Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 11 oktyabr 2000-ci il


Ross Uilson: Cənab prezident, bu gün burada Sizinlə görüşümdən və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri kimi fəaliyyətə başlamağımı təsdiq edəcək etimadnaməni Sizə təqdim etməkdən böyük şərəf duyuram.

Azərbaycanın müstəqillik əldə etdiyi son on il ərzində ölkələrimiz arasında çox mühüm və yaxın əlaqələr yaradılmışdır. Səfir kimi mən fəaliyyətim zamanı bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacağam.

Cənab prezident, mən Sizinlə daha sıx təmaslar qurmaq və birgə çalışmaq əzmindəyəm.

Mən indi böyük məmnuniyyət hissi ilə Amerika Birləşmiş Ştatlarının prezidenti Klintonun səfir Eskuderonun Bakıdan geri çağırılması və mənim burada səfir təyin olunmağım barədə məktublarını Sizə təqdim edirəm.

Çox təşəkkür edirəm.

Heydər Əliyev: Hörmətli cənab səfir, Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə mən sizi təbrik edirəm və gələcək işlərinizdə sizə uğurlar arzulayıram.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə dostluq və əməkdaşlıq əlaqələri yaratmış və bu əlaqələr ötən illərdə daim inkişaf etmişdir.

Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və bu əməkdaşlığın daha da sürətlə inkişaf etdirilməsi üçün öz tərəfimizdən lazımi tədbirlər görürük. Təbiidir ki, ötən illər əlaqələrimizin inkişaf etdirilməsində mühüm nailiyyətlər əldə olunubdur. Biz Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizin strateji əməkdaşlıq və tərəfdaşlıq əlaqələri səviyyəsində qurulmasına çalışırıq. Bütün sahələrdə - həm iqtisadi, həm siyasi sahədə sıx əməkdaşlıq edirik. Ötən illərin nailiyyətləri ilə bərabər, hələ həll olunmamış məsələlər də vardır. Mən sizə və bütün dünyaya məlum olan, ABŞ Konqresinin qəbul etdiyi və bizim Azərbaycana qarşı ayrı-seçkilik aktı kimi qiymətləndirdiyimiz 907-ci düzəlişi nəzərdə tuturam.

Bununla bərabər, - bunlar bir-birilə tam sıx əlaqədədirlər, - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli sahəsində bizim indiyədək əməkdaşlığımız bu məsələnin hələ həll olunmasına gətirib çıxara bilməmişdir.

Amerika Birləşmiş Ştatları 1997-ci ilin yanvar ayından Rusiya və Fransa ilə bərabər ATƏT-in Minsk qrupuna başçılıq edir. Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılıbdır. Bu gün də, gələcəkdə də əlaqələrimizin inkişaf etdirilməsi üçün həm Amerika Birləşmiş Ştatları tərəfindən, həm də Azərbaycan tərəfindən hələ daha çox işlər görülməlidir.

Mən əmin olduğumu bildirmək istəyirəm ki, siz - Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı yeni səfiri indiyə qədər əldə etdiyimiz nailiyyətlərin inkişaf etdirilməsinə çalışacaqsınız və həll olunmamış problemlərin aradan qaldırılması üçün öz səylərinizi qoyacaqsınız.

Azərbaycanda bütün hakimiyyət orqanları Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi ilə indiyə qədər çox sıx əməkdaşlıq ediblər, bundan sonra da edəcəklər. Səfir kimi sizə öz vəzifələrinizi yerinə yetirmək üçün bütün imkanlar yaradılacaqdır.

Sizi bir də təbrik edirəm, sizə ən xoş arzularımı bildirir və uğurlar arzulayıram.

Ross Uilson: Cənab prezident, icazə verin, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun və dövlət katibi xanım Madlen Olbraytın xoş salamlarını Sizə yetirim. Onlar mənə dedilər Sizə çatdırım ki, ABŞ-da müayinə və müalicədən sonra Azərbaycana qayıtmayacağınızdan olduqca məmnundurlar. Onların hər ikisi Sizinlə və həmçinin Azərbaycanın gələcək taleyi ilə çox maraqlanırlar.

Belə mərasimi təşkil etdiyinizə və mənim xanımımı, səfirliyimizin yüksək rütbəli diplomatlarını qəbul etməklə bizə şərəf verdiyinizə görə icazə verin. Sizə bir daha təşəkkürümü bildirim. Bu cür anlar təkcə səfirin həyatında yaddaqalan anlar olmayıb, eyni zamanda onun xanımı və səfirliyin əməkdaşları üçün heç vaxt unudulmayan bir xatirəyə çevrilir.

Biz həm Sizinlə, həm də Ermənistan prezidenti ilə birgə çox çalışaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istəyirik. Dövlət katibi xanım Olbrayt bu məsələlərdə Sizin liderliyinizi yüksək qiymətləndirir.

Heydər Əliyev: Əvvəla, prezident Bill Klintona, xanım Madlen Olbrayta mənim təşəkkürlərimi çatdırın. Onların mənə sizin vasitənizlə göndərdikləri salamlara görə də minnətdarlığımı bildirirəm. Mənim səhhətimə onların qayğısını həmişə hiss etmişəm. Amma iş bundadır ki, mənim hər iki dəfə xəstələnməyim məhz Amerika Birləşmiş Ştatlarında baş vermişdir. 1999-cu ildə NATO-nun 50 illik yubileyi başa çatarkən məndə bir balaca xəstəlik əmələ gəldi, Klivlendə getdim və artıq bilirsiniz ki, orada cərrahiyyə əməliyyatı keçirdim. Bu ilin sentyabr ayında isə bizim hamımız - bütün dövlət başçıları Birləşmiş Millətlər Təşkilatının keçirdiyi minilliyin sammitinə toplaşmışdıq.

Amma mən bununla kifayətlənmədim. Vaşinqtona gəldim və sizə məlum olan bir çox görüşlər keçirdim. Bunlar da çox faydalı oldu. Siz də orada vardınız. Ancaq eyni zamanda öz səhhətimə zərbə vurdum. Çünki hələ Nyu-Yorkdan Vaşinqtona gələrkən həkim mənə dedi ki, Sizdə qrip baş veribdir, ona görə də icazə vermirəm ki, bu proqramınızı davam etdirəsiniz. Mən həmişə həkimlərin dediklərinə baxmadığım kimi, bu dəfə də fikir vermədim. Ona görə də həkimlər məndən inciyirlər. Bu da axırı pnevmoniyaya gətirib çıxartdı. Klivlenddə ötən dəfəki kimi, məni tez və çox keyfiyyətli müalicə etdilər. Ötən dəfəki kimi bu dəfə də orada olduğum günlərdə mən daim prezident Bill Klintonun və dövlət katibi xanım Olbraytın qayğısını hiss etdim. Xanım Olbrayt mənə telefon etdi, Klivlenddə mən onunla danışdım. O, mənə prezident Bill Klintonun salamlarını çatdırdı. Vitse-prezident Albert Qor mənə xüsusi məktub göndərdi. Bilirəm ki, hər gün mənim səhhətim barədə Klivlenddən Vaşinqtona məlumat verilirdi. Bu cür yüksək insani keyfiyyətləri mən çox yüksək dəyərləndirirəm. Ona görə də bir daha təşəkkürümü bildirirəm.

Sizin burada söylədiyiniz qısa fikirlərlə mən tamamilə razıyam. Əlbəttə ki, xalqımız, millətimiz, vətəndaşlarımız ən çox Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasını gözləyir.

1999-cu ilin aprel ayında Vaşinqtonda olarkən dövlət katibi xanım Olbryatın təşəbbüsü ilə prezident Koçaryanla mənim birbaşa görüşlərim başlandı. Bunlar faydalı oldu. Ancaq bunları axıra çatdırmaq lazımdır. Amerika Birləşmiş Ştatlarının bu məsələdə daha prinsipial mövqeyi bu məsələlərin həll olunmasına çox yardım edəcəkdir.

Biz çalışırıq ki, qarşıdan gələn parlament seçkilərini demokratik prinsiplər əsasında yüksək səviyyədə keçirək. Bu istiqamətdə atdığım addımları qiymətləndirdiyinizə görə sizə təşəkkür edirəm. Ancaq müxalifət partiyalarının bəzi nümayəndələri mənim bu addımımdan da narazıdırlar. Onlar Mərkəzi Seçki Komissiyasının həmin partiyaları haqlı olaraq seçkiyə buraxmamasından narazı idilər. Mən isə Mərkəzi Seçki Komissiyasına müraciət etdim. Xahiş etdim ki, əgər mümkünsə Mərkəzi Seçki Komissiyasi öz qərarına bir də baxsın. Təşəkkür edirəm, onlar da mənim bu xahişimi müzakirə edərək qərar qəbul etdilər. Amma indi mən televiziyaya baxıram, bəzi müxalifət partiyalarının nümayəndələri çıxış edərək bundan narazılıqlarını bildirir və deyirlər ki, Heydər Əliyev qanunu pozubdur.

Mən dünən ANS televiziyasının verilişinə baxırdım. Partiyalardan birinin nümayəndəsi, - hansı ki, əvvəldən seçkiləri boykot etmək fikrində idi, seçkilərdə iştirak etmək təşəbbüsündə olmayıbdır, - televiziyada 15-20 dəqiqəlik çıxışı zamanı, ola bilər, 100 dəfə mənim adımı çəkdi ki, guya qanunları pozmuşam. Belə çıxır ki, elə də pisdir, belə də pisdir. Ancaq mən hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası da ədalətli qərar qəbul edibdir. Çünki həmin qərarı seçki qanununa əsasən qəbul etmişdi. Hesab edirəm ki, mənim xahişim də əsaslı idi. Çünki mən istəyirdim ki, bütün partiyalar seçkilərdə iştirak etsinlər. Onlar da mənim xahişimi yerinə yetirdilər. Mən onlara təşəkkür edirəm.

Biz sizinlə əməkdaşlıq edəcəyik. Xatirinizdədirsə, mən Vaşinqtonda da dedim ki, biz sizin təcrübənizdən istifadə etməyə çalışırıq. Amma çalışırıq ki, bu əməkdaşlıq ən yüksək səviyyədə olsun. Güman edirəm ki, siz də bizə kömək edəcəksiniz.

Ross Uilson: Cənab prezident, böyük məmnuniyyətlə. Sağ olun.

"Azərbaycan" qəzeti, 12 oktyabr 2000-ci il.