Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran nümayəndə heyətini qəbul etmişdir - 10 dekabr 2002-ci il


Azərbyacan Respublikasının prezidenti Heydər Əliyev dekabırın 10-da Prezident sarayında İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əhməd Məscid Cameinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq hal-əhval tutdu, eyni zamanda son 15-20 ildə Bakıya belə qar yağmadığını, şəhər üçün çətinlikər yaratdığını vurğuladı.

Dövlətimizin başçısı may ayında İrana səfərini xatırladaraq, bunun İran-Azərbaycan əlaqələrinin inkişafı üçün əhəmiyyətli olduğunu, həmin səfərdən sonra əlaqələrimizin intensiv inkişaf etdiyini, prezident Xatəmi ilə əldə olunmuş razııqların həyata keçirilməsinin təmin edildiyini vurğuladı.

Mədəniyyət sahəsində lazım olan işlərin görülməsini çox yaxşı hal hesab edən prezident Heydər Əliyev dedi ki, mədəniyyət əlaqələrimizin inkişafına bütün sahələrdən daha çox yardım edə bilər və indiyə qədər də edilibdir. Bəzi sahələrdə hansısa çətiniklər olur, amma mədəniyyət sahəsində çətinlikər ola bilməz. Çünki bizim, iki xalqın, İran-Azərbaycan xalqlarının mədəniyyətlərinin bir kökü var. Bizim mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, musiqimiz və memarlıq abidələrimiz, bütün başqa abidələr-hamısı bir-birinə bənzərdir. Ona görə bu sahədə həm əməkdaşlığı irəliyə aparmaq daha asandır. Həm də imkanlar çoxdur. Gərək hamımız birlikdə bu imkanlarda daha səmərəli istifadə edək.

Görüşdə iştirak edən Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu dedi ki, cənab prezident, Sizin İrana rəsmi səfəriniz zamanı iki ölkə arasında anlaşma imzalanmışdır. Dünən biz işçi protokolunu imzaladıq. Abidələrin bərpası, müştərək film çəkilməsi, kollektivlərin qarşılıqlı qastrolları barədə danışmışıq. Sizin tarixi səfərinizdən sonra bütün sahələrdə olduğu kimi, mədəni əlaqələrdə də müəyyən canlanma var və bundan sonra da olacaqdır.

Səmimi qəbula görə təşəkkür edən cənab Əhməd Məscid Camei böyük müsəlman siyasi xadimi olan Heydər Əliyev ilə görüşməkdən şərəf duyduğunu bildirdi. İran prezidenti Xatəminin salamını dövlətimizin başçısına çatdırdı.

O, Azərbaycan ilə İran arasında tarixi köklərin olması barədə deyilənlərlə tam razılaşdığını söylədi, Bakıda təşkil etdikləri sərgidə İranda Azərbaycan dilində çap olunmuş 200 kitabın nümayiş etdirilməsini bugünkü əlaqələrimizin nümunəsi kimi qiymətləndirdi. Nazir dedi ki, zati-aliləri, hazırda Azərbaycanın dörd musiqi qrupu İrandadır. Sizin bu ilin mayında İrana səfəriniz və prezident Xatəmi ilə apardığınız danışıqlar münasibətlərimizdə, əlaqələrimizdə köklü dönüş yaratmışdır. Biz həmin səfər zamanı mədəniyyətə aid sənəd imzaladıq. Orada nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün isə biz bu günlərdə icra sənədi imzalamışıq.

Qonaq elm, mədəniyyət, turizm sahəsində əlaqələrin daha geniş inkişaf etdirilməsinin mümkünlüyündən danışaraq dedi ki, Azərbayacan prezidentinin İrana rəsmi səfərindən sonra yaranmış münasib şəraitdən istifadə edib ümumən mədəni əməkdaşlığı daha da genişləndirmək istəyirik. Bizim xalqımız Azərbaycanın müstəqilliyinə və inkişafına çox sevinir. Azərbaycanın qüdrətli olması ilə fəxr edirik. Çalışırıq ki, münasibətlərimiz ilk növbədə Azərbaycanla olsun. Cənab Xatəmi də Azəraycana səfər etməyə çox maraqlıdır. İnanıram ki, yaxın aylarda Bakıya gələcəkdir. Zatı-aliləri, sözsüz ki, Sizin tövsiyə və tapşırıqlarınız bizim görəcəyimiz işləri daha da sürətləndirəcəkdir.

Prezident Xatəminin salamına görə təşəkkür edən dövlətimizin başçısı Heydər Əliyev özünün də dostluq salamını və ən xoş arzularını İran rəhbərinə çatdırmağı ondan xahiş etdi, cənab Xatəminin Azərbaycana rəsmi səfərini səbirsizliklə gözlədiyini bildirdi.

Prezident Heydər Əliyev vurğuladı ki, vaxtilə nazir olan ağayı Xatəmi, siz və Polad Bülbüloğlu mədəni əlaqələr qurulmasının təşkilatçısı olmusunuz. Yaxşı iş görmüsünüz, amma görünür o himi möhkəm qoymamısınız. Çünki ondan sonra mədəni əlaqələr gərək çox sürətlə inkişaf edəydi. Təssüf ki, belə olmayıbdır. Amma indi bu, geridə qalıbdır. Hesab edirəm, bu il Tehranda biz ağayı Xatəmi ilə çox möhkəm him qoyduq ki, onun üstündə möhkəm bir bina tikilsin. Biz bunu edirik və edəcəyik.

Mədəniyyətin hər bir xalqı başqa xalqlar arasında, ümumiyyətlə, dünyada tanıtmaq üçün ən əsas, ən yararlı vasitə olduğunu söyləyən dövlətimizin başçısı Heydər Əliyev bəzən bir mahnının böyük əsərdən, işdən çox təsirli olduğunu vurğulayaraq dedi ki,"Ayrılıq" mahnısı o illər həm İranda, həm də Azərbaycanda bütün insanların qəlbinə girmişdi. 1990-cı ildə Mən Naxçıvana gəldim. Mən ayrılıqdan daha çox əziyyət çəkmiş adamam. Çünki bir var Azərbaycan ilə İran arasındakı ayrılıq, bir də var mən Moskvada yaşayırdım, daha da ayrı düşmüşdüm. " Ayrılıq" mahnısını burda eşitdim, qulaq asanda gözlərimdən yaş gəldi. Sonra Allah mənə yaxşı qismət verdi. Gərək ki, 1992-ci ildə idi. Əli Səlimi buradan getmiş azərbaycanlıdır. Onları 1937-ci ildən buradan sürgün etmişlər. Gedib Təbrizdə yaşamışdı. Orada tar çalırdı və gözəl bir orkestri var idi. Mənə xəbər verdilər ki, o Təbrizdən Bakıya getmək istəyir. Amma o vaxt yol yox idi. Mən Təbrizdəki adamlarla əlaqəyə girdim, onları dəvət etdim, Naxçıvana gəldilər. Qış, şaxta, çox soyuq idi. Amma o şaxtada, soyuqda qızdırılmamış salonda-hamımız paltoda oturmuşuq- gözəl bir konsert verdilər. Demək olar, biz bir neçə gün onun təsiri altında qaldıq.

Onda Əli Səlimi öz tərcümeyi-halını danışdı ki, 1937-ci ildə gedəndən Azərbaycanı, Bakını görməyibdir. Hətta Bakıda hansı küçədə yaşaması, ailəsi barədə də danışdı. Mən iki gündən sonra onlara kömək etdim, təyyarə ilə Bakıya göndərdim. İndi deyirlər, rəhmətə gedibdir. Çox gözəl bir insan idi, musiqiçi idi. Amma o böyük təhsil almış bəstəkar deyildi. Ancaq elə bir bəstəkar o cür mahnı yazmışdı ki, təhsil almış heç bir bəstəkar o cür mahnı yaza bilməz. Sözləri də çox gözəldir.

Mən Azərbaycanla İran arasında mədəni əlaqələri qurmağa sizdən əvvəl, Naxçıvanda başlamışam. Yəni demək istəyirəm ki, bir mahnı dünyanı bir-birinə birləşdirir. Ona görə mədəniyyətin imkanları böyükdür. Hesab edirəm, sizin bu səfərinizin böyük əhəmiyyəti var, protokol da imzalamısınız. İnanıram ki, bundan sonra tədbirlər həyata keçirəcəksiniz.

Məsələn, fikirləşin, bəlkə bizim simfonik orkestr 2-3 gün Tehranda konsert versin. Sizi inandırıram, orada böyük hadisə olar. Bəlkə orada simfonik musiqini hamı o qədər sevməsin, amma sevənlər də çoxdur. Avropada təhsil almış adamlar var, səfirlər var. Çox böyük bir iş olacaqdır. Yaxud, "Hamlet" tamaşasını göstərmək olar. Çox gözəl tamaşadır.

Əhməd Məscid Camei prezident Heydər Əliyevin dörd saat böyük hövsələ və maraqla "Hamlet" tamaşasına baxmasının şahidi olduğunu söylədi və bunu çox yüksək qiymətləndirdi.

Sonra nazir dövlətimizin başçısına xatirə olaraq Məhəmməd Şəhriyarın xalça üzərində toxunmuş portretini təqdim etdi.

Prezident Heydər Əliyev hədiyyəyə görə təşəkkür edərək dedi ki, bu çox gözəl, əziz hədiyyədir. Birincisi, ona görə ki, Şəhriyarın portretidir. İkincisi də, çox yüksək səviyyədə yaradılmış əsərdir. İnsanın portretini xalçada toxumaq, bu cür təsvir etmək boya ilə işləməkdən çox-çox çətindir. Mən bunu bilirəm. Bu, çox qiymətli hədiyyədir. Çox təşəkkür edirəm.

Qəbulda prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə, İranın Bakıdakı səfiri Əhəd Qəzai, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov iştirak edirdilər.