Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin xarici işlər naziri İsmayıl Cəm ilə görüşü - İstanbul, Azərbaycan prezidentinin iqamətgahı, «Çırağan» hoteli, 24 iyun 2002-ci il


Cənab İsmayıl Cəm onu qəbul etdiyinə görə dərin təşəkkürünü bildirərək, ölkəmizin başçısı ilə hər bir görüşünü özü üçün şərəf saydığını söylədi.

Dost, qardaş ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə daim inkişaf etməsindən razılıqla söhbət açan İsmayıl Cəm ikitərəfli münasibətlərimizin strateji xarakter daşıdığını və dönməzliyini vurğuladı. Söhbət zamanı Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənilməsində Türkiyənin iştirakı, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələrinin gerçəkləşdirilməsinin ölkələrimizin iqtisadi yüksəlişi regionda sabitlik əldə edilməsi üçün mühüm amil olduğu bildirildi.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazimizin 20 faizinin işğal olunmasından, bir milyondan çox soydaşımızın doğma yurd-yuvasından qovularaq qaçqın vəziyyətinə düşməsindən bəhs edən Prezident Heydər Əliyev münaqişənin həlli sahəsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqlarından söhbət açdı.

İsmayıl Cəm münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün Azərbaycanın səylərinin Türkiyə tərəfindən dəstəkləndiyini bir daha nəzərə çatdırdı. Görüş zamanı hər iki ölkə üçün qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

* * *

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvü olan ölkələrin dövlət və hökumət başçıları iyunun 24-də axşam gəmi ilə QDİƏT-in Baş katibliyinə gəldilər. Burada Baş katib səfir Valeri Çeçelaşvilinin adindan rəsmi qəbul təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyev rəsmi qəbulda iştirak edirdi.

 

AzərTAc