Azərbaycanın pravoslav xristianlarına - Bakı şəhəri, 26 aprel 2003-cü il


Hörmətli həmvətənlər!

Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram əhval-ruhiyyəsi arzulayıram.

İnsanları sülhə, əmin-amanlığa çağıran və mərhəmət duyğusu oyadan bütün dini bayramlar kimi, bu bayram da əsrlərlə xristian aləminə mənsub olan insanlar arasında səmimiyyət və mehribanlığı artırmış, dostluq, qardaşlıq və həmrəylik rəmzinə çevrilmişdir. Bütün xristianların böyük sevinclə qarşıladıqları Pasxa bayramı onlara yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanı verir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bu dini mərasimin pravoslav vətəndaşlarımız tərəfindən geniş şəkildə qeyd edilməsi ölkəmizdə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, uzun əsrlər boyu bir yerdə yaşayan xalqlar arasındakı dini dözümlülüyün parlaq təzahürüdür. Ölkəmizin pravoslav xristianlarının hazırda Pasxa bayramını təntənə ilə qeyd etmələri Azərbaycan Respublikasında bu gün də hökm sürən tolerantlıqdan və konfessiyaların azad fəaliyyəti üçün yaradılmış imkanlardan bəhrələnməyin gözəl ifadəsi sayıla bilər.

Builki Pasxa ərəfəsindəki Bakıda baş kafedral kilsəsinin bərpa edilib istifadəyə verilməsi Azərbaycan pravoslav xristianlarının həyatında əlamətdar hadisə olmuşdur. Pravoslav əhalinin dini ayinlərini icra etdiyi bu məbədin keçən əsrin əvvəlində müsəlman azərbaycanlı xeyriyyəçinin vəsaiti ilə tikilməsi və təxminən bir əsr sonra digər azərbaycanlı xeyriyyəçinin hesabına bərpa edilməsi ölkəmizdə dinlərarası dostluq və əməkdaşlıq münasibətlərini səciyyələndirən əyani misaldır.

Ümidvar olduğumu bildirirəm ki, müstəqil Azərbaycanımızın daha güclü olması naminə ölkəmizin qarşısında dayanan ümdə vəzifələrin həllində, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin tam bərqərar olması işində siz - xristian həmvətənlərimiz bundan sonra da öz bacarıq və səylərinizi əsirgəməyəcəksiniz.

Bayramınız mübarək olsun!

Heydər Əliyev,

Azərbaycan respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 aprel 2003-cü il