Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstanla sənədlərin imzalanması mərasimindən sonra Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə mətbuat konfransı və bəyanatı - Prezident sarayı, 29 sentyabr 2001-ci il


Hörmətli prezident cənab Eduard Şevardnadze!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Biz Gürcüstan prezidenti zati-aliləri cənab Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərinə yekun vuran sənədləri imzaladıq. Bu gün biz səmərəli görüş keçirdik. Gürcüstan prezidenti ilə Azərbaycan prezidenti arasında təkbətək görüş oldu. Gürcüstanın və Azərbaycanın nümayəndə heyətləri arasında görüşlər və danışıqlar oldu. Onların hamısı dostluq, qarşılıqlı anlaşma ruhunda, qardaşlıq şəraitində keçmişdir. Bu sənədlər çox böyük əhəmiyyətə malikdir.

Cənubi Qafqaz qaz kəməri haqqında, yəni "Şahdəniz" yatağından çıxarılacaq Azərbaycan qazının Gürcüstan vasitəsilə Türkiyəyə nəqli haqqında, daha doğrusu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında sənəd Azərbaycanın 1994-cü ildən başlayaraq Gürcüstan və Türkiyə ilə birlikdə həyata keçirdiyi neft strategiyasının, neft doktrinasının mühüm tərkib hissəsidir. Təbiidir ki, Azərbaycanın bu neft strategiyasının əsasını 1994-cü ilin sentyabrında Azərbaycanın neft şirkəti ilə Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın, Norveçin, Rusiyanın və digər ölkələrin ən iri neft şirkətləri arasında imzalanmış "Əsrin müqaviləsi" təşkil edir.

Əlbəttə, birinci müqavilə imzalandıqdan sonra vəzifə onu həyata keçirməkdən ibarət idi. Lakin biz onu həyata keçirməklə yanaşı, şübhəsiz, xarici şirkətlərin və Azərbaycan Dövlət Neft Şirkətinin birgə səyləri ilə çıxarılacaq neftin dünya bazarlarına ixracı barədə də düşünməli idik. Ona görə də hələ o vaxt biz neftin ixracının müxtəlif variantlarını nəzərdən keçirirdik. İndi, müəyyən vaxt ötəndən sonra belə hesab edirəm ki, biz çox düzgün yol tutmuşduq. Neftin nəqlinin Şimal marşrutu adlandırılan Bakı-Novorossiysk boru kəməri, Qərb neft kəməri - Bakı-Supsa neft kəməri bu gün artıq reallığa çevrilmişdir. Əlbəttə, əsas niyyəti - Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini gerçəkləşdirmək üçün qarşıda böyük iş dururdu. Bunların hamısı artıq arxada qalmışdır. Biz bu vəzifələri yerinə yetirdik, özü də uğurla yerinə yetirdik. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin və Azərbaycan Dövlət Neft Şirkətinin birgə səyləri ilə Azərbaycanda 1997-ci ildə ilkin neft çıxarılmağa başlandı, noyabrda biz bunu böyük bir hadisə kimi qeyd etdik, yeri gəlmişkən, yenə də dostlarımızla birlikdə. Bu mərasimdə dostumuz prezident Eduard Şevardnadze də iştirak edirdi. Bakı-Supsa neft kəmərini çəkdik.

1999-cu ilin aprelində bu neft kəmərinin açılışını təntənə ilə qeyd etdik. Artıq bu günədək Xəzər dənizinin Azərbaycan sektorundakı "Çıraq" yatağından 16 milyon tona qədər neft çıxarılmışdır. Bu neftin 14 milyon tonundan çoxu Bakı-Supsa neft kəməri ilə ixrac olunmuşdur. Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri proqramının gerçəkləşdirilməsi məsələsi ilə bir çox illər ərzində məşğul olduq və bunu edə bildik. 1998-ci ildə Ankara bəyannaməsini, 1999-cu ildə isə İstanbulda son sazişi imzaladıq. Sonra Azərbaycanla Türkiyə və Azərbaycanla Gürcüstan arasında sazişin imzalanmasına çalışmaq lazım gəldi. Bu da edildi. İndi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinə dair layihə əməli surətdə həyata keçirilir.

Lakin biz daha da irəli gedirik. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" sahəsində çox böyük qaz yatağı kəşf etmişik. İlkin hesablamalarına görə, onun ehtiyatları 1 trilyon kubmetrdir. Təbii ki, yenə də qarşıya qazın ixracı məsələsi çıxdı. Lakin bizim əvvəlki xəttimiz davam edir. Biz qazı Türkiyəyə Gürcüstan vasitəsilə ixrac etməyi qərara aldıq. Biz bunun üzərində xeyli işlədik və bu gün o işi başa çatdırdıq. Yəni, qaz kəmərinin şərtləri haqqında danışıqlar apardıq. Qazın Türkiyəyə Gürcüstan vasitəsilə göndərilməsi haqqında martın 12-də Ankarada Türkiyə hökuməti ilə Azərbaycan arasında saziş imzalandı. Bundan sonra Gürcüstanla Azərbaycan arasında iş davam etdirildi. Deməliyəm ki, bu çox çətin iş idi. Lakin Gürcüstan və Azərbaycan nümayəndələri bu sazişin hazırlanması ilə, məncə, gərgin və layiqincə məşğul oldular. Saziş hazırlandı və bu gün biz onu imzaladıq.

Cəsarətlə deyə bilərəm ki, bu, tarixi əhəmiyyətli hadisədir. Bu hadisənin ölkələrimiz üçün böyük əhəmiyyəti var. Cənubi Qafqaz üçün əhəmiyyəti var. Avropa regionu üçün də əhəmiyyəti var. Ölkələrimizin Qərb ölkələri ilə iqtisadi inteqrasiyası baxımından əhəmiyyəti var. İndi, mətbuat konfransında təfərrüata xüsusi olaraq varmağa lüzum yoxdur. Lakin, hər halda, demək olar ki, Azərbaycanın neft strategiyası uğurla həyata keçirilir - hərçənd biz bu yolda çox çətinliklərlə, maneələrlə qarşılaşdıq - Türkiyə, Gürcüstan və Azərbaycan arasında üç iri saziş imzalanmışdır və proqramımızın artıq bir hissəsi gerçəkləşdirilir. Heç bir şübhə yoxdur ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri də, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də müəyyən edilmiş müddətdə uğurla çəkiləcək və Xəzər dənizindən, Azərbaycandan neft, qaz Gürcüstan vasitəsilə Türkiyəyə və oradan digər ölkələrə axacaqdır. Təbii ki, Gürcüstanın da bu çox qiymətli ehtiyatlardan istifadə etmək hüququ var.

Eduard Amvrosiyeviç, bu yeni mühüm tarixi addım və qazandığımız uğurlar münasibətilə mən Sizi təbrik edirəm, qonaqlarımızı təbrik edirəm, Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm. Əminəm ki, biz bundan sonra da inamla irəliləyəcək və yeni uğurlara nail olacağıq. Bu proqramların ölkələrmiz üçün çox böyük iqtisadi əhəmiyyəti var. Onlar eyni zamanda son dərəcə böyük siyasi əhəmiyyətə malikdir. Bu əhəmiyyət ondan ibarətdir ki, əvvəla, Cənubi Qafqaz, Avropa və Qərb arasında sıx inteqrasiya gedir, ikincisi, bu neft və qaz kəmərləri regionumuzda təhlükəsizliyə, sabitliyə və sülhə mühüm təminatdır. Biz bütün bunlara son dərəcə böyük əhəmiyyət verir və inanırıq ki, gördüyümüz bütün işlərin iqtisadi və siyasi nəticələri ölkələrimizin iqtisadiyyatını möhkəmlədəcək, regionumuzda sabitliyi, təhlükəsizliyi, sülhü təmin edəcək və bizi Avropa Birliyinə, qabaqcıl, demokratik Dünya Birliyinə getdikcə daha da yaxınlaşdıracaqdır

Şadam ki, Gürcüstan prezidenti, dostum Eduard Şevardnadzenin bir çox əvvəlki səfərləri kimi, bu səfəri də belə mühüm tarixi hadisələrlə əlamətdardır. Mənə elə gəlir ki, biz Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi binasının möhkəmlənməsinə hər dəfə yeni bir davamlı daş qoyuruq. Bir daha təbrik edirəm və bu gün imzalanmış sazişin uğurla həyata keçirilməsini arzulayıram. Çox sağ olun.

* * *

Sual: Bu gün siz mühüm sənədlər imzaladınız. Mənim sualım hər iki prezidentədir. İndi terrorizm məsələsinin dünyada aktual olduğu, habelə Gürcüstanın və Azərbaycanın terrorçulara havadarlıqda təqsirləndirildiyi nəzərə alınaraq, bu beynəlxalq qaz kəmərinin təhlükəsizliyi necə təmin ediləcəkdir?

Heydər Əliyev: Bizim Cənubi Qafqazda hərbi münaqişələr olduğu və bu hərbi münaqişələrdən Gürcüstanın da, Azərbaycanın da əziyyət çəkdiyi nəzərə alınaraq, bu kəmərlərin təhlükəsizliyinin təmin edilməsi maksimum tədbirlər görməyimizi tələb edir. Çünki onlar artıq, sadəcə olaraq, hər ayrı-ayrı ölkələrin deyil, bütün Dünya Birliyinin sərvətinə çevrilir. Bu çox böyük, çətin vəzifədir. Lakin hesab edirəm ki, əgər biz indiyədək qarşımızda duran vəzifələrin öhdəsindən gəlmişiksə, deməli, bu vəzifələrin də öhdəsindən gələcəyik.

O ki qaldı Azərbaycanın və Gürcüstanın terrorizmdə təqsirləndirilməsinə, görünür, ümumiyyətlə, özləri terrorizmlə məşğul olan adamlar bizi bunda günahlandırırlar. Bütün bu illər ərzində Gürcüstan və Azərbaycan elə terrorizmdən əziyyət çəkirlər. Əvvəla, bu, abxaz münaqişəsi ilə əlaqədar Gürcüstana qarşı həyata keçirilən terrorizmdir. İkincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana qarşı həyata keçirilən terrorizmdir. Üçüncüsü isə, prezidentlərin özləri - Gürcüstan prezidenti də, Azərbaycan prezidenti də dəfələrlə terrorizm obyekti olmuşlar, amma Allaha şükür ki, sağ qalmışlar. Terrorçular bizi məhv etməyə müvəffəq olmadılar. Ona görə də mən bu fikirləri qəti şəkildə rədd edir və bəyan edirəm ki, Azərbaycan həmişə terrorizmin əleyhinə, separatizmin əleyhinə, ekstremizmin əleyhinə, dini fanatizmin əleyhinə olmuşdur, bu mövqelərdə durur və duracaqdır. Odur ki, bizə, bir növ, böhtan və iftira atmağa çalışanlar, zənnimcə, özlərinin bununla necə məşğul olduqları barədə düşünməlidirlər.

Eduard Amvrosiyeviç, buyurun.

Eduard Şevardnadze: Mənə elə gəlir ki, Heydər Əliyeviçin dediklərinə nə isə əlavə etməyə ehtiyac yoxdur. Cavab indiki vəziyyətə tam mənada uyğundur. Yalnız onu əlavə edirəm ki, biz - mən bütün Dünya Birliyini nəzərdə tuturam - terrorizmə qalib gəlməliyik. Hazırda aparıcı ölkələrdə, habelə bütün tərəqqipərvər bəşəriyyətdə məhz bu cür əhval-ruhiyyə hökm sürür. Bir problem var, Heydər Əliyeviç onun haqqında danışdı: terrorizmin, necə deyərlər, birbaşa məhv edilməsi müvəqqəti haldır. Onun kökünü kəsmək lazımdır. Bu, davakar separatizm, davakar millətçilikdir və öz təcrübəmizdən bildiyimiz kimi, bu kökləri kəsmədən terrorizmin öhdəsindən gəlmək çox çətindir. Neft kəmərlərinin təhlükəsizliyini isə təmin etmək lazımdır.

Sual: Mən gürcü həmkarımın sualını tamamlamaq istəyirəm. Siz terrorizmə qarşı mübarizədə Azərbaycan və Gürcüstanın səylərinin MDB çərçivəsində birləşdirilməsinə necə baxırsınız? Sual hər iki prezidentədir. Sağ olun.

Eduard Şevardnadze: Məsələn, mən belə düşünürəm ki, terrorizmə qarşı mübarizədə bütün təşkilatların, dövlətlərin bütün forma və birliklərinin, o cümlədən MDB-nin imkanlarından istifadə edilməlidir. Biz MDB çərçivəsində də əməkdaşlığın əleyhinə deyilik.

Heydər Əliyev: Mən prezident Şevardnadze ilə razıyam və hesab edirəm ki, terrorizmlə mübarizə məsələlərində bu cür bölgü ola bilməz. Terrorizmlə mübarizə bütün Dünya Birliyinin vəzifəsidir. Xüsusən sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında, Nyu-York və Vaşinqtonda baş vermiş terror aktı - tarixdə görünməmiş terror aktı bütün xalqlara deyir ki, bu hadisə hansı birliyə, hansı ittifaqa aidliyindən asılı olmayaraq, hər ölkə üçün, hər bir xalq üçün təhlükə törədir və ona görə də əgər bu gün kimsə terrorizmlə hələ üzləşməyibsə və buna diqqət yetirmirsə, düşünürsə ki, qoy bununla başqa ölkə özü məşğul olsun, o, səhvə yol verir. Hesab edirəm ki, biz bütün səylərimizi birləşdirməliyik və hamını hansısa ittifaqlara, hansısa ölkələrə bölməyə lüzum yoxdur. Biz hamımız terrorizmə qarşı mübarizə aparmalıyıq.

Sual: Cənab prezidentlər! Məlumdur ki, bu layihənin, "Şahdəniz" layihəsinin çoxlu əleyhdarı olmuşdur və onun həyata keçiriləcəyinə çoxlu şəkk-şübhə vardı. İndi tam inamla demək olarmı ki, "Şahdəniz" layihəsinə heç nə təhlükə törətmir, habelə Cənubi Qafqazda gedən müsbət prosesi Amerika Birləşmiş Ştatlarının dəstəkləməsi nəzərə alınmaqla, Gürcüstan-Azərbaycan münasibətləri necə inkişaf etməlidir? Sağ olun.

Heydər Əliyev: Bilirsinizmi, mümkün ola biləcək, lakin öncədən bilinməyən hadisələrə qarşı tam təminat ola bilməz. Təəssüf, indi dünya elə bir vəziyyətdədir ki, hazırda elə hadisələr baş verir ki, bir neçə il bundan əvvəl onları, ümumiyyətlə, təsəvvür etmək, ağla gətirmək olmazdı. Ona görə də indi biz bu baxımdan, necə deyərlər, arxayın ola bilmərik. Biz çox mürəkkəb şəraitdə, dünyada qarşıdurmanın, iqtisadi və başqa raqabətin getdiyi bir şəraitdə iş görürük. Əslinə qalsa, biz layihələri - "Əsrin müqaviləsi"ni də, Bakı-Supsanı da, Bakı-Novorossiyskini də, nəhayət, Bakı-Ceyhan, Tbilisi-Ceyhanı da həyata keçirərkən böyük çətinliklərlə üzləşdik. İndi isə Bakı-Tbilisi-Türkiyə qaz kəməri bu çətinliklərlə bağlıdır. Ona görə də biz hər şeyə hazır olmalıyıq. Nəzərə alsaq ki, ötən yeddi ildə biz bütün bu maneələri və çətinlikləri, hər halda, dəf edə bilmişik, deməli, daha böyük təcrübə toplamışıq, mətinləşmişik, ayaq üstündə daha möhkəm durmuşuq. Ona görə də biz, zənnimcə, hər şeyi dəf edəcək və Bakı-Tbilisi-Türkiyə qaz kəməri də gerçəkləşdiriləcək və 2004-cü ildə bu boru kəməri ilə qaz nəql olunacaqdır.

Sual: Cənab Şevardnadze, siz indicə dediniz ki, Gürcüstanla Azərbaycan arasında xüsusi münasibətlər var. Amma son vaxtlar Azərbaycanın kütləvi informasiya vasitələrində belə bir mövzunu ciddi-cəhdlə şişirdirlər ki, guya Gürcüstanda azərbaycanlıları sıxışdırırlar, orada Azərbaycan məktəbləri ilə, elektrik enerjisi təchizatı ilə bağlı problemlər var. Bu, Gürcüstanın dövlət siyasətidir, yoxsa ayrı-ayrı xoşagəlməz hallardır? Sağ olun.

Heydər Əliyev: Eduard Amvrosiyeviçə kömək etmək üçün deyim ki, bizdə belə ciddi məlumatlar

yoxdur.

Eduard Şevardnadze: Hər şey normaldır.