Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin bəyanatı - Bakı şəhəri, 2 iyul 1993-cü il


1993-cü il iyunun 24-də Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri Azərbaycan Respublikası Ali Sovetinin sədrinə verilmişdir.

Azərbaycan Respublikası adından bəyan edirəm ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətində heç bir dəyişiklik baş verməyəcəkdir. Bildirirəm ki, Azərbaycan demokratiya, siyasi plüralizm və azad iqtisadiyyat yoluna davam edəcəkdir. Azərbaycan dövləti insan hüquqlarına və bütün beynəlxalq hüquq normalarına riayət edəcək, respublikamızda başlanmış demokratik islahatlar bundan sonra daha geniş və sürətlə həyata keçiriləcəkdir. Dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalanma prinsipləri əsasında başlanmış iqtisadi əməkdaşlıq davam etdiriləcək, ayrı-ayrı xarici şirkətlərlə imzalanması nəzərdə tutulmuş bütün müqavilələrlə bağlı götürülmüş öhdəliklər sivilizasiya normaları çərçivəsində yerinə yetiriləcəkdir. Ölkəmizin daxili ictimai-siyasi vəziyyəti sabitləşdikcə, həmin məsələlərlə daha fəal məşğul olmağa imkan yaranacaqdır.

Son günlər görülən tədbirlər nəticəsində xalqımız üçün çox təhlükəli olan vətəndaş müharibəsinin qarşısı alınmış və ölkəmizdə daxili siyasi gərginlik müəyyən qədər azalmışdır. Lakin Ermənistan tərəfdən Azərbaycan Respublikasına qarşı aparılan müharibə və xüsusən də son günlərlə həmsərhəd rayonlara edilən hərbi hücumlar daxili siyasi iqlimə güclü təsir göstərir.

Respublikanın daxilində dövlət böhranının mövcud olduğu və bu səbəbdən Azərbaycanın Silahlı Qüvvələrinin parçalandığı, həmin məsələlərə Azərbaycanın dövlət orqanları tərəfindən lazımi nəzarətin olmadığı bir şəraitlə Ermənistan fürsətdən istifadə edib Azərbaycan ərazilərinə yeni hücumlar etmişdir.

İyunun 12-dən etibarən Ermənistan hərbi qüvvələri Ağdam və Ağdərə istiqamətlərində hücum edərək Ağdərə rayon mərkəzini və bir neçə kəndimizi ələ keçiriblər. Qarabağ bölgəsinə daxil olmayan Gədəbəy rayonu da intensiv hərbi hücumlara məruz qalıb. Görülən müdafiə tədbirləri nəticəsində həmin hücumların qarşısı alındı və iki-üç gün bundan qabaq atəş müəyyən qədər dayandırıldı. Lakin iyulun 1-də Ermənistan hərbi qüvvələri Azərbaycanın başqa bir bölməsinə - Füzuli və Cəbrayıl rayonlarına güclü hücum etdilər. Nəticədə bir neçə kəndimiz ələ keçirilmiş, bəziləri vəhşicəsinə yandırılmışdır, dinc sakinlər arasında həlak olanlar var. Azərbaycanda olan 500 mindən çox qaçqına son hücumlar nəticəsində ev-eşiyindən məhrum olmuş daha minlərlə soydaşımız əlavə olunmuşdur.

ABŞ, Rusiya və Türkiyənin münaqişəyə dinc vasitələrlə son qoyulmasına dair təşəbbüsünün, BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinin elan olunduğu və ümumiyyətlə, bu qanlı savaşın qarşısının alınmasına müəyyən ümidlər yarandığı bir vaxtla Ermənistanın bu təcavüzkar hərəkətləri vəziyyətin xeyli kəskinləşməsinə səbəb olmuşdur. Güman edirəm ki, beynəlxalq ictimaiyyət və bütün dövlətlər bu təcavüzü qətiyyətlə pisləməlidir. Azərbaycan dövləti adından bir daha bəyan etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Türkiyənin təşəbbüsü ilə ATƏM çərçivəsində göstərilən bütün cəhdlərin və qəbul olunmuş qərarların tərəfdarıyıq. Azərbaycan Respublikası ATƏM Minsk konfransının sədri cənab M.Raffaellinin başçılığı ilə göstərilən sülh məramlı cəhdləri alqışlayır və bunun həyata keçirilməsi üçün hər cür şərait yaradılacağına təminat verir, ümid edir ki, cənab Raffaellinin iyulun 5-də regiona səfəri "doqquzların" təşəbbüsünün reallaşmasına təkan verəcəkdir.

Münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarı olan Azərbaycan hökuməti dünya dövlətləri rəhbərlərini, BMT, ATƏM və digər nüfuzlu beynəlxalq təşkilatları Ermənistanın 5 ildən artıq davam edən və son günlər daha da şiddətlənən təcavüzünü qətiyyətlə pisləməyə, təcavüzkarı cilovlamaq məqsədilə təcili, təsirli və qəti tədbirlər görməyə çağırır. Biz həm də dünya dövlətlərini və beynəlxalq təşkilatları indiki ağır şəraitlə Azərbaycan Respublikasına çox zəruri olan humanitar yardım göstərməyə çağırırıq.