Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvanda "Kazım Qarabəkir Paşa Məscidi"nin açılış mərasimində nitqi - 13 oktyabr 1999-cu il


Möhtərəm xanımlar və cənablar!

Əziz bacılar, qardaşlar, dostlar!

Türkiyə Cümhuriyyətindən Azərbaycana, Naxçıvana gəlmiş çox hörmətli qonaqlarımız, dostlarımız, qardaşlarımız!

Bu günlər biz Naxçıvan Muxtar Respublikasının yaranmasının 75-ci ildönümünü bayram edirik. Bu, bütün Azərbaycan xalqının bayramıdır. Çünki Azərbaycanın gözəl bir diyarı, eyni zamanda Azərbaycana düşmən olan bəzi qüvvələr tərəfindən 20-ci illərdə Ermənistan ərazisi vasitəsilə Azərbaycan torpağından ayrı salınmış Naxçıvanın muxtariyyət alması və 75 il müddətində muxtar dövlət kimi yaşaması böyük hadisədir. Ona görə bu bayram bütün Azərbaycan xalqının bayramıdır.

Bu bayram bizim dostlarımızın, qardaşlarımızın da bayramıdır. O cümlədən bizim dost, qardaş Türkiyə Cümhuriyyətinin, türk xalqının bayramıdır. Təsadüfi deyil ki, bu təntənələrdə Türkiyə Cümhuriyyətinin ən yüksək səviyyəli nümayəndə heyəti iştirak edir. Onlar bizimlə bərabərdir, bu bayram günlərini bizimlə birlikdə keçirirlər.

Bu bayrama Türkiyənin çox yüksək səviyyəli nümayəndə heyətinin gəlməsi ilə bərabər, bu bayramı Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının əziz dostu, mənim qardaşım Süleyman Dəmirəl göndərdiyi çox nəzakətli mesaj ilə təbrik etmişdir. Onun təbriki dünən bayram təntənəsinə toplaşmış salonda elan edilərkən xalq, insanlar tərəfindən böyük sevinc və məhəbbət hissi ilə qarşılandı.

Dünən bizim təntənəli mərasim keçirilən zaman əziz dostumuz, qardaşımız, zati-aliləri Süleyman Dəmirəl Naxçıvana telefon etdi, bizi bu bayram münasibətilə bir daha təbrik etdi, mənimlə telefonla danışdı, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla danışdı və özünün bayram təbriklərini bir daha, bir daha bu xalqa çatdırmağı xahiş etdi.

Mən dünən dedim və bu gün bir də bildirmək istəyirəm ki, bu bayram günlərini keçirmək haqqında bir neçə ay bundan öncə hörmətli Süleyman Dəmirəllə danışarkən biz razılaşdıq ki, bayrama bərabər gələcəyik və o, Naxçıvanı bir daha ziyarət edəcəkdir. Bu arzularla naxçıvanlılar da yaşayırdı və mən də yaşayırdım. Ancaq Türkiyədə baş vermiş zəlzələ və onun nəticəsində olan faciə, böyük insan itkiləri indi Türkiyə dövlətinin, Türkiyə hökumətinin bütün qayğılarını cəlb edibdir. Türkiyənin prezidenti bütün xarici səfərlərini ləğv edibdir. Ona görə buraya gəlməsi mümkün olmadı.

Bu gün bu fürsətdən istifadə edərək, Türkiyə Cümhuriyyətinin, Türkiyə xalqının üzləşdiyi ağır fəlakət, zəlzələ, faciə ilə əlaqədar Azərbaycan xalqının kədərini, qüssəsini və başsağlığını bir daha bəyan edirəm. Dünən biz təntənəli mərasimdə böyük Atatürkün hörmətli Süleyman Dəmirəlin məktubunda yazılmış sözlərini dərin minnətdarlıq hissi ilə qarşıladıq. O sözlər daim bizim xatirimizdədir. Böyük Atatürk demişdir: "Azərbaycanın ələmi bizim ələmimizdir". Biz də, Azərbaycan prezidenti olaraq mən də Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra demişəm: "Türkiyənin ələmi, dərdi, kədəri bizim dərdimizdir, bizim kədərimizdir, Türkiyənin sevinci bizim sevincimizdir".

Ona görə o faciəli günləri biz bir yerdə keçirdik, bərabər olduq. O günlərdə türk və Azərbaycan xalqlarının birliyi bir daha nümayiş etdirildi. Bir dərhal yardım əlimizi uzatdıq və zəlzələnin vurduğu zərərləri aradan qaldırmaq üçün imkanımız dairəsində yardım göstərdik. Bunlar hamısı, o cümlədən bu gün burada Türkiyənin diyanət işləri bakanlığı tərəfindən inşa edilmiş və Naxçıvana, Azərbaycana hədiyyə olunmuş gözəl məscidin, camenin açılması da Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının gözəl nümunəsidir.

Bəli, biz dəfələrlə deyirik: "Biz bir millət, iki dövlətik". Bu, bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir. Bu dostluq, qardaşlıq türk xalqı, Anadolu türkləri ilə Azərbaycan xalqı, Azərbaycan türkləri arasında əsrlərdən əsrlərə gələn dostluq, qardaşlıqdır.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra biz 70 il bir-birimizdən ayrı düşmüşük. Amma bu 70 il bizi bir-birimizdən qəlbən ayırmamışdır. Azərbaycan öz dövlət müstəqilliyini elan edən kimi, müstəqil dövlət olaraq dünyaya bəyanat verən kimi, sərhədlər açılan kimi Türkiyə və Azərbaycan bir daha bir-birinə qovuşdu və əbədiyyətə qədər qovuşdu.

Azərbaycan xalqı ağır dövrlərdə Türkiyənin və türk xalqının yardımını görüb və daim buna minnətdardır. Xüsusən 1918-19-cu illərdə böyük Atatürkün sərkərdəliyi və başçılığı ilə istiqlal savaşı apararkən, öz torpağını ermənilərdən və başqa düşmənlərdən təmizləyərkən türk xalqı, Türkiyə Azərbaycana, Naxçıvana da öz xidmətini göstərdi.

Bəli, Türkiyə ordusu - Ənvər paşanın, Nuru paşanın başçılıq etdikləri Türkiyə ordusu Azərbaycana gəldi - Gəncəyə, Naxçıvana, Bakıya gəldi və Azərbaycanı o vaxtkı fəlakətlərdən qurtarmağa yardım etdi, şəhidlər verdi. Ən gərgin vəziyyət burada yaranmışdı. Çünki erməni daşnakları hücum edib buranı işğal edirdilər. Yenə də türk qardaşlarımız, türk ordusu, Mustafa Kamal Atatürkün ordusu buranı erməni daşnaklarından, bizim düşmənlərimizdən xilas etdi.

Burada mənim gənc vaxtımda, 13-16 yaşlarımda, orta məktəbi bitirdiyim illərdə mənə dərs verən, ana dili, türk dili, Azərbaycan dili dərsi verən müəllimim oturubdur - Lətif Hüseynzadə. Dünən təntənəli mərasimdə öz müəllimlərimi yada salırdım. 60 il, bəlkə də 65 il bundan öncə mənə dərs deyən müəllimlərdən birinci əziz müəllimim Lətif Hüseynzadənin adını çəkdim. O, dünən mərasimdə yox idi. Amma onu yad etdiyimi televiziya ilə eşidib bu gün buraya gəlmişdir. Mən burada onunla görüşdüm. Çox məmnunam, çox sevinirəm ki, indiyə qədər yaşayır, öz fəaliyyətini davam etdirir və böyük işlər görür.

Xatirimdədir, mən Moskvada Sovetlər İttifaqı kimi superdövlətin başçılarından biri olduğum zaman istefaya getdim və məni Moskvada təqib etdilər. Orada məni çox incitdilər, hətta böyük təhlükələr qarşısında qalmışdım. Türk xalqı onu da bilməlidir ki, mən rus imperiyası tarixində, sovet imperiyası tarixində, sovet superdövlətinin tarixində Kremldə, o dövlətin başında duranlardan ilk azərbaycanlı, ilk türk, ilk müsəlman olmuşam.

Xatirimdədir, 1982-ci ildə, - o vaxt Azərbaycanın başçısı idim, - məni Moskvaya dəvət edib Siyasi Büronun üzvü və baş nazirin birinci müavini vəzifəsinə təyin edən zaman Türkiyə qəzetləri böyük sevinclə mənim fotoşəkillərimi vermiş və yazmışdılar ki, Kreml sarayının başında bir türk oğlu yüksəldi. Bəli, bu, bizi - azərbaycanlıları, türkləri, müsəlmanları çox sevindirdi. Ancaq düşmənlərimizi kədərləndirdi. Mən beş il orada çalışandan sonra məcburi istefaya getdim. Mənim əleyhimə, o cümlədən erməni düşmənlərimiz tərəfindən müxtəlif təxribatlar, fitnələr və yalanlar, böhtanlar edilirdi. Moskvada üç il ağır bir şəraitdə yaşayandan sonra öz vətən torpağıma, Azərbaycana dönməyi qərara aldım. Gəldim Bakıya. Təəssüflər olsun ki, orada da namərdlər, nadürüst insanlar mənim yaşamağıma imkan vermədilər. Buraya, Naxçıvana gəldim. Burada məni qucaqladılar, qoyunlarına aldılar, burada məni yaşatdılar.

Bu hekayəti ona gorə deyirəm ki, mən o ağır dövrdə Naxçıvana gəldim. Burada bacım yaşayırdı, onun kiçik komasında yerləşdim. Məni sayan adamlar gəlib görüşür, kiçik bir həyətdə, demək olar ki, səhərdən axşama kimi məni ziyarət edirdilər. Mənim müəllimim Lətif Hüseynzadə gəldi. O qədər sevindim ki! Çünki ondan 39-cu ildə ayrılmışdım, bu isə 90-cı il idi. Oturduq, çox söhbət etdik. Mən onun o vaxt dediyi sözləri sizə bildirmək istəyirəm. Dedi ki, əzizim Heydər, sən çalış ki, erməni düşmənlərimizin burada qarşısını al, Naxçıvana təcavüzə imkan vermə. Çünki 18-ci ildə onlar Naxçıvana hücum etdilər, əgər türk ordusu buraya gəlməsəydi, Kazım Qarabəkir paşanın ordusu Naxçıvana gəlməsəydi hamımızı qıracaqdılar. Bu, mənim gözümün qabağında olan hadisədir.

Yəni 1990-cı ildə Lətif müəllim, Lətif Hüseynzadə 1918-ci ili yadına saldı və o illərin şahidi olaraq mənə bir ağsaqqal, müəllim kimi öz tövsiyələrini verdi. Mən ona dedim: Əziz müəllimim, mən böyük həyat yolu keçmişəm. Bu gün Naxçıvana məcburiyyətdən gəlmişəm, amma eyni zamanda gəlmişəm ki, sizinlə bir yerdə olum, bərabər olum, öz həmvətənlərimlə bir yerdə olum və vətənimi qoruyum. Əgər qoruya bilərəmsə - qoruyacağıq, qoruya bilməyəcəyəmsə - hamımız bir yerdə şəhid olacağıq.

Türk ordusunun, xüsusən Kazım Qarabəkir paşanın adı Azərbaycanda, ələlxüsus bu bölgədə məşhurdur və həmişə böyük hörmət-ehtiramla yad edilir. 1921-ci ildə yenə də Naxçıvan ətrafında mübarizə gedirdi. Ermənilər buranı öz əllərinə keçirmək istəyirdilər. Ancaq Naxçıvan xalqı öz iradəsini göstərirdi. 1921-ci ildə Qarsda Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan Qars anlaşması, müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı, Rusiya imzaladı, Azərbaycan imzaladı, Ermənistan imzaladı. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı. Həmin Qars müqaviləsinin altında bizim hörmətli paşamız Kazım Qarabəkir paşanın imzası var.

1988-ci ildə Ermənistan Azərbaycana təcavüz edən zamandan, - Azərbaycan hələ Sovetlər İttifaqının daxilində idi, - Türkiyə Azərbaycanla bir yerdə oldu, Azərbaycana dayaq durdu, erməni təcavüzkarlarını pislədi, qınadı. Türkiyə Ermənistan kimi dövləti indiyə qədər tanımır, Ermənistanla öz sərhədlərini açmayıb və Azərbaycanla bir yerdədir.

90-93-cü illərdə, mən burada yaşayarkən, Ermənistanla Azərbaycan arasında müharibə gedərkən, Naxçıvan ağır blokada şəraitində olarkən Naxçıvanın başçısı kimi mən yenə də əlimi Türkiyəyə uzatdım. Əziz dostum Süleyman Dəmirələ müraciət etdim, ona telefon etdim. O, dərhal köməyə gəldi. Biz bərabər, bir yerdə körpü tikdik - "ümid körpüsü", "həsrət körpüsü" tikdik. O körpü Türkiyə ilə Azərbaycanı birləşdirir. İndi o körpü Türkiyə ilə Azərbaycanı birləşdirdi. İndi o körpü vasitəsilə siz, əziz qonaqlarımız, buraya keçib gəlmisiniz, biz Türkiyəyə gedib-gəlirik. 1992-ci il may ayının 28-də bu körpünün təntənəli açılışını da biz - başda Süleyman Dəmirəl olmaqla Türkiyə hökuməti və Naxçıvan hökuməti, mən - bir yerdə bayram etdik.

Əziz dostum Süleyman Dəmirəllə mənim çox söhbətlərim olub. Xüsusən bu bölgə haqqında, Kazım Qarabəkir paşa haqqında. O, bir dəfə mənə dedi ki, bir kitab var - "Suyu arayan adam", onu sənə göndərərəm, oxu. Mənim məlumatlarım var idi, amma o istəyirdi daha da çox olsun. Aldım, oxudum, çox gözəl bir kitabdır, çox gözəl! Buradakı hadisələr, o cümlədən Kazım Qarabəkir paşanın fəaliyyəti, o dövr çox gözəl əks olunubdur. Yəni hörmətli Süleyman Dəmirəllə mənim aramda olan dostluq əlaqələri çərçivəsində biz bu tarixi bir yerdə təhlil etmiş, bir yerdə düşünmüşük.

İndi xoşbəxtlikdir, bəxtiyarlıqdır ki, biz bu günlərə gəlib çatmışıq. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı möhkəm olub, sarsılmazdır və əbədi olacaqdır!

Hörmətli diyanət işləri bakanı dedi ki, bu, Heydər Əliyevin əsəridir. Mən buna çox məmnunam, amma eyni zamanda həqiqət də budur ki, mən burada işləyərkən körpünü açdıq, yollar açıldı, getdik-gəldik. Mən rica etdim ki, Türkiyə buraya hər türlü yardımlar edir, amma burada bir məscid, came də yaransın. Çünki xalqımız 70 il dindən ayrı düşüb. Yəni qəlbində dini saxlayıb, amma din yasaq, qadağan olunubdur, Naxçıvanda Allah evi azdır, bunu etmək lazımdır. Mənim bu ricam da qəbul edildi. Diyanət işləri bakanlığının qərarı ilə bu camenin tikilməsi üçün yer axtarıldı. Biz birlikdə bu yeri tapdıq. Sonra camenin layihəsini gətirdilər, baxdıq və onun əsası qoyuldu.

Sonra mən Bakıya getdim, Azərbaycana rəhbərliyə başladım. Amma daim maraqlanırdım ki, burada inşaat, tikinti necə gedir, nə vaxt qurtaracaq. Çünki tələsirdim ki, gəlib bu cameni görüm və onun açılışında iştirak edim. Allah bu qisməti mənə verdi. Ona görə mən böyük iftixar hissi ilə bu təntənəli, hörmətli məclisdə iştirak edirəm və bu hadisə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm.

Türkiyədən gələn qonaqlarımızın hamısı bizim üçün əzizdir. Ancaq buraya gələnə və Türkiyənin böyük elçisi mənə məlumat verənə qədər heç bilmirdim ki, hamınız üçün çox qiymətli bir insanın - Kazım Qarabəkir paşanın qızı da buradadır, o da buraya gəlibdir. Əziz bacım, siz bizim üçün çox qiymətlisiniz, Azərbaycan xalqı üçün qiymətlisiniz, naxçıvanlılar üçün qiymətlisiniz. Çünki sizin qəhrəman atanız Azərbaycan xalqı üçün, Naxçıvan üçün böyük xidmətlər göstərib və böyük irs qoyub gedibdir. Ona görə də mən təşəkkür edirəm ki, siz buradasınız. Sizi xüsusi salamlayır və öz təşəkkürümü bildirirəm.

Əziz dostlar, sizi bir daha təbrik edirəm. Güman edirəm ki, artıq biz lenti bərabər kəsməliyik. Sağ olun.

"Azərbaycan" qəzeti, 16 oktyabr 1999-cu il.

Tarixi arayış