Türkiyə Respublikası Prezidentinin dəvəti ilə qısamüddətli müalicə üçün Gülhanə Hərbi Tibb Akademiyasında olan Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti Süleyman Dəmirəlin jurnalistlər üçün keçirilən birgə brifinqdə bəyanatları - Ankara, 17 yanvar 1999-cu il


Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin bəyanatı

Hörmətli cənab Heydər Əliyevin xəstələnməsi barədə yanvarın 16-da bizə xəbər çatdı. Biz buradan Bakıya həkimlər göndərdik. Onlar yanvarın 16-da axşam Bakıda oldular və hörmətli Heydər Əliyev bu gün Ankaraya gəldi.

Bəzi mətbuat orqanlarının verdikləri xəbərlərin əksinə olaraq, hamınızın gördüyü kimi, Heydər Əliyev Sizin qarşınızdadır.

Möhtərəm Heydər Əliyev, xəstəliyiniz keçmiş olsun. Cənab Heydər Əliyev səhhəti ilə bağlı burada həkim nəzarətindən keçəcəkdir. Gülhanə xəstəxanası fəxr etdiyimiz bir tibb müəsisəsidir. Həkimlərimiz Azərbaycan Prezidentinə hər cür xidmət göstərəcəklər. Bir həftə ərzində hər şey düzələcəkdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı

Əziz dostum, qardaşım, cümhur başqanı Süleyman Dəmirəl!

Sizin Azərbaycana göndərdiyiniz həkimlərə söylədim, - mən doqquz ildir həkimlərsiz yaşadım. Amma tale gətirib məni yenə həkimlərə bağladı. 1990-cı ildə Moskvadan Azərbaycana qayıdandan sonra mənim həkimim olmayıbdır. Həkimə müraciət etməyə də ehtiyac duymamışam, - Allah məni saxlayıbdır. Ancaq iki-üç gün bundan əvvəl Azərbaycanda dolaşan qrip xəstəliyi məni tutdu. Amma mən fikir vermədim, yəni işləməyə başladım. Beşinci gün çox çalışdım, altıncı gün isə rahatsız oldum. Axşam daha da rahatsız oldum. Mənim qardaşım, dostum Süleyman bəy bundan xəbər tutdu.

Bizim belə bir adətimiz vardır: Bir insan rahatsız olanda onun ailəsindən bu xəbəri ən yaxın adama deyirlər. Mənim oğlum da Süleyman bəyə telefon açdı ki, xəbər versin. Süleyman bəy də dərhal Bakıya iki təyyarə göndərdi. Həmin təyyarələrdə iki qrup - birində bu xəstəxananın, birində də digər xəstəxananın həkimləri Bakıya gəldilər. Allaha şükürlər olsun ki, onlar Bakıya gələnə qədər mənim səhhətimdə elə təhlükəli bir şey yox idi. Ancaq həkimlər dedilər ki, bir halda ki, Siz doqquz il həkimsiz yaşamısınız, indi gəlin Sizi müayinə edək, baxaq. Mən də gəldim. Amma bu, eyni zamanda, gəlib Türkiyəni, Ankaranı görmək və dostum Süleyman Dəmirəllə bir daha görüşüb söhbət etmək üçün yeni bir fürsətdir. Hava limanından buraya gələnə qədər biz bir neçə məsələni artıq müzakirə etdik. Mən gələcəkdə də bu fürsətdən istifadə edəcəyəm.

Əziz dostum, qardaşım Süleyman Dəmirələ mənə göstərdiyi bu qardaşlıq qayğısına görə təşəkkür edirəm. Mən Türkiyəni özüm üçün ən yaxın dost ölkə hesab edirəm. Ona görə də burada olmaq mənim üçün çox önəmlidir. Təşəkkür edirəm.

* * *

Sual: Cənab Heydər Əliyev, Sizin burada müalicəniz neçə gün davam edəcəkdir?

Cavab: Yəqin məni buradan 3-4 günə buraxarlar. Mən belə hesab edirəm.