"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB-nin icraçı katibi Yuri Yarovu qəbul edərkən söhbətindən" (Prezident sarayı, 18 may 2000-ci il) sənədinə tarixi arayış


Azərbaycan Prezidenti Heydər Əliyev MDB ilə əməkdaşlıq çərçivəsində 1999 - 2003 - cü illərdə bu təşkilatın icraçı katibi olmuş Yuru Yarovla dəfələrlə görüşüb.

Onların 1999-cu ilin avqustunda Bakıda ilk görüşü keçirilib. Yuri Yarov MDB icraiyyə komitəsi aparatında struktur islahatları haqqında Azərbaycan Prezidentinə məlumat verib.

Heydər Əliyev Yuri Yarova MDB daxilində hərbi ittifaqların əleyhinə olduğunu deyib. O, Rusiyanın Azərbaycana təcavüz etmiş Ermənistanla hərbi müttəfiqlik münasibətlərindən narazı qaldığını, həmin ölkənin ATƏT-in Minsk qrupunda vasitəçi - həmsədr olduğundan bu hərəkətin anlaşılmazlığını deyib.

Yuri Yarov 22 dekabr 1999-cu ildə MDB dövlət başçılarının toplantısına hazırlıq məqsədilə Azərbaycana gələrək Heydər Əliyevlə görüşüb. Azərbaycan Prezidenti onun ATƏT-in Minsk qrupunda MDB-nin müşahidəçilərinin fəaliyyət göstərməsi təklifini qəbul etməyib. Heydər Əliyev bunu MDB dövlət başçılarının görüşlərində dəfələrlə Ermənistanın təcavüzünün ittiham edilməsi təklifi verdiyini, MDB-nin isə bu barədə heç bir qərar qəbul etməməsi ilə əsaslandırıb.

Heydər Əliyev 18 may 2000 - ci ildə Yuri Yarovla növbəti görüşü zamanı MDB-nin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanı təmin etməyən mövqeyinə baxmayaraq bu təşkilatla gələcəkdə də əməkdaşlıq niyyətini ifadə edib: "Azərbaycan həm ikitərəfli səviyyədə, həm də MDB çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi mövqelərində möhkəm dayanır."

Heydər Əliyevin Yuri Yarovla növbəti görüşlərində (noyabr, aprel, 2000) MDB çərçivəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Heydər Əliyev MDB -nin icraçı katibi kimi şəxsən onun fəaliyyətindən razı qaldığını söyləyib.

Yuri Yarov növbəti dəfə Azərbaycanda prezident seçkilərini müşahidə etmək məqsədilə 2003-cü ilin oktyabrında Azərbaycana səfər edib.

MDB-nin icraçı katibi vəzifəsində Yarovu əvəz etmiş Vladimir Ruşaylo da bir neçə dəfə - 12 iyul 2004-cü il, 5 aprel 2005-ci il, 28 sentyabr 2006-cı il və 5 iyun 2007-ci il tarixində Azərbaycanda səfərdə olub. Bu səfərlərin hər birində Prezident İlham Əliyev Vladimir Ruşaylonu qəbul edib.

12 iyul 2004-cü ildə Vladimir Ruşaylo Prezident İlham Əliyevlə söhbətində Bakıda keçirdiyi görüşlər barədə məlumat verib. MDB-nin icraçı katibi bildirib ki, iqtisadi inteqrasiya əməkdaşlığın çox mühüm istiqaməti olaraq qalır və bu inteqrasiyanın inkişaf etdirilməsi üçün var qüvvəsi ilə səy göstərəcəkdir. Vladimir Ruşaylo humanitar sahəni, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizəni əməkdaşlığın əsas istiqamətləri adlandırıb.

5 aprel 2005-ci ildə Vladimir Ruşaylonun İlham Əliyevlə görüşündə MDB-nin avqust ayında keçiriləcək zirvə toplantısına hazırlıq işləri, MDB məkanında gedən proseslər və təşkilat çərçivəsində əməkdaşlığın müxtəlif sahələri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

28 sentyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vladimir Ruşaylo ilə söhbətində MDB onkoloqları və radioloqlarının dördüncü qurultayının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb. Vladimir Ruşaylo da bu qurultayın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib.

5 iyun 2007-ci il tarixindəki görüşündə isə MDB çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

17 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Müstəqil Dövlətlər Birliyinin (MDB) yeni icraçı katibi Sergey Lebedevi qəbul edib. Söhbət zamanı MDB çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlərə toxunulub.

Sergey Lebedev sonuncu dəfə 15 oktyabr 2008-ci il prezident seçkilərini müşahidə etmək üçün Azərbaycanda səfərdə olub.

Tarixi arayış 11 yanvar 2009 - cu ildə yeniləşdirilib.