Böyük İpək Yolu


Avropanı Asiyaya birləşdirən nəqliyyat dəhlizi. Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu. E.ə. II əsrdə açılıb. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək yolu XVI əsrdə tamamilə süquta uğramışdır. Mövcud olduğu dövrdə Böyük İpək yolu keçdiyi ölkələrin həyatında mühüm rol oynayaraq, onların əlaqələrinin inkişafına böyük təkan vermişdir. 8 sentyabr 1998-ci ildə Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda "Tarixi İpək yolunun bərpası" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans iştirakçısı olan dövlətlər Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi münasibətlərin, ticarət və nəqliyyat dəhlizlərini inkişaf etdirmək haqqında qərar qəbul etmişlər.