Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Klaus Qrevlix ilə söhbətindən - 27 avqust 2002-ci il


...Klaus Qrevlix: Firavan gələcəyi olan belə gözəl ölkədə özümü ancaq yaxşı hiss edə bilərəm. Cənab prezident, Siz həmişə qeyd etmisiniz ki, Almaniyanın sənayesi Azərbaycan iqtisadiyyatına böyük sərmayə qoymayıbdır. Amma bildirmək istəyirəm ki, bu vəziyyət dəyişmək ərəfəsindədir. Bu yaxınlarda Azərbaycanda "Mannesman" şirkətinin törəmə şirkəti yaradıldı. O, neft boru kəmərlərinin qorunması ilə məşğul olacaqdır. Onlar neft kəmərlərinin həm daxili, həm xarici qoruyucu sistemlərini yaradırlar.

Bu yaxınlarda "Valterbau" şirkəti də bir zavod yaratdı, əsasən, dəmiryolu üçün beton şpallar istehsal edir. Mən əminəm ki, bu zavod nəinki Azərbaycanın tələbatını ödəyəcək, həm də region üçün məhsul istehsal edəcəkdir. Gələcəkdə bir sıra başqa şirkətlərin də burada fəaliyyət göstərməsi gözlənilir.

Cənab prezident, bilirik ki, Siz sənayenin inkişafına xüsusi diqqət yetirirsiniz. Əmin olmaq istərdim ki, sənayeyə sərmayə qoyuluşu getdikcə artacaqdır. Bu da gələcəkdə ölkənizdə sabitliyin daha da möhkəmlənməsinə zəmin yaradacaqdır. İnşallah, Sizin rəhbərliyiniz altında Azərbaycanın sənayesi və iqtisadiyyatının başqa sahələri bundan sonra da inkişaf edəcəkdir.

Heydər Əliyev: Çox məmnunam ki, siz mənim bu barədə fikirlərimi nəzərə almısınız və Almaniyanın böyük sənaye şirkətlərinin Azərbaycanda fəaliyyətinin təmin olunması üçün səylər göstərmisiniz. "Mannesman"şirkətini mən tanıyıram. Bu, çoxdankı, dünyada məşhur olan böyük şirkətdir. Onun Azərbaycana gəlməsini alqışlayıram. Mən belə başa düşdüm ki, həmin şirkət boruları korroziyadan mühafizə etmək işlərini görəcəkdir.

Burada şpal istehsal edən zavod açmağınız da çox sevindirici haldır. Birincisi, Azərbaycanın şpala tələbatı var. Təkcə Azərbaycanın yox, bütün bölgənin buna ehtiyacı var. Ona görə də o zavod burada çox işlər görə bilər. Mən arzu edirəm ki, bu işlər davam etsin, Azərbaycana yeni şirkətlər gəlsin.

Klaus Qrevlix: Cənab prezident, mən bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında, Kolorado ştatında idim, orada bir konfrans keçirilirdi. Bu konfransda Bill Klinton və Madlen Olbrayt da iştirak edirdilər. Makedoniya prezidenti Traykovski də gəlmişdi. Dünyanın hər yerindən çoxlu qonaqlar vardı. Konfransın mövzusu "Terrorizmə qarşı mübarizə və demokratiyanın inkişafı" idi. Mənə elə gəlir ki, demokratiyanın inkişafı ilə terrorizmə qarşı mübarizə arasında xüsusi əlaqə var. Konfransda islamın müasirliyi məsələsinə də toxunulmuşdu. Orada mən Azərbaycanın mövqeyini müdafiə edirdim. Mən öz çıxışımda dedim ki, Azərbaycan müasir islam ölkəsinin modelidir. Dəfələrlə qeyd etdim ki, Azərbaycanda ali təhsilli gənclər çoxdur. Mən həmçinin Azərbaycanın dahi musiqiçiləri, mədəniyyət sahəsində çalışan şəxslər haqqında da məlumat verdim. Eyni zamanda, ölkənizin tolerantlığı haqqında da danışdım. Çıxışımda bildirdim ki, Azərbaycanda şeyxülislam yepiskopla, yaxud da yəhudilərin dini icmasının rəhbəri ilə birlikdə tədbirlərdə iştirak edir, bir masa arxasında əyləşir. Azərbaycanda dinlər arasında heç vaxt heç bir məhdudiyyət qoyulmur.

Eləcə də Azərbaycanın mövcud potensialı haqqında məlumat verdim.

Orada mən Dağlıq Qarabağ münaqişəsinə də toxundum. Dedim ki, Azərbaycanın diplomatiyası ölkə prezidentinin rəhbərliyi altında bir növ "hücuma keçibdir". Mən dedim ki, Azərbaycan bu problemi mərhələ-mərhələ yox, birdəfəlik həll etmək istəyir. Lakin son vaxtlar dəmiryolunun bərpası barədə fikirlər var, yaxud da belə bir fikir meydana çıxıbdır ki, əvvəlcə dörd rayon işğaldan azad olunsun və sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparılsın. Mənə elə gəlir ki, münaqişənin aradan qaldırılması üçün Azərbaycan təşəbbüs göstərir və müsbət addımlar atır.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri də çox böyük əhəmiyyətə malikdir. Çünki bu kəmərlə bağlı bir sıra ölkələr regionda sabitliyin yaranmasında maraqlıdırlar. Orada mən Azərbaycan haqqında çox məlumat verdim. Azərbaycanda baş verən müsbət dəyişiklikləri, buradakı gözəl ab-havanı təsvir edə bildim.

Konfransın sonunda Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Madlen Olbrayt mənə yaxınlaşaraq xahiş etdi ki, onun məktubunu şəxsən Sizə çatdırım. İcazə verin, həmin məktubu Sizə təqdim edim. Bəlkə də bu Sizə qəribə görünər ki, bunu nə üçün məhz Almaniyanın Azərbaycandakı səfiri təqdim edir. Ola bilər, bu da qloballaşmanın bir hissəsidir.

Heydər Əliyev: Bu da çox yaxşı haldır. Cənab səfir, təşəkkür edirəm. Koloradoda beynəlxalq konfransda iştirakınız və Azərbaycan haqqında geniş məlumat verməyiniz barədə dedikləriniz məni çox sevindirir. Mən belə başa düşürəm ki, siz Almaniyanın Azərbaycandakı səfiri olaraq, eyni zamanda, Azərbaycanı çox sevən və ölkəmizdə gedən işləri yüksək qiymətləndirən adam kimi bu işləri görmüsünüz. Bizim buna çox ehtiyacımız var. Çünki Azərbaycan haqqında geniş məlumatlar, izahatlar verməyə böyük ehtiyac var. Təəssüflər olsun ki, hələ heç də hər yerdə Azərbaycan haqqında həqiqətləri olduğu kimi bilmirlər. Ona görə də sizin bu təşəbbüsünüzü və oradakı geniş fəaliyyətinizi mən yüksək qiymətləndirir və sizə təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bundan sonra da bu istiqamətdə fəaliyyətinizi davam etdirəcəksiniz.

Xanım Olbraytdan gətirdiyiniz məktuba görə də təşəkkür edirəm. O, çox yaxşı və dəyərli insandır. Mən onu çoxdan tanıyıram. Əvvəllər Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi idi. O vaxt mən onu Azərbaycana dəvət etmişdim, gəldi, burada görüşdük və Azərbaycanla tanış oldu.

Sonra prezident Klinton onu özünün xarici işlər naziri vəzifəsinə təyin etdi. Həmin vəzifədə olduğu dövrdə mən onunla çox tez-tez görüşürdüm. Yaxşı əməkdaşlıq edirdik. Bizim bölgənin problemlərini o, yaxşı bilirdi.

Xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar çox fəaliyyət göstərirdi. O vaxt mən ona deyirdim və o da mənə deyirdi ki, biz şəxsi dostuq. Təəssüf ki, vəzifədən ayrılandan sonra onunla heç bir əlaqəm olmayıbdır.

Ona görə də bu məktub mənim üçün çox əhəmiyyətlidir. Mən mütləq ona cavab yazacağam və Amerika Birləşmiş Ştatlarında olanda mütləq onunla görüşəcəyəm.