Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə birgə mətbuat konfransında çıxışı - Prezident Sarayı, 28 iyul 1995-ci il


Mətbuat nümayəndələri üçün verilməli olan bəyanat, əslinə qalsa, bizim əvvəlki çıxışlarımızda səslənmişdir. Buna baxmayaraq, bir neçə kəlmə deyəcəyəm, sonra isə bizim hörmətli qonağımız Leonid Daniloviç Kuçmaya söz verəcəyəm.

Ukrayna prezident hörmətli Leonid Daniloviç Kuçmanın Azərbaycana rəsmi səfəri başa çatır. Doğrudur, biz hələ kondisioner zavoduna da gedəcəyik. Çox məmnun olduğumu bildirmək istəyirəm ki, Leonid Daniloviç bizim dəvətimizi qəbul etdi, Azərbaycana rəsmi səfərə gəldi. Biz çox səmərəli iş apardıq. Başlıcası budur ki, biz çox məsələlər barəsində, əlbəttə, ən əvvəl ikitərəfli münasibətlərimizlə bağlı məsələlər barəsində sərbəst şəraitdə fikir mübadiləsi etmək imkanına malik olduq. Ukraynanın və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra xeyli vaxt keçmişdir. Bu müddət ərzində istər Ukraynada, istərsə də Azərbaycanda çox ciddi ictimai-siyasi və sosial-iqtisadi proseslər baş vermişdir və baş verir. Bu proseslər sabiq Sovet İttifaqının bütün məkanında, bizim dövlətimizin də daxil olduğu MDB ölkələrində də gedir. Buna görə də Ukrayna müstəqil olduqdan sonra orada nə kimi işlər görüldüyü barədə, bu iri Avropa ölkəsinin hansı yolla getdiyi barədə fikir mübadiləsi etmək bizim üçün böyük maraq doğurur.

Bu da böyük maraq doğurur ki, Ukrayna kimi belə böyük Avropa dövlətinin, bizə dost dövlətin prezidenti respublikamızın, xalqımızın həyatı ilə tanış ola bilmişdir. Bir də ona görə ki, Leonid Kuçma Azərbaycana ilk dəfə gəlmişdir. Bu baxımdan onun respublikamıza səfəri mühüm hadisədir. Bu gün cəsarətlə demək olar ki, səfər uğurla, səmərəli nəticələrlə başa çatır.

Təbiidir ki, ikitərəfli münasibətlərimiz diqqət mərkəzində olmuşdur. Danışıqlarda Azərbaycanda və Ukraynada gedən proseslər barədə, xüsusən ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi yollarının axtarışı barədə fikir mübadiləsinə böyük diqqət yetirilmişdir. Biz bir çox müsbət nəticələrə nail olduq. Buna imzaladığımız sənədlər sübutdur. Bununla bərabər, görüşlərimiz və danışıqlarımız zamanı biz bir çox digər məsələlər barəsində də razılığa gəldik və müvafiq idarələrimizə bu barədə Kiyevdə, Ukraynada imzalamaq üçün sənədlər hazırlamağı tapşırdıq. Yeri gəlmişkən, Leonid Daniloviç Kuçma məni Ukraynaya səfərə dəvət etmişdir. Belə düşünürəm ki, mən bu dəvətdən istifadə edəcəyəm. Ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək, genişləndirmək və dərinləşdirmək üçün bundan sonra hüquqi sənədlər hazırlanmasına imkan var. Bu münasibətlər gələcək görüşlərimiz zamanı da davam etdiriləcəkdir.

Bizim üçün çox əhəmiyyətlidir ki, biz Ukraynada həyata keçirilən dəyişikliklər təcrübəsi barədə məlumat aldıq. Leonid Daniloviç Kuçmanın söhbətlərimiz və danışıqlarımız zamanı söylədikləri də bizim üçün çox əhəmiyyətlidir. Belə düşünürəm ki, biz respublikamızın qarşısında duran problemlərin həlli üçün Ukraynanın təcrübəsindən istifadə etməyə çalışacağıq. Bu da əhəmiyyətlidir ki, biz dünyadakı vəziyyətlə, beynəlxalq münasibətlərdə, ölkələrimizin daxil olduğu beynəlxalq təşkilatların fəaliyyətində vəziyyətlə, habelə Azərbaycanın və Ukraynanın daxil olduqları MDB-nin fəaliyyəti ilə bağlı bir çox məsələlər barəsində baxışların tam uyğun gəldiyini aşkara çıxartdıq. Həm də çox mühümdür ki, Ukrayna qəti şəkildə bildirmişdir: müstəqillik onun dövlət quruluşunun və dövlət siyasətinin sarsılmaz prinsipidir.

Hər bir dövlətin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı beynəlxalq hüququn sarsılmaz prinsipləridir. Bizim ölkələrimiz bu prinsiplərə dönmədən əməl edirlər. Bu başlıca prinsiplərə münasibətdə baxışlarımızın tamamilə uyğun gəlməsi bizdən ötrü çox mühüm hadisədir.

Danışıqlar zamanı biz separatçılığın hər hansı formasını eyni şəkildə pislədik. O zaman ki, dövlətlərimiz öz ölkələrində və başqa ölkələrdə bunun təzahürləri ilə qarşılaşır, onda bu mövqenin bizim üçün əhəmiyyəti də eynidir. Biz separatçılığı pisləmişik və pisləyirik. Mən bu məsələ ilə əlaqədar Leonid Daniloviçin bəyanatını razılıqla qəbul etdim.

Biz yekdil fikrə gəldik ki, iqtisadi əlaqələrimizi daha da genişləndirmək, mövcud kommunikasiyaların bazasında yenilərini yaratmaq, habelə alternativ kommunikasiya əlaqələri yaratmaq üçün imkanlarımız böyükdür. Bundan ötrü imkan var. Ümidvaram ki, bu problemə bizim prinsipial münasibətimiz ölkələrimizin müvafiq idarələrinin fəaliyyətində əksini tapacaq. Biz bu məsələlər barəsində razılığa gələ, birgə işi təşkil edə bilərik.

Elm, təhsil, mədəniyyət sahəsində əlaqələri daha da inkişaf etdirmək üçün böyük imkanlar var. Bu əlaqələr xalqlarımıza həmişə fayda gətirmişdir. Ayrıca qeyd etmək istəyirəm ki, Ukraynanın elmi idarələrindən və ali məktəblərindən Azərbaycan həmişə istifadə etmişdir. Azərbaycanda çoxlu alim, güclü mütəxəssislər var ki, onlar Ukraynada təhsil almışlar, onun elmi-tədqiqat institutlarında hazırlıq keçmişlər. Onlar öz həmkarları ilə əlaqə saxlayırlar. Bu əlaqələri yeni prinsiplər əsasında qaydaya salmağa, daha da inkişaf etməsinə təkan verməyə imkanımız var. Bizim mədəniyyətlərimiz Ukrayna və Azərbaycan xalqları arasında dostluğu möhkəmləndirmək üçün həmişə körpü olmuşdur.

Biz ölkələrimizin mədəniyyətlərini birləşdirən konkret misalları, faktları bu günlər ərzində çox xatırlamışıq. Zənnimcə, indi, bu məsələ barədə fikir mübadiləsi apararkən həmin münasibətləri inkişaf etdirmək əzmində olduğumuzu bir daha bildirdik. Bizim yaradıcılıq təşkilatlarımız, ədəbiyyat, mədəniyyət xadimlərimiz bu şəraitdən istifadə etmək imkanı qazandılar.

Avropanın böyük ölkələrindən biri kimi Ukrayna bazar münasibətləri əsasında ciddi iqtisadi dəyişikliklər yolu ilə gedir, öz dövlətini, müstəqilliyini möhkəmləndirmək üçün çox mühüm tədbirlər görür. Ukrayna bizdən ötrü çox gərəkli tərəfdaşdır. Biz bunu qiymətləndiririk və münasibətlərimizin dərinləşməsi və inkişafı üçün hər şeyi edəcəyik.

Sözün qısası, Leonid Daniloviç Kuçmanın Azərbaycana ikigünlük səfəri mühüm hadisədir və səmərəli nəticələrlə başa çatır. Leonid Daniloviç, səfərinizə görə sizə təşəkkürümü bildirirəm və ümidvaram ki, müstəqil dövlətlərimiz, xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsi və inkişafı naminə bizim şəxsi əlaqələrimiz davam və inkişaf edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

Sual: Mənim iki sualım var. Birinci sual regional münaqişələrin aradan qaldırılmasında MDB-nin və ona daxil olan ölkələrin imkanları barədədir. İkinci sual: MDB ərazisində ən qanlı münaqişə olan Dağlıq Qarabağ münaqişəsinin ləğv edilməsinə Ukrayna real kömək göstərməyə nə dərəcədə qadirdir?

L.Kuçma: Mən bunu danışıqlarda da demişəm. Belə hesab edirəm ki, MDB-nin hər halda gələcəyi var. Amma bir labüd şərtlə ki, tərəflərdən hər birinin rəyi nəzərə alınsın. Əgər hər bir tərəfin rəyi nəzərə alınsaydı, onda belə münaqişələr də olmazdı. Təəssüf ki, bu münaqişə hələ Sovet İttifaqının dövründə yaranmışdı. Lakin mən birmənalı şəkildə deyirəm ki, münaqişənin səviyyəsi və bütün MDB üzvlərinin, o cümlədən də Rusiyanın fəaliyyət dərəcəsi yaranmış vəziyyətə uyğun deyildir. Buna görə də vəzifə, o cümlədən də Ukraynanın vəzifəsi bu mövqeyi MDB üzvlərinə çatdırmaqdır.

Bu münaqişənin həllində Ukraynanın roluna gəldikdə, o, imkanlarımıza müvafiq deyildir. Yaxın günlərdə biz Minsk qrupunun təşəbbüs göstərmək təklifi ilə ATƏT-ə müraciət edəcəyik. Biz ATƏT-in himayəsi altında hərbi müşahidəçilər və sülhyaratma qüvvələrinə hərbi qüvvələr göndərilməsindən başlayaraq, daha fəal iştirak etməyə hazırıq.

Sual:  Mənim sualım hər iki prezidentədir. Bu danışıqlarda iqtisadi sahədə nə - neft, yoxsa başqa hansısa bir məsələ, hər halda başlıca məsələ olmuşdur?

L.Kuçma: Əlbəttə, enerji daşıyıcıları problemi Ukrayna üçün bir nömrəli problemdir. Siz gözəl başa düşürsünüz ki, bu məsələ təkcə Ukraynanın deyil, istənilən ölkənin müstəqilliyi məsələsidir. Ukrayna və Azərbaycanın neft-qaz kompleksləri çox qədim tarixə malikdir və onlar istehsal əlaqələri ilə o dərəcədə bağlıdır ki, bu komplekslərin gələcək normal mövcudluğu, dünən neftçilərlə görüşdə başa düşdüyüm kimi, həm Ukraynanın, həm də Azərbaycanın xeyrinədir. Ukrayna bu problemin qarşılıqlı surətdə faydalı əsasda həllində özünün bütün imkanları ilə iştirak etməyə hazırdır.

H.Əliyev:  Mən Leonid Daniloviçin dedikləri ilə tam razıyam. Lakin ən başlıca problem kimi, hansısa bir problemi seçib göstərmək çətindir. O qədər problem var ki, onların hamısı böyük əhəmiyyətə malikdir. Lakin Leonid Daniloviçin qeyd etdiyi problem, şübhəsiz, ən mühüm problemdir. Bundan başqa olduqca çox digər məsələlər var. Biz onları iqtisadi münasibətlərimizi genişləndirmək üçün müzakirə etdik. Artıq bu barədə danışılmışdır. Əslinə qalsa, imzaladığımız sənədlər də bundan bəhs edir.

L.Kuçma: Mən yalnız onu əlavə edə bilərəm ki, neft və neft məhsulları Ukrayna üçün çörək, Ukrayna buğdası isə Azərbaycan üçün çörək deməkdir. Biz burda da qarşılıqlı anlaşmaya nail olduq.

Sual:  Mənim sualım cənab Kuçmayadır. Siz Bakıda tez-tez deyirdiniz ki, Ukrayna ilə Azərbaycan MDB üzrə tərəfdaşdır. Sizin danışıqlarınızdan sonra MDB-nin siyasəti barədə hansı məsələlərdə Azərbaycanın və Ukraynanın vahid mövqe tutduğunu gözləmək olar?

L.Kuçma: Cavab çox sadədir. MDB-nin əslində bütün məsələlərində biz vahid mövqedən çıxış edirik.

H.Əliyev:  Mən bu cavabla tam razıyam.

Sual: Hörmətli prezidentlər, mən yenə də iqtisadi məsələlərə qayıtmaq istəyirəm. Siz mövcud problemlərin aradan qaldırılması üçün konkret olaraq hansı məsələləri qaldırdınız və onların həlli üçün nə qədər vaxt lazımdır?

H.Əliyev: Biz problemlərlə bağlı bir çox təklifləri nəzərdən keçirdik. Lakin bizim üçün ən əvvəl vacib olan budur ki, Azərbaycan ilə Rusiyanın Dağıstan ərazisindən keçən sərhədi açılsın. Məlum olduğu kimi, bu sərhəd Çeçenistanda hadisələr başlandığı vaxtdan bağlanmışdır. Əslinə qalsa, sərhəd nəqliyyat kommunikasiyası kimi hələ xeyli əvvəl bağlanmışdı. Ona görə ki, Çeçenistanda vəziyyət orada hərbi əməliyyatlar başlanmazdan hələ xeyli əvvəl çox mürəkkəb idi. Dəmiryol qatarları ya keçmirdi, ya da böyük çətinliklə keçirdi. Bizim üçün, Azərbaycan ilə Ukrayna arasında əlaqələr üçün, ümumiyyətlə, qitəmizin Şimal hissəsi ilə əlaqələr üçün, o cümlədən də Avropaya çıxmaq üçün əsas nəqliyyat növü dəmiryol magistralıdır.

Buna görə də biz ən əvvəl sərhədin açılması və dəmiryol xəttinin normal işləməsi sahəsində tədbirlərə dair məsələləri nəzərdən keçirdik. Doğrudur, bu ən çox Rusiyadan asılıdır. Sizə məlumdur ki, bu məsələ barəsində mən Rusiya rəhbərləri, o cümlədən prezident Boris Yeltsin, baş nazir Viktor Çernomırdin və Rusiyanın digər rəhbərləri ilə dəfələrlə danışıqlar aparmışam. Mənim axırıncı görüşlərim, söhbətlərim mayın 26-da Minskdə MDB-nin iclası zamanı olmuşdur. Lakin vədlər hələlik həyata keçirilməmişdir. Biz dəmiryol magistralının sərbəst işləməsi üçün imkanlara malik deyilik.

Lakin biz digər variantları da nəzərdən keçirdik. Məsələn, yükləri Gürcüstan ərazisi ilə aparıb oradan Qara dənizə, sonra isə Ukraynaya çıxmaq üçün Azərbaycan, Ukrayna və Gürcüstanın müştərək Holdinq nəqliyyat şirkətini yaratmaq barədə təklif var. Bu xətti Xəzər dənizindən keçərək Şərqə tərəf - Türkmənistana və təbii olaraq, oradan da Özbəkistana, Qazaxıstana, digər Şərq ölkələrinə tərəf çəkməyə dair digər çox cəlbedici layihə də var. Doğrudur, başqa variantlar da mövcuddur. Lakin onların hamısı iqtisadi səmərəlilik, təhlükəsizlik, bütün ölkələrlə razılığın mümkünlüyü baxımından diqqətlə işlənməlidir. Təbiidir ki, həmin layihələrin həyata keçirilməsində iştirak edəcək hər bir ölkənin razılığı da gərəkdir. İndi biz onları öyrənir, hazırlayırıq. İnanıram ki, biz bu çətin nəqliyyat blokadasından çıxış yolları tapacağıq.

L.Kuçma: Mən Heydər Əliyeviçin rəyi ilə razıyam. Bəli, həqiqətən bugünkü, sabahkı strateji məsələlər var. Buna görə də biz uzaq perspektivləri, neft-qaz kəməri problemini də nəzərdən keçirdik. Bunlar strateji məsələlərdir və onları bu gün müzakirə etmək lazımdır.

Sual: Leonid Daniloviç, siz dediniz ki, Bakıdan Ermənistana gedəcəksiniz. Siz onlarla da Azərbaycanla olduğu kimi eyni dərəcədə əməkdaşlıq etmək niyyətindəsinizmi?

L.Kuçma: Ukrayna bütün ölkələrlə ancaq bərabərhüquqlu əsasda və qarşılıqlı mənafelər baxımından əməkdaşlıq etməyə hazırdır.

Sual: Leonid Daniloviç, siz Krım tatarlarının problemini necə həll edəcəksiniz?

L.Kuçma: Biz bu problemi dünən Heydər Əliyeviçlə müzakirə etdik. Ukrayna MDB-yə müraciət etmişdir. Mən Bois Nikolayeviç Yeltsinə şəxsi məktubla müraciət etmişəm ki, bu məsələni MDB səviyyəsində nəzərdən keçirmək lazımdır. Çünki bu problem təkcə Ukraynanın problemi deyildir. Təəssüf ki, bir dövlət kimi Ukraynanın buna birbaşa dəxli yoxdur. Lakin bu gün Ukrayna 270 min Krım tatarı ilə təkbətək qalmışdır. Onlar Azərbaycan qaçqınlarına nisbətən bəlkə də bir qədər yaxşı vəziyyətdə yaşayırlar. Ukrayna əlindən gələn hər şeyi edir. Lakin mən birmənalı şəkildə bu fikirdəyəm ki, ən əvvəl, özünü Sovet İttifaqının hüquqi varisi elan edən Rusiya, habelə Özbəkistan və Qazaxıstan da bu problemin həllinə sırf mənəvi baxımdan az-çox öz töhfəsini verməlidir.

Sual: Leonid Daniloviç, Azərbaycanın yeni neft yataqlarının işlənməsində Ukrayna iştirak edəcəkmi?

L.Kuçma: Biz bu problemi müzakirə etdik və Ukraynada olan bütün mümkün üsul və metodlarla bacardığımız qədər iştirak etməyə hazırıq. Digər tərəfdən, biz Azərbaycan tərəfinə təklif etdik ki, Ukraynanın neft yataqlarının, xüsusən Qara dəniz şelfindəki yataqların işlənməsində iştirak etsin.

H.Əliyev: Bizim marağımız var ki, Ukrayna həm quruda, həm də dənizdə Azərbaycan yataqlarının, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundakı yataqların işlənməsində iştirak etsin. Dünyanın bir çox neft şirkətləri bizə müraciət edirlər. Bizdə bir sıra olduqca perspektivli yataqlar var. Enerji daşıyıcılarına ehtiyac duyan Ukrayna, təbii olaraq, bu daşıyıcıları almaq üçün mənbələrə malik olmaq istəyir. Biz Ukraynaya belə imkan təklif etdik.

L.Kuçma: Sovet İttifaqının dövründə Ukraynada borulardan başlayaraq ən nadir avadanlıq - kompressor stansiyaları, nasoslar və digər qurğular buraxılmasınadək neft-qaz sənayesində çox böyük potensial yaradılmışdı.

Sual: Hörmətli Heydər Əliyeviç, mən bu suala cavab eşitmək istərdim: məlum olduğu kimi, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. Siz bu məsələdə onun rolunu necə qiymətləndirirsiniz? Sual prezident Leonid Kuçmayadır: siz belə bir faktı necə qiymətləndirirsiniz ki, bu qədər vaxt itirilmiş, amma Ukrayna indiyədək Azərbaycanda səfirliyə malik deyildir?

H.Əliyev: Rusiya artıq neçə illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik fəaliyyəti göstərir. Əgər bu münaqişənin tarixindən danışmalı olsaq, onda görərik ki, o, hələ Sovet İttifaqının dövründə, 1988-ci ildə yaranmışdır. Bu gün bunu bildirməyi bir daha lazım hesab edirəm ki, həmin dövrdə Sovet İttifaqının rəhbərliyi bu münaqişənin meydana çıxmasına, Ermənistan və Azərbaycan xalqları arasında qarşıdurmanın belə vəziyyətə gəlib çıxmasına yol verməmək üçün hər cür imkanlara malik idi. Xalqlarımız əsrlər boyu bir coğrafi məkanda, bir-biri ilə qonşuluqda yaşamışlar. Bütün tarix ərzində tamam əksər dövrlərdə xalqlarımız dostluq, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Doğrudur, keçmiş zamanlarda münaqişələr baş verirdi. Lakin onların bütün tarixi ərzində heç vaxt belə qanlı və uzunsürən münaqişə olmamışdır. Bu münaqişə Sovet İttifaqının dövründə baş vermişdir və bu gün mən demək istəyirəm ki, Sovet İttifaqının ərazisində yaranmış, digər ölkələrdə də, habelə yer kürəsinin başqa guşələrinə də yayılmış separatçılığın inkişafında məhz SSRİ rəhbərləri günahkardır.

Buna görə də, əgər vasitəçilikdən danışmalı olsaq, vasitəçilik onda da olmuşdur, lakin bu vasitəçilik son dərəcə uğursuz və birtərəfli idi. Son illər Rusiya vasitəçilik işi aparır. Biz bir sıra hallarda onun müsbət rol oynadığını hiss edirik. Biz Rusiyaya ümid bəsləyirik. Mən dəfələrlə bildirmişəm və bu gün də bildirirəm ki, bu məsələnin həllinin açarı əsasən Rusiyadadır. Onu həll etməyə Rusiya qadirdir. Rusiyanın Sovet İttifaqının hüquqi varisi olduğunu nəzərə alaraq, o, Qarabağ münaqişəsinin aradan qaldırılması üçün, bu qanlı müharibəyə son qoyulması üçün daha səmərəli tədbirlər görməyə borcludur. Buna görə də biz Rusiyanın rolunu qiymətləndiririk.

Son vaxtlar Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik rolunda çıxış edir. Siz bilirsiniz ki, 1994-cü ilin dekabrında dövlət başçılarının Budapeşt Zirvə toplantısından sonra Minsk qrupu yenidən qurulmuşdur və indi iki həmsədrə malikdir. İndiki halda həmsədrlər Finlandiya və Rusiyadır. Onlar tədbirləri birlikdə görürlər. Ona baxmayaraq, mən belə hesab edirəm ki, Rusiya burada çox mühüm rol oynayır. Mən ümidvaram və ümid edəcəyəm ki, Rusiya bu münaqişənin həllində, bölgəmizdə sülhün bərqərar olmasında öz tarixi rolunu hər halda oynayacaqdır.

L.Kuçma: Nə üçün Ukrayna Bakıda səfirliyini açmamışdır? Bu, bir-sıfır Ukraynanın xeyrinə deyildir. Buna görə də bu gün biz bunu düzəltdik. Hesab bir-bir olacaq.

H.Əliyev: Xeyr, sıfır-sıfır olacaq. Çünki bu, Azərbaycana da aiddir. Görünür, biz eyni dərəcədə gecikmişik. Bu gün prezidentlər sənəd imzalamış və bununla da ölkələrimizdə səfirliklər açılması barədə öz üzərlərinə öhdəlik götürmüşlər.

Sağ olun.

"Azərbaycan" qəzeti, 29 iyul 1995-ci il.