Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misirin Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri Həsən Məhəmməd Əl-İnaninin etimadnaməsinin təqdim olunması mərasimində çıxışı - Prezident sarayı, 17 avqust 1996-cı il


Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bunlar bizim tarixi ənənələrimizə, eyni zamanda birgə islami dəyərlərə malik olmağımıza əsaslanır. Bu əlaqələrin yaranmasında Misir Ərəb Respublikasının prezidenti, əziz dostum, hörmətli cənab Hüsni Mübarəkin xüsusi rolu var. Cənab prezident Hüsni Mübarək Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edən kimi onun dünya miqyasında müstəqil dövlət kimi tanınması haqqında qərar qəbul etmiş, bəyanat vermişdir və o vaxtdan indiyədək Dünya Birliyində Azərbaycanın mövqelərinin müdafiəsi üçün çox böyük səylər göstərir.

Cənab Hüsni Mübarək ilə Qahirədə, Mərakeşdə, Kasablankada, Parisdə görüşlərim zamanı apardığım söhbətlərdə, danışıqlarda ölkələrimiz, xalqlarımız arasında olan əlaqələrin daha da inkişaf etdirilməsi barədə eyni fikirdə olduğumuzu bildirmişik və lazımi addımlar atılmasının zəruriliyini qeyd etmişik. Biz bundan sonra da ölkələrimiz arasında əlaqələrin inkişafı üçün öz tərəfimizdən bütün səyləri göstərəcəyik. Ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkənizin səfiri kimi siz bu əlaqələrin inkişaf etməsi üçün böyük xidmətlər göstərəcəksiniz.

Mən cənab prezident Hüsni Mübarəki Azərbaycana dəvət etmişəm. Eyni zamanda mənim Misirə səfərim barədə onun dəvətini almışam. Güman edirəm ki, vaxt tapıb bu dəvətləri həyata keçirəcəyik və bu da xalqlarımız, ölkələrimiz arasında əlaqələrin inkişafına kömək göstərəcəkdir.

Şübhə yoxdur ki, siz Misir Ərəb Respublikasının Azərbaycanda səfiri kimi ölkəmizin bütün dairələrində, ictimaiyyət, xalq arasında çox müsbət münasibətlə rastlaşacaqsınız və səfir vəzifənizi yerinə yetirmək üçün dövlət orqanları lazımi şərait yaradacaqlar. Cənab Hüsni Mübarəkdən mənə çatdırdığınız salamları və xoş arzuları məmnuniyyətlə qəbul edir və rica edirəm ki, mənim salamımı, hörmət və ehtiramımı, ən xoş arzularımı əziz dostum, prezident Hüsni Mübarəkə çatdırasınız. Sizi bir daha təbrik edir və bu şərəfli işinizdə böyük müvəffəqiyyətlər arzulayıram.