Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti əlahəzrət Süleyman Dəmirəl cənablarına ünvanladığı təbrik məktubu - Bakı şəhəri, 1 noyabr 1994-cü il


Hörmətli cənab prezident!

Əziz qardaşım Süleyman bəy

Sizi anadan olmağınızın 70 ili münasibətilə öz adımdan və bütün Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Sizin, Türkiyə xalqı və ümumiyyətlə, türk dünyasının bu günü və gələcəyi naminə həsr etdiyiniz bu şərəfli ömür yolunuz bütün bəşər övladlarına bir örnəkdir. Dahi Mustafa Kamal Atatürkün ideyalarına sadiq olaraq, onun işinin davamçısı kimi siz Türkiyə xalqı qarşısında, Türkiyə Cümhuriyyətinin inkişaf etməsində böyük xidmətlər göstərmisiniz. Görkəmli ictimai-siyasi xadim kimi on illər boyu yorulmaz fəaliyyətinizlə xalqın hörmət və ehtiramını qazanmısınız. Sizin beynəlxalq aləmdə səmərəli fəaliyyətiniz Türkiyə Respublikasının dünya Birliyində layiqli yer tutmasına xidmət edir.

Azərbaycan xalqı yaşadığı bu ağır günlərdə hər zaman sizin qayğınızı, mənəvi dəstəyinizi yaxından hiss edir. Bu dostluq, qardaşlıq münasibətlərini yüksək qiymətləndirir, sizə təşəkkürünü bildirir.

Əminəm ki, uzun illər ərzində əldə etdiyiniz siyasi təcrübələrlə zəngin fəaliyyətiniz bundan sonra da xalqınızın rifahının daha da yüksəlməsinə, bütün dünyada sülh, əmin-amanlıq və xoşbəxt gələcəyin əldə edilməsi işinə xidmət edəcəkdir.

Əziz qardaşım, doğum gününüzü bir daha ürəkdən təbrik edir, Ulu Tanrıdan sizə xoşbəxtlik və səadət arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 noyabr 1994-cü il.