə buraya bir neçə nazir də gətirmişəm və onlar burada hesabat verdilər, Gəncənin bəzi problemlərinin həll olunması barəsində öz vəzifələri haqqında məlumat verdilər. Birinci növbədə, mənim məqsədim ondan ibarətdir ki, gələn payız-qış mövsümündə Gəncə şəhərinin elektrik enerjisi ilə fasiləsiz təchiz olunmasını təmin edim.

Dünən biz Şəmkir rayonunda, Kür çayının üzərində tikdiyimiz Yenikənd Su Elektrik Stansiyasının açılışını bayram etdik. Bilirsiniz, mən Yenikənd Su Elektrik Stansiyasının tikilməsi haqqında hələ 1979-cu ildə qərar vermişdim. Sonra onun tikintisinə başlanmışdı. Ancaq sonrakı illərdə tikinti dayanmışdı. 1994-cü ildən başlayaraq mən bu tikintini yenidən aparmaqla məşğul oldum. Vəsaitimiz olmadığına görə Avropa Yenidənqurma və İnkişaf Bankına müraciət etdim. 53 milyon dollar kredit aldıq və o kreditin vasitəsilə su elektrik stansiyası tikildi.

Mən dünən böyük fərəh hissi keçirdim. Çox gözəl, müasir texnologiyaya uyğun su elektrik stansiyası yaratmışıq. İndi o, 112 meqavat elektrik enerjisi verir. Amma bu yaxın vaxtlarda, bir neçə aya bir blokun da - dördüncü blokun da işə düşməsi təmin olunacaq, stansiya 150 meqavat elektrik enerjisi istehsal edəcəkdir. Bilin ki, Yenikənd Su Elektrik Stansiyasında istehsal olunan bütün elektrik enerjisi Gəncəyə verilir və Gəncəyə veriləcəkdir. Ancaq bununla sizin tələbatınızın hamısı ödənmir.

Bu gün "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti İmanov məlumat verdi ki, vaxtilə Gəncəyə cəmi 160 meqavat elektrik enerjisi verilirdi. Bu, həm sənayenin, həm də bütün insanların məişət tələblərini ödəyirdi. Amma indi 260, bəlkə ondan da çox elektrik enerjisi lazımdır ki, Gəncənin tələbatını ödəsin. Nə üçün belə olubdur? Bir tərəfdən sənaye müəssisələri işləmir, demək, onlar əvvəlki qədər elektrik enerjisindən istifadə etmir. Amma eyni zamanda, elektrik enerjisinə tələbat artıbdır. Çünki sizin hər biriniz evinizdə müxtəlif qurğular qurmusunuz, payız-qış vaxtı mənzilinizdə istiliyi təmin edirsiniz, isti su əldə edirsiniz. Bunlar da hamısı elektrik enerjisi vasitəsilə olur. Beləliklə, tələbatınız artır. Mənə söz verdilər ki, sizin bu artan təlabatınız oktyabr ayında tamamilə təmin olunacaqdır. Ancaq mən sizdən xahiş edirəm, - daha dayanın, tələbatınızı artırmayın. Çünki onda siz bizim üçün daha da böyük çətinliklər yaradacaqsınız.

Doğrudur, biz yeni elektrik stansiyaları yaratmağa çalışırıq.

Məsələn, Kür çayının üzərində layihəsi vaxtilə 70-ci illərdə hazırlanmış Tovuz Su Elektrik Stansiyası tikilməlidir. O, 360, ya 380 müqavat elektrik enerjisi verəcəkdir. Ancaq onun tikilməsi üçün 200 milyon dollar vəsait lazımdır. İndi bizim bu vəsaitimiz yoxdur. Gərək kredit axtaraq, kredit götürək, ondan sonra onun tikilməsinə başlayaq. İndiki dövrdə, bilirsiniz, bizim qarşımızda çox çətinliklər var. Ancaq bir şeyi bilməlisiniz: əgər 70-ci illərdə Azərbaycanın elektrik enerjisi ilə təmin olunması haqqında geniş bir proqram yaratmasaydıq və o proqramı həyata keçirməsəydik, indi Azərbaycan elektrik enerjisinə olan tələbatının heç 30 faizini də ödəyə bilməzdi. Məhz o illərdə biz irəliyə baxırdıq, düşünürdük ki, Azərbaycanın elektrik enerjisindən asılılığını təmin etmək lazımdır. Baxmayaraq ki, o illərdə SSRİ-nin vahid elektrik enerjisi sistemi var idi. Harada istehsal olunmasına baxmayaraq, SSRİ-nin hər yerinə istənilən qədər elektrik enerjisi verilirdi. Ancaq biz onunla rahat olmadıq. Biz özümüz Azərbaycanda böyük elektrik stansiyaları yaratdıq, Mingəçevirdə əlavə 8 elektrik stansiyası yaratdıq. Onların hər biri 350 meqavat elektrik enerjisi verir. Əgər biz onları yaratmasaydıq, başqa tədbirləri görməsəydik və o vaxt Kür çayı üzərində Şəmkir Su Elektrik Stansiyasını yaratmasaydıq, indi biz elektrik enerjisindən asılı olacaqdıq: haradan alaq, kimdən alaq, bizə bu elektrik enerjisini kim verəcək? Verən də onun parasını istəyir, haqqını istəyir. Buna da bizim imkanımız yoxdur.

Mən bu gün çox xoşbəxtəm, böyük fərəh hissi keçirirəm ki, o illərdə Azərbaycanın bu günü, müstəqilliyi haqqında düşünmüşəm və Azərbaycanın elektrik enerjisindən asılısızlığını təmin etmək üçün böyük bir proqram tərtib edib onun həyata keçirilməsinə nail olmuşam. Ona görə də indi biz Azərbaycanı elektrik enerjisi ilə təmin etmək iqtidarındayıq.

Xatirinizdədir, 70-ci illərdə biz Azərbaycanın hər yerini qazla təmin etdik. Ən ucqar kəndlər qazla təmin olundu, dağ kəndləri də qazla təmin olundu. Çünki o vaxt Azərbaycan özü də ildə 16 milyard kubmetr qaz hasil edirdi. Biz 2 milyard kubmetr də Rusiyadan alırdıq və Azərbaycanda sürətlə qazlaşdırma prosesi həyata keçirdik. Biləsiniz ki, biz o vaxtlar bütün Azərbaycan ərazisini qazla təmin etmək üçün yerin altına nə qədər qaz boruları düzdük. Ancaq indi Azərbaycan ildə cəmi 6 milyard kubmetr qaz hasil edir, tələbat ödənmir. Gəncə tamam qazlaşdırılmışdı. Ancaq bu, sonrakı illərdə dayandırıldı. Biz 1996-cı ildən başlayaraq, 1997-1998-ci illərdən başlayaraq Gəncənin qazla təmin edilməsi ilə məşğul oluruq.

"Azəriqaz" Səhmdar Cəmiyyətinin prezidenti də buradadır. Mən bu gün onu da dinlədim. O mənə dedi ki, şəhərdə 15 min abonent qazla təmin olunur və payıza qədər daha 10 min abonent qazla təmin ediləcəkdir. Beləliklə, Gəncənin böyük bir hissəsini qazla təmin edirik və edəcəyik. Ancaq bu da kafi deyil.

Bilirsiniz ki, biz dünyanın böyük neft şirkətləri ilə müqavilələr imzalamışıq. İndi o müqavilələr həyata keçirilir. Bir tərəfdən, bir neçə ildən sonra biz o müqavilələrdən böyük gəlir əldə edəcəyik, ikinci tərəfdən də 7-8 ay bundan öncə o müqavilələrdən birini həyata keçirərək, Azərbaycanın Xəzər dənizindəki sektorunda böyük qaz yatağı - "Şahdəniz" yatağını aşkar etmişik. Oradan hasil olan qazla biz nəinki Azərbaycanı təmin edəcək, hətta onu dünya bazarına çıxarmağa imkanımız olacaqdır. Amma bunun üçün də üç-dörd il vaxt lazımdır.

Beləliklə, bilirsiniz, bu problemləri biz aybaay, günbəgün, ilbəil həll edirik və həll edəcəyik. Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət, Azərbaycan dövlətinin yeni neft strategiyası və qarşıdan gələn illərdə ondan alacağımız gəlirlər Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcək və Azərbaycan vətəndaşlarının rifah halını yaxşılaşdıracaqdır.

Bir bu deyil. Biz geniş miqyasda islahatlar həyata keçiririk. Torpaq islahatı həyata keçirildi və onun nəticəsində indi Azərbaycanda ərzaq problemi yoxdur. Xatirinizdədir, vaxtilə 70-ci illərdə, elə mən Azərbaycanda işləyən zaman mağazalarda əti bəzi yerlərdə talonla verirdilər. Onlar xatirinizdədir. Ət çatışmırdı, dövlət bunu təmin edə bilmirdi. Çünki Azərbaycan belə ixtisaslaşmışdı ki, o, heyvandarlıqla o qədər məşğul olmurdu, pambıqçılıqla, üzümçülüklə məşğul olurdu. Ət, yağ məhsullarını biz Rusiyadan, Ukraynadan alırdıq. Onlar da ilbəil bunu azaldırdılar. Ona görə biz əhalinin tələbatını ödəyə bilmirdik.

Amma indi torpaq islahatı keçirdik, torpağı kəndlilərə payladıq. Onlar torpaqdan öz bildikləri kimi, səmərəli istifadə edirlər: buğda da istehsal edirlər, meyvə də istehsal edirlər, tərəvəz də istehsal edirlər və heyvandarlıq məhsulları bir neçə dəfə artıbdır. Ona görə indi bazarlarda ət problemi yoxdur. Bakıda bazarda indi hara baxsan ətdir. Hara baxsan ərzaq məhsullarıdır. Bunlar hamısı Azərbaycanda istehsal olunur. Yəni bu, bizim həyata keçirdiyimiz torpaq islahatının çox gözəl nəticəsidir.

Amma torpaq islahatı bizim ümumi islahatlarımızın bir hissəsidir. Digər hissəsi isə dövlətə mənsub olan başqa sahələri özəlləşdirməkdən ibarətdir.

Kiçik və orta özəlləşdirmə həyata keçirilibdir. Burada məlumat verdilər, - Gəncədə də ticarət özəlləşdirilib, çörək təminatı özəlləşdirilibdir və çörək problemi yoxdur. Mən Azərbaycan prezidenti kimi, 1993-1994-cü illərdə, hətta 1995-ci ildə gündə bir neçə saat çalışırdım ki, əhalini çörəklə necə təmin edək. Amma indi bu vəzifə mənim üzərimdən götürülübdür. Ərzaq məsələsi üzərimdən götürülübdür. Çünki özəl sektor artıq bunu təmin edir: həm çörək, həm başqa ərzaq məhsulları, xüsusən ət, yağ, süd, məhsulları.

Demək, bu yol düz yoldur. Biz bu yol ilə gedirik və gedəcəyik. Ona görə də biz özəlləşdirmənin artıq ikinci mərhələsini başlayırıq. Bu barədə Milli Məclis qanun qəbul edibdir. Biz yaxın vaxtlarda dövlət proqramını elan edəcəyik. Mən fərman verəcəyəm və özəlləşdirmə geniş miqyasda həyata keçiriləcəkdir.

Bu sahədə Gəncədə də böyük işlər görüləcəkdir. Mən bu gün burada dövlət əmlakı nazirinin məlumatını dinlədim. Bir neçə yaxşı təklif var, onları həyata keçirmək lazımdır. Bu təkliflərin həyata keçirilməsi Gəncənin həm inkişafının təmin edilməsinə, həm şəhərin sosial problemlərinin həllinə, həm də insanların rifah halının yaxşılaşdırılmasına kömək göstərəcəkdir.

Ölkəmizin iqtisadiyyatının inkişafı nəticəsində biz dövlət büdcəsindən maliyyələşən işçilərin maaşlarını, pensiyalarını vaxtlı-vaxtında ödəyirik. Bu gün mənə məlumat verdilər ki, Gəncədə may ayının maaşları, pensiyaları verilibdir. Bilin, bu da asan məsələ deyil. Keçmiş Sovet İttifaqına mənsub olan respublikaların, qonşu ölkələrin bir çoxunda dövlət büdcəsindən maliyyələşdirilən vətəndaşlar maaşlarını 4-5 ay, pensiyalarını 5-6 ay ərzində ala bilmirlər. Amma biz bunu təmin edirik. Nəyə görə təmin edə bilirik? Çünki biz düzgün iqtisadi siyasət aparırıq. Bunun da nəticəsində Azərbaycanın dövlət büdcəsinin gəlir hissəsi təmin olunur və əldə edilən gəlirlər hesabına maaşları, pensiyaları vaxtlı-vaxtında ödəyirik.

Bir sözlə, Azərbaycan keçid dövrünü yaşayır. Qarşımızda çoxlu vəzifələr var. Ancaq bu vəzifələri yerinə yetirmək üçün böyük imkanlarımız da, ən əsası odur ki, vətəndaşlarımızda böyük ruh yüksəkliyi və nikbinlik vardır. Mən bu nikbinliyi tam əsaslı hesab edirəm və biz bu nikbinliklə Azərbaycanın həm müstəqilliyini qoruyub saxlayacağıq, həm də onun iqtisadiyyatını daim inkişaf etdirəcəyik. Beləliklə də insanların rifah halı yaxşılaşacaqdır.

Ancaq bunun üçün əsas şərt ondan ibarətdir ki, biz Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirmişik. Mən 1993-cü il iyunun 13-də Gəncə şəhərinə gəlmişdim. Yadınızdadır ki, Gəncə nə vəziyyətdə idi, küçəyə çıxmaq mümkün deyildi. Mən buraya gəldim. Gəncəni işğal etmiş Surət Hüseynovun hərbi hissələri şəhərin hər yerini tutmuşdu.

Bilirsiniz ki, iyunun 4-də Gəncədə vətəndaş müharibəsi olmuşdu, qan tökülmüşdü, çoxsaylı insanlar həlak olmuşdu. Azərbaycanda dövlət böhranı yaranmışdı. Azərbaycanın o vaxtkı iqtidarı dövləti idarə edə bilmirdi. Ona görə də Azərbaycanın bir çox ziyalıları, ağsaqqalları mən - onda mən Naxçıvanda yaşayırdım - müraciət etdilər və məni Bakıya dəvət etdilər. Təkcə onlar yox, o vaxt iqtidarda olanlar da vəziyyətin çıxılmaz olduğunu görərək mənə müraciət etdilər və çox xahiş etdilər ki, mən Bakıya gəlim. Mənimlə dörd gün danışıqlar aparıldı. Mən gəlmək istəmirdim.

İyunun 9-da Bakıya gəldim. Vəziyyət həddindən artıq çətin idi. Azərbaycanın daxilində silahlı dəstələr hakimiyyət uğrunda bir-biri ilə vuruşurdu. İqtidar artıq öz hakimiyyətini saxlaya bilmirdi. Bu imkandan istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını ardıcıl surətdə işğal edirdi.

Belə bir vəziyyətdə hər tərəfdən müraciət olundu ki, mən Azərbaycanın bu vəziyyətdən çıxması üçün öz xidmətlərimi göstərim. Ancaq mən vəziyyəti qiymətləndirəndən sonra dedim ki, əgər Gəncəyə getməsəm, münaqişənin başlandığı həmin yerdə olmasam, orada insanlarla görüşməsəm, bu vəzifəni üzərimə götürə bilmərəm.

İyunun 13-də mən Gəncəyə gəldim. Biz birbaşa qonaq evinə gəldik. Qonaq evini dörd təərəfdən mühasirəyə almış Surət Hüseynovun ordu hissələri bizi içəri buraxdılar, amma eşiyə buraxmırdılar. Biz orada gecə səhərə qədər danışıqlar apardıq. İndi olan-olub, keçən-keçib, danışmalıyam. Arxamda Surətin avtomatı kürəyimə tutmuş iki banditi dayanmışdı. Yəni mən danışıq aparırdım, onlar da mənim arxamda dayanmışdılar, avtomatı da mənim kürəyimə dirəmişdilər. İndi görün, mən hansı bir şəraitdə danışıq aparmışam. Onlar avtomatı hər dəqiqə hərəkətə gətirə bilərdilər və mən həmin gecə məhv ola bilərdim.

Mən gecə səhərə qədər danışıqlar apardım. Xahiş etdim ki, şəhərə çıxıb insanlarla görüşmək istəyirəm. Amma mənə imkan vermədilər. Dedilər ki, şəhərdə vəziyyət çox təhlükəlidir, ona görə də biz sizin həyatınızın təhlükəsizliyini təmin edə bilmərik. Dedim ki, onda məni döyüş yerlərinə - harada ki, qan tökülüb, dağıdılıb - aparın. Məni oraya da aparmaq istəmirdilər. Amma mən oraya gəldim. Həmin yeri 10-15 dəqiqə idi ki, müşahidə edirdim, bir də gördüm o tərəfdən, bu tərəfdən atəş açıldı. Bilmədim ki, hara və kimə atəş açırlar. Dedilər ki, vəziyyət gərginləşibdir, artıq siz burada qala bilməzsiniz. Mən onsuz da işimi qurtarmışdım, Bakıya dönməli idim. Amma mən həmin atəş açılan yerdən ağır bir şəraitdə çıxdım və Bakıya döndüm.

Bizim müxbirimiz Elmira Axundova gərək ki, bizimlə bərabər buraya gəlibdir. O vaxt Gəncəyə gələndə məni çoxlu jurnalist müşayiət edirdi, onlardan biri də Elmira Axundova idi. O zaman nə qədər dəhşətli bir vəziyyət idi!

Yəni mən xeyirxah işlərdən ötrü Gəncəyə çox gəlmişəm. 1993-cü ilin iyun ayında da Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün şəxsi həyatımı təhlükə altında qoyaraq buraya gəlmişdim. O vaxt mən burada danışıqlar apardım, Bakıya döndüm. Bakıya gedərkən yolda bizim qarşımızı iki dəfə kəsdilər. Bizi şəhərə buraxmaq istəmirdilər. Mən birtəhər gedib Bakıya çatdım, belə bir ağır vəziyyətdə mən Azərbaycana rəhbərlik etmək vəzifəsini öz üzərimə götürdüm.

Ağır vəziyyət təkcə Gəncədə yaranmamışdı. O vaxt qanunsuz silahlı dəstələr Azərbaycanın rayonlarının əksəriyyətini əllərinə keçirmişdilər. İqtidarda olan Xalq Cəbhəsi tərəfindən təyin olunmuş icra hakimiyyəti başçıları Surət Hüseynovun dəstələri gələn kimi qaçmışdılar. Bax, ölkə belə bir ağır vəziyyətdə idi.

Bəli, biz sizinlə birlikdə belə bir ağır dövr yaşadıq. 1993-cü il, 1994-cü il, 1995-ci il hadisələri yadınıza gəlir. 1994-cü ilin oktyabr hadisələri - dövlət çevrilişinə cəhd Gəncədən başlandı. 1995-ci ildə də dövlət çevrilişinə cəhd göstərildi. Biz bunların hamısının öhdəsindən gəldik, dövlət çevrilişinə cəhdlərin qarşısını ala bildik. Nə üçün ala bildik? 1994-cü ilin oktyabr ayında böyük silahlı dəstələr dövlət çevrilişinə cəhd göstərərkən mən - heç bir dəstəsi olmayan, heç bir ordusu olmayam insan - bu çevrilişə cəhdin qarşısını nə üçün ala bildim? Nə üçün? Çünki mənim arxamda xalq var idi, çünki mənim arxamda siz var idiniz.

Mən televiziya ilə xalqa müraciət etdim. Prezident sarayının qarşısına gecə iki saat içərisində 500 min insan toplaşdı. Təkcə orada yox, Azərbaycanın bütün şəhərlərində, - mən bilirəm, o cümlədən Gəncədə də - insanlar küçələrə çıxdılar, Azərbaycanın dövlətçiliyini və şəxsən Heydər Əliyevi müdafiə etməyə qalxdılar. Bax, mənim gücüm bundan ibarətdir.

O vaxt xalqımızın, sizin mənə göstərdiyiniz etimada arxalanaraq Azərbaycanı ağır vəziyyətdən çıxarmışam. Ötən yeddi ildə ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradaraq Azərbaycanın müstəqilliyini qoruyuruq, yaşadırıq və bundan sonra da sizinlə birlikdə, sizin gücünüzlə, dəstəyinizlə yaşadacaqığ.

Ölkəmizdə islahatları həyata keçirmək, keçid dövrünü ağrısız başa vurmaq, onun çətinliklərinin öhdəsindən gəlmək üçün birinci növbədə Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək lazımdır. Biz bunu yalnız 1995-ci ildə həll edə bildik. Ölkəmiz 1993-cü ildən 1995-ci ilə qədər ağır bir dövr yaşadı. Amma o vaxtdan indiyə qədər ölkəmizin hər yerində ictimai-siyasi sabitlik bərqərar olubdur, - rahat yaşayırsınız, gəzirsiniz, qanunsuz silahlı dəstələr sizi incitmir, hüquqlarınıza toxuna bilmir. Gecə də, gündüz də - nə vaxt istəsəniz şəhərinizdə rahat gəzə bilirsiniz. Siz müstəqil Azərbaycanda, onun torpağında belə azad, sərbəst yaşayırsınız. Bu, mənim üçün ən böyük xoşbəxtlik, ən böyük nailiyyətdir.

Ancaq Azərbaycanda bu gün də belə sabitliyin olması bəzi xarici və daxili qüvvələri narahat edir. Onlar müxtəlif təxribatlar həyata keçirərək yenə də Azərbaycanı qarışdırmaq, dağıtmaq istəyirlər. Çünki Azərbaycanın çox zəngin təbii sərvətləri vardır, Azərbaycanın dünya miqyasında çox böyük coğrafi-siyasi, strateji mövqeyi vardır, Azərbaycanın böyük gələcəyi vardır. Ona görə də həm xarici, həm də daxili qüvvələr Azərbaycanda təxribat törətməyə cəhd göstərirlər. Biz onların qarşısını alırıq, bundan sonra da alacağıq.

Mən bəyan edirəm ki, heç bir qüvvə Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyi poza bilməz. Əgər kimsə bu işə cəhd etsə, biz onların cavabını sizinlə birlikdə verəcəyik.

Ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunmasında 1994-cü ildə Ermənistan - Azərbaycan münaqişəsində atəşkəs yaranmasının da böyük əhəmiyyəti vardır.

Bildiyiniz kimi, 1988-ci ildə Ermənistan Azərbaycana təcavüz etdi, münaqişə, müharibə başladı. Azərbaycan torpaqlarının bir qismi müxtəlif səbəblərdən işğal olundu. İşğal edilmiş ərazilərdən bir milyondan çox vətəndaşımız qaçqın, didərgin düşübdür, ağır vəziyyətdə yaşayır. Gəncədə, şəhərin ətrafında da xeyli qaçqın və köçkün yaşayır.

1994-cü ildə müharibədə atəşin dayandırılması bu münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlar aparılmasına, respublikamızda ictimai-siyasi sabitliyi təmin etmək və ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək üçün lazımi tədbirlər görülməsinə şərait yaratdı.

Biz bu gün də atəşkəsi qoruyub saxlayırıq və saxlayacağıq, ona görə ki, münaqiçəni sülh yolu ilə həll etmək istəyirik, danışıqlar aparırıq. Hesab edirəm ki, bu danışıqlar öz nəticəsini verəcəkdir. Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə, danışıqlar vasitəsilə azad ediləcək, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, yerindən-yurdundan didərgin düşmüş insanlar öz elinə-obasına qayıdacaqlar.

Bir müstəqil dövlət kimi Azərbaycan demokratiya yolu ilə gedir. Demokratiya yolu bizim strateji yolumuzdur. Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Azərbaycanda demokratiyanın bir çox prinsipləri bərqərar olunubdur, 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyası qəbul edilibdir. Azərbaycanda demokratiyanı təmin etmək üçün bir çox islahatlar həyata keçirilib və bundan sonra da keçiriləcəkdir.

Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəliləməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz Azərbaycanı bazar iqtisadiyyatı yolu ilə aparmaqdan, ölkəmizdə iqtisadi islahatlar həyata keçirməkdən ibarətdir. Bizim məqsədimiz Dünya Birliyində Azərbaycanın özünəməxsus yer tutmasını təmin etməkdən, ölkəmizin iqtisadiyyatını dünya iqtisadiyyatı ilə sıx birləşdirməkdən, inteqrasiya etməkdən və bunların nəticəsində Azərbaycanı xoşbəxt, inkişaf etmiş bir dövlətə, ölkəyə çevirməkdən ibarətdir. Bunlar bizim məqsədimizdir və apardığımız işlər də məhz bu məqsədə yönəldilibdir. Mən bu gün bəyan edirəm ki, biz sizinlə birlikdə - hamımız bu məqsədə nail olacağıq.

Əziz dostlar, dedim ki, mən həmişə xalqın dəstəyinə arxalanaraq, bu cür cəsarətli siyasət aparıram. Gəncəlilərin də dəstəyi mənə həmişə ilham, ruh veribdir. Gəncə mənim üçün əziz şəhərdir. Gəncəlilər mənim üçün əziz insanlardır. Mən təşəkkür edirəm ki, 1993-cü ilin o ağır dövründə siz cəsarət, vətəndaşlıq keyfiyyətlərinizi göstərdiniz və Azərbaycan prezidentinin ətrafında sıx birləşdiniz. Biz o böhranlı dövrü yaşadıq.

Mən sizə ona görə təşəkkür edirəm ki, 1994-cü ilin oktyabr hadisələrində Gəncə əhalisi Azərbaycan prezidentini dəstəklədi və biz o hərbi çevrilişə cəhdin qarşısını ala bildik. Mən sizə ona görə təşəkkür edirəm ki, 1995-ci ilin mart ayında Bakıda dövlət çevrilişinə cəhd göstərilərkən gəncılilər Azərbaycan prezidentini, dövlətçiliyini yenə də dəstəklədilər. Mən sizin dəstəyinizi bu gün də hiss edirəm və bütün bunlara görə təşəkkür edirəm. Əmin olduğumu bildirirəm ki, siz daim Azərbaycan dövlətçilyinin keşiyində dayanacaqsınız, ölkəmizin müstəqiliyini qorumaq üçün əlinizdən gələni edəcəksiniz və Azərbaycan prezidentini - məni indiyə qədər olduğu kimi dəstəkləyəcəksiniz.

Mən sizə və sizin simanızda bütün gəncəli bacı-qardaşlarıma, dostlarıma cansağlığı, səadət, yeni-yeni uğurlar arzulayıram. Sağ olun, salamat qalın.

"Azərbaycan" qəzeti, 25 may 2000-ci il.

Tarixi arayış