"Əsrin müqaviləsi" (Bakı, ‎‎20 sentyabr 1994-cü il) mövzusunda ümumi tarixi arayış


20 sentyabr 1994-cü ildə Bakıda neft hasilatı üzrə ‎ixtisaslaşmış, dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik 12 iri neft şirkəti arasında Xəzər dənizinin Azərbaycana ‎aid sektorunda yerləşən üç neft yatağının - "Azəri", "Çıraq" və "Günəşli" - birgə işlənilməsini nəzərdə tutan irimiqyaslı beynəlxalq ‎müqavilə imzalanıb. ‎

‎Bu müqavilə 150 illik tarixi olan Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş Azərbaycan ‎Respublikasında neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir. "Əsrin müqaviləsi" adı ilə tarixə düşən bu ‎beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və ‎möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu.

‎"Əsrin müqaviləsi" Azərbaycanda digər böyük layihələrin həyata keçirilməsi üçün zəmin yaratdı. Bu layihələrin gerçəkləşdirilməsi ilə ‎Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Bu müqavilədən sonra Azərbaycan ‎iqtisadiyyatının digər sahələrinə də xarici investisiyaların sürətli axını başlanıb. Müqavilənin imzalanmasından ötən 14 il ərzində ‎Azərbaycan iqtisadiyyatına bütövlükdə 40 milyard ABŞ dollarından çox investisiya qoyulub.‎ (www.trend.az)

"Əsrin müqaviləsi"nin bağlanmasında az sonra dünyanın 21 ölkəsinə məxsus 43 şirkətlə 27 neft müqaviləsi ‎bağlanıb ki, onların hesabına Azərbaycanda neft sənayesinin inkişafına üst-üstə 60 milyard ABŞ dolları həcmində sərmayə ‎qoyuluşu nəzərdə tutulub.‎(www.socar.gov.az)

‎"Əsrin müqaviləsi" imzalandıqdan sonra ‎müqavilə üzrə danışıqlar davam etdirilərək texniki, maliyyə və təşkilati ‎işlərin həyata ‎keçirilməsi üçün Rəhbər Komitə, Azərbaycan Beynəlxalq ‎Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradılıb. Bu ‎qurumların ‎fəaliyyəti 2 dekabr 1994-cü ildə Azərbaycan Prezidentinin xüsusi ‎fərmanı ilə təsdiq edilərək hüquqi qüvvəyə minib. ‎‎"Əsrin müqaviləsi"nin mətni 12 dekabr ‎‎1994-cü il tarixində Azərbaycan Respublikasının Milli ‎Məclisi tərəfindən ‎ratifikasiya edilib. Müqavilənin həyata keçirilməsi ‎üçün lazımi hüquqi baza yaradıldıqdan sonra konkret işlərin həyata ‎‎keçirilməsinə başlanıb.‎

‎1999-cu ilin iyun ayından ‎etibarən bp ABƏŞ-in vahid operatorudur. ABƏŞ-in iş proqramlarını və ‎xüsusi layihələrin büdcəsini ‎ARDNŞ, Azərbaycan hökuməti və xarici ‎neft şirkətlərinin təmsilçilərindən ibarət Rəhbər Komitə təsdiq edir. ‎

‎"Əsrin müqaviləsi" çərçivəsində ilkin neftin hasilatına 1997-ci ilin noyabrında başlanılıb və 2007-ci ilin yekunlarına əsasən bu layihə çərçivəsində ümumilikdə hasilat ‎göstəriciləri aybaay, ilbəil artır. Məsələn, 2007-ci ildə Azərbaycanda rekord səviyyədə - 42,6 milyon ton xam neft hasil edilib. Bunun 8,8 milyonu ARDNŞ-nin, 33,8 milyon tonu isə beynəlxalq konsorsiumların payına düşür. 2006-cı illə müqayisədə hasilat 33 faiz və ya 10,3 milyon ton artıb. (www.azerbaijan.com)

Hazırda "Əsrin müqaviləsi"nin iştirakçıları - bp-34,14-% (Böyük Britaniya), ‎ Yunokal-10,28 % (ABŞ), ARDNŞ-10% ‎‎(Azərbaycan), İnpeks-10% (Yaponiya), Statoyl-8,56% (Norveç), EkssonMobil-8% (ABŞ), TPAO-6,75% (Türkiyə), Devon-‎‎5,63% (ABŞ), İtoçu-3,92% (Yaponiya), Delta-Hess-2,72% (Səydiyyə Ərəbistanı) şirkətləridir.‎

‎2002-ci ildə konsorsiumda təmsil olunan Rusiyanın "LUKoyl" şirkəti müqavilədəki 10%-lik payını Yaponiyanın İNPEX neft ‎şirkətinə 1,375 milyard ABŞ dollarına satıb.‎

2006-cı ilin ortalarına qədər Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ötürmə qabiliyyəti ildə 5-7 milyon ton olan Bakı-Novorossiysk və ‎Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunub. Lakin "Azəri"-"Çıraq"-"Günəşli" layihəsi üzrə illik hasilatın 50 ‎milyon tona çatacağı və bu neftin dünya bazarlarına nəql olunması ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin təklif‎ilə yeni, daha böyük nəqletmə imkanına malik əsas ixrac boru kəməri layihəsi hələ 1994-cü ildən araşdırılırdı. 1998-ci ildə əlverişli variant kimi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ‎ixrac boru kəməri marşrutu seçilib. 2002-ci ilin sentyabrında kəmərin Bakıda təməlqoyma mərasimi keçirilib. BTC ilə ilk Azərbaycan nefti 2006-cı ilin mayında ötürülməyə başlanılıb və bununla da Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb. Layihənin həyata keçirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə ‎alan layihənin səhmdarları, 2004-cü ildə BTC boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul ediblər.

"Əsrin müqaviləsi"nin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin öz geniş nitqində bu ‎tarixi hadisəyə qiymət verərək deyib: "Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox ‎xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən ‎tarixi hadisəni layiqincə qiymətləndirəcəklər".‎

Çətin siyasi və iqtisadi şəraitdə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub. 1994-cü ildən bu günədək AÇG-yə 33 mlrd. dollarlıq sərmayə qoyulub. İndiyədək yataqlar blokundan 440 mln. ton neft hasil edilib. Bunun hesabına Azərbaycan 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə edib. İ AÇG-dən 3,2 mlrd. barel neft hasil edilib. Həmçinin yataqlar blokundan ümumilikdə 30 mlrd. kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.

Azərbaycanda neft gəlirlərinin insan kapitalına çevrilməsinə nail olunub. Neft gəlirlərindən səmərəli istifadə hesabına indiyədək ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 11 min km-dən çox yol inşa edilib. Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) ayrılan vəsaitlə 250 min məcburi köçkün 100-dən artıq qəsəbədə mənzillə təmin olunub.

14 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb. Başqa sözlə, "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilədək uzadılıb.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib: "Bu gün imzalanan sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında "Əsrin müqaviləsi"nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə "Əsrin müqaviləsi" yaradıb".

BP-nin baş icraçı direktoru Robert Dadli imzalanma mərasimində bəyan edib ki, “Heydər Əliyevin əməyinin bəhrəsi olan yeni saziş çərçivəsində yatırılacaq sərmayənin məbləği 40 mlrd. dolları ötəcək. "Bütün bu nailiyyətlər yalnız mərhum prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub. Altı fərqli ölkədən olan on bir şirkət SOCAR ilə birlikdə ölkənin enerji yolunda yeni bir səhifə açdı. 1994-cü ildə sentyabr ayının məhz həmin əlamətdar günündə mərhum prezident Heydər Əliyev "Azərbaycanın həyatında yeni dövrün başlandığını" deyib. O, haqlı idi. Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənməsində və eləcə də həmin ehtiyatların dünya bazarlarına nəql edilməsində möhtəşəm nailiyyətlər əldə olunub”. 

Böyük Britaniyanın baş naziri Tereza Meyin mərasim iştirakçılarına ünvanladığı məktubda qeyd olunur: “Bu gün imzalanan saziş rəsmi London və Bakı arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir. Azərbaycan müstəqillik qazandıqdan sonra "Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. Əminəm ki, bu saziş əməkdaşlığımızı daha da gücləndirəcək".

Yeni sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər ARDNF-yə 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollardan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP - 30,37%; AzACG (SOCAR) - 25%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Limited" (OVL) - 2,31%.

Bu sazişin ardınca SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. 

Ümumi tarixi arayış 30 yanvar 2018-ci il tarixdə yeniləşdirilib.