Azərbaycan Prezidenti Heydər Əliyev Kanadanın "Alberta Enerji" şirkətinin nümayəndə heyətini qəbul edərkən söhbətindən - 27 iyul 2000-ci il


Heydər Əliyev: Bizim köhnə dostumuzsan. Ona görə Azərbaycana yenidən gəlməyinizdən çox məmnunam. 1994-cü ildə sizinlə birlikdə "Əsrin müqaviləsi"ni yaratmışıq. İndi yaxşı da nəticələr əldə edirik.

Don Steysi: Doğrudur.

Heydər Əliyev: İndi siz Kanadadasınız. Siz Kanadaya keçdiyinizə görə biz bu ölkə ilə də əməkdaşlığa başlamışıq.

Don Steysi: Çox gözəl.

Heydər Əliyev: Amma sonra birdən Braziliyaya gedərsiniz, - onda gərək Braziliya ilə də əlaqələr yaradaq.

Don Steysi: Cənab prezident, mən bir neçə il bundan öncə Sizin məni təlimatlandırdığınız işi görürəm. O da çoxlu xariciləri Azərbaycana gətirmək işidir.

Heydər Əliyev: Çox sağ olun.

Don Steysi: Cənab prezident, bizi yenidən qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Sizinlə bu görüşümüzdən məmnun olduğumu bildirirəm.

Cənab prezident, Sizə deyim ki, çox yaxşı görünürsünüz. Sizə baxdıqdan sonra, bəlkə mənim də ürəyimdə cərrahiyyə əməliyyatı aparılsa, yaxşı olar.

Heydər Əliyev: Yox, əgər ehtiyac yoxdursa, lazım deyil. Siz də çox yaxşı görünürsünüz. Heç dəyişməmisiniz.

Don Steysi: Cənab prezident, mən Sizinlə sonuncu görüşümü xatırlayıram. Bu, 1994-cü ildə olmuşdur. O vaxt Siz Hyüstonda Texası ziyarət edirdiniz. Siz Hyüstonda idiniz, mən o vaxt orada yaşayırdım, indi də həmin şəhərdə yaşamaqda davam edirəm. O zaman biz Sizinlə şam yeməyində görüşdük. Həmin şam yeməyi zamanı Sizə nəvənizin - balaca Heydər Əliyevin dünyaya gəlməsi xəbərini yetirdilər.

Heydər Əliyev: Bu, 1994-cü ildə yox, 1997-ci ildə olmuşdur.

Don Steysi: Ümidvaram ki, Sizin öz nəvənizlə yaxşı vaxt keçirmək imkanlarımız olubdur. Çünki mən özüm də nəvəmi böyütməkdən çox böyük zövq alıram. Əminəm ki, Siz də bu zövqü alırsınız.

Heydər Əliyev: Bilirəm, siz mənə demisiniz ki, 6 nəvəniz vardır. Düz deyirəmmi?

Don Steysi: Mən o vaxt bunu Sizə deyəndə 6 nəvəm var idi. Amma uşaqlarım çox "məhsuldar işləyirlər": indi 9 nəvəm vardır.

Heydər Əliyev: Amma mənim uşaqlarım sizinkilərdən geri qalırlar. Mənim 6 nəvəm var.

Don Steysi: Doğrudur, amma sizinkilər keyfiyyətli nəvələrdir.

Heydər Əliyev: Təbiidir. Mən Hyüstonda olarkən doğulan nəvəm 1997-ci il avqustun 2-də dünyaya gəlmişdi. Bir neçə gündən sonra onun 3 yaşı tamam olacaqdır.

Don Steysi: Mən ona cansağlığı arzulayıram və əminəm ki, Siz onu böyütməkdən xüsusi zövq alırsınız.

Heydər Əliyev: Sağ olun.

Don Steysi: Axırıncı dəfə mən Sizinlə görüşərkən "Amoko" şirkətində çalışırdım. Amma indi artıq "Amoko" şirkəti mövcud deyil. Dünya dəyişib, - indi nə "Arko", nə "Mobil", nə də başqa şirkətlər var.

Heydər Əliyev: Siz gedən sonra "Amoko" şirkəti dağıldı.

Don Steysi: Tamamilə mənim fikirlərimi ifadə etdiniz. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, dünən mən Bakı hava limanına qədəm qoyduqda Azərbaycanda yalnız müsbət istiqamətdə dəyişikliklər baş verdiyinə bir daha əmin oldum. Azərbaycanda Sizin rəhbərliyiniz altında tərəqqi göz önündədir.

Sizə bildirmək istəyirəm ki, Kanadanın "Alberta enerji" şirkəti özünün beynəlxalq əməliyyatları barədə planlarını hazırlayarkən, hansı ölkələrə investisiya qoymaq barədə düşünərkən mən onlara birmənalı şəkildə tövsiyə etdim ki, Azərbaycana getmək lazımdır. Soruşdular ki, nə üçün məhz Azərbaycana? Dedim, ona görə ki, orda mənim dostum prezident Heydər Əliyev vardır. Mən onlara söylədim ki, dünyada ikinci dövlət, ölkə tapmazsınız ki, beş il ərzində 10 prodakşn-şerinq müqaviləsi imzalanmış olsun. Mən onlara bildirdim ki, prezident Heydər Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan investisiyalar üçün yaxşı məkandır və ora sərmayə qoymaq lazımdır.

Bir neçə il bundan öncə Sizin qəbul etdiyiniz qərarlara görə indi Azərbaycan xalqının maddi durumu yaxşılaşmaqdadır və ölkənizin iqtisadi vəziyyəti getdikcə yaxşılaşır.

Möhtərəm prezident, indi mən həm ABŞ, həm də Kanada vətəndaşıyam. Hazırda Kanadanın "Alberta enerji" şirkətinin sədri vəzifəsində çalışıram. Bildiyiniz kimi, bizim şirkətin Azərbaycanda "Alov" yatağında beş faizlik payı vardır. Lakin biz Azərbaycana bundan da böyük miqdarda yeni sərmayələr qoymaq niyyətindəyik.

"Alberta enerji" şirkəti haqqında Sizə qısaca məlumat vermək istəyirəm. Bizim şirkətimiz Kanadanın ən iri müstəqil şirkətidir. Şirkətimizin illik dövriyyəsi 6 milyard dollar təşkil edir. Biz hər gün 30 min ton həcmində neft hasil edirik.

Bizim şirkət Kanadada ən çox təbii qaz istehsal edən şirkətdir. Biz həmçinin ABŞ-a ən çox qaz ixrac edirik.

"Alberta enerji" şirkəti Kanadanın boru kəmərlərini idarə edən ən böyük şirkətidir. Ona görə də mən "Alberta enerji" şirkətinin boru kəmərləri üzrə prezidentini və vitse-prezidentini özümlə gətirmişəm. Onlar da öz fikirlərini qısaca olaraq Sizinlə bölüşəcəklər.

"Alberta enerji" şirkətinin istehsal sahəsinə cavabdeh olan vitse-prezidenti də nümayəndə heyətinin tərkibindədir. Onu da Sizə deyim ki, o Everest dağının zirvəsinə qalxıbdır və o da öz fikirlərini Sizinlə bölüşəcəkdir.

Cənab prezident, mən özümlə bizim müştərək dostumuz olan doktor Zöhrab Sübhanini də gətirmişəm. Doktor Zöhrab Sübhani Azərbaycan-Kanada əlaqələrinin inkişaf etdirilməsinə nail olmaqda bizə yardımçı olacaqdır. Qeyd edim ki, bu yaxınlarda doktor Sübhani Kanada parlamentində Azərbaycan və onun əhəmiyyəti barədə dinləmələrdə məruzə etmişdir.

Cənab prezident, bildirmək istəyirəm ki, mən Sizinlə və Azərbaycanla dostluğumuza sadiq qalıram və Kanadanın "Alberta enerji" şirkətinin sədri kimi əlimdən gələni edəcəyəm ki, bu şirkətin köməyi ilə Kanada-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə nail olaq.

Onu da bildirmək istəyirəm ki, bu əməkdaşlıq bizim cənab İlham Əliyevə göndərdiyimiz dəvətdən başlayıbdır. Biz cənab İlham Əliyevi Kanadanı ziyarət etməyə, ölkənin rəsmi dairələri ilə, enerji sektorunu təmsil edən hakimiyyət orqanları ilə danışıqlar aparmağa dəvət etmişik.

Cənab prezident, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkür edirəm, bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Sağ olun. Hörmətli dostum, mən sizi Azərbaycanda görməkdən bir daha məmnunam. Həqiqətən, 1994-cü ildə biz böyük neft müqaviləsinin əsasını qoymuşuq. Sizin o vaxt başçılıq etdiyiniz ABŞ-ın "Amoko" şirkəti həqiqətən Azərbaycana çox böyük maraq göstərib, ölkəmizə gələn ilk şirkətlərdən biridir. Əməkdaşlığımız da uğurlu olubdur. İndiyədək 19 müqavilə imzalanıbdır, Azərbaycanda 32 neft şirkəti fəaliyyət göstərir, onlar 14 ölkəni təmsil edirlər. Onlardan biri də Kanadanın "Alberta enerji" şirkətidir.

Sizinlə keçmiş əməkdaşlığımız çox səmimi olubdur. Ona görə də bundan sonra da Sizinlə əməkdaşlıq etməyə mən hazıram. Təbiidir ki, Kanada kimi böyük bir dövlətlə əməkdaşlıq etməyimiz bizim üçün əhəmiyyətlidir. Amma burada əsas rol oynayan, hörmətli Don Steysi, sizsiniz.

Yaxşı əməkdaşlıq etmək üçün inam lazımdır. Bizim aramızda da çox yaxşı inam yaranıbdır. Güman edirəm ki, sizin Kanada şirkətinin Azərbaycanda bundan sonra görəcəyi işlər haqqında təkliflərinizi mən məmnuniyyətlə qəbul edirəm və onların həyata keçirilməsi üçün lazımi tədbirlər görərəm.

Azərbaycanda gördüyünüz müsbət dəyişikliklər haqqında söylədiyiniz fikirlərə görə mən təşəkkür edirəm. İndi əgər konkret təklifləriniz varsa, biz bunları müzakirə edə bilərik.

"Azərbaycan" qəzeti, 28 iyul 2000-ci il.