"İpək yolu üzərində yerləşən ölkələrin regional əməkdaşlığının zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Vaşinqton, 8 sentyabr 2000-ci il) sənədinə tarixi arayış


4-12 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin təşəbbüsü ilə keçirilən minilliyin zirvə görüşündə iştirak etmək məqsədilə ABŞ-da işgüzar səfərdə olub. 193 ölkənin dövlət və hökumət başçılarının qatıldığı zirvə görüşünün 6 sentyabrda açılış mərasimi olub. Heydər Əliyev minilliyin zirvə görüşündə 7 sentyabrda çıxış edib və həmin gün BMT baş qərargahında növbəti əsrdə ümumbəşəri inkişafın perspektivlərini özündə əks etdirən "21-ci əsrə baxış" adlı bəyannaməni imzalayıb.

Sentyabrın 8-də Nyu-Yorkda "BMT Plaza" mehmanxanasının salonunda İpək Yolu üzərində yerləşən ölkələrin regional əməkdaşlığının zirvə görüşü keçirilib. Sammit Merilend Universitetinin Şərq-Qərb Kosmik Elmlər Mərkəzi və Şərq-Qərb İnstitutu tərəfindən təşkil olunub. Zirvə görüşünü ABŞ-ın Şərq-Qərb İnstitutunun prezidenti Con Mroz açıb. Senator Sem Braunbək iştirakçıları salamlayaraq, sammitə öz işində uğurlar arzulayıb. Merilend Universitetinin prezidenti Den Mout, Şərq-Qərb Kosmik Elmlər Mərkəzinin direktoru Roald Saqdeyev "Silkoet" ("İpək yolu") layihəsi barədə məlumat veriblər. Həmin layihənin məzmunu Şərqlə Qərb arasında maddi və mənəvi dialoqun yaradılmasına xidmət etməkdən ibarət olub.

Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze, Moldova prezidenti Petru Luçinski, Rumıniya prezidenti Emil Konstantinesku, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Brend Skoukroft, Qazaxıstanın xarici işlər naziri Erlan İlyasov, Qırğızıstanın xarici işlər naziri Muradbəy İmanəliyev, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan, Ukraynanın xarici işlər naziri Boris Tarasyuk zirvə görüşündə çıxış edərək adı çəkilən layihənin bütün region ölkələrinin iqtisadi inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıblar.

Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti ölkəsinin İpək Yolunun mərkəzində strateji cəhətdən olduqca əlverişli coğrafi məkanda yerləşdiyini qeyd edərək bu layihənin reallaşması istiqamətində Azərbaycanın bir sıra ciddi addımlar atdığını bildirib. İki il əvvəl 1998-ci ilin sentyabrında Bakıda Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransın keçirilməsini xatırladaraq gələcəkdə də Azərbaycanın region ölkələri ilə birlikdə layihənin genişlənməsinə ciddi səy göstərəcəyini bəyan edib.

Belə ki, Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çatdırılması üçün Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin işə salınması və uğurlu fəaliyyəti İpək Yolunun bərpa edilməsi ideyasına Azərbaycan Respublikasının dəyərli töhfələri hesab edilə bilər. Digər tərəfdən Xəzərin karbohidrogen ehtiyatlarının Mərkəzi Avropa bazarlarına çatdırılması işini təşkil edəcək və artıq bir neçə aydan sonra işə salınacağı gözlənilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Şərqlə Qərbi birləşdirən ən iri layihə hesab edilə bilər. 2007-ci ilin əvvəllərindən başlayaraq İpək Yolu üzrə daha bir nəqliyyat sistemi - Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətə başlayıb. 2007-ci ilin sonunda isə həmin boru kəməri ilə ötürülən Azərbaycan qazı Türkiyə və Yunanıstan qaz sisteminin birləşməsi nəticəsində Yunanıstana ötürülməyə başlayıb. (www.president.az) Bu layihələrin əsas təşəbbüskarı və təşkilatçısı da məhz Azərbaycan Respublikası, daha dəqiqi isə Heydər Əliyev olub. Heç təsadüfi deyil ki, xatirəsinə hörmət əlaməti olaraq Bakı-Tbilisi-Ceyhan layihəsinə H.Əliyevin adı verilib.

Azərbaycanın Böyük İpək Yolunun reallaşması işində fəal iştirakı ölkənin müstəqillik illərində əldə etdiyi ən uğurlu nailiyyətlərindən biridir. Avropaya inteqrasiya siyasətinə üstünlük verən Azərbaycan Avropa-Qafqaz-Asiya ölkələri arasında yüklərin qarşılıqlı olaraq faydalı və təhlükəsiz ötürülməsi sahəsində ciddi addımlar ataraq nəhəng yol-nəqliyyat infrastrukturu yaradıb. Artıq adı çəkilən dəhliz regional nəqliyyat dəhlizləri ilə rəqabət aparan dəhlizə çevrilib və ölkə iqtisadiyyatının inkişafında, yerüstü nəqliyyat infrastrukturunun formalaşmasında ciddi rol oynayıb.

Şərq-Qərb enerji dəhlizinin geniş fəaliyyətini təmin edən növbəti addım 2007-ci ilin sonunda yenə də Azərbaycan hökuməti tərəfindən atılıb. Bu da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə start verilməsidir. Qeyd edək ki, 127 kilometr uzunluğunda olan dəmiryolu xətti Türkiyəni Qafqaz dəmiryolu magistralı ilə birləşdirəcək. Qars-Axalkalaki marşrutu faktiki olaraq yük və sərnişinlərin Avropadan Asiyaya daşınmasını təmin edəcək ən miqyaslı dəmir yolu xətti olacaq. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan dövlət rəhbərlərinin müvafiq danışıqlarının nəticəsi olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi rəsmiləşib. Dəmir yolu istifadəyə verildikdən sonra Xəzər regionu ölkələri Bakıdan birbaşa marşrutla Türkiyəyə, oradan isə Avropaya sərnişin və yük daşımalarını həyata keçirmək imkanı əldə edəcəklər. Yeni dəmiryolunun istismara verilməsi nəticəsində yaxın illərdə yük dövriyyəsi 1 milyarddan 3 milyard dollara kimi yüksələ bilər. Layihənin ümumi dəyəri 600-800 milyon dollardır. Dəmiryolu xəttinin əsas hissəsi Gürcüstan ərazisindən keçəcək. (www.news.trend.com). Lakin bu qonşu ölkənin maliyyə vəziyyətinin qənaətbəxş olmamasını nəzərə alan Azərbaycan hökuməti Gürcüstanın payına düşən dəmir yolunun tikintisi üçün ona 200 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayırıb. Həmin krediti 25 il müddətinə bir faiz dərəcəsi ilə Gürcüstan hökuməti dəmir yolu yükdaşımalarından gələn gəlir əsasında qaytaracaq. (http://www.525-ci.com/)

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində nəqliyyatın fəaliyyəti
(Azərbaycan hissəsində)

 

2000

2001

2002

2003

2004

2005

2006

Yük daşınmışdır, min ton

29092

32485

36122

40929

40794

46741

48807

o cümlədən tranzit

8572

14352

16387

18837

15244

15051

12006

Yük dövriyyəsi, milyon ton-km

8406

8483

10805

12403

11484

13446

13882

o cümlədən tranzit yüklərin dövriyyəsi

3626

6333

7310

8284

6706

6680

5378

Sərnişin daşınmışdır, milyon sərnişin

152.2

155.6

154.6

156.1

158.3

159

164

Sərnişin dövriyyəsi, milyon sərnişin-km

3092

3146

3101

3223

3447

3423

3493

Yük daşınmasından əldə olunan gəlir, milyon manat

113.9

131.9

149.9

178.9

166.3

191.7

198.7

Sərnişin daşınmasından əldə olunan gəlir, milyon manat

19.3

21.7

21.8

22.2

22.5

22.8

23.2

(www.azstat.org)

2007-ci ilin ilk 11 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 18410,6 min ton yük daşınıb. Bu keçən ilin müvafiq dövrünə nisbətən 82,09% təşkil edib. Bunlardan 10516,7 min ton ixrac, 7893,9 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (713,1 min ton), dəmiryolu (3302,0 min ton), avtomobil (664,5 min ton), hava (3,4 min ton) və stasionar nəql etmə (boru kəməri) (5818,8 min ton) nəqliyyat vasitələrindən istifadə olunub. İdxal əməliyyatlarında dəniz (114,3 min ton), dəmiryolu (6104,8 min ton), avtomobil (1258,2 min ton), hava (24,6 min ton) və stasionar nəql etmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə üstünlük verilib. Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5304,3 min ton yük keçirilib. Tranzit yüklər əsasən İtaliya (1547,3 min ton), İsveçrə (1424,1 min ton), Gürcüstan (1097,5 min ton), Tacikistan (391,5 min ton), Türkiyə (213,0 min ton), İran (175,8 min ton), Rusiya (134,8 min ton), Türkmənistan (126,7 min ton) və Qazaxıstan (86,3 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 88,30% olub. (http://www.az-customs.org/)

Tarixi arayış 16 yanvar 2008-ci ildə yeniləşdirilib.