Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının Baş naziri xanım Bənəzir Bhuttonun adından Azərbaycan Prezidentinin şərəfinə verilmiş rəsmi ziyafətdə nitqi - 10 aprel 1996-cı il


Hörmətli xanım Bənəzir Bhutto!

Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycan Respublikası, Azərbaycan xalqı adından səmimi qəlbdən salamlayır, sizə və sizin simanızda bütün Pakistan xalqına hörmət və ehtiramımı bildirirəm.

İkinci gündür ki, biz sizin ölkənizdə, Pakistan torpağındayıq. Burada özümüzü çox mehriban şəraitdə hiss edirik. Bizə göstərilən qayğı və diqqətə, qonaqpərvərliyə görə sizə ürəkdən təşəkkür edirəm. Hörmətli baş nazir, hesab edirəm ki, bu gün sizinlə apardığımız danışıqlar çox səmərəli olmuşdur və bunun nəticəsində Pakistan-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün mühüm olan doqquz saziş imzalanmışdır. Keçən ilin oktyabrında Pakistan prezidenti, hörmətli Fərrux Əhməd xan Leqarinin Azərbaycana rəsmi səfəri zamanı aparılmış danışıqlar və imzalanmış sazişlər və mənim dünəndən başlayan rəsmi səfərim zamanı Pakistan prezidenti və hörmətli baş nazir Bənəzir Bhutto ilə apardığım danışıqlar, imzalanmış sazişlər, sənədlər Pakistan-Azərbaycan əlaqələri tarixində yeni bir mərhələdir. Qətiyyətlə deyə bilərik ki, Pakistan ilə Azərbaycan arasında dostluq, sıx əməkdaşlıq mövcuddur. Sizə bəyan edirəm ki, Azərbaycan bu dostluq, əməkdaşlıq əlaqələrinə sadiq olacaq və bunların inkişaf etdirilməsi üçün səy göstərəcəkdir.

Dünyanın böyük dövlətlərindən, Asiyanın ən iri dövlətlərindən olan Pakistan əlli illik müstəqillik dövründə böyük nailiyyətlər əldə edibdir. Biz bu nailiyyətləri çox yüksək qiymətləndirir və bunlara bir dost kimi sevinirik. Pakistanın apardığı iqtisadi islahatlar, ölkədə gedən demokratik proseslər xalqın rifahını yaxşılaşdırmış, dövlətin yeritdiyi sülhsevər xarici siyasət beynəlxalq aləmdə onun mövqelərini daha da möhkəmləndirmis nüfuzunu, hörmətini qaldırmışdır.

Pakistanın əldə etdiyi nailiyyətləri və apardığı siyasəti dost ölkə kimi dəstəkləyir, xüsusən Asiya qitəsində sülh və əmin-amanlığın bərqərar olması ücün gördüyü tədbirləri, müstəqilliyin bundan sonra da qorunub saxlanması sahəsindəki mövqeyini müdafiə edirik. Bütün beynəlxalq təşkilatlarda Pakistanla əməkdaşlıq edərək biz onun haqq işinaminə öz sözümüzü həmişə demişik və Kəşmir problemi ilə əlaqədar mövqeyi barədə bu gün də sözümüzü deyirik. Apardığımız danışıqlar göstərir ki, Pakistan-Azərbaycan münasibətlərinin çox böyük perspektivi, gələcəyi var. İqtisadi əlaqələrin inkişaf etdirüməsində müştərək nailiyyətlər əldə edə bilərik.

Müştərək işlər görülməsi üçün mən Pakistan nümayəndələrini Azərbaycana dəvət etmişəm və bu gün də dəvət edirəm. Əmin ola bilərsiniz ki, biz bu əməkdaşlığın inkişafı üçün səylərimizi əsirgəməyəcəyik.

Gələn il Pakistan dövlət müstəqilliyinin 50 illik yubileyini qeyd edəcəkdir. Azərbaycan isə dövlət müstəqilliyinin cəmi beşinci ilini yaşayır. Dövlət müstəqilliyimizi möhkəmləndirmək, suverenliyimizi qorumaq üçün ölkəmizin qarşısında çox ağır və çətin problemlər durur. Bizim ən ağır problemimiz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində ölkəmizə vurulmuş zərbədir. Azərbaycanın ərazisinin 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan didərgin düşüb qaçqın vəziyyətində yaşayır.

Ermənistanın Azərbaycana hərbi təcavüz etməsi, təcavüzkar olması barədə Pakistan həmişə çox ədalətli mövqe tutub, Ermənistanın təcavüzkarlığını daim pisləyibdir. Dünən, bu gün aparılan danışıqlarda da, indicə burada hörmətli baş nazırin nitqində də bu təcavüz bir daha pisləndi. Bütün bunlara görə mən Pakistan dövlətinə, hökumətinə, baş nazir, hörmətli xanım Bənəzir Bhuttoya təşəkkürümü bildirirəm.

Azərbaycanın iqtisadi vəziyyətinin çətinliyi, bir milyondan artıq qaçqının ağır vəziyyətdə yaşaması ilə əlaqədar olaraq bu gün hörmətli baş nazir, xanım Bənəzir Bhutto yerindən-yurdundan qovulub çadırlarda yaşayan vətəndaşlarımıza 1 milyon dollar məbləğində kömək göstərilməsi haqqında bəyanat verdi. Bu köməyə, bu bəyanata görə təşəkkürümü bildirirəm. Bir daha bəyan edirəm ki, Pakistan ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələri sarsılmaz olacaq, ölkəmiz bu əlaqələrə daim sadiq qalacaqdır. Qədim Pakistan ölkəsinə, xalqına, Pakistan torpağına Azərbaycan xalqı adından və öz adımdan bir daha hörmət və ehtiramımı bildirirəm.

Əmin olduğumu bildirmək istəyirəm ki, Pakistanda gedən islahatlar və demokratik dəyişikliklər nəticəsində ölkənin güclü iqtisadi potensialı xalqınızın rifahının yaxşılaşması üçün çox böyük səmərələr verəcəkdir.

Hörmətli dostlar, mən ilk dəfədir ki, Pakistana gəlmişəm. Ancaq Pakistan, onun tarixi, 50 il müddətində müstəqillik uğrunda apardığı mübarizə haqqında çox geniş məlumatım var. Pakistan xalqının dövlət müstəqilliyi əldə edəndən sonra istiqlaliyyəti uğrunda öz ərazisində, torpağında gördüyü işlər dünyaya geniş məlumdur. Ölkənizin öz müstəqilliyi uğrunda apardığı mübarizə dünyada, о cümlədən Azərbaycanda həmişə məşhur olmuşdur. Həmin illərdə Pakistanın həyatında böhranlı dövrlər, böyük münaqişələr, dövlət quruculuğunda çətinliklər də olmuşdur. Lakin xalqınız müdriklik göstərərək bütün bunların öhdəsindən gəlmiş və Pakistan böyük dövlət kimi Dünya Birliyində özünə layiq yer tutmuşdur.

Pakistanın yaxın keçmişdəki tarixini xatırlayarkən, mən ölkənin həyatında, bugünkü günündə böyük rol oynamış Pakistanın indiki baş naziri, hörmətli xanım Bənəzir Bhuttonun atası mərhum Zülfüqar Bhuttonun xidmətlərini böyük ehtiram hissi ilə yad edirəm. Zülfüqar Bhuttonun qızı, hörmətli xanım Bənəzir Bhutto atasının işini davam etdirərək Pakistanın ağır dövründə öz xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Bu fürsətdən istifadə edərək Bhuttolar ailəsinə və baş nazir, xanım Bənəzir Bhuttoya hörmət və ehtiramımı bildirirəm.

Pakistan xalqına dövlət müstəqilliyi yolunda yeni qələbələr, yeni uğurlar arzulayıram. Pakistan dövlətinə, hökumətinə qarşıda duran böyük vəzifələrin yerinə yetirilməsində müvəffəqiyyətlər diləyirəm. Azərbaycan xalqının dostu, Pakistan İslam Respublikasının baş naziri hörmətli xanım Bənəzir Bhuttoya hörmət və ehtiramımı bildirirəm. Sağ olun.