Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının Parlament Assambleyasının prezidenti xanım Leni Fişerlə söhbətindən - Strasburq, Avropa sarayı, 9 oktyabr 1997-ci il


Leni Fişer: Hörmətli cənab prezident Heydər Əliyev! Sizi səmimi salamlayıram və Sizinlə yenidən görüşməkdən şad olduğumu bildirirəm. Sizə həyat yoldaşımın da ən xoş arzularını yetirərək deyirəm ki, Bakıda Rostropoviçin yubileyinə həsr edilmiş konsert onun çox xoşuna gəlmişdir. Bu, elə bir tədbir idi ki, biz heç vaxt onu unutmayacağıq.

Heydər Əliyev: Sizə və həyat yoldaşınıza təşəkkür edir, öz hörmət və ehtiramımı ona çatdırmağı xahiş edirəm və həmin konsertdə Sizin əriniz ilə birlikdə olmağınızdan çox məmnun qaldığımı bildirirəm.

Sizin regiondakı vəziyyətlə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində yeniliklərlə maraqlanmağınıza cavab olaraq bildirirəm ki, Bakıya səfərinizdən sonra Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində yeniliklər var. Minsk qrupunun həmsədrləri olan ölkələrin - ABŞ, Rusiya və Fransanın prezidentləri Denverdə bəyanat qəbul etmişlər. Həmsədrlər münaqişənin həllinə dair öz təkliflərini bizə vermişlər. Biz Ermənistan-Azərbaycan münaqişəsinə ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında son qoyulmasına tərəfdarıq və həmin təklifləri danışıqların davam etdirilməsi üçün əsas kimi qəbul etmişik. Həmin təkliflərdə münaqişənin iki mərhələdə həlli nəzərdə tutulur. Bu təkliflərə əsasən birinci mərhələdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş altı rayonu azad olunmalı, Ermənistan silahlı qüvvələri həmin ərazilərdən çıxarılmalı, qaçqınlar öz doğma yerlərinə qaytarılmalıdır. İkinci mərhələdə isə Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusu müəyyənləşdirilməli və eyni zamanda Şuşa, Laçın rayonları işğaldan azad edilməlidir. Azərbaycan tərəfi bu şərtlər əsasında danışıqları davam etdirməyə hazırdır.

Bir daha xatırladıram ki, Avropanın ayrılmaz hissəsi olan müstəqil Azərbaycan Respublikası qitənin strukturlarına inteqrasiya yolu tutubdur və Avropa Birliyi, Avropa komissiyası ilə yaxşı əməkdaşlıq edir. Biz Avropa Şurası ilə əlaqələrimizə böyük əhəmiyyət veririk və "Xüsusi dəvət olunmuş qonaq" statusu aldıqdan sonra əməkdaşlığımız xeyli genişlənibdir. Ancaq biz Avropa Şurasının tam hüquqlu üzvü olmaq istəyirik və bunun üçün bütün tədbirləri görürük.

Avropa Şurasının parlament assambleyasının fəxri qonaqlar kitabına xatirə sözləri:

"Avropa Şurasının Parlament Assambleyası Avropada sülhün, əmin-amanlığın, demokratiyanın inkişafında görkəmli rol oynayır. Azərbaycan Avropa Şurası ilə əməkdaşlığı yüksək qiymət verir, Avropa Şurasının tam hüquqlu üzvü olmaq üçün çalışır. Avropa Şurasına yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Müstəqilliyimiz əbədidir", XII cild, Azərnəşr, Bakı-2004, səh 281.