Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveç səyyahı Tur Heyerdal və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən - Prezident sarayı, 2 sentyabr 2000-ci il


Heydər Əliyev: Yenidən Azərbaycan xoş gəlmisiniz! Mən sizi Azərbaycanın böyük dostu hesab edirəm. Xatırlayıram ki, hələ keçmiş zamanlarda, Azərbaycan müstəqil olmadığı bir vaxtda, 1981-ci ildə siz Azərbaycana maraq göstərib ilk dəfə buraya gəlmişdiniz. Mən o vaxt da Azərbaycanda rəhbər idim.

Xatirimdədir, mənim böyük qardaşım akademik Həsən Əliyev ilə sizin şəxsi mehriban dostluğunuz var idi. O vaxt biz görüşdük, çox ətraflı söhbətlər etdik. Sonrakı illərdə bir neçə dəfə görüşmüşük. Çox məmnunam ki, Osloda sizinlə görüşmək və muzeyinizi ziyarət etmək mənə nəsib oldu.

Yəqin ki, sizə deyirlər, - hər dəfə Norveçdən burada nümayəndə heyəti olanda sizə həmişə salam göndərirəm. İndi də gəlmisiniz, özü də görürəm ki, böyük heyətlə gəlmisiniz. Eşitmişəm ki, sizin adamlar burada çox dəyərli arxeoloji axtarışlar aparırlar. Bunlar hamısı bizim ölkələrimiz, xalqlarımız arasındakı əlaqələrin inkişaf etməsi deməkdir. Onlar əsasən elm sahəsində olan əlaqələrdir. Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycan ilə Norveç arasında dövlətlərarası çox yaxşı iqtisadi əməkdaşlıq əlaqələri yaranıbdır. Norveçin "Statoyl" şirkəti burada çox böyük işlər görür. Təkcə bir "Statoyl" deyil, gərək ki, burada 30-40-dan çox Norveç şirkəti fəaliyyət göstərir, - yəqin onu səfirin nümayəndəsi bilir. Bizim bu əlaqələr inkişaf edir.

Mən Osloda olarkən Norveç ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı biz baş nazir ilə müqavilə imzaladıq. Sizin ölkənizin kralı ilə mənim çox əhəmiyyətli söhbətlərim oldu. Ölkənizin baş naziri cənab Stoltenberq vaxtilə enerji naziri olarkən Azərbaycanı bir neçə dəfə ziyarət edibdir. Bunlar da Azərbaycan ilə, müstəqil Azərbaycan dövləti ilə Norveç arasında olan iqtisadi əlaqələrdir.

Mən çox məmnunam ki, Norveç şirkətləri burada öz iqtisadi fəaliyyətləri ilə yanaşı, Azərbaycanda humanitar işlər də görürlər və elmin bir neçə sahəsinə, təhsilin bir neçə sahəsinə yardımlar edirlər. Bunlar hamısı bizim ölkələrimizi daha da yaxınlaşdırır, dostluq əlaqələri yaradır.

Mən sizinlə iyirmi il bundan öncə Bakıda görüşəndə bəlkə siz və sizdən savayı az adamlar Norveçdə bilirdilər ki, Azərbaycan var, Azərbaycan hansı bir ölkədir. Çoxları bunu bilmirdi. Çünki Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər İttifaqının tərkibində olan bir respublika idi. İndi isə Norveçdə də Azərbaycanı yaxşı tanıyırlar, Azərbaycanda da Norveçi yaxşı tanıyırlar.

İki gün bundan öncə televiziyada "Səhər" proqramında - mən təsadüfi olaraq televizoru açdım, - gördüm ki, bizim incəsənət xadimləri - müğənni Nazpəri Dostəliyeva və Səyavuş Kərimli Norveçdə olublar, çox dəyərli işlər görüblər və orada onlar Norveç xoru ilə birlikdə mahnı oxuyurdular.

Polad Bülbüloğlu (Azərbaycanın mədəniyyət naziri): Cənab prezident, onlar orada bir sıra konsertlər vermişlər.

Heydər Əliyev: Bəli, bu, çox maraqlı bir işdir. İndi görürsünüz, bizim əlaqələrimiz nə qədər genişlənibdir. Amma bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman edirəm ki, XXI əsrdə bu əlaqələr daha da inkişaf edəcəkdir. Siz də, mən də bu əlaqələrin inkişaf etməsinin sükanı arxasında olacağıq.

Xoş gəlmisiniz! Bu dəfəki ziyarətinizin səbəbləri haqqında bir az bilirəm, amma istərdim ki, siz mənə deyəsiniz. Buyurun.

Tur Heyerdal: Cənab prezident, mən də Sizin kimi, ilk görüşümüzü çox yaxşı xatırlayıram. O dövr elə bir dövr idi ki, biz qarışıq dünyada həm dostuyduq, həm də düşmən idik. Mən o dövrdə Qərbdə elə bir təlim-tərbiyə görmüşdüm, bizi elə ruhda tərbiyə etmişdilər ki, Qərbdə yaşayan bütün insanlar yaxşıdır, Şərqdə yaşayan bütün insanlar isə pisdir.

Həmin o ağır dövrdə alman nasistləri mənim ölkəmi gözlənilmədən işğal etdilər. Sonra almanlar başqa bir səhv də buraxaraq Sovet İttifaqına hücuma keçdilər. Mən azad Norveç hərbi qüvvələrinə qoşuldum və paraşütçü kimi orada iştirak etdim. Məni ilk dəfə Arktikaya göndərdilər. Gözlənilmədən bu müharibənin gedişində Sovet İttifaqı bizim müttəfiqimizə, Almaniya isə düşmənimizə çevrildi. Mən paraşütlə Murmanska endikdən sonra rus sovet qoşunları ilə bərabər Norveçə daxil oldum. Onda dərk etdim ki, bu insanlar amerikalılar, ingilislər və elə norveçlilər kimi eyni adamlardır. "Soyuq müharibə" illəri dövründə məni bir neçə dəfə Moskvaya dəvət etdilər, Moskvada Elmlər Akademiyasında elmi işimin müdafiəsini təşkil etdilər.

Beləliklə, məhz o dövrdən mənim rus və digər sovet alimləri ilə təmaslarım başladı. O dövrdə mən həm rəssamlar, fermerlər, həyatın müxtəlif sahələrində çalışan insanlarla görüşdüm. Moskva ilə təmaslarım Lomonosov medalı ilə mükafatlanmağımla nəticələndi. Sonra məni Sovet İttifaqının Elmlər Akademiyasına üzv qəbul etdilər. Mən o zaman həm də Nyu-York Akademiyasının üzvü idim.

Məhz o dövrdən Qərbdə əldə etdiyim çoxsaylı dostlarla bərabər, Şərqdə də çoxlu dost tapmağa başladım və məni o vaxtlar Azərbaycan Elmlər Akademiyasına dəvət etdilər. Biz hamımız bilirdik ki, Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru akademik Həsən Əliyev ölkənin rəhbərinin qardaşı idi. Qəribədir ki, biz ilkin vaxtda, tez bir zamanda onunla yaxından dostlaşdıq. Onu da deyim ki, Sizin qardaşınızla bərabər mən Azərbaycanın rayonlarını ziyarət etdim, ayrı-ayrı bölgələrində oldum və bizim ölkələrin arasındakı əlaqələrin lap qədim köklərə malik olması barədə ilk fikirləri məhz ondan öyrəndim. Onun təşəbbüsü ilə mən Qobustana getdim, oradakı yazılarla tanış oldum və beləliklə bizdə, Norveçdə olan bu qəbildən yazılarla onları müqayisə etməyə başladım.

Sonralar sizin ölkənizi dəfələrlə ziyarətlərim sayəsində belə qənaətə gəlməyə başladım ki, çox güman, ölkələrimiz arasında çay sistemləri vasitəsilə - Xəzər dənizindən Volqa, Don çaylarına keçmək və oradan da Baltik dənizi vasitəsilə Norveçlə təmasların olması köklərini araşdırmağım lazımdır.

Onu da deyim ki, İslandiya adlı balaca bir ada mənim diqqətimi yenidən Azərbaycana yönəltdi. O vaxt İslandiyanın prezidenti məni və xanımım Jaklini öz ölkəsinə dəvət etdi və yenicə tərcümə olunmuş saqalar ilə tanış olmağımızı xahiş etdi. Bu tanışlıqdan sonra qənaətim getdikcə daha da dolğunlaşmağa və yəqinləşməyə başladı ki, 800 il bundan öncə İslandiya ilə bu bölgə - Qafqaz arasında və türklərin torpaqları olan bu ərazilər arasında coğrafi baxımdan yaxınlıq olmuşdur. Sonrakı tədqiqatlar bilavasitə sübut etdi ki, hələ vikinqlərin dövründə indiki ölkələrimiz arasında təmaslar və əlaqələr mövcud olmuşdur.

İslandiya IX əsrdə Norveçdən ayrılmışdır. O dövrdən etibarən İslandiya ilə əlaqədar olan bütün sənədlər qorunub saxlanılmışdır.

Sonra mən dünyanın digər ölkələrində olan alimlərlə əməkdaşlığımı davam etdirdim. Bu gün böyük, geniş səpkili tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişəm ki, ölkələrimiz arasındakı təmaslar hətta vikinqlərin dövründən də qədim tarixə gedib çıxır.

Beləliklə, Azərbaycana indiki səfərimin əsas məqsədi sizin alimlərlə birgə çalışaraq, onlarda vikinqlərdən daha əvvələ aid tarixdə Azərbaycan barədə hansı məlumatların olduğu ilə tanış olmaq, bu sahədə onlarla əməkdaşlıq etməkdir. Burada əldə etdiyim məlumatlar nəticəsində belə qənaətə gəlmişəm ki, Skandinaviya ölkələrində mövcud olan kral ailələri öz mənşələrini məhz Azərbaycandan götürmüşlər. Onların əcdadları bizim eramızdan əvvəl birinci əsrdə və yaxud bizim eramızdan sonra bu məmləkətdən, ölkədən törəmiş, çıxmışlar.

Cənab prezident, bütün bunlarla bərabər, onu da deməyi özümə borc bilirəm ki, Sizinlə tanış olmaq şərəfinə nail olduqdan sonra ölkələrimiz arasındakı əlaqələrin belə geniş səpkidə inkişaf etməsi və güclənməsi məni çox sevindirir. Çox məmnunam ki, ölkələrimiz arasında getdikcə daha çox və sıx əlaqələr yaranmaqdadır.

Bilirəm ki, Sizin ölkənizdə lap aşağı səviyyələrdən tutmuş, yuxarı - hökumət səviyyələrinə qədər olan adamlar arasında dövlətimiz barədə məlumatlar daha geniş yayılır və ölkəmizlə tanışlıq daha da artmışdır. Eyni sözləri norveçlilər barəsində də deyə bilərəm. Onu da söyləyim ki, məhz sizin Norveçə rəsmi səfərinizdən sonra ölkəmizdə Azərbaycan haqqında məlumatlar daha geniş yayılmışdır. İndi insanlar Azərbaycanı daha yaxşı tanıyırlar.

Ölkəmizin kralı ilə məxsusi söhbətim zamanı o, mənə Sizinlə keçirdiyi görüşü yaxşı xatırladığını söylədi və xahiş etdi ki, Sizi bir daha görsəm onun şəxsi salamını Sizə yetirim.

Beləliklə, ümid və arzu edirəm ki, Azərbaycan ilə Norveç arasındakı münasibətlər və əlaqələr bundan sonra daha da inkişaf edəcək, güclənəcəkdir. Azərbaycanda Norveçin 30 yox, 30-dan daha çox şirkəti və iqtisadi qurumları təmsil olunacaqdır. Sizin ölkənizlə Norveç arasında qarşılıqlı faydalı əməkdaşlıqdan hər iki dövlət öz mənafelərinə uyğun bəhrələnəcəkdir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən sizin dediyiniz bütün sözlərlə tamamilə razıyam. Bizim ölkəyə və onun tarixinə maraq göstərməyinizi yüksək qiymətləndirirəm.

Təbiidir, dünyanın böyük alimi kimi, böyük səyyahı kimi, siz birinci növbədə öz xalqınızın əcdadlarının haradan gəlməsini arayırsınız və axtarışlar apararaq gəlib bunun izlərini Azərbaycanda tapmısınız. Təbiidir ki, sizin bu axtarışlarınız, elmi tədqiqatlarınız, arxeoloji tədbirləriniz Azərbaycan alimləri ilə müştərək olmalıdır və elmi axtarışların nəticələri də bir-birinə uyğun olmalıdır.

Tarix elmi, xüsusən qədim dövrlərin elmi heç vaxt siyasətləşdirilməməlidir. Təəssüf olsun ki, indi biz, dünya, o cümlədən bizim region elə bir dövrdə yaşayır ki, ayrı-ayrı konyunktur siyasi məqsədlərə uyğun olaraq, tarixi istəyirlər - belə yazırlar, istəyirlər - elə yazırlar. Bu, bizim keçmiş Sovetlər İttifaqına məxsus olan bir hadisə idi. Çünki Sovetlər İttifaqında, o hakimiyyət dövründə elm, xüsusən tarix elmi idealizə olunmuşdu. İndi biz bundan azad olmuşuq.

Məsələn, Cənubi Qafqaz regionunu götürsək, bilirsiniz ki, 12 il bundan öncə Ermənistan Azərbaycana torpaq iddiası ilə hərbi təcavüzə başlamışdır. Bu münaqişəyə, müharibəyə çevrilmişdir və indi də davam edir. 1994-cü ilə qədər Ermənistan silahlı qüvvələrinin müəyyən müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi mümkün oldu. Bu münaqişənin səbəbi - təbiidir ki, müharibəni, münaqişəni başlayan Ermənistan tərəfi olmuşdur - ondan ibarətdir ki, Azərbaycanın daxilində olan Dağlıq Qarabağ vilayəti guya Ermənistana "mənsubdur". Bəziləri tarixin ayrı-ayrı dövrlərini saxtalaşdıraraq belə fikrə gəlmişlər. Amma tarixə obyektiv qiymət verilsə, tarix düzgün təhlil olunsa, bunlar yalandır. Bunun kökü yenə də Sovet İttifaqının quruluşuna, sisteminə gedib çatır, yəni onunla bağlıdır. Məhz Sovetlər İttifaqı yaranarkən Moskvada müttəfiq respublikaların xəritələrini istədikləri kimi çəkdilər. Yəni o mənada ki, kimin gücü çox idi, - həmin xəritəni öz xeyrinə çəkdi, kimin gücü az idi, - o bundan məhrum oldu. Yəni ədalətsizlik, haqsızlıq olmuşdur.

Ümumiyyətlə, güclünün gücsüzü daha da incitməsi, yaxud çox şeylərdən onu məhrum etməsi yeni bir şey deyildir. Ancaq indi, XX əsri başa vurarkən, dünyada gedən bütün dəyişiklikləri nəzərə alaraq, gərək keçmişdəki mənfi hallar bundan sonra özünə yer tapmasın. Ona görə də hər şeydə obyektivlik olmalıdır. Obyektivlik o deməkdir ki, ayrı-ayrı şəxslərin subyektiv fikirləri yox, həqiqət, faktlar, dəlillər, sübutlar əsas götürülməlidir.

Bu baxımdan Azərbaycan çox böyük ədalətsizliklərə - Sovet İttifaqı yaranan zaman da, ondan sonrakı dövrlərdə də və son on il müddətində də - məruz qalıbdır. Əlbəttə, bütün bunlar barədə hamı düşünməlidir. Hamı bilməlidir ki, tarixi şəxsi məqsədlərə uyğun olaraq yaratmaq olmaz. Tarix həqiqəti əks etdirməlidir. Bunlar mənim ümumi mülahizələrimdir. Mənim dediyim bu sözlərin sizin apardığınız işlərlə heç bir əlaqəsi yoxdur. Burada həm sol tərəfdə, həm də sağ tərəfdə tarixçilər əyləşiblər. Mən fürsətdən istifadə edərək bu barədə öz fikirlərimi bildirirəm.

Bəzən ayrı-ayrı tarixçilərin subyektiv fikirləri ilə əlaqədar hətta tarixçilər arasında silah müharibəsi yox, amma söz müharibəsi gedir. Bunlara son qoymaq lazımdır.

Dövlətlər arasındakı münasibətlərdə, siyasətdə konsensus deyilən bir məsələ vardır. Amma tarixin düzgün yazılmasında konsensus ola bilməz. Yəni "sən bununla, mən də onunla razı olum və ikimiz də eyni fikrə gələk". Tarix həqiqət deməkdir, eyni zamanda, burada qarşıdurmaya da yol vermək olmaz. Konsensus və qarşıdurma bir-birinin əksidir. Amma tarix elmində, tarixi tədqiqatlarda bunlar olmamalıdır. Yəni nə o tərəfə, nə də bu tərəfə əymək olar. Həqiqəti demək lazımdır, amma bu mümkün deyilsə, yaxşı olar ki, heç deməyəsən, nəinki qeyri-həqiqi bir söz deyib problem yaradasan.

Sizin axtarışlarınız, fikirləriniz həqiqətən çox dəyərlidir. Qədim eramızdan əvvəlki tarixi ancaq alimlər bilirlər. Başqaları, o cümlədən siyasət adamları bunları o qədər də dərindən bilmirlər. Siz ilk dəfə burada olanda irəli sürdüyünüz "Skandinaviya ölkələri, o cümlədən Norveç xalqları öz qədim keçmişini bu diyarda keçiriblər, yaxud buradan oraya köçüblər" fikrinizi ona qədər heç kəs, hətta bizim tarixçilərimiz, tədqiqatçılarımız da deməmişdilər. Bilmirəm, bəlkə də deyən olubdur. Ancaq, məncə, heç kəs deməmişdi. Bu, sizin ixtiranızdır.

Təbiidir ki, sizin bu elmi mülahizələriniz Azərbaycanda həm tarixçilərdə, həm də bu elmi fikirlərinizi bilən adamlarda iftixar hissi yaradıbdır. Bu mənada ki, biz həqiqətən çox qədim tarixə malikik. Bizim torpaqlarda hələ min illər bundan öncə yaşayan insanlar dünyanın başqa tərəflərinə, yaxud hissələrinə köçüblər və yeni xalqlar yaranıbdır, yaxud onlar inkişaf ediblər. Bunlar hər bir ölkə üçün həqiqətən iftixar hissi gətirir. Mən arzu edirəm ki, sizin bu sahədə axtarışlarınız birincisi, həqiqət əsasında olsun, ikincisi də həqiqətən, sizin ölkənin, xalqın tarixinin və Azərbaycan xalqının, bizim diyarımızın tarixinin indiyə qədər açılmamış səhifələrini açsın.

Mənə dedilər ki, bizim Şəki rayonunun Kiş kəndində gedən arxeoloji tədqiqatlar çox heyranedici nəticələr verir. Bunu mənə bizim tarixçilər deyiblər. Bəlkə bir az dərinə getsəniz, bundan daha da çox şeylər tapa bilərsiniz.

Yəni mən bu məlumatları alarkən, bu barədə fikirləşərkən, sizin kimi böyük alimlərlə görüşərkən düşünürəm ki, hələ min illər bundan sonra da dünya öz keçmişi haqqında elmə məlum olmayan yeni-yeni məlumatlar əldə edəcəkdir. Ona görə də bu böyük işlərdə həm sizə, həm də Azərbaycan alimlərinə uğurlar arzulayıram. Hesab edirəm ki, ən düzgün, ən doğru nəticəni siz müştərək işlər vasitəsilə ala bilərsiniz. Mən sizə bir daha uğurlar arzulayıram.

Norveçin əlahəzrət kralına mənim salamımı və hörmət, ehtiramımı çatdırın. Baş nazir cənab Stoltenberqə, - ümumiyyətlə, Norveçdə mənim dostlarım çoxdur, onların hamısına, - mənim salamımı və ehtiramımı çatdırın.

Mən əmr vermişəm ki, burada sizin fəaliyyətiniz üçün lazım olan bütün imkanlar yaradılsın. Əgər nəyəsə ehtiyac varsa, buyurun, mən onları həll edə bilərəm.

Tur Heyerdal: Cənab prezident, çox sağ olun. Xoş sözlərinizə və Azərbaycan alimlərinin bizə göstərdikləri xoş niyyətə, dostluq münasibətinə görə təşəkkür edirəm. Bunlar mənim ümid və arzu etdiklərim idi ki, biz onlara nail olmuşuq.

Mən Sizinlə tamamilə razıyam ki, tarixdə ən mühüm keyfiyyət, məsələ məhz obyektivlik və vicdanlılıqdır. Deyərdim ki, bu əslində elmin bütün sahələrinə aid olan keyfiyyətdir. Hesab edirəm ki, əsl həqiqətin araşdırılıb üzə çıxarılması üçün elmin müxtəlif sahələri arasında da əməkdaşlığın olmasına ehtiyac vardır. Ona görə də mən Sizin ölkənin Elmlər Akademiyası ilə əməkdaşlığımıza xüsusi önəm verirəm. Bildirirəm ki, bu əməkdaşlıqda həm coğrafiyaçılar, həm elmin genetikası ilə məşğul olan ekspertlər, mütəxəssislər, dilçilər, arxeoloqlar - hamı birgə çalışır. Hərə öz bildiyi hissədən öz töhfəsini verir. Beləliklə, bizə ayrı-ayrılıqda məlum olan elmi araşdırmaların nəticələrini bir araya gətirəndə, toplayanda məhz bu əməkdaşlıqdan həqiqət doğur.

Cənab prezident, bir daha təşəkkür edirəm. Çox sağ olun.

Heydər Əliyev: Bizim alimlərin deməyə bir sözü varmı? Deyilənlərin hamısı ilə razısınızmı?

Yerdən səslər: Bəli.

Toor Seyerstad (Azərbaycanda Norveç Humanitar Təşkilatının prezidenti): Cənab prezident, mən Norveç Humanitar Təşkilatının təmsilçisi kimi bir neçə kəlmə söz demək istəyirəm. Bizim təşkilatımız cənab Tur Heyerdalın və Azərbaycan alimlərinin birgə fəaliyyətinin təşkil olunmasında yaxından iştirak edir. Sizinlə görüşdən xüsusi şərəf duymaqla bərabər, ölkənizin bu sahədəki faydalı işinə töhfə verməyimizdən də məmnunluq duyduğumuzu bildirirəm.

Cənab prezident, mən həm Sizin, həm də cənab Tur Heyerdalın dediyi sözlərə qoşularaq, onu bildirmək istəyirəm ki, bizim ölkələrimiz arasında oxşar təmaslar, əlaqələr həqiqətən olduqca çoxdur, tariximizdə yaxınlıqlar vardır. Biz məhz bu tarixi öyrənməli, ondan nəticələr çıxarmalıyıq.

Norveçin Humanitar Təşkilatı kimi biz Azərbaycanda 1994-cü ildən fəaliyyət göstəririk. Bakı, Gəncə, Şəki şəhərlərində işlər görürük və burada sizin ölkənin insanları ilə çox yaxından əməkdaşlıq edirik. Bütün bu əməkdaşlığa, bizim üçün yaratdığınız şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən dedim, bir daha bildirmək istəyirəm ki, Norveçin Azərbaycanda humanitar sahədə gördüyü işlərdən xəbərdaram, bunu qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu yardımlar, münasibət bundan sonra daha da artacaq, genişlənəcəkdir. Sağ olun.

Cənab Heyerdal, mən Azərbaycanın qədim tarixi ilə əlaqədar sizə bir neçə kitab bağışlamaq istəyirəm. Azərbaycanda sizin ilk dəfə nəzər-diqqətinizi çəkən Qobustan olmuşdur. Bu gün də bildirdiniz ki, məhz o vaxt mənim mərhum böyük qardaşım Həsən Əliyev ilə birlikdə Qobustanı ziyarət edəndən sonra siz Azərbaycanda bu məsələlərə geniş münasibət göstərdiniz.

Bilirsiniz ki, biz bu yaxınlarda Azərbaycan tarixinin ən böyük dastanı, Azərbaycan ədəbiyyatının ən böyük yazılı nümunəsi olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini keçirdik. Ona görə mən Qobustan haqqında, "Kitabi-Dədə Qorqud" haqqında, Azərbaycan barədə və sair - bütün bu kitabların hamısını sizə bağışlayıram. Doğrudur, onların əksəriyyəti Azərbaycan dilində, bəziləri isə ingilis dilindədir.

Bu kitab indi işğal altında olan Azərbaycan torpaqları - Qarabağ haqqındadır. Bu kitab Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından zorla çıxarılmış insanların həyatı haqqındadır. Onlar bizim bu günümüzü əks etdirir.

Bu kitab isə Azərbaycanın həm keçmişini, həm də bu gününü əks etdirir. Digər bir kitab Qobustan haqqındadır. Bunlar isə "Kitabi-Dədə Qorqud"un yubileyi münasibətilə nəşr olunmuş "Kitabi-Dədə Qorqud" dastanı və "Kitabi-Dədə Qorqud" ensiklopediyasıdır.

Eyni zamanda sizə - şəxsi dostuma özüm haqqında da kitablar bağışlamaq istəyirəm. Bunlar isə mənim həyatıma aid olan fotoalbomlardır. Güman edirəm, sizin üçün maraqlı olacaqdır. Sonra mən sizə bir neçə foto da vermək istəyirəm. Yəqin xatırlayırsınız, bu şəkil Osloda, sizin muzeyinizdə çəkilibdir. Bu şəkillər isə Osloda mənim sizinlə görüşlərimi əks etdirir.

Bu kitablar ağırdır, sizin yükünüzü ağırlaşdırmaq istəmirəm. Ona görə də onları Norveçin Azərbaycandakı səfirliyinə təqdim edirəm. Təbiidir ki, siz buradan başqa yerlərə də gedəcəksiniz. Amma mən Norveç səfirliyindən xahiş edirəm ki, bunları diplomatik poçtla Osloya, sizə göndərsinlər.

Steyn İversen (Norveçin Azərbaycandakı səfirinin müavini): Biz bunu məmnuniyyətlə edəcəyik.

Heydər Əliyev: Görürsünüz, sizin kitabxananızı necə zənginləşdirdim. Sağ olun.

Tur Heyerdal: Cənab prezident, çox sağ olun. Arzu edərdim ki, verdiyiniz hədiyyələr dəyərində, qiymətində mən də Sizə hədiyyə verə biləydim. Mən də öz muzeyimdən - səyahətlərim nəticəsində əldə etdiyim eksponatlardan birini Sizə hədiyyə vermək istəyirəm.

Heydər Əliyev: Bu, onlardan da qiymətlidir. Sağ olun.


"Azərbaycan" qəzeti, 3 sentyabr 2000-ci il.