Azərbaycan Prezidenti Heydər Əliyevin tanınmış siyasi xadim, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinceri qəbul edərkən söhbətindən - 8 yanvar 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab Kissincer, hörmətli qonaqlar, mən sizi səmimi qəlbdən salamlayıram. Cənab Kissincer, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyinizə görə sizə təşəkkür edirəm. Amerika Birləşmiş Ştatlarında mənim sizinlə görüşlərim olmuşdur. İlk dəfə 1995-ci ildə Nyu-Yorkda, İkinci dünya müharibəsində qələbə ilə əlaqədar və Birləşmiş Millətlər Təşkilatının 50 illiyi ilə əlaqədar sizinlə görüşdük. 1997-ci ilin iyul ayında mən sizin ölkədə rəsmi səfərdə olduğum zaman Nyu-Yorkda sizinlə görüşüb çox ətraflı söhbət etdik. Bu görüşlər zamanı mən sizi Azərbaycana dəvət etdim. Məmnunam ki, mənim bu dəvətim, nəhayət, həyata keçirilir. Güman edirəm ki, qısa bir zamanda siz Azərbaycanla tanış ola bildiniz. Əlbəttə, biz arzu edərdik ki, siz Azərbaycanda daha da çox olasınız. Ancaq bilirəm ki, sizin cədvəliniz nə qədər gərgindir. Ona görə, ilk səfər olduğu üçün mən buna da razıyam.

Sizi Azərbaycanda yaxşı tanıyırlar. Güman edirəm ki, bugünkü görüşləriniz zamanı bunu hiss etmisiniz. Amma sizi təkcə Azərbaycanda yox, bütün dünyada, hər yerdə yaxşı tanıyırlar. Çünki siz 70-ci illərin əvvəllərindən Amerika Birləşmiş Ştatlarının dövlətində böyük vəzifə tutaraq, eyni zamanda dünya siyasətində çox görkəmli yer tutmusunuz. Sevindirici haldır ki, o vaxtdan indiyə qədər siyasət səhnəsindən düşməmisiniz. O illər mənim xatirimdədir. Xüsusən Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında tərk-silahla əlaqədar danışıqlar gedən zaman Kissincerin adı, demək olar ki, hər gün Sovetlər İttifaqının televiziyasında, radiosunda, qəzetlərində çəkilirdi. Amma təkcə ona görə tanınmırdınız ki, sizin adınız hər gün qəzetlərdə, yaxud radioda, televiziyada çəkilirdi. Ona görə ki, siz çox böyük siyasi proseslərin iştirakçısı və bəzi işlərin də təşəbbüskarı idiniz. Siz həm siyasətdə çox işlər görmüsünüz, həm də çox böyük əsərlər yazmısınız. Yazdığınız əsərlər, xüsusən siyasətə aid əsərlər sizin fəaliyyətinizi dünyada daha da çox tanıdıb və təbliğ edibdir.

Bilirsiniz ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri qurur və biz bu istiqamətdə öz işimizi davam etdiririk. Bu baxımdan şübhəsiz ki, sizinlə bizim görüşlərimiz, danışıqlarımız, məsələləri müzakirə etməyimiz və sizinlə şəxsi əlaqələrimiz, hesab edirəm ki, ümumi işimizə çox kömək etməlidir. Mən sizi bir də salamlayıram.

Henri Kissincer: Cənab prezident, bugünkü görüş üçün çox sağ olun. Belə səmimi görüş üçün həmkarlarım adından və şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirmək istəyirəm. Ümumiyyətlə, mənim buraya gəlişim çox gözəl təşkil olunubdur. Siz mənim gəlişimin asan, yaddaqalan olması və rahat keçməsi üçün çox işlər görmüsünüz. Mən bunu daim yadda saxlayacağam.

Mən də Sizinlə olan əvvəlki görüşlərimi məmnuniyyətlə xatırlayıram. Xüsusilə 1997-ci ildə Amerika Birləşmiş Ştatlarına Sizin rəsmi səfərinizi çox gözəl xatırlayıram. O zaman Nyu-Yorkda Sizinlə görüşərək geniş fikir mübadiləsi aparmaq imkanı əldə etdik. Mənim üçün xüsusilə böyük məmnunluqdur ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünya şöhrətli şəxsiyyət tərəfindən idarə olunur.

Mən Azərbaycanla maraqlanmağa başlayanda bu ölkə barəsində faktiki olaraq çox şeyi bilmirdim. Sadəcə, mənə Azərbaycanın xəritədəki yeri, təbii ehtiyatları və əhəmiyyəti məlum idi. Azərbaycana marağım xüsusilə o zaman artmağa başladı ki, Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqil yolla inkişaf edən ölkələrdən biri oldu. Ona görə də mən inanıram ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyində və sülh şəraitində inkişafında çox maraqlıdır. Baxmayaraq ki, mən hazırkı Amerika hökumətinin rəhbərliyi ilə eyni partiyanın üzvü deyiləm, başqa partiyaya mənsubam, amma çox şadam ki, Azərbaycanın gələcək inkişafı bizim partiya üzvlüyümüzdən asılı olmayaraq, bütün Amerika Birləşmiş Ştatları üçün vacibdir. Bu ruhda onu demək istəyirəm ki, mən də burada olmağımdan çox məmnunam. Mən bizim qarşıdakı söhbətimizi səbirsizliklə gözləyirəm.

Cənab prezident, burada səfərdə olduğum müddətdə özüm üçün bir qənaətə gəlmişəm və onu demək istəyirəm. Çox zaman Azərbaycan haqqında deyirlər ki, o, az inkişaf etmiş, yaxud inkişaf etməkdə olan ölkədir. Əlbəttə, iqtisadi baxımdan bu, düzgün fikirdir. Lakin qonaqpərvərlik baxımından demək istəyirəm ki, Siz çox qabaqcıl ölkəsiniz. Çox sağ olun.

Heydər Əliyev: Hörmətli cənab Kissincer, şübhəsiz ki, biz sizinlə ətraflı söhbət edəcəyik. Ancaq mən bir-iki mövzuya toxunmaq istəyirəm. Siz Azərbaycanın dövlət müstəqilliyinin qorunması və saxlanması ilə əlaqədar müsbət fikrinizi bildirdiniz. Həqiqətən də belədir. Biz XX əsrin sonunda öz dövlət müstəqilliyimizi əldə etməyimizi tarixi hadisə hesab edirik. Artıq yeddi ildir ki, Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilibdir. Doğrudur, bu yeddi il Azərbaycan üçün çox ağır, çox çətin bir dövrdür. Azərbaycanın dövlət müstəqilliyinə həm xaricdən, həm də daxildən təcavüz, təzyiq edən qüvvələr çox olub və bu gün də var. Ancaq bunlara baxmayaraq, biz müstəqil dövlət kimi yaşayırıq və bundan sonra da yaşayacağıq.

Keçmişdə Sovetlər İttifaqına daxil olmuş respublikalar içərisində müstəqil dövlət kimi yaşayan Azərbaycan bir çox başqa ölkələrdən fərqlidir. Mən iftixar hissi ilə deyə bilərəm ki, biz tam müstəqilik. Yəni bizim ərazimizdə xarici ölkələrin ordusu, hərbi bazası yoxdur və müstəqilliyi təmin etmək üçün biz bütün tədbirləri görmüşük. Nə qədər çətin olsa da, beynəlxalq təşkilatlarda, dünya miqyasında, o cümlədən mənsub olduğumuz Müstəqil Dövlətlər Birliyində biz öz müstəqil siyasətimizi ardıcıl olaraq aparırıq.

Amma sizə məlumdur ki, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan zorla çıxarılıb və ağır vəziyyətdə yaşayır.

Siz bilirsiniz ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bununla Minsk qrupu məşğuldur. 1997-ci ildən Minsk qrupunun həmsədrlərindən biri, - Rusiya və Fransa ilə bərabər, - Amerika Birləşmiş Ştatlarıdır. Təəssüflər olsun ki, Minsk qrupunun həmsədrləri bu barədə hələ ki, təsirli bir nəticə əldə edə bilməyiblər.

Amerika Birləşmiş Ştatları ilə bizim iqtisadi əlaqələrimiz çox sürətlə inkişaf edir. Güman edirəm, siz bu gün bir az tanış ola bildiniz, Amerika Birləşmiş Ştatlarının çox şirkətləri artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərirlər. Xəzər hövzəsinin enerji ehtiyatlarından istifadə olunmasında biz Amerika Birləşmiş Ştatları ilə, Avropa ölkələri, dünyanın bir çox başqa ölkələri ilə sıx əməkdaşlıq edirik.

Ancaq bizim bu əməkdaşlığımıza mane olan başqa bir amil də var. O da 1992-ci ildə Amerika Konqresi tərəfindən Azərbaycana qarşı ədalətsiz olaraq tətbiq edilmiş 907-ci maddədir. Bu qərar Amerika Birləşmiş Ştatları hökumətinin Azərbaycana daha geniş yardımına qadağa qoyubdur. Təəssüflər olsun ki, bütün cəhdlərimizə baxmayaraq, biz bu qərarı ləğv edə bilməmişik.

Amma buna baxmayaraq, biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi inkişaf etdiririk. Əgər 907-ci maddə aradan götürülsəydi, bu əlaqələr daha da sürətlə inkişaf edərdi. Güman edirəm ki, bu və bir neçə başqa məsələləri sizinlə müzakirə edərik.

Henri Kissincer: Cənab prezident, xarici siyasət üzrə müşavirinizin, eləcə də xarici işlər nazirinizin mənə verdikləri məlumatlar əsasında Sizin problemlərinizdən xəbərdaram. Eyni zamanda bizim hökumətin, prezident Klintonun 907-ci maddəyə münasibəti də mənə məlumdur. Mən də Konqresin bu cür qərarlarına həmişə əks çıxmışam. Ümid edirəm ki, üzümüzə gələn aylar ərzində bu məsələ öz həllini tapacaqdır.

"Azərbaycan" qəzeti, 9 yanvar 1999-cu il.