Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rus Pravoslav kilsəsinin müstəqil Bakı və Xəzəryanı yeparxiyasının başçısı, yepiskop Aleksandrı qəbul edərkən söhbətindən - 15 fevral 1999-cu il


Yepiskop Aleksandr: Zati-aliləri, çox hörmətli cənab prezident, icazə verin, özümü yeni vəzifədə - rus Pravoslav kilsəsinin müstəqil Bakı -Xəzəryanı Yeparxiyasının başçısı, Yepiskopu vəzifəsində təqdim edim.

Heydər Əliyev: Sizə bu mühüm vəzifədəki fəaliyyətinizdə uğurlar arzulayıram. Ümidvaram ki, sizin bu vəzifəyə təyin edilməyiniz və burada müstəqil yeparxiyanın təşkil olunması rus və Azərbaycan xalqları arasında münasibətlərin daha da inkişaf tapmasına xidmət edəcəkdir.

Mən Bakı və Xəzəryanı xüsusi yeparxiyasının təşkili haqqında müqəddəs ikinci Aleksinin qəbul etdiyi qərarı alqışlayıram. Bu, çox düzgün qərardır və hazırda bölgəmizdə yaranmış vəziyyətdən irəli gəlir. Belə düşünürəm ki, bu qərar pravoslavlarla müsəlmanlar arasında, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi sahəsində bütün işimizə kömək edəcəkdir. Bu, həmçinin o deməkdir ki, Rusiya Pravoslav kilsəsi tərəfindən bölgəmizə lazımi əhəmiyyət verilir. Bir sözlə, biz bunu alqışlayırıq. Öz tərəfimizdən isə biz hər şey edəcəyik ki, hörmətli Yepiskop Aleksandr, bu vəzifədə fəaliyyətiniz müasir mərhələdə bizim hamımızın qarşımızda duran vəzifələrin həyata keçirilməsi naminə uğurlu olsun. Şadam ki, siz Azərbaycanda işləyərək rus Pravoslav kilsəsi tərəfindən belə böyük etimada layiq görülmüsünüz. Sizə böyük uğurlar arzulayıram.

Yepiskop Aleksandr: Zati-aliləri çox hörmətli cənab prezident, səmimi arzularınıza görə, xoş sözlərinizə görə Sizə təşəkkür edirəm.

Həqiqətən, öz çoxmillətli ümmətinə qayğı göstərən rus Pravoslav kilsəsi İsanın mövludunun iki minilliyi ərəfəsində köhnə Bakı - Xəzəryanı yeparxiyanı dirçəltməyi qərara almışdır. Bu yeparxiya burada 1934-cü ilə qədər mövcud olmuşdur. Onun dirçəldilməsi bu regionda Pravoslav xristianların mənəvi dirçəlişinə də kömək edəcəkdir. Bu, həm də Azərbaycan hökumətinin xristian dinindən olan öz vətəndaşlarına qayğısına da sübutdur.

Heydər Əliyeviç, Siz Azərbaycanın müdrik və xeyirxah lideri kimi Qafqazın bütün rus əhalisi arasında böyük şöhrət qazanmısınız. Təlatümlü hadisələr Azərbaycanı sarsıdan vaxtlarda nəinki yerli millətdən, həm də rus millətindən olan bütün adamların, bütün Azərbaycan vətəndaşlarının arzusu, əlbəttə, belə olmuşdur ki, bu çətin dövrdə dövlətə, dövlət hakimiyyətinə məhz Siz başçılıq edəsiniz. İndi görürük ki, ümidlər doğulmuşdur. Dövlətin çox mürəkkəb xarici və daxili vəziyyətdə olmasına baxmayaraq, Azərbaycan torpağına əmin-amanlıq və sülh Sizin rəhbərliyinizlə qayıtmışdır. İqtisadi həyatda, siyasi həyatda sabitlik - bunların hamısı Azərbaycana qayıtmışdır. Bakının küçələrində dinc həyatın hökm sürdüyünü yəqin etmək üçün şəhərimizi gəzib-dolaşmaq kifayətdir.

Mən bunu Rusiyada da, Şimali Qafqazda da dəfələrlə demişəm. Məndən bizim burada, Azərbaycanda necə yaşadığımızı, burada nə baş verdiyini soruşduqda həmişə demişəm ki, Azərbaycana əmin-amanlıq qayıtmışdır, Azərbaycan öz praktiki həyatının sürətini yenidən artırmağa başlayır.

Bakı -Xəzəryanı yeparxiyasının tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan Respublikasının və Çeçenistan Respublikasının ərazilərindəki Pravoslav kilsələrinin də daxil edilməsi onu göstərir ki, Azərbaycanda nələr əldə olunmuşdusa, onlar bizi əhatə edən bir çox ölkələr üçün örnəyə çevrilmişdir. Görünür, Dağıstanda da, Çeçenistanda da çalışırlar ki, Azərbaycandakı kimi, onlarda da sülh və sabitlik olsun. Əlbəttə, Sizin Qafqazda yüksək nüfuzunuz var, - bütün Qafqaz respublikaları, Qafqaz dövlətləri başçılarının iştirak etdikləri 75 illik yubileyiniz də buna sübutdur. Azərbaycan Respublikasının yenidən prezidenti seçilməyiniz, andiçmə mərasimində bir çox görkəmli siyasi xadimlərin iştirak etməsi göstərdi ki, bu regionda Sizin nüfuzunuz və Sizin nümunəniz çox yüksəkdir. Biz ümid edirik ki, Sizin köməyinizlə Şimali Qafqazda da xristianlarla müsəlmanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyə nail ola biləcəyik.

Belə düşünürəm ki, Pravoslav xristianlarla müsəlmanların arasında bölüşdürülməli bir şey yoxdur. Çünki min illər ərzində şərqdə islamla xristianlıq həmişə qonşu olublar, öz aralarında bütün münasibətləri aydınlaşdırmağa müvəffəq olublar və həm müsəlman xalqların, həm də xristian xalqların xeyrinə dinc həyata, dinc yanaşı yaşamağa gəlib çıxmışlar. Azərbaycan da məhz buna misaldır ki, dünya dinlərinin - islamın, xristianlığın və yəhudiliyin nümayəndələri arasında münasibətlər mehriban qonşuluq münasibətləri, habelə işgüzar münasibətlər ola bilər. Şübhəsiz ki, bu baxımdan Azərbaycan istər MDB-nin, istərsə də dünyanın bir çox ölkələrinə nümunə göstərir. Biz bilirik ki, hətta bir çox inkişaf etmiş dövlətlərdə, təəssüflər olsun, dini əsasda münaqişələr var. Bizdə isə Allah-təalanın mərhəməti ilə heç bir münaqişə yoxdur və ola da bilməz.

Mən hətta belə düşünürəm ki, müstəqil Bakı - Xəzəryanı yeparxiyasının təsis edilməsi Azərbaycan dövlətinin suverenliyinin tanınmasına daha bir sübutdur. Belə ki, suveren dövlətdə onun bütün daha çox yayılmış konfessiyaları üçün müstəqil dini idarə də olmalıdır. Buna görə də Bakı - Xəzəryanı yeparxiyasının təsis olunması təsdiq edir ki, Azərbaycan suveren dövlətdir.

Mən artıq qeyd etdim ki, bizdə üç dünya dininin - islamın, xristianlığın və yəhudi dininin nümayəndələri arasında həqiqətən xoş münasibətlər yaranmışdır. Bu, əsasən həm Azərbaycan dövlətinin başçısı kimi Sizin müdrik siyasətiniz sayəsində, həm də Azərbaycanda konfessiyalara başçılıq edən liderlərin - şeyxülislam Hacı Allahşükür Paşazadənin də, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Semyon Borisoviç İxiilovun sayəsində mümkün olmuşdur. Həqiqətən, bir çox problemləri biz birlikdə həll etməyə, Azərbaycanda keçirilən bir çox dövlət tədbirlərində iştirak etməyə çalışırıq və şübhəsiz ki, Azərbaycandakı bu üç dünya dininin nümayəndələri arasında qarşılıqlı anlaşma olması üçün hər şey etməyə səy göstəririk.

Buna görə də ümid edirəm ki, gələcəkdə burada, Azərbaycanda fəaliyyətimiz Sizin yüksək himayədarlığınızla uğurlu olacaqdır. Zənnimcə, burada, Azərbaycanda əldə etdiyimiz nailiyyətləri yurisdiksiyamıza daxil olan ərazilərdə - Dağıstan və Çeçenistanın ərazilərində də yaya biləcəyik ki, bizim gözəl nümunəmiz onlara xidmət etsin, orada sülh və firavanlıq zəfər çalsın.

Çox hörmətli Heydər Əliyeviç, müqəddəs partriarx Aleksi məni buraya, Azərbaycana xidmətə, yeni vəzifəyə yola salarkən öz məktubunu Sizə verməyi xahiş etdi.

Mən Azərbaycan xristianlarına qayğıkeş münasibətinizə görə də Sizə təşəkkür etmək istəyirəm. Çünki Siz hər il Pasxa bayramında da, İsanın mövludu bayramında da Azərbaycanın Pravoslav xristianlarına çox səmimi, çox müdrik, çox faydalı təbriklərlə müraciət edirsiniz və bu, Azərbaycanda yaşayan Pravoslav xristianların qəlbində hərarətli əks-səda doğurur. Bu, qarşılıqlı anlaşmanın və Sizin siyasətinizə rəğbətin Azərbaycan xristianlarının qəlbində özünə yer tapmasına da çox kömək edir.

Heydər Əliyev: Sizə, ən əvvəl ölkəmizin ünvanına, Azərbaycanda son illərdə yaranmış şərait barəsində söylədiyiniz xoş sözlərə görə təşəkkür edirəm. Həqiqətən, biz sizinlə bundan tamamilə məmnun qala bilərik ki, biz Azərbaycanda əmin-amanlıq yaratmağa, ölkəmizin hərbi münaqişədə olduğu Ermənistanla atəşkəs əldə etməyə müvəffəq olmuşuq. Biz ictimai-siyasi vəziyyəti sabitləşdirməyə, sosial-iqtisadi sahədəki çox ağır vəziyyəti aradan qaldırmağa müvəffəq olmuşuq - son üç ildə Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsindədir. Biz bir sıra iqtisadi islahatlar aparmağa müvəffəq olmuşuq. Bu islahatlar iqtisadiyyatın daha da inkişaf etməsi üçün və təbii olaraq, Azərbaycan vətəndaşlarının rifahının yüksəlməsi üçün daha əlverişli şərait yaradır.

Sizli-bizli hamımızın çox mühüm nailiyyətidir ki, Azərbaycanda bütün dini konfessiyalar - müsəlman dini də, Pravoslav-xristian dini də, yəhudi dini də, əvvəla, öz vəzifələrini sərbəst surətdə həyata keçirir, ikincisi, sizin doğru dediyiniz kimi, bir-biri ilə xoş münasibətdədir, qarşılıqlı fəaliyyət göstərir və bununla bütün Azərbaycan vətəndaşlarının həmrəyliyinin möhkəmlənməsinə kömək edirlər.

Bildiyiniz kimi, mən bütün çıxışlarımda deyirəm ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Siz bilirsiniz ki, bu, sadəcə olaraq sözlər, sadəcə olaraq bəyannamə deyildir, bugünkü Azərbaycanın reallığıdır. Biz bu vəziyyəti, bu reallığı qoruyub saxlayacağıq, möhkəmlədəcək və inkişaf etdirəcəyik. Bu baxımdan dini konfessiyaların səyləri çox böyük əhəmiyyətə malikdir və bizim üçün, dövlət üçün böyük köməkdir.

Siz bilirsiniz ki, Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir. Bununla yanaşı, bu, bəzən müxtəlif ictimai-siyasi və digər şəraitdə korroziyaya, dəyişikliklərə məruz qalır. Bilirsiniz ki, 80-ci illərin axırlarında - 90-cı illərin əvvəllərində Azərbaycanda çox mürəkkəb ictimai-siyasi hadisələr baş vermiş və bunlar millətlərarası münasibətlərə müəyyən dərəcədə mənfi təsir göstərmişdi. Amma, Allaha şükür, biz bunu ləğv etdik, aradan qaldırdıq.

Yəni Azərbaycan xalqına xas olmayan bir dövr olmuşdur. Bununla yanaşı, başlıcası budur ki, biz bu halları aradan qaldıra bildik ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları tam hüquqlara malikdirlər, sakit, normal şəraitdə yaşayırlar, bir-biri ilə qarşılıqlı əlaqə saxlayırlar.

Məsələn, siz bilirsiniz ki, gah bir, gah da digər ölkədə rusdilli əhalinin maraqlarını qorumağın zəruriliyi barədə Moskvada, Rusiya Federasiyasının rəhbərliyində tez-tez səslər eşidilir. Azərbaycanda belə problem yoxdur və heç kim Azərbaycanda rusdilli əhalinin müdafiəsi uğrunda çıxış etmək üçün narahat olmur. Çünki biz rusdilli əhalinin mənafeyini qoruyuruq, müdafiə edirik. Bu gün də bəyan edirəm ki, Azərbaycandakı rusdilli əhalinin milli mənafeyi sarıdan Rusiyada kiminsə narahat olması üçün bu gün də heç bir ehtiyac yoxdur, gələcəkdə də olmayacaqdır. Bu mənafe bizim öz mənafeyimizdir və heç vaxt yol vermərik ki, digər millətdən, digər dini etiqaddan asılı olan adamlar - islam dinindən və Azərbaycan millətindən olmayan adamlar hər hansı sıxışdırmaya məruz qalsınlar.

Azərbaycanın hər bir vətəndaşına öz imkanlarını daha dolğun həyata keçirmək üçün getdikcə daha böyük şərait yaradılacaqdır. Mən buna inanıram, çünki gördüyünüz işlər, xüsusən apardığımız və yaxın illərdə aparacağımız islahatlar Azərbaycanda bütün vətəndaşlar üçün daha yaxşı həyat şəraiti yaradacaqdır. İqtisadiyyat dirçələcək, həyat şəraiti yüksələcəkdir, insanlar firavan yaşayacaqlar və buna görə də hər hansı millətdən olan hər bir vətəndaş öz imkanlarını həyata keçirə biləcəkdir. Yeri gəlmişkən, bu da bəzi digər ölkələrlə müqayisədə Azərbaycanın fərqləndirici xüsusiyyətidir. Biz bunu Azərbaycan üçün səciyyəvi hesab edirik, xüsusən ona görə ki, bu fəaliyyətimizi, - mən dövlət tərəfindən fəaliyyəti nəzərdə tuturam, - çox mühüm hesab edirik, ona böyük əhəmiyyət veririk.

Siz doğru qeyd etdiniz, mən bununla razıyam ki, Azərbaycanda müstəqil Yeparxiya - Xəzəryanı ölkələri, o cümlədən, Dağıstanı və Çeçenistanı əhatə edən Yeparxiyanın yaradılması həm də bunun göstəricisidir ki, Azərbaycanın suverenliyi bütün istiqamətlərdə, o cümlədən, rus Pravoslav kilsəsi tərəfindən tanınır və təsdiq edilir. Biz bunu qiymətləndiririk və bir daha demək istəyirəm ki, bu qərardan məmnunam. Bir də ki, 1934-cü ilədək belə olmuşdur. Yəni biz tarixi ədalətin bərpa edildiyinin şahidiyik. Biz də kömək edəcəyik ki, müstəqil yepiskopluğun fəaliyyəti uğurlu olsun. Özümüzdən asılı olan hər şeyi edəcəyik ki, yeparxiyaya daxil olan Xəzəryanı ölkələrdə də sizin fəaliyyətiniz uğurlu olsun.

Əlbəttə, biz istəyirik ki, bütün regionumuzda, xüsusən Şimali Qafqazda sülh və sakitlik olsun. Çünki Azərbaycan Şimali Qafqazla çox bağlıdır - mən Rusiya Federasiyasının bu hissəsini nəzərdə tuturam. Biz bütün Şimali Qafqazda əmin-amanlığın bərqərar olmasına kömək etmək üçün öz tərəfimizdən səy göstəririk. Ümidvaram ki, əmin-amanlıq olacaqdır. Hesab edirəm ki, bu baxımdan sizin fəaliyyətinizin də böyük əhəmiyyəti olacaqdır.

Sizi bir daha təbrik edirəm. Mən müqəddəs II Aleksinin məktubunu diqqətlə oxuyacağam və şübhəsiz ki, ona cavab verəcəyəm. Bilirsiniz ki, biz II Aleksinin özü üçün münasib vaxtda Azərbaycana gəlməsini gözləyirik. Biz onu hər zaman qəbul etməyə şad olacağıq. Ümidvaram ki, siz bu fikri ona çatdıracaqsınız.

Yepiskop Aleksandr: Heydər Əliyeviç, səmimi sözlərə, diqqət və dəstəyə görə, müqəddəs patriarx Aleksini dəvət etməyinizə görə Sizə təşəkkür edirəm. Həqiqətən də müqəddəs patriarxın səfər problemi müzakirə olunur, onun uğurlu keçməsi üçün hazırlıq görülür. Həm də ki, onun dini yurisdiksiyası Azərbaycan ərazisinə də yayılır. Bu səbəbdən müqəddəs patriarx həm Bakıya, həm də Azərbaycana səfər edib bizim dini həyatımızla yaxından tanış olmaq arzusunda olduğunu bildirmişdir. Bir də ki, fevralın 18-də müqəddəs patriarxın 70 illiyi qeyd ediləcəkdir. Görünür, bu, böyük kilsə təntənəsi olacaq, Moskvada olduqca ciddi hazırlıq işi aparılır. Mənim bildiyimə görə, Azərbaycandan şeyx başda olmaqla bütöv bir nümayəndə heyəti gedəcəkdir. Mən özüm bu tədbirə hazırlaşmaq üçün sabah Moskvaya yola düşürəm. Fevralın 19-da Böyük Teatrda bu əlamətdar yubileylə bağlı təntənəli tədbir keçiriləcəkdir. Mən Sizin dəvətinizi müqəddəs patriarxa hökmən çatdıracaq və Sizin səmimi qəbulunuzdan, Azərbaycan ərazisindəki rus Pravoslav kilsəsinin fəaliyyəti barədə dediyiniz hərarətli sözlərinizdən danışacağam.

Heydər Əliyev: Mən Patriarx II Aleksini ad günü münasibətilə təbrik edirəm, ona xüsusi təbrik göndərəcəyəm. Xahiş edirəm mənim səmimi təbrikimi və ən yaxşı arzularımı ona sözlə də çatdırasınız.