Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Kralliğın Müdafiə işləri üzrə dövlət katibi Corc Robertson ilə görüşdəki söhbətindən - London, Azərbaycan prezidentinin iqamətgahı, 21 iyul 1998-ci il


Corc Robertson: Cənab prezident, mən Sizinlə yenidən görüşməyimə çox şadam və görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən şərəf duyduğumu bildirirəm. Mən Böyük Britaniyaya rəsmi səfərinizə, bu səfər zamam əldə etdiyiniz uğurlara görə Sizi təbrik edirəm. Mən Sizinlə hələ 1985-ci ildə Moskvada görüşdüyümü həmişə məmnunluqla xatırlayıram. Onu da bildirmək istəyirəm ki, Sov.İKP-nin XXVII qurultayında müşahidəçi kimi iştirak etmiş və İkinci dünya müharibəsinin başa çatmasının 40 illiyi münasibətilə Moskvada keçirilən mərasimdə olmuşam. Sonra NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq Şurasının 1997-ci il iyulun 8-9-da Madriddə keçirilən zirvə toplantısında da Sizinlə görüşmüşəm. Dünya ölkələri və xalqları üçün qeyri-sabitliyin ümumi düşmən olduğunu nəzərinizə çarpdıraraq, böyük məmnunluqla qeyd etməyi lazım bilirəm ki, Sizin apardığınız siyasət nəticəsində Azərbaycanda möhkəm sabitlik yaranmışdır.

 Heydər Əliyev: Bilirsiniz, mən də bu görüşdən çox razıyam və Sizinlə olan əvvəlki görüşlərimi məmnunluqla xatırlayıram. Mən Birləşmiş Krallığın müdafiə işləri üzrə dövlət katibinin fikirləri ilə həmrəy olduğumu bildirərək deyirəm ki, bəli, biz ümumi düşmən olan qeyri-sabitliyə, münaqişələrə və separatçılığa qarşı birgə mübarizə aparmalıyıq. Bununla bərabər, Azərbaycanda problemlər var. Bilirsiniz, 1988-ci ildən davam edən münaqişə - Ermənistanın Azərbaycana təcavüzü müstəqil respublikamız üçün ən ağrılı problemdir.Bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq hələ də çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Münaqişənin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır, 1994-cü ilin mayında müharibədə atəşkəs rejimi yaradılmış və atəşkəs davam etdirilir.

Biz istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad olunsun, ölkəmizin sərhədlərinin toxunulmazlığı bərpa edilsin, doğma evindəneşiyindən didərgin salınmış azərbay-canlılar öz yerlərinə qayıtsınlar.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda keçirilmiş zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün üç bənddən ibarət prinsiplər qəbul olunmuşdur. Bu prinsiplərdən birincisi, Azərbaycan Respublikasının və Ermə-nistan Respublikasının ərazi bütövlüyünun tanınması, ikincisi Azərbaycanla saziş əsasında Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək özünüidarə statusu verilməsi, üçüncüsü Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizliyin təmin edilməsidir. Təəssüf ki, ATƏT-in bütün üzvlərinin dəstəklədiyi bu sənəd - ona 53 dövlət səs vermişdi - Ermənistan tərəfindən rədd edildi. Həmin prinsiplərin qəbul olunmasında Birləşmiş Krallıq hökumətinin də səs verməsini mən min-nətdarlıqla qeyd etmək istəyirəm. Minsk qrupunun həmsədrləri ABŞ-ın, Fransanın, Rusiyanın münaqişənin həlli barədə son təklifləri Azərbaycan tərəfindən qəbul olunduğunu nəzərinizə çarpdırıram. Ancaq Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həlli barədə nə beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə, nə beynəlxalq hüquq normalarına, nə də dünyanın ən nüfuzlu dövlətlərinin təkliflərinə heç bir məhəl qoymur.

O ki qaldı Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək idarəetmə statusu verilməsinə biz dəfələrlə demişik ki, bu statusu dünyada mövcud olan nümunələr əsasında, belə muxtar qurumlar üçün dünyada mövcud olan statuslar əsasında respublikamız tərəfdardır. Biz ərazilərimizin kiçik bir hissəsini belə başqa ölkəyə verməyə heç vaxt razı ola bilmərik.

Corc Robertson: Böyük Britaniya hökuməti Azərbaycanın haqq işini müdafiə etdiyini və prezident Heydər Əliyevlə Baş nazir Toni Bleyrin imzaladığı birgə bəyannamədə Birləşmiş Krallığın bu barədə mövqeyi öz əksini tapmışdır. Biz bu münaqişənin ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında aradan qaldırılmasına tam tərəfdarıq. Biz NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrindəyik.

Heydər Əliyev: Bu səmimi görüş üçün Sizə təşəkkürümü bildirir və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Corc Robertson: Hörmətli prezident, mən bu dəvəti minnətdarlıqla qəbul edirəm.