Azərbaycan - İordaniya münasibətləri


Münasibətlərin tarixi: İordaniya Haşimilər Krallığı Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb. Azərbaycan ilə İordaniya arasında diplomatik əlaqələr 13 fevral 1993-cü il tarixində yaradılıb. 2006-cı il martın 28-də Azərbaycanın İordaniyadakı, 2007-ci il mayın 5-də İordaniyanın Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb.

1993-cü ilin fevral ayında İordaniyanın Baş Seremoneysteri Əmir Raad bin Zayedin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı "Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol" imzalanıb.

İkitərəfli siyasi münasibətlər: Azərbaycan və İordaniya rəhbərləri arasında ilk görüş 1994-cü ildə-İKT-nin Kasablanka Zirvə toplantısında olub. Görüş zamanı Azərbaycan Prezidenti Heydər Əliyev və İordaniya Kralı Hüseyn bin Talal ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə ediblər. Dövlət rəhbərləri daha sonra 2000-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi forumunda görüşərək hər iki tərəfi maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

2000-ci illərdə Azərbaycan-İordaniya münasibətlərinin inkişafında tamamilə yeni mərhələnin başlandığını əminliklə qeyd etmək olar. Bunun göstəricisi kimi 2006-cı il avqustun 22-23-də İordaniya kralı II Abdullahın Azərbaycana ilk rəsmi səfərini misal göstərmək olar. Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və İordaniya Krallığı hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi" mövcud əlaqələrə əlavə impuls verib.

II Abdullanın Azərbaycana səfərinə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il iyulun 29-da İordaniyaya rəsmi səfərə gedib. İordaniya kralı II Abdullahla görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, həmçinin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Səfər çərçivəsində Azərbaycan və İordaniya hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq; beynəlxalq avtomobil əlaqələri; fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş; təhsil, elm, mədəniyyət və incəsənət, gənclər və idman, səhiyyə və media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram; ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya haqqında Protokol; səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş sənədləri imzalanıb.

Səfər çərçivəsində həmçinin, İlham Əliyevə İordaniya Universitetinin siyasi elmlər üzrə Fəxri doktoru adı verilib. Bundan başqa Əmman şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adının verilməsi mərasimi keçirilib.

2008-ci il mayın 5-də II Abdullah növbəti səfərlə Azərbaycana gəlib. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullahın görüşündə ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimiyyə Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" və "Azərbaycan Respublikası və İordaniya Haşimiyyə Krallığı arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" imzalanmışdır. II Abdullah səfəri çərçivəsində Bakıda İordaniya sərgisində və Azərbaycan-İordaniya biznes-forumunda iştirak edib.

12-13 oktyabr 2009-cu ildə Prezident İlham Əliyev ikinci dəfə İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olub. Oktyabrın 12-də Al Hummar sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü olub. Görüşdə ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə Kral II Abdullah Azərbaycan ilə İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və ölkəsinin Azərbaycan ilə əlaqələrinə mühüm əhəmiyyət verdiyini qeyd edib. Kral II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərinin ölkələr arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib, ölkələr arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını vurğulayıb. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini və səfər zamanı imzalanacaq sənədlərin əlaqələrin möhkəmlənməsinə əlavə imkanlar açacağını söyləyib.

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Baş naziri Nader Dəhəbi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.

2010-cu ilin 3 fevral tarixində Prezident İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində İordaniya Kralı II Abdullah ilə görüş keçirib. Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti, ikitərəfli əlaqələrin və onların inkişafı üçün mövcud olan potensial və digər məsələlər müzakirə olunub.

Həmin il 15-16 may tarixlərində İordaniya Kralı II Abdullah ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında keçirilmiş təkbətək görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılib.

2013-cü il 6-9 may tarixlərində İordaniya Senatının sədri Tahir Masrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı “Cənubi Qafqaz Forumu”nda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olub.

2014-cü ilin mayında Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

2015-ci ilin 12 iyunda İordaniya şahzadəsi Feysal bin Hüseyn Bakıda 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak edib.

2017-ci ilin 15-16 mart tarixlərində İordaniya Senatının sədri Feysal əl-Fayez V Qlobal Bakı Forumunda iştirak etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə ölkəmizdə səfərdə olub, səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

2017-ci ilin 9-13 may tarixində İordaniya Parlamenti Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh ölkəmizdə rəsmi səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında turizm, sərmayə qoyuluşu, idxal-ixrac, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

4-7 aprel 2018-ci ildə Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momani ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyev aprelin 4-də dövlət nazirini qəbul edib.

2018-ci ilin 17-20 iyul tarixlərində İordaniya şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, İordaniyada Əlil Hərbçilər üzrə Haşimi Komissiyasının sədri, İordaniya Paralimpiya Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn və Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin baş direktoru Məhəmməd Breikat Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) dəvəti ilə ANAMA-nın təsis edilməsinin 20 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Şahzadə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.

2019-cu il dekabrın 10-da İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İordaniya Kralı II Abdullah ibn Al Hüseynin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Dəniz Komissiyası arasında dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın 1/10-cu qaydasına uyğun olaraq sertifikatların tanınması haqqında Anlaşma Memorandumu layihəsinə edilmiş dəyişikliklərin imzalanması mərasimi olub.

İordaniya dəfələrlə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyib, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyib. İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı 2013-cü ildə Bəyanat qəbul edib, 2016-cı ildə isə rəsmi olaraq qətliam kimi tanıyıb.

İqtisadi əlaqələr: Azərbaycan-İordaniya iqtisadi-ticarət əlaqələrinin genişlənməsində 2007-ci ildə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. İndiyədək ölkələrimiz arasında investisiyaların təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlər də daxil olmaqla ümumilikdə 42 sənəd imzalanıb. Azərbaycanda ticarət və xidmət sahələri üzrə 9 İordaniya şirkəti qeydiyyata alınıb. Azərbaycan və İordaniya arasında ticarət dövriyyəsində 2017-ci ildə əvvəlki ilə nisbətən ticarət dövriyyəsi 37%, ixrac isə 52% artıb.

Mədəni əlaqələr: Azərbaycanın AZƏRTAC və İordaniyanın Petra informasiya agentlikləri arasında 2007-ci ildə tərəfdaşlıq müqaviləsi imzalanıb. Agentliklər ikitərəfli qaydada və beynəlxalq informasiya təşkilatlarında sıx əməkdaşlıq edir.

2010-cu il 29 noyabr-3 dekabr tarixlərində İordaniyada Azərbaycan Mədəniyyət günləri keçirilib. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

2012-ci il 9 iyulda Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı İordaniyada keçirilən Çaraş Mədəniyyət və İncəsənət Festivalında iştirak edib.

2017-ci ilin 12-22 may tarixlərində Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək məqsədilə İordaniyadan 11 idman növü üzrə kişi və qadın olmaqla 74 idmançı ölkəmizə səfər edib. 107 nəfərdən ibarət İordaniya nümayəndə heyətinə İordaniya Milli Olimpiya Komitəsinin baş katibi Naser Eymən əl-Məcali rəhbərlik edib.

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.