Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında yeni məscidin təntənəli açılış mərasimində nitqi - 10 oktyabr 1999-cu il


Əziz naxçıvanlılar!

Əziz müsəlmanlar!

Əziz qonaqlar!

Bu gün Naxçıvan Muxtar Respublikasının, Azərbaycan Respublikasının həyatında çox böyük bir hadisə baş verir. Biz Naxçıvanda yeni bir məscidin, Allah evinin açılışına toplaşmışıq. Bu, bizim üçün böyük bayramdır. Xüsusən onu qeyd etmək istəyirəm ki, bu günlər Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi keçirilir. Məscidin məhz bu günlərdə açılması 75 il ərzində Naxçıvan Muxtar Respublikası vətəndaşlarının, insanlarının, müsəlmanlarının - naxçıvanlıların öz islam dininə nə qədər bağlı olduğunu və islam dininin ənənələrini yaşatdığını göstərir.

Mən bu əlamətdar hadisə münasibətilə sizin hamınızı, Naxçıvan Muxtar Respublikasının əhalisini, İran İslam Cümhuriyyətindən bizə təşrif gətirmiş hörmətli qonaqlarımızı ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu məscid yüz illərlə yaşayacaq, Naxçıvan Azərbaycan xalqının öz islam dini ilə daim birlikdə olmasına xidmət göstərəcək və xalqımızın mənəvi dəyərlərini inkişaf etdirəcəkdir.

Məscidin yaranması, tarixi haqqında burada məlumatlar verildi. Ancaq mən də bu barədə demək istəyirəm. Çünki mən bu gün böyük sevinc, iftixar hissi keçirirəm. Ona görə ki, bu məscidin burada, Naxçıvanda tikilməsinin, yaranmasının təşəbbüskarıyam. Mən bu məscidin memarıyam, mən bunun təməlini qoyanam.

O illərdə və xüsusən 1992-ci ildə, Allah-Taalanın əmri ilə mən Naxçıvan Muxtar Respublikasında yaşadığım və bu muxtar respublikaya rəhbərlik etdiyim zaman Naxçıvan məscidini daim ziyarət edirdim, dindarlarla görüşürdüm. Mən o məscidi yaxşı tanıyıram. Çünki uşaq ikən atam, anam məni həmin məscidə aparırdı. Doğrudur, o vaxt biz sovet hakimiyyəti dövründə, kommunist ideologiyasını həyata keçirən bir ölkədə yaşayırdıq. O vaxt din qadağan edilmişdi, ardıcıl surətdə din əleyhinə, yəni ateist təbliğatı aparılırdı, insanları dindən ayırmağa çalışırdılar. O vaxtkı dövlət buna zahirən müəyyən qədər nail ola bilirdisə də, daxilən heç bir şey əldə edə bilmirdi.

Mənim atam da, anam da namaz qılırdılar. Onlar daim məscidə gedirdilər, uşaq ikən məni də məscidə aparırdılar. Mənim o uşaqlıq dövrümdə məktəbdə aldığım təhsil, tərbiyə ilə bərabər, məscidə getməyim paklıq, sədaqət formalaşmasında da öz əksini tapıbdır.

Xatirimdədir, o məscidin həyəti var idi. Onun bir tərəfini məktəb etmişdilər. Çünki o vaxt Naxçıvanda məktəblər yaranırdı, bina isə yox idi. Məscid binasının indi görünən tərəfinin arxasında böyük bir həyət var idi, həyətin yan tərəfində binalar var idi, - yəqin onlar da məscidin binaları imiş. Ancaq mən görən zaman orada məktəb var idi. Uşaqlar məktəbdən çıxıb məscidin həyətinə, oradan da məscidə girirdilər. O məscidin həyətində Aşura günlərinin keçirilməsi mənim xatirimdədir. Mən onların hamısını görmüşdüm.

Mən imanımı heç vaxt itirməmişəm, mənsub olduğum millətin islam dini ilə həmişə fəxr etmişəm. Şübhə etmirdim ki, vaxt gələcək, bizim ölkədə də insanlar tam azad olacaqlar, o cümlədən insanlara vicdan azadlığı veriləcək və onda onlar öz arzu və istəklərini daha da açıq bildirə biləcəklər.

Mən gənc vaxtlarımdan uzun müddət idi ki, Naxçıvandan ayrılmışdım. Bakıda işləyirdim, Azərbaycana rəhbərlik edirdim. Ondan sonra Moskvada işləyirdim, Sovetlər İttifaqının, o böyük superdövlətin rəhbərlərindən biri idim. O dövlətə 10-12 nəfərdən ibarət Siyasi Büro rəhbərlik edirdi. Sovetlər İttifaqının tarixində həmin o Siyasi Büroya daxil olmaq heç bir müsəlmana nəsib olmamışdı. Mən yeganə müsəlman idim ki, Sovetlər İttifaqının rəhbərliyində Siyasi Büronun üzvü idim. Ancaq mən öz milli ruhumu, ənənələrimi, hissiyyatlarımı, dinimizə məxsus olan ənənələri həmişə qəlbimdə yaşadırdım.

Mənim dostum, hörmətli şeyxülislam Hacı Allahşükür Paşazadə həyatımda faciəvi bir hadisəni xatırlatdı. 1985-ci ildə mən Moskvada həmin dövlətin rəhbərlərindən biri olduğum zaman həyat yoldaşım Zərifə xanım vəfat etdi. Onu Moskvanın, Rusiyanın ən mötəbər qəbiristanında dəfn etdik. Çünki mən də, ailəm də Moskvada yaşayırdıq. Sonra mən o qəbiristanı dəfələrlə gəzirdim və orada bir dənə də müsəlman qəbri görmədim. Ancaq dəfn zamanı şeyxülislam Allahşükür Paşazadə mənim yanımda idi. Bəli, bu həqiqətdir. O bunu mənim yadıma saldı. Bir tərəfdən böyük bir dövlətin rəhbərləri dəfn mərasimində iştirak edirdilər, o birisi tərəfdən Qafqaz müsəlmanlarının şeyxülislamı Quran oxuyur və bu dəfn mərasimini bütün adət-ənənələrə görə həyata keçirməyə çalışırdı.

Mən Moskvadan ayrılıb gəlib Naxçıvanda yaşayarkən çox sıxılırdım. Ona görə ki, mənim həyat yoldaşım yad bir yerdə idi. Amma o vaxt onu vətən torpağına gətirməyə mənim imkanım yox idi. Burada bilənlər var ki, o vaxt Moskvada mənim əleyhimə çox böyük işlər görülürdü, böhtanlar atılırdı. Mən istefa vermişdim. Çoxları demişdi ki, müsəlman artıq bu yüksək vəzifədə ola bilməz. Təəssüflər olsun ki, o illər Azərbaycanda da vəziyyət çox gərgin idi. Ancaq mən 1993-cü ildə Azərbaycanın rəhbərliyinə dəvət olunandan sonra həyat yoldaşımın cənazəsini dərhal, yenə də hörmətli Allahşükür Paşazadə ilə bərabər gətirib öz vətənimizdə torpağa verdik.

Mən bunu birinci dəfədir danışıram. Ona görə danışıram ki, mən öz doğulduğum torpaqdayam, öz dostlarımın arasındayam. Ona görə danışıram ki, onun bugünkü gün ilə də müəyyən münasibəti vardır. Mən 1990-1993-cü illərdə burada işləyəndə məscidə gedirdim, dindarlarla görüşürdüm, öz duyğularımı, hissiyyatlarımı orada həyata keçirirdim. Ancaq düşünürdüm ki, indi artıq milli azadlığımızı, vicdan azadlığımızı əldə edəndən sonra Naxçıvan üçün daha da böyük bina, müasir tələblərə daha da uyğun bir məscid lazımdır.

Mən bu barədə çox fikirləşdim, ancaq əlimdə bir imkan yox idi. Bilirsiniz ki, 1992-ci ilin avqust ayında Azərbaycan ağır bir dövr yaşadığı zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın doğma torpağı olan Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə 1988-ci ildən Azərbaycanla müharibəyə başlamışdı. Bu müharibə Azərbaycan üçün çox böyük zərərlər gətirmiş, qanlar tökülmüşdür. Azərbaycanlılar, müsəlmanlar ermənilərlə vuruşarkən şəhid olmuşlar. Bunun nəticəsində də Dağlıq Qarabağ uğrunda müharibə getdiyi zaman Naxçıvan Azərbaycanın əsas torpağından Ermənistan ərazisi vasitəsilə ayrı düşdüyünə görə Azərbaycanın paytaxtı Bakı və başqa şəhərlər ilə Naxçıvanın əlaqələri tamamilə kəsilmişdi.

Burada bizim elektrik enerjimiz, qazımız yox idi. Su çox az olurdu. İnsanların yaşayışı çətin, ağır idi. O zaman İran İslam Cümhuriyyətinin hörmətli prezidenti Haşimi Rəfsəncani və İranın xarici işlər naziri hörmətli Əli Əkbər Vilayəti məni Tehrana dəvət etdilər. Biz Naxçıvana yardım məsələlərini orada müzakirə etdik. Bizim imzaladığımız protokollara əsasən ondan sonra Naxçıvana İrandan müəyyən qədər elektrik enerjisi verilməyə başlandı. Naxçıvana müəyyən ərzaq yardımı göstərildi. Naxçıvan ilə İran arasındakı körpüdən gediş-gəliş məsələləri müəyyən qədər yüngülləşdirildi. Naxçıvanlıların İrana getməsi və iranlıların Naxçıvana gəlməsi və beləliklə də insanların ticarət etməsi məsələləri yüngülləşdirildi. Bir çox başqa işlər də görüldü.

Ancaq mən oraya Ermənistanın mühasirəsində qalmış Naxçıvanı xilas etmək üçün, İran İslam Cümhuriyyətindən yardım almaq üçün getmişdim. Mən bu yardımları müəyyən qədər aldım. Bütün bu çətin işlərlə bərabər, mən Naxçıvanda məscid tikilməsi məsələsini də bir nömrəli məsələ kimi müzakirəyə qoydum. Bu barədə prezident Ağayi Haşimi Rəfsəncani ilə danışdım, Məşhədə getdim, İmam Rzanın qəbrini ziyarət etdim, o vaxt orada olan zati-aliləri Ayətulla Xamneyi ilə görüşdüm və bu fikirlərimi, arzularımı bildirdim. İranın ali rəhbəri zati-aliləri Ayətulla Xamneyinin xeyir-duası ilə mənim əziz dostum, möhtərəm Ağayi Rəfiqdust və onun başçılıq etdiyi təşkilat Naxçıvanda məscid tikilməsi haqqında qərar qəbul etdilər, biz protokol imzaladıq.

Bir daha deyirəm, o vaxt Naxçıvan çox böyük sıxıntılar içərisində yaşayırdı, qışda insanlar donurdu, yemək yox idi. Amma bunlara baxmayaraq biz məscid məsələsini unutmuruq. Bir müddətdən sonra Ağayi Rəfiqdust Naxçıvana gəldi. Biz onunla görüşdük. Mən ona dedim ki, gərək biz məscidin təməlini ataq, külüngü vuraq. Dedi ki, harada vuraq? Bildirdim ki, yer seçmişəm. Bax, bu yeri seçmişdim.

Nə üçün bu yeri seçmişdim? Çünki, birincisi, bu yer Naxçıvan şəhərinin gözəl bir guşəsidir. İkincisi də, naxçıvanlılar bilir, bu yerdə böyük bir seyidlər ailəsi yaşamışdır. Mircəfər Seyidov mənim müəllimim olubdur, onun qardaşı Əqil Seyidov müəllimlik edibdir, Mirhəsən Seyidov Naxçıvanın teatrının aktyoru olubdur. Mən bu ailədən olanlara Seyidov dedim, çünki onlar seyid idilər. Amma əslində onlar Mircəfər Mirişli, Əqil Mirişli, Mirhəsən Mirişli və bu gün Azərbaycanın böyük bir bəstəkarı olan Ramiz Mirişlidir.

Mən o illərdə bax, burada onların evlərini görmüşdüm. Sonra isə buraya gələndə gördüm ki, onlarının evlərinin bir qismi sökülüb, bir qismi qalıbdır, bu yerdə başqa - yararsız binalar da var. Mən buranı seçdim ki, məscid tikilsin. Biz Ağayi Rəfiqdust ilə birlikdə gəldik - bilmirəm, yaxud oradır, haradırsa - külüngü vurduq. Onların şəkli qalıb, yoxsa yox?

Vasif Talıbov: Qalıbdır.

Heydər Əliyev: Biz külüngü vurduq. Mən külüngü vurdum, o külüngü vurdu və biz bu məscidin təməlini qoyduq. Bu, hadisə 1992-ci ildə olubdur. Düzdür, bu işə başlanması bir az uzandı. Ağayi Rəfiqdust mənə söz vermişdi ki, bunu tez edəcəkdir. Amma sonra Azərbaycanda ara qarışdı. Ondan bir il sonra az, təxminən 8-9 ay sonra mən buradan Bakıya getdim, Azərbaycana rəhbər seçildim. Orada başım çox qarışdı. Amma mən Vasif Talıbovdan daim soruşurdum ki, məscidin tikintisi nə yerdədir. Bəzən deyirdi ki, işlər gedir, bəzən də deyirdi ki, işlər dayanıb. Soruşurdum ki, niyə dayanıb? Cavab verirdi ki, İranın Qərbi Azərbaycanından, Şərqi Azərbaycanından nəsə gətirirlər, kimsə gəlir, kimsə gəlmir.

Mən Ağayi Rəfiqdusta telefonla zəng etdim ki, qardaş, belə olmaz, protokolu yerinə yetirmək lazımdır. Bu, uzun bir söhbətdir. Nəhayət, Ağayi Rəfiqdustu Bakıya dəvət etdim. Onda mən Azərbaycanın prezidenti idim. Biz Bakıda çox gözəl söhbət etdik. O, mənim əziz qonağım oldu. Ona dedim ki, sənə dörd ay vaxt verirəm, bu vaxt ərzində məscidin tikintisini qurtarmalısan. Bu gün minnətdaram ki, o, mənim xahişimi və mənə verdiyi sözü yerinə yetiribdir. Məscidin binası çoxdan hazırdır. Ancaq bunun açılışı mərasiminin keçirilməsinə görə həm İran üçün, həm də Azərbaycan üçün, yəni mənim üçün bir münasib vaxt tapılması lazım idi. Bu münasib vaxtı tapdıq, buraya gəldik, indi bax, bir yerdəyik.

Mən bunları ona görə geniş danışıram ki, bir də deyim, - bu gün özümü çox xoşbəxt hesab edirəm. Mən çox şadam, çox sevinirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda yaratdığım böyük memarlıq əsərləri ilə yanaşı, İran İslam Cümhuriyyəti ilə bərabər, bilavasitə onların köməyi ilə Naxçıvanda yeni məscid, eyni zamanda Şərq aləminin memarlıq nümunəsi olan böyük bir bina yarada bilmişik.

Naxçıvanda indiki məscidin, səhv etmirəmsə, 100-dən çox yaşı vardır. Amma bu yeni bina yüz illər yaşayacaqdır. Bizdən sonra gələn nəsillər bizə rəhmət oxuyacaqlar. Mənim üçün isə bundan böyük mükafat ola bilməz.

Mən bu məscidin tikilməsindən çox məmnunam. Çox məmnunam ki, məscidin açılışı mərasiminə İran İslam Cümhuriyyətindən böyük, çox mötəbər, möhtərəm qonaqlarımız, dostlarımız gəliblər. Mən bu görüşdən də çox məmnunam.

Bu məscid böyük məna daşıyır. Bu da ondan ibarətdir ki, o, İran-Azərbaycan dostluğunun, qardaşlığının, əməkdaşlığının gözəl bir nümunəsidir. Biz Azərbaycanda müstəqil bir dövlət kimi, qonşumuz, dostumuz, qardaşımız İran İslam Cümhuriyyəti ilə əlaqələrimizi daim inkişaf etdirmək, genişləndirmək istəyirik. Hesab edirəm ki, bunun üçün böyük imkanlar vardır və biz onlardan istifadə etməliyik. Hər halda mən Naxçıvanda olarkən biz bu əməkdaşlıq sayəsində qısa bir zamanda çox işlər görə bildik. Mən artıq söylədim ki, İrandan elektrik enerjisi gəldi. İrandan 40 meqovat elektrik enerjisi gəlir, buna görə çox sağ olun. Doğrudur, biz onun pulunu veririk, bu enerji müftə gəlmir. Ancaq elə onun özü də böyük şeydir.

Məni sevindirən odur ki, İran ilə Naxçıvan arasındakı yollar çox sərbəstləşdirilibdir. Hesab edirəm, İran hökuməti bu sahədə çox səxavət göstəribdir, gözəl bir siyasət aparır ki, insanlar 24 saat müddətində Naxçıvandan İrana gedib, İrandan Naxçıvana gələ bilirlər, adamlar sərbəst ticarət edirlər. Bu, bizim arzumuz olubdur.

Bilirsiniz, biz istəyirik ki, müstəqil Azərbaycandan hər bir ölkəyə - əlbəttə, dost ölkəyə - geniş gediş-gəlişimiz çox olsun. Amma İran axı, burada xüsusi yer tutur. Azərbaycan üçün başqa bir dövlət yoxdur ki, ölkəmizdə yaşayan azərbaycanlıların, müsəlmanların orada İrandakı Qərb ölkələrinə, Avropa ölkələrinə keçənləri demirəm, keçmiş vaxtları nəzərdə tuturam, - elə İranın özündə də, xüsusən onun Şimal hissəsində ailə tapmazsan ki, onun Azərbaycanda qohumu, qardaşı olmasın. Biz 70 il idi ki, bundan məhrum idik. Mən bunların hamısını öz gözümlə görmüşəm. İnsanlar göstərməyə qorxurdular ki, bir yerdə bilsinlər ki, onun İranda qohumu vardır. Onda onu işdən çıxarırdılar, cəzalandırırdılar. Ona görə də hamı İranda qohumları olduğunu gizlədirdi. Elə ki, sərhəd açıldı, o qədər qohumlar meydana çıxdı ki! Bu insanlara azadlıq verilməli idi. Bu azadlıq verilibdir. İndi Naxçıvan ilə İran arasında olan əlaqələr ən gözəl, nümunəvi əlaqələrdir.

Mən arzu edirəm ki, bu əlaqələr bundan sonra daha da inkişaf etsin. Bu gün İran-Azərbaycan dostluğu haqqında danışarkən o vaxt Azərbaycana, Naxçıvana göstərilən xidmətə görə İranın rəhbərlərinə - zati-aliləri Ayətulla Xamneiyə, prezident Haşimi Rəfsəncaniyə, xarici işlər naziri Ağayi Vilayətiyə və başqa rəhbərlərə təşəkkür edirəm.

Mən Şərqi Azərbaycanın o vaxtkı ostandarı, indi isə İran hökumətinin naziri olan Əli Əbdüləlizadəyə təşəkkür edirəm. Çünki Naxçıvan Şərqi Azərbaycanla da çox yaxındır. Əli Əbdüləlizadə o vaxt Naxçıvana qardaşlıq diqqəti göstərirdi. Mən məmnunam ki, indi o, İran hökumətinin naziridir.

Mən o vaxt Naxçıvana çox gedib-gəlmiş və uzun müddət Azərbaycan-İran müştərək komissiyasının sədri olmuş Ağayi Şafeyiyə, o zaman Naxçıvana yardım göstərmiş bir çox dostlarımıza təşəkkür edirəm.

Ağayi Rəfiqdust təkcə məscid tikmək üçün yox, ticarət üçün də burada yaxşı bir dükan, mağaza açdı, gətirib mal da satdı. Mən də ona yer verirdim. Ona görə də deyirdim ki, mən onu Bakıya, Azərbaycana ticarət naziri vəzifəsinə aparacağam.

Bilirsiniz, mən o günlər haqqında bir tərəfdən kədərlə danışıram, çünki biz çox çətin bir dövr keçirdik. İkinci tərəfdən, iftixar hissi ilə danışıram, çünki o çətin, ağır dövrdə biz yaşadıq, sınmadıq, əyilmədik, öz torpağımızı müdafiə etdik və respublikamızı inkişaf etdirdik.

Xatirimdədir, ağayi Əbdüləlizadə bir dəfə böyük bir nümayəndə heyəti ilə Naxçıvana gəlmişdi. O vaxt qış idi. Naxçıvanlılar bilir ki, buranın qışı çox sərt olur. Mən onu qonaq çağırmışdım. Biz Naxçıvandakı qonaq otağında oturmuşduq, üşüyə-üşüyə yemək yeyirdik, əlimizi cibimizdən çıxara bilmirdik. Paltomuz əynimizdə idi. Dostum, bunlar yadındadır? Əli Əbdüləlizadə baxıb soruşdu ki, burada necə yaşayırsınız? Dedim ki, gör indi biz burada necə yaşayırıq. Belə səhifələr olubdur.

Biz indi, bu gün tamamilə başqa şəraitdəyik. Doğrudur, Azərbaycanın hələ çox böyük çətinlikləri vardır. O cümlədən, Naxçıvanın ən böyük çətinliyi odur ki, Ermənistan-Azərbaycan münaqişəsinə görə Naxçıvan bu gün də Azərbaycanla, yəni Bakı ilə ancaq təyyarə vasitəsilə əlaqə saxlaya bilir. Başqa bir əlaqə yoxdur. Mən burada yenə də İranın Azərbaycana, Naxçıvana yardımını qeyd edirəm və təşəkkürümü bildirirəm. Yollar bağlananda İran hökuməti Naxçıvandan Bakıya avtomobillərin gedib-gəlməsi üçün yol verdi və biz həmin yoldan indiyə qədər istifadə edirik. Görürsünüz, nə qədər faktlar, misallar vardır. Mən bundan da çoxunu deyə bilərəm.

Beləliklə, bizim bugünkü günümüz İran-Azərbaycan dostluğunun bayramıdır, iftixarıdır. İran böyük, güclü bir dövlət, islam dinini qoruyub inkişaf etdirən bir dövlətdir. İslam inqilabı bu ölkənin həyatını kökündən dəyişmiş, onun inkişaf etməsi, xalqın daha da yaxşı yaşaması üçün böyük imkanlar yaratmış və İranı şahlıq istibdadından xilas etmişdir.

İran İslam Cümhuriyyətidir. Biz bunu bir dövlət, ölkə, qonşu, dost kimi, necə varsa o cür qəbul edirik. Ümumiyyətlə, Azərbaycanın siyasəti ondan ibarətdir ki, heç bir dövlət başqa bir dövlətin daxili işinə qarışmamalıdır. Hər bir müstəqil dövlət öz həyatını öz xalqının istədiyi kimi qurmalıdır, xaricdən müdaxilə olmamalıdır.

Mən bu sözləri ona görə deyirəm ki, Azərbaycanda bəzi adamlar, o cümlədən bizə müxalif olan adamlar var. Onlar belə söhbətlər aparırlar ki, İranda azadlıq, filan yoxdur. Mən bu fikirləri tamamilə rədd edirəm. Hesab edirəm ki, Azərbaycandan heç kəs İranın daxili işlərinə qarışmamalıdır. Mən bu gün bunu bəyan edirəm ki, hamı bilsin.

Ancaq indi mətbuat azadlığıdır. İnsanlar qəzetlərdə nə istəyirlər - onu yazırlar. O cümlədən, Azərbaycan prezidenti Heydər Əliyev haqqında da demək olar ki, hər gün müxalifət qəzetlərində yalan, böhtan məlumatlar yazırlar. Bəzən İranın da bir sıra qəzetlərində Heydər Əliyev haqqında yalanlar, böhtanlar yazırlar. Amma mən nə ona, nə də buna fikir verirəm. Bu, əsas deyil. Mən bilirəm ki, o da yalandır, bu da yalandır, o da böhtandır, bu da böhtandır.

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Biz müstəqilliyimizi əldə edəndən sonra bu yolu tutmuşuq, bu yolla gedirik və bu yolla gedəcəyik. Çünki son iki əsrdə Azərbaycanın həyatında yaranmış proseslər Azərbaycanı məhz demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf etdirməyin əsasını qoymuşdur. Bu, bizim yolumuzdur. Biz bu yolla gedirik. Dünyəvi dövlət, eyni zamanda vicdan azadlığı; dünyəvi dövlət, eyni zamanda islam dininin bütün mənəvi dəyərlərinin hamısından istifadə etmək - bundan kim necə istəyirsə, o cür istifadə etsin - bu yol ilə gedirik. Görürsünüz, nə qədər maraqlı, gözəl bir siyasətdir. Biz bu siyasəti aparırıq və bu siyasəti də aparacağıq.

Hesab edirəm ki, hər bir ölkə başqa ölkənin dövlət quruluşuna, siyasətinə, daxili vəziyyətinə hörmətlə yanaşmalıdır. Biz İranın daxili quruluşuna və daxili siyasətinə böyük hörmətlə yanaşırıq. İran da Azərbaycanın daxili vəziyyətinə, dövlət quruluşu prosesinə, dünyəvi dövlət olmasına hörmətlə yanaşır. Bu, bizim dostluğumuzun, qardaşlığımızın əsas prinsiplərindən biridir.

Bizi daha da yaxınlaşdıran odur ki, xalqlarımızın qədim tarixi köklərinin hamısı birdir. Bizim tarixi köklərimiz birdir. Biz bir kökə, bir tarixə malik insanlarıq. Ulu babalarımız İranda da, Azərbaycanda da bu gün bizim üçün dəyərli olan ənənələri yaradıblar. İran ilə Azərbaycan kimi bir-birinə bu qədər bənzər olan digər ölkə yoxdur. Əvvəllər, sovet hakimiyyəti vaxtında Araz çayı maneə idi, indi bu maneə də aradan götürülüb. İndi bu çayın üzərində körpülər tikilir. Hesab edirəm, yeniləri də tikiləcək və bizim əlaqələrimiz daha çox inkişaf edəcəkdir.

Mən bu gün İran xalqına sülh, əmin-amanlıq arzulayıram. Mən bu gün İran xalqına rifah arzulayıram. İran xalqı demokratik seçkilər əsasında öz dövlətinin başçısını, zati-aliləri Xatəmini ölkənin prezidenti seçibdir. Mən bu seçki başa çatan kimi Qərbin bir neçə ölkəsini təmsil edən mətbuat nümayəndələri qarşısında bildirdim: Siz deyirsiniz ki, İranda demokratiya yoxdur. Bundan artıq nə cür demokratiya ola bilər? Həmin seçkilərin özü İranda demokratiyanın çox yüksək səviyyədə olduğunu göstərir.

Ancaq təbiidir ki, hər ölkənin özünəməxsus xüsusiyyəti var. Mən heç razı ola bilmərəm ki, Azərbaycanda hər bir şey Fransadakı, İngiltərədəki, Amerikadakı kimi olsun. Mən buna razı ola bilmərəm. Mən Azərbaycanda demokratik dövlət yaradıram. Amma Azərbaycanın öz milli-mənəvi ənənələri vardır. İranın da özünün milli-mənəvi ənənələri vardır. İran islam dövlətidir. Belə bir şəraitdə demokratik seçkilər keçirmək, bir neçə namizədin içərisindən xalqın iradəsi ilə prezident seçmək İran İslam İnqilabının ən gözəl nəticələrindən biridir.

Hesab edirəm ki, İran xalqı tərəfindən seçilmiş prezident, zati-aliləri Xatəmi İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etməsinə çox böyük diqqət göstərir. Mən onunla Tehranda görüşüb ətraflı söhbət edərkən bunu hiss etdim. Ondan sonra bir sıra məktublar vasitəsilə əlaqələrimizdən də və xüsusən son dəfə Azərbaycanda səfərdə olmuş Ağayi Əbdüləlizadə ilə söhbətimdən də bunu hiss etdim.

Mən bu gün bir daha bəyan edirəm ki, əziz dostlar, siz də bilin və İran prezidenti zati-aliləri Xatəmi də bilsin ki, Azərbaycanın prezidenti kimi mən İran-Azərbaycan əlaqələrinin sağlam olması yolunda, onun daim inkişaf etməsi üçün çalışıram və bundan sonra da çalışacağam. Bu, bizim xalqlarımız, dövlətlərimiz üçün lazımdır. Mənim bu siyasətimi heç kəs dəyişdirə bilməz.

Bu gün biz islam dininin mənəvi dəyərlərinin təzahürünü bir daha görürük. İslam dininin mənəvi dəyərləri ən yüksək qiymətə malikdir. Hər bir xalq həmişə özünün mənsub olduğu dini təbliğ edir, tərifləyir. Amma eyni zamanda, müqayisə etməyə imkan vardır. Şübhəsiz ki, müqayisə edəndə görürsən ki, həzrəti Məhəmməd peyğəmbərin yaratdığı islam dini və onun yaratdığı Qurani-şərif əsrlər boyu bizim xalqlarımıza mənəvi qida olmuşdur və bundan sonra da olacaqdır. Azərbaycan müsəlmanları həmişə belə olacaqlar.

Mən İrandan gəlmiş qonaqlarımızı bir daha salamlayıram. Təbrizin imam cüməsi Ayətullah Mücrəndi Şəbüstərinin buradakı çox dəyərli çıxışını məmnuniyyətlə dinlədim. Güman edirəm ki, biz bu cür çıxışlarla, danışıqlarla, təmaslarla öz dostluğumuzu, qardaşlığımızı daha da irəliyə aparacağıq.

İrandan gəlmiş bütün qonaqlara təşəkkür edirəm. Sizinlə görüşümdən çox məmnunam və sizi, bütün naxçıvanlıları bugünkü əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 12 oktyabr 1999-cu il.

Tarixi arayış