Norveç Krallığının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş Norveçin milli bayramı şərəfinə rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 17 may 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Norveç xalqının milli bayramı - Konstitusiya günü münasibətilə, Konstitusiyanın qəbul olunmasının 186-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Norveç xalqına sülh, əmin-amanlıq və rifah arzu edirəm.

Norveç xalqı 186 il bundan öncə öz Konstitusiyasını qəbul edərək, öz müstəqilliyinə nail olaraq böyük səadətə çatmış və sevindirici haldır ki, ötən illər ərzində Norveç bir ölkə kimi, dövlət kimi sürətlə inkişaf etmişdir.

Norveç-Azərbaycan əlaqələri Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra yaranıbdır və sevindirici haldır ki, qısa bir müddətdə sürətlə inkişaf edibdir. Azərbaycan əhalisinin əksəriyyəti keçmişdə Norveç haqqında az məlumata malik idi. Bəlkə də coğrafiya kitablarında, xəritələrdə Norveçi görüb tanıyırdı. Norveçdə isə Azərbaycan haqqında demək olar ki, heç bir məlumat yox idi. Çünki Azərbaycan müstəqil dövlət deyildi. Sovetlər İttifaqının tərkibində idi.

Biz Norveçi bu ölkədən Azərbaycana ilk səyahətə gəlmiş Tur Heyerdalın adı ilə tanıyırdıq. Azərbaycanı da Norveçdə tanıdan ilk şəxslərdən biri böyük səyyah Tur Heyerdal olmuşdur. Amma indi nə qədər xoşbəxtlikdir ki, bizim ölkələrimiz arasında qısa bir zamanda belə geniş əlaqələr yaranıb. Biz dostuq, əməkdaşlıq edirik, biz öz həyatımızı eyni ümumbəşəri dəyərlər əsasında qururuq.

Norveç ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq, deyə bilərəm ki, başqa ölkələrlə müqayisədə çox görkəmli yer tutur. Nəzərə alsaq ki, Norveç o qədər də böyük ölkə deyil, həm əhalisinə, həm də ərazisinə görə kiçik ölkədir, ancaq onun şirkətləri Azərbaycana gəlmiş investorlar içərisində böyük ölkələrin iri şirkətləri ilə çox cəsarətlə rəqabət aparırlar.

Mən bu bayram günü böyük məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, biz bu əməkdaşlıqdan çox razıyıq və Norveç şirkətlərinin Azərbaycandakı fəaliyyətinə mən yüksək qiymət verirəm. Ancaq bizim əməkdaşlığımızın gələcəkdə yaxşı perspektivləri də vardır. Səfir bu barədə bir balaca işarə vurdu. Mən bilirəm o nə deyir, nə istəyir. Güman edirəm ki, o istəklərə də gəlib çatacağıq.

Beləliklə, qeyd etdiyim kimi, bizim ölkələrimiz qısa bir zamanda dostluq və sağlam iqtisadi əməkdaşlıq əlaqələri yaradıblar. Bu əlaqələrimizin əsasını iqtisadiyyat təşkil etsə də, bizi bir-birimizlə təkcə iqtisadiyyat bağlamır. Bizi bir-birimizlə bağlayan, münasibətlərimizi inkişaf etdirən demokratiyaya, bazar iqtisadiyyatına, ümumbəşəri dəyərlərə hər iki ölkənin, hər iki dövlətin sadiqliyidir. Təbiidir ki, bütün bunlar bizim gələcək əlaqələrimizin daha da sağlam, daha da geniş olacağından xəbər verir.

Cənab səfir çox düzgün qeyd etdi ki, may ayı həqiqətən çox xoşbəxt aydır. Ona görə ki, səfirin dediyi kimi, 186 il bundan öncə may ayında Norveç xalqı Konstitusiyasını qəbul edərək müstəqilliyinə çatıbdır.

Azərbaycan xalqı 1918-ci ilin may ayında ilk dəfə dövlət müstəqilliyini əldə edib və xalq cümhuriyyəti yaradıbdır. Altı il bundan öncə may ayında Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişədə atəşkəs əldə olunubdur və altı ildir ki, xalqımız atəşkəs şəraitində yaşayır.

Norveç xalqı da 186 il bundan öncə öz Konstitusiyasını qəbul edən zaman sülhün, əmin-amanlığın əsasını qoyubdur. Bunların hamısı göstərir ki, bizim tariximizdə də çox bənzərlik vardır. Bunlar da bizi bir-birimizə bağlayan amillərdir.

Bu bayram günü münasibətilə mən sizin hamınızı bir daha təbrik edirəm. Azərbaycanda iş görən Norveç vətəndaşlarına işlərində uğurlar arzulayıram. Norveç xalqına sülh, əmin-amanlıq və daim inkişaf arzulayıram.

Sağ olun!


"Azərbaycana" qəzeti, 18 may 2000-ci il.