Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialında kursantlarla görüşdə nitqi - 17 iyun 2002-ci il  


 

Heydər Əliyev: Əziz kursantlar!

Əziz bacılar, qardaşlar!

Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialında hərbi təhsil alan gənclərin valideynləri!

Sizin hamınızı ürəkdən salamlayıram. Sizi belə gözəl, göyçək, hərbi qaydada, nizam-intizamla düzlənmiş görmək məni çox sevindirir.

Biz bu il Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılmasının 30-cu ildönümünü qeyd edəcəyik. Mən belə qərar qəbul etmişəm ki, payızda bu yubileyi qeyd edək, çünki bu, Azərbaycan xalqının tarixində çox mühüm bir səhifədir.

Gənclərimizi hərbi peşəyə cəlb etmək üçün, hərbi peşəyə alışdırmaq üçün hələ 30 il bundan öncə – Sovet İttifaqı mövcud olan zaman, Sovet İttifaqı üçün, bütün xalqlar üçün vahid ordu olduğu zaman, İkinci dünya müharibəsindən sonra Cəmşid Naxçıvanski liseyinə bənzər – Suvorov, Naximov məktəbləri mövcud olduğu bir vaxtda, – Azərbaycan öz övladları, öz balaları üçün hərbiləşdirilmiş xüsusi orta məktəb yaratmaq qərarını qəbul etmişdi. Bu, Moskvada etirazla qarşılandı və hətta dedilər ki, biz anlamıriq, axı Sovet İttifaqı var, sovet xalqı var, vahid sovet ordusu var. Hər bir gənc sovet ordusunun böyük SSRİ ərazisində olan müxtəlif hərbi məktəblərə daxil olub, hərbi təhsil ala bilər. Bunları mənə bildirərək onu da soruşdular ki, Siz bunu nə üçün edirsiniz? Sonra isə mən qəbul etdiyim qərarın üzərində dayandığıma görə, bu etirazların izahatını verərək, eyni zamanda, Azərbaycanda belə bir hərbiləşdirilmiş orta məktəbin zəruriliyini sübut etməyə çalışdım.

Bunun nə olduğunu onlar, yəni Moskvada, SSRİ-nin rəhbərliyində bu işlə məşğul olan adamlar bilirdilər, amma anlamaq istəmirdilər. Mən isə öz qərarımda israrlı idim.

30 il bundan öncə yaratdığımız hərbiləşdirilmiş orta məktəb, indi Cəmşid Naxçıvanski adına Hərbi lisey Azərbaycanın milli ordusunun yaranmasında, zabit kadrlarının hazırlanmasında böyük iş görmüş və dəyərli xidmətlər göstərmişdir. Biz bunları payızda, liseyin 30 illik yubileyini keçirərkən geniş təhlil edəcəyik. Güman edirəm, indi bizim tarixçilərimiz, o cümlədən hərb tarixi ilə məşğul olan mütəxəssislərimiz artıq bu barədə öz tədqiqatlarını aparmalıdırlar. Hər bir tədqiqatın məqsədi qəbul olunmuş qərarın, yaxud başlanmış işin son nəticəsini araşdırmaqdır.

Bizim alimlər bilirlər ki, çox vaxt hansısa bir nəzəriyyəni –bu, bütün dünyada belədir, təkcə bizdə deyil – irəliyə sürürlər.

Ancaq o nəzəriyyənin nəticələri haqqında müxtəlif fikirlər meydana çıxır. Hərə öz fikrini sübut etmək istəyir. Bəzi hallarda bu nəzəriyyələrdən biri qalib gəlir, bəzi hallarda isə aparılan tədqiqat işi və ona sərf olunan vəsait puça çıxır. Çünki nəticə əldə olunmur. Amma biz bu işi başlayanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi. Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır.

Hər bir dövlət üçün olduğu kimi, Azərbaycan dövləti üçün də ən vacib şərt dövləti qüdrətli etmək, yaşatmaq üçün onun ordusunun və ordusunu təşkil edən peşəkar zabit korpusunun olmasıdır. Bəli, biz 30 il bundan öncə bu fikirləri nəzərə alaraq bu işə başladıq. İndi onun gözəl nəticələri göz qabağındadır.

Mən dünən axşam Müdafiə naziri Səfər Əbiyevlə söhbət edirdim. Bunlar hamısı mənə məlumdur. Ancaq söhbət zamanı yenidən hər bir mövzunu müzakirə edirsən. Hazırda Azərbaycan ordusunun zabit korpusunun əksəriyyətini təşkil edən Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş orta məktəbin, indiki Hərbi liseyin buraxdığı gənclərdir ki, sonra müxtəlif ali hərbi məktəblərdə təhsil almışlar. İndi də ordumuzda uğurla xidmət edirlər. Biz bu işləri gördük və nəticələri də göz qabağındadır.

Azərbaycan dövlət müstəqilliyini ilbəil möhkəmləndirərək, eyni zamanda, ordusunu möhkəmləndirir. Ordusunun zabit heyətini peşəkar kadrlarla təmin etməyə çalışır. Bu baxımdan vaxtilə Naxçıvanski adına Hərbi liseyin Naxçıvan Muxtar Respublikasında filialının yaradılması məsələsi meydana çıxdı. Bu təbiidir. Çünki birincisi, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq Azərbaycanın tərkibində muxtar respublikadır. Onun özünün Konstitusiyası var, hökuməti var.

Muxtar respublikanın Ali Məclisinin və onun rəhbərliyi altında fəaliyyət göstərən bütün dövlət strukturlarının özünəməxsus statusları var. Ona görə Naxçıvan Muxtar Respublikasının bu konstitusion vəziyyətini nəzərə aldıq.

İkincisi, təəssüflər olsun, mən bunu dünən nitqimdə də bəyan etdim ki, vaxtilə, XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikaların sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir.

Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır.

Biz sovet hakimiyyəti illərində bu çətinlikləri görürdük. Bəlkə xalq bunu görmürdü. Amma bir dövlətdə olduğumuza görə qarşısını alırdıq. Amma indi hər birimiz müstəqil dövlətik.

Onu da nəzərə alaq ki, Ermənistan hələ 1988-ci ildə Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etdi, münaqişə yarandı, müharibə baş verdi, qanlar töküldü və müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.

Əlbəttə, belə bir vəziyyətdə Azərbaycanın qədim torpağı olan Naxçıvan Muxtar Respublikasının indi Ermənistana mənsub torpaqla ərazi nöqteyi-nəzərindən Azərbaycandan aralı düşməsi çətinliklər yaradıbdır. Bu çətinliklər Naxçıvan Muxtar Respublikasında əhalinin yaşayışını, əmək fəaliyyətini təmin etmək üçün əlavə tədbirlər görməyimizi tələb edir.

Bütün bunları, Naxçıvan Muxtar Respublikasını nəzərə alaraq, vaxtilə biz burada Cəmşid Naxçıvanski adına Hərbi liseyin filialını yaratdıq. İndi görürük ki, bizim bu addımımız da çox doğru, düzgün və çox vaxtında atılan addım olubdur.

Burada filial neçə ildir fəaliyyət göstərir. İndi onun həm dərslər keçmək, həm kursantların yaşaması üçün özünəməxsus şəraiti, maddi-texniki bazası var. İndi görürəm, yeni korpus tikilir. Demək, burada yaxşı bir hərbi məktəb mövcuddur və öz gələcəyi haqqında düşünür. Daha doğrusu, bu məktəbin gələcəyi haqqında biz düşünürük və ona imkanlar yaradırıq.

Naxçıvanski adına Hərbi lisey 30 il ərzində Azərbaycana böyük xidmətlər göstəribdir. İnanıram ki, onun filialı, Naxçıvan filialı da qısa bir zamanda burada yeni bir hərbi liseyin yaranması üçün əsas qoyubdur. Bunları nəzərə alaraq, mən Naxçıvana gəlişimlə əlaqədar proqramımda mütləq sizinlə görüşməyi arzulamışdım. Şükürlər olsun ki, mənim bu arzum yerinə yetibdir. Mən sizin yanınıza gəlmişəm, sizinlə görüşürəm, gənc Azərbaycan övladlarına baxıram, çox sevinirəm.

Çünki indi Azərbaycanın prezidenti olaraq, mən hələ 30 il bundan öncə müstəqillik haqqında – bəlkə də bunu çox az adam düşünə bilərdi, yaxud ağlına gətirə bilərdi, düşünüb hərbi məktəb yaratmışdım. Artıq bir neçə ildir Naxçıvan filialı yaranıbdır. Güman edirəm, illər keçəcək, biz yenidən burada görüşəcəyik və Naxçıvan filialı haqqında qəbul etdiyimiz qərarın da nə qədər vacib, əhəmiyyətli olduğunu bir daha təsdiq edəcəyik.

Mənə məlumat verdilər ki, gənclər Naxçıvan filialına daxil olmağa böyük həvəs göstərirlər, müraciətlər edirlər, ərizələr verirlər. Düzdür, hələ ki, yer məhduddur. Çünki belə bir hərbi məktəbin işlərini təmin etmək üçün gərək onun lazımi maddi-texniki bazası və başqa imkanları olsun. Kursantların sayı bunlar nəzərə alınaraq müəyyən edilir. Ancaq müraciətlər çoxdur. Bu il nə qədər nəzərdə tutulub?

Rasim Əliyev: Cənab Prezident, 700-dən yuxarı sənəd verilib.

Heydər Əliyev: Sən nə qədər planlaşdırırsan?

Rasim Əliyev: 200 nəfər.

Heydər Əliyev: 700-dən çox verilib, hələ veriləcək də. İndi burada neçə kursant təhsil alır?

Vasif Talıbov (Naxçıvan MR Ali Məclisinin sədri): 321 kursant təhsil alır.

Heydər Əliyev: 321 kursant. Bu il buraxılış neçə nəfər olacaq?

Vasif Talıbov: 71 kursant buraxılacaq.

Heydər Əliyev: 71 kursant buraxılacaq və inanıram ki, onlar Bakıda ali hərbi məktəbə qəbul olunacaqlar.

Səfər Əbiyev (Müdafiə naziri): Cənab Prezident, onlar buraxılan kimi qəbul edilirlər.

Heydər Əliyev: Ona görə buraxılan kursantları indidən təbrik edirəm. Onların Bakıda ali hərbi məktəbdə təhsil alması üçün az vaxt qalıbdır. Siz buraxılan kimi, Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olacaqsınız. Sizi öncədən təbrik edirəm. Ümidvaram ki, siz Azərbaycan Ali Hərbi Məktəbində də təhsil alacaqsınız.

71 nəfər buraxılacaqdır, amma əvəzinə 200 nəfər qəbul olunacaqdır. Demək, müraciət edənlər – bundan sonra kimlərsə hələ müraciət edəcəklər və onların valideynləri bilməlidir, Naxçıvan filialına daxil olmaq üçün yüksək göstəricilər nümayiş etdirmək lazımdır. İmtahanlardan keçmək lazımdır.

Hazırlaşın, imtahanlardan keçin. Onların içərisindən qalib gələn 200 gənc bu il kursant qəbul olunacaqdır. Beləliklə, filial böyüyür, 71 kursant buraxır, 200 kursant qəbul edir.

Demək, əlavə 130 kursantla filial böyüyür. Güman edirəm ki, filial yaxşı göstəricilər nümayiş etdirsə, kursantlar hərbi peşəyə daha yaxşı hazırlaşa bilsələr, burada filial daha da genişlənə bilər. Bunlar çox sevindiricidir.

Naxçıvanlılar hərbi peşəyə keçmiş zamanlardan çox böyük maraq göstəriblər. Əgər keçmiş tarixi götürsək, burada Naxçıvanskilər, Kəngərlilər sülalələri olubdur. Onlardan ən böyük zabitlər, Çar Rusiyasının generalları olubdur. Baxmayaraq ki, o illərdə bizim dini fərqimizə görə – yəni ölkədə əsas xiristian dini idi, azərbaycanlılar isə müsəlman dininə itaət edirlər – Çar Rusiyası dövründə azərbaycanlıların hərbi məktəblərə qəbul olunması çox fövqəladə bir hadisə idi. Ancaq buna baxmayaraq, bəzi azərbaycanlılar o qədər yüksək zəka nümayiş etdiriblər, hərbi peşəyə o qədər maraq nümayiş etdiriblər ki, özlərini göstəriblər və böyük rütbələrə nail olublar.

Bax, həmin bu nəslin yetirmələrindən biri də Cəmşid Naxçıvanski idi. Təsadüfi deyil ki, 30 il bundan öncə həmin məktəbi yaradarkən mən təklif etdim ki, ona Cəmşid Naxçıvanskinin adını qoyaq. Onun həyatı sizə məlumdur. Ancaq faciəli 1938-ci ildə, Moskvada böyük hərbi vəzifədə olduğu zaman həbs olunub güllələnibdir. Ancaq onun gözəl xatirəsi Azərbaycan xalqının qəlbində yaşayıb və zaman gəlibdir ki, onun adına belə məktəb yaranıbdır.

Beləliklə, demək istəyirəm ki, Naxçıvanda keçmiş zamanlardan hərbi peşəyə böyük maraq olubdur. Sonralarda gənclərin icərisində çox böyük maraq vardı. Mənim gəncliyim Naxçıvanda keçibdir. Ona görə də mən o illəri, İkinci dünya müharibəsi illərini, sonrakı illəri xatırlayıram. Mən bunu kitablardan demirəm, öz şəxsi müşahidələrimə görə deyirəm.

Bildirmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi peşəyə marağı böyükdür, get-gedə artır. Bizim də vəzifəmiz onların bu peşəyə sahib olması üçün təhsil almasını təşkil etmək, imkan yaratmaqdır. Biz bunu edirik və edəcəyik.

Beləliklə, mən bu gün böyük sevinc hissi ilə deyə bilərəm ki, Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı yüksək səviyyədədir, bundan sonra səviyyəsini daha da yüksəldəcək və Azərbaycanın milli ordusu üçün, gələcək üçün yeni-yeni kadrlar hazırlayacaqdır.

Burada çox şey zabit-müəllim heyətindən asılıdır. Gənclər oxumalıdır, təhsil almalıdır. Amma gərək bizim məktəblərimizdə, o cümlədən burada, hərbi məktəblərimizdə müəllim-zabit heyəti müasir tələblərə uyğun səviyyədə olsunlar. Onların özləri vətənpərvər olsunlar, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə sədaqətli olsunlar. Bu, əsas şərtdir. Bütün qalan işlər bu şərtin üstündə qurulubdur. Çünki müəllim-zabit gənclərə təhsil verərkən gərək özü onlara nümunə göstərsin ki, o, Azərbaycanın milli ordusunun layiqli zabitidir. Dərs vermək hüququna da layiqdir. Həm də gərək onun yüksək hərbi biliyi olsun ki, yaxşı təhsil verə bilsin.

Ona görə mən bu gün təkcə filialın yox, Azərbaycanın bütün hərbi məktəblərinin müəllim-zabit heyətindən tələb edirəm ki, onlar öz biliklərini – həm peşələrinə aid olan, həm də onlara lazımlı başqa sahələrə aid – artırsınlar və bizim məktəblərdə kadrların hazırlanması üçün, yüksək təhsil sisteminin yaranması üçün xidmət göstərə bilsinlər.

Əziz balalar, əziz övladlar!

Mən hələ 30 il bundan öncə və ondan sonrakı illərdə hər il Naxçıvanski adına hərbi məktəbə gedərkən qarşımda 14, 15, 16 yaşlı gəncləri, onların hərbi marşla sıra ilə addımlamalarını görürdüm. Oradan qayıdarkən həmişə böyük təəssüratlar içində olurdum. Mən bu gün də sizi görərək, sizə baxaraq bu hissiyyatları keçirirəm. Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə etibar edirik.

Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bizim bu ümidlərimizi, arzularımızı doğrultmalısınız. İnanıram ki, doğruldacaqsınız.

Mən sizə cansağlığı arzu edirəm. Sizə yaxşı təhsil almağı, peşəkar hərbçi olmağı, vətəni qorumaq peşəsinə yaxşı yiyələnməyi, yüksək rütbəli zabit olmağı arzulayıram. Sağ olun.

Tarixi arayış

ORDU QURUCULUĞU